Vidadi Əliyev (aktyor) — Vikipediya

Vidadi Əliyev
Vidadi Hüseyn oğlu Əliyev
Doğum adı Vidadi Hüseyn oğlu Əliyev
Doğum tarixi (78 yaş)
Doğum yeri Göycəli, Ağstafa rayonu, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşı Elmira İsmayılova
Uşaqları Oqtay Əliyev
Elçin Əlibəyli
Fəaliyyəti aktyor
Təhsili ADİİ-nin Dram və kino aktyorluğu fakültəsi
Mükafatları
"Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2019 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1978 "Sənətkar" medalı — 2020 "Teatr Xadimi" qızıl medalı — 2007
"Tərəqqi" medalı — 2013
IMDb ID2685196

Vidadi Hüseyn oğlu Əliyev (1 sentyabr 1945, Ağstafa rayonu) — Azərbaycan aktyoru, Azərbaycanın Xalq artisti (2019), 2007-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının Qızıl medalına layiq görülüb. 2013-cü ildə "Tərəqqi" medalı ilə təltif edilib.

Həyatı[redaktə | mənbəni redaktə et]

Vidadi Əliyev Ağstafa rayonunun Göycəli kəndində ziyalı ailəsində anadan olub.[1] Orta məktəbi bitirdikdən sonra tikintidə bənna kimi əmək fəaliyyətinə başlayıb. 1967-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Elə həmin ildən etibarən Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. 1988–2000-ci illərdə C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrınnın direktoru və bədii rəhbəri olub.

Aktyor kimi 180-nə yaxın tamaşada müxtəlif səpkili obrazlar yaradıb. Onun Balaş ("Sevil", Cəfər Cabbarlı), Əsgər bəy ("Arşın mal alan", Üzeyir Hacıbəyov), Florella ("Axırı xeyir olsun", Uilyam Şekspir), Fikrət ("İkinci səs", Bəxtiyar Vahabzadə), Yaşar ("Yaşar", Cəfər Cabbarlı), Bəhram ("Solğun çiçəklər", Cəfər Cabbarlı), Musa kişi ("Toy", Sabit Rəhman), Volodya ("Tribunal", A. Makayonok), Rüstəm ("Sən nə üçün yaşayırsan?", Həsən Seyidbəyli), Ata ("Qum üstündə ev", Rüstəm İbrahimbəyov), Kərəm dayı ("Unuda bilmirəm", İlyas Əfəndiyev) kimi obrazları tamaşaçı alqışlarını qazanıb. "Bayquş gələndə"də Kamil, "Küçələrə su səpmişəm" filmində Əziz, "Sarı gəlin"də ata obrazlarını yaradıb. Rejissor kimi böyük bir neçə tamaşaya quruluş verib: "Tribunal" (A. Makayonok), "Əkizlər" (P. Paçev), "Qısqanc ürəklər" (M. Haqverdiyev), "Təklif" (A. P. Çexov), "Oğru" (M. Birkiyev) və s.

Teatr fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Rejissor kimi[redaktə | mənbəni redaktə et]

  • "Ər və Arvad" (Mar Bayciyev. 1980)
  • "Mənim qaynanam" (Georgi Xuqayev. 1980)
  • "Əkizlərin nağılı" (Panço Pançev. 1980)
  • "Nəsrəddin" (Yusif Əzimzadə. 1991)
  • "Allah onlara rəhmət eləsin" (Süleyman Rəşidi. 1993)
  • "Dəli Domrul" (Aydın Haqqarar. 1994)
  • "Madam Badam" (Vidadi Əliyev. 1994)
  • "Abbasqulu bəy Şadlınski" (İnqilab Vəlizadə. 1996)
  • "Dəmir qadın" (Şərəf Başbəyov. 1997)
  • "Oğru" (Marsel Mirinye Birknye. 1999)
  • "Allah betərindən saxlasın" (Məmməd Gül, 2002)
  • "Sənətim cəmiyyət senyorudur" (R. Torobuçi, 2003)
  • "Qısqanc ürəklər" (M. Haqqverdiyev, 2004)
  • "Tribunal" (A. Makayonok, 2005)

