Smolnı kafedralı — Vikipediya

Smolnı kafedralı
Смольный Воскресенский собор
Xəritