Solmaz Musayeva — Vikipediya

Solmaz Musayeva
Doğum tarixi 10 aprel 1928(1928-04-10)
Doğum yeri
Vəfat tarixi 21 oktyabr 2016(2016-10-21) (88 yaşında)
Fəaliyyəti rəssam
Təhsili Azərbaycan Dövlət Rəssamlıq Məktəbi;
Leninqrad Ali Rəssamlıq Məktəbi
Mükafatları "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 2007

Solmaz Qurban qızı Musayeva (10 aprel 1928, Bakı21 oktyabr 2016) — teatr rəssamı, Azərbaycan Respublikasının əməkdar rəssamı (2007).

Həyatı[redaktə | mənbəni redaktə et]

Solmaz Musayeva 1928-ci il aprel ayının 10-da tanınmış ziyalı, yazıçı Qurban Musayevin (xalq yazıçısı Qılman İlkinin böyük qardaşı) ailəsində dünyaya göz açmışdır. 1947–1952-ci illərdə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsil almışdır. 1953–1955-ci illərdə təhsilini Muxina adına Leninqrad Ali Rəssamlıq Məktəbinin dekorativ-tətbiqi sənət fakültəsində davam etdirmişdir. 1965-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuşdur.

Solmaz Musayeva 21 oktyabr 2016-cı ildə vəfat etmişdir.

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

  • 1965–1981-ci illərdə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rəssamı kimi çalışmışdır.
  • 1981–1987-ci illərdə isə baş rəssam kimi çalışmış, teatrın Azərbaycanrus bölmələrində 60-a yaxın tamaşaya səhnə tərtibatı vermişdir. Bunlardan "Malçiş-Kibalçiş" (A.Qaydar), "Bu ev kimin evidir?" (S.Marşak), "Məşədi İbad" (Ü.Hacıbəyli), "Şəngülüm, Şüngülüm, Məngülüm" (Ə.Abbasov), "Cunquş" (X.Əlibəyli), "Qaravəlli" (Anar), "Meşə nağılı" (T.Mütəllibov), "Yumaq top" (F.Sadıq), "Şən ayılar" (V.Rabadan), H.X.Andersenin "Ole Lukoye və yaxud Sehrli çətirlər" (H.X.Andersen), "Cırtdan", "Sehrli nar" (hər ikisi- M.Seyidzadə) və s. tamaşaları qeyd etmək olar.
  • 1993-cü ildə rəssamın yaratdığı kuklalar Pakistanda keçirilən Şərq ölkələrinin tətbiqi sənət üzrə festivalında birinci dərəcəli mükafata layiq görülüb.
  • 1995-ci ildə rəssamın 25 kukladan ibarət zəngin koloritli "Azərbaycan qadın toyu" kompozisiyası S.Bəhlulzadə adına salonda Novruz sərgisində nümayiş etdirilən zaman sərgidə iştirak edən Heydər Əliyev tərəfindən yüksək qiymət alıb. Həmin əsər Avstraliyada keçirilən Spartakiada zamanı da ekspozisiya olunub.
  • 2006-cı ildə 8 mart Qadınlar günü bayramı münasibətilə yaratdığı kompozisiya seçilərək UNESCO Baş qərargahında sərgilənib. Həmçinin "Şuşalı qadına Şirvanlı xanım qonaq gəlib" adlı əsəri UNESCO-nun mənzil-qərargahının daimi eksponatıdır.
  • 1974-cü ildə "İlham" kukla cizgi filmi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən beynəlxalq festivalda I dərəcəli diploma layiq görülüb.
  • 1976-cı ildə "Göyçək Fatma" kukla cizgi filmi Gürcüstan Rəssamlar İttifaqının xüsusi diplomuna layiq görülüb.
  • 1980-ci ildə "Sağ ol, dostum"kukla cizgi filmi İrəvanda mükafata layiq görülüb. Azərbaycanda istehsal olunan ilk kukla cizgi filmlərinin rəssamı olan Solmaz Musayeva bu filmləri rejissor V.Behbudovla birlikdə ərsəyə gətirmişdir.
  • 1987-ci ildən etibarən fərdi yaradıcılıqla məşğul olmuşdur. Onun yaratdığı 4000-dən artıq etnoqrafik suvenir kuklalar (Azərbaycanın müxtəlif bölgələrinə aid geyimlərdə) muzeylərdə, Azərbaycanda və xarici ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.[1][2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Sənət zirvəsinin Solmaz ulduzu
  2. "Solmaz Qurban qızı Musayeva". 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-01.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]