Aktyor kimi[redaktə | mənbəni redaktə et]

  • Balaş («Sevil» Cəfər Cabbarlı)
  • Yaşar («Yaşar» Cəfər Cabbarlı)
  • Bəhram («Solğun çiçəklər» Cəfər Cabbarlı)
  • Müsyö Jordan («Müsyö Jordan və dərviş Məstəli şah»,Mirzə Fətəli Axundzadə)
  • Xan («Lənkəran xanının vəziri», Mirzə Fətəli Axundzadə)
  • Areluizi («İki ağanın bir nökəri», Karlo Haldoni)
  • Əsgər («Arşın mal alan», Üzeyir Hacıbəyov)
  • Volodka («Tribunal», Aleksandr Makayanok)
  • Bertram («Axırı xeyir olsun», Vilyam Şekspir)
  • Karandışev («Cehizsiz qız», Aleksandr Ostrovski)
  • Rüstəm («Sən nə üçün yaşayırsan?», Həsən Seyidbəyli və İmran Qasımov)
  • Zəfər («Məhəbbət yaşayır hələ», Hidayət)
  • Şahsuvarov ("Atayevlər ailəsi" İlyas Əfəndiyev)
  • Savalan («Məhv olmuş gündəliklər», İlyas Əfəndiyev)
  • Qiyas («Şəhərin yay günləri», Anar)
  • Müşfiq («Səni kim unudar?...», Mustafa İsgəndərzadə)
  • Şıxlinski («İmzalar içində», Nəriman Həsənzadə)
  • Nazim («Vəzifə», Əkrəm Əylisli)
  • Saqadayev («13-cü sədr», Azad Abdulin)
  • Mitoş («Hicran», Sabit Rəhman)
  • Elcan («Ömür gözləyir bizi», Nahid Hacızadə)
  • Şahmar («Əks-səda», Nəbi Xəzri)
  • Bəxtiyar («Ulduz», Sabit Rəhman və Süleyman Ələsgərov)
  • Alin («Mənim səadətim, haradasan?», Georgi Xuqayev)
  • Nəbi («Vəzifə», Əkrəm Əylisli)
  • Şəppəli («Şəppəli», İsa Muğanna)
  • İxtiyar («Didərginlər», Zəlimxan Yaqub)
  • Mərdan («Allah onlara rəhmət eləsin», Süleyman Rəşidi)
  • Əliş («Məhəbbət yaşayır hələ»,Hidayət)
  • Salahov («Durnalar qayıdanda», Hidayət)

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

1988-ci ildən C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının Bakı dönəmi başladı. Kollektivi toplayaraq, İrəvandan qalan yeganə mədəniyyət ocağını yaratmaq naminə, əzablı yolu keçmək kimi şərəfli vəzifəni öz üzərinə götürən Əməkdar artist Vidadi Əliyev teatrın rəhbəri və rejissoru kimi çoxillik yaradıcılıq ənənələrini davam etdirdi.

Vidadi Əliyev istedadlı aktyor kimi bu dövrə qədər geniş şöhrət qazanıb. Balaş ("Sevil"), Yaşar ("Yaşar"), Bəhram ("Solğun çiçəklər"), Müsyo Jordan ("Müsyo Jordan və dərviş Məstəli şah"), Xan ("Lənkəran xanın vəziri"), Areluizi ("İki ağanın bir nökəri"), Əsgər ("Arşın mal alan"), Volodka ("Tribunal"), Karandışev ("Cehizsiz qız"), Rüstəm ("Sən nə üçün yaşayırsan?"), Zəfər ("Məhəbbət yaşayır hələ"), Şahsuvarov ("Atayevlər ailəsi"), Savalan ("Məhv olmuş gündəliklər"), Qiyas ("Şəhərin yay günləri"), Müşfiq ("Səni kim unudar"), Şıxlinski ("İmzalar içində"), Mitoş ("Hicran") və s. kimi maraqlı və yaddaqalan obrazlar yaradıb.

1400 dəfədən çox oynanılan tamaşa

Moskva şəhərində Dövlət Teatr Sənəti İnstitutunda rejissor təhsili aldıqdan sonra, C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında bir müddət ikinci rejissor, sonra isə quruluşçu rejissor kimi fəaliyyət göstərib. "Mənim qaynanam" (G. Xuqayev) (bu tamaşa 1400 dəfədən çox oynanılıb), "3 kişi, 1 qız, 1 gecə" (T. Saakov), "Nəsrəddin" (Y. Əzimzadə, 1980), "Məhəbbət yaşayır hələ" (Hidayət, 1980) kimi tamaşalara verdiyi quruluşlar rejissorun yüksək sənətkarlığından, tükənməz təxəyyülündən xəbər verirdi. İşində əsas gücü aktyor ifasına verən V. Əliyev, maraqlı və təkrarolunmaz yozumları ilə böyük rəğbət qazanan tamaşalar yaradırdı. Onun yaradıcılığında lirik məqamlar, psixoloji vəziyyətlər və realistcəsinə poetik ifadələr verilir. Rejissor Nəsir Sadıqzadənin tələbəsi V. Əliyev ondan səhnə üçün mühüm olan ifa səmimiyyətinin əldə olunmasının sirrini öyrənib. Səhnə sadəliyinə, məkan genişliyinə üstünlük verən rejissor V. Əliyev, novatorluq axtarışlarını cəsarətlə səhnəyə gətirib.

Aktyorsuz, binasız qazanılan uğurlar…

Simvolizmə böyük üstünlük verən rejissor, qurduğu tamaşaların simvolik obrazı kimi hansısa ifadə vasitələrindən (dekordan, musiqidən) istifadə edir, onu obraz kimi təqdim edir. Onun böyük uğuru kimi səhnə dilinin sadələşdirilməsi, adiləşdirilməsi uğrunda atdığı addımları qeyd etmək lazımdır. Səhnədə başqalaşmanı psixoloji çalarlarla, inandırıcılıqla gerçəkləşdirməyi aktyora təlqin edən rejissor, adi danışığı ciddi təkidlə tələb edir. Onun quruluşlarında aktyor mizanla, psixoloji durumla dediyi söz arasında üzvilik, vəhdət yaradıb sadə, səmimi və inandırıcı şəkildə ifa sərgiləyirdi. Bu cəhətlərinə görə onun quruluşları uğurlu alınırdı. Bakı fəaliyyəti dövründə Bədii rəhbər kimi çalışdığı 1988–2000-ci illər ərzində teatrın yaşaması və yüksəlişi üçün olduqca böyük işlər görən Vidadi Əliyev repertuara maraqlı, günümüzlə səsləşən əsərlərin daxil edilməsi, gənc aktyor və rejissorların gətirilməsi sahəsində ciddi cəhdlə çalışıb. Öncə Mar Bayciyevin "Ər və arvad", Georgi Xuqayevin "Mənim qaynanam", Panço Pançevin "Əkizlərin nağılı", Yusif Əzimzadənin "Nəsrəddin" əsərləri əsasında qurulmuş tamaşaları bərpa edən rejissor, teatrın məhdud aktyor heyəti olmasını (teatra cəmi 14 aktyor ştatı verilmişdi) və kirayədə qaldığı binanın heç bir texniki bazasının olmamasını nəzərə alaraq, səyyar göstəriyə yararlı və az iştirakçısı olan əsərlərə quruluş vermək məcburiyyətində qalırdı. Onu da demək lazımdır ki, bu gün də, respublika teatrları içərisində ən az ştatı olan teatr məhz İrəvan teatrıdır.

Təbrizi titrədən yozum

Bütün bu çətinliklərə baxmayaraq, Vidadi Əliyev yaradıcılıq axtarışlarını davam etdirir, çağdaş durumun mənzərəsinin bədii inikası üçün çalışırdı. Rejissor dönəm üçün müasir olan Süleyman Rəşidinin "Allah onlara rəhmət eləsin" pyesinə quruluş verdi. 1990-cı ilin 20 yanvarında rus irticasından bəhs edən pyesin səhnə həllində xalqın qəhrəmanlıq mübarizəsi, azadlıq savaşı, dini, mənəvi dəyərlərə qayıdış cəhdi fonunda obrazların taleləri bədii məziyyətlərlə işləndi. Rejissor şəhidlərimiz olan İlqarla Larisanın arzularını, milli-mənəvi keyfiyyətlərə sahib olmaq istəklərini orijinal yozumla təqdim etdi. Vidadi Əliyev bu obrazların psixoloji durumlarını, yaşantılarını çevik, sadə mizanlarla çatdırdı. Mərdan və Sənəm obrazlarının çalarları, koloritliyi ustalıqla işləndi və tamaşanın ümumi kompozisiyası ilə uyğunlaşdırıldı.

Onun yozumunda dövrün ziddiyyətlərinin bədii inikası qabarıq duyulur. Bir tərəfdə dininə, milli dəyərlərə qayıtmaq, hürr yaşamaq istəyən xalq, bir tərəfdə isə bu xalqı əsarətdə saxlayan imperiya və onun cəza mexanizmini hərəkətə gətirən məmurlar, əsgərlər. Bütün tamaşa boyu bu ziddiyyət inkişaf etdirilir və toqquşma anı yüksək bədiiliklə çatdırılır. Əli silahlı əsgərlər günahsız insanları öldürür, növbə anaya çatanda, o, oğlu İlqarın köksündə qana bulaşmış Quranı qoparıb onu hədəfə alan əsgərin üzünə tutur. Əsgərin cəhdləri avtomatının ilişməsi ucabatından baş tutmur. Avtomatı düzəltmək istədikdə, atəş açılır və əsgər ölür. Epizod xalqın iradəsinin, inancının qələbəsi simvoluna çevrilir. Bu olaylardan keçən hər bir obrazın mənəvi xüsusiyyətləri aydın şəkildə göstərilir. Azadlıq savaşı hər bir qəhrəmanın taleyindən keçir. Kiminin şəhidlik zirvəsinə ucalmasına, kiminin azad yaşamasına, kiminin əbədi cəhənnəm odunda qovrulmasına gətirib çıxarır.

Aktyor oyununun səmimi və inandırıcı olması, tamaşanı uğurlu edən başlıca səbələrdən idi. İlqar – Ramiz Əliyev, Sənəm – Elmira İsmayılova, Mərdan – Vüqar Əliyev, Ülvi – İntiqam Soltan, Larisa – Mətanət Əmirullayeva, Xəyal – Arzu Sadıqov olduqca yaddaqalan ifaları ilə tamaşaçıları indinin tarixini bir daha səhifələməyə vadar edirlər. Təsadüfi deyil ki, tamaşa 1993-cü il dekabr-1994-cü il yanvar aylarında Cənubi Azərbaycanda — Təbriz və Ərdəbil şəhərlərində böyük müvəffəqiyyətlə göstərilib. Fars istibdadı altında yaşayan Təbriz və Ərdəbil tamaşaçıları üçrəngli bayrağın dalğalanmasından, "Koroğlu" üverturasının əzəmətindən riqqətə gəliblər. Rejissorun uğuru dəhşətli hadisəni populizmə deyil, obrazların daxilindən keçirərək tamaşaçıya, çağdaş tariximizin böyük mərhələsinin başlıca olayının olduqca qüvvətli əksinə nail olmasındadır. Cənnətlə müjdələnmiş şəhidlərin əbədi uyuduqları məzarıstandan duraraq, tamaşaçı önündə hadisəni göstərməsi bədii cəhətdən yozumu qüvvətləndirirdi. Finalda haqq iş uğrunda şəhid olmuş İlqar, Ülvi, Larisa, Mərdanın ruhları onilliklər ərzində Azərbaycan türklərinin ürəklərinə enmiş üçrəngli bayrağı təkrar göylərə qaldırır və öz qanları ilə onun əbədi həyatına möhür vururlar.

"Allah onlara rəhmət eləsin" tamaşasının digər bu mövzulu tamaşalardan fərqli cəhəti olayın bədii həllinin, obrazların taleyində əks olunmasında idi. Onların mübarizəsi inandırıcı, taleləri tükürpədici olurdu. Səmimi və inandırıcı ifa, uğurlu kompozisiya tamaşaçını olayı səhnədəkilərlə bərabər yaşamağa, unutmamağa və vuruşmağa çağırırdı. Gənc nəslin tərbiyəsində mühüm yer tutan bu səpkili tamaşalar əvəzsizdir. Fəqət, çağdaş gəncin maraq dairəsini, zövqünü, dünyagörüşünü düzgün qiymətləndirərək, indi ilə səsləşən, gənclər üçün məlhəm ola biləcək quruluşlarla teatr və sənətkar öz istəyinə nail ola bilər. Məhz bu cəhətlərinə görə 1993-cü ildə göstərilmiş bu tamaşa uğurlu hesab edilə bilər. Sosial-tematikanın bu cür bədii həlli, tamaşaçılar arasında uğur qazandı. Buna görə də rejissor Vidadi Əliyevin uğurlu işi, xüsusilə qeyd olunmalıdır.

Layiq olduğu qiyməti almayan qəhrəmanların Vətən sevgisi

Rejissor tarixi mövzulara olan marağı 1996-cı ildə İnqilab Vəlizadənin "Abbasqulu bəy Şadlınski" pyesinə quruluş verməklə bir daha təsdiq olunur. Burada o, olduqca orijinal, tamam yeni yozumla əsərə yanaşıb, illər ərzində o dönəmin ziddiyyətli olayları haqqında yaranmış stereotipindən uzaqlaşaraq, uzunmüddətli tədqiqat apararaq əsl tarixi gerçəkliyin bədii inikasına nail olub. Burada da rejissor öz üslubuna sadiq qalaraq, hadisəni qəhrəmanların yaşantıları, taleləri içərisindən keçirərək tamaşaçıya çatdırmağa nail olub. Mübariz şəxslərin fərqli dünyagörüşü, rus işğalına fərqli münasibətə görə üz-üzə durduğu anlarda belə mərdliyi, obrazların fərqli, özünəməxsus çalarları yüksək bədiiliklə ifadə olunub. Səhnənin mərkəzindən qıraqlarınadək uzanan kələ-kötürlü dağı əvəz edən döşəmə, qəhrəmanların talelərinin obrazlı ifadəsi idi. Döyüş zamanı dərə-təpəni, Abbasqulu bəyin otağını, Kərbəlayi İsmayılın mülkünü əvəz edən bu döşəmə, dövrün ziddiyyətlərinin obrazı idi.

Obrazlar yeni yozumla təqdim olunurdu. Vaxtı ilə "hay-daşnak" ordusuna qarşı duran Abbasqulu bəylə (Əjdər Zeynalov), Kərbəlayi İsmayıl (Qədir Məmmədov) sovet quruluşuna fərqli münasibətləri, eyni zamanda mərdlikləri və vətənpərvərlikləri, Feyzinin (Əli Qurbanlı) əlinə düşmüş fürsətdən istifadə edərək şərəfsizlik etməsi, Qəmlonun (Vüqar Əliyev) namərdliyi, Əli Tağızadənin (Əli Quliyev) müdrikliyi, Məhinin (Dilarə Murtuzəliyeva) namusluluğu bütün bədii keyfiyyətləri ilə işlənib, istedadlı aktyor ifası ilə qüvvətlənib. Rejissor böyük ustalıqla dönəmin səhnə estetikasını qurub və rəngarəng çalarlarla real mənzərəni yaradıb. Burada da simvolika duyulur. Bu dəfə simvola, uzaqlardan ucalan Ağrı dağı çevrilir. Ağrı dağının poetik abı-havası tamaşanın gedişatında hiss edilir. Dağ, mərdlik və qeyrət təcəssümü olmaqla bərabər, həm də adında olan ağrının daşıyıcısıdır. Bu cəhətlər dağa sığınan əhalinin — obrazların həyat tərzlərinə çöküb. Tamaşanın yozumunda, haqqında danışdığımız incəliklər aydınlıqla duyulur.

Obrazların portret cizgilərində Ağrının "bozluğu" görünür. Əslində bu bütünlükdə Ermənistandan qovulmuş azərbaycanlıların talelərinin ümumiləşdirilmiş durumunun göstəricisidir. Vidadi Əliyev dünənin olayı ilə günün faciəsi arasında əlaqəni, daha dəqiq desək səbəbləri axtarır. Rejissor yozumunda Abbasqulu bəyin ölümü, Kərbəlayi İsmayılın mühacirəti nəticəsində başsız qalmış xalqın sonrakı faciəsi məqamlarla qabardılır və qəhrəmanları tarixin dolancından keçirərək mühakimə yürütmək tamaşaçının öhdəsinə buraxılır. Tamaşada bütöv bir xalqın faciəsi bir problem kimi bədiiləşərək səhnəyə yol tapır. Quruluş ədəbi materialdan daha güclü, ifadəli alınıb. Bir sıra epizodları əlavə edən V. Əliyev müəllifin ideyasını olduqca doğru və zamanla səsləşən bir tərzdə göstərib. Ədəbi materialda olan dramaturji qüsurlar-sözçülük, hadisəlilik prinsipinin pozulması, xarakterlərin açılmaması və ümumi kompozisiyanın sönük olması, rejissor ustalığı ilə aradan qaldırılıb və nəticədə kamil səhnə əsəri meydana gəlib. Tamaşanın fiziki və psixoloji plastikasında dinamika, dərinlik, ifadəliliklə bərabər, mühit və dönəmin rəngləri duyulur. Şəxsiyyətlərin səhnə taleyi, səmimi və inandırıcı aktyor ifası ilə bütün qüdrətli və əzəmətli, insani duyğuları ilə göstərilib. Teatrlarımızda özünə yer tapan saxta pafosla təqdim olunan qəhrəman stereotipi, məhz bu tamaşada rejissor tərəfindən ustalıqla dağıdılıb. Quru, uzun-uzadı nitqləri, pafosu, boğazdanyuxarı populizmi rədd edən Vidadi Əliyev öz qəhrəmanlarının psixoloji durumlarını, ovqatını, yaşantılarını adi, sadə şəkildə ifadə olunmasına nail olub.

Xalq artisti Həsən Turabovun, Akademik Milli Dram Teatrının səhnəsində məharətlə ifa etdiyi Xiyabani obrazının həlli ilə Abbasqulu bəy Şadlınskinin təqdimatında oxşarlığın səmimilikdə və inandırıcılıqda olduğunu desək, yanılmarıq. Məhz böyük sənətkarın ilk dəfə şəxsiyyət ifası ətrafında olan mifi dağıdaraq, ona adi, insani çalarlar verməsi, digər aktyorların yaradıcılığına sirayət etdi. Əjdər Xiyabaninin qüdrəti və usta ifası Həsən Turabovun adı ilə bilavasitə bağlıdırsa, bu tamaşada Abbasqulu bəyin dediyimiz şəkildə təqdim olunması rejissor ustalığının nailiyyətidir. Tamaşanın bədii tərtibatında orijinallıq və ifadəlilik rəssam Rza Avçarovun uğurlu işinin bəhrəsi idi. Musiqi tərtibatında seçilmiş musiqilər tamaşanın obrazı ilə səsləşdiyindən və bədii təsirini gücləndirdiyindən, Kamil Misgərovun işi təqdirəlayiqdir. Bütövlükdə yaradıcı heyəti düzgün istiqamətləndirən rejissor Vidadi Əliyev, teatrın tarixində mühüm yer tutan bir tamaşanın ərsəyə gəlməsinə rəvac verib. Təsadüfi deyil ki, tamaşa C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının repertuarında bir neçə il uğurla göstərilib.

Mükafatları[redaktə | mənbəni redaktə et]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ermənistan Azərbaycanlılarının tarixi coğrafiyası. Bakı: Gənclik. 1995. səh. 441. ISBN 5-8020-0852-0.
  2. C. Cabbarlı adına Yerevan Dövlət Azərbaycan Dram Teatrı artistlərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 24 noyabr 1978-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı
  3. President.az. "Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 2019-07-31. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-31.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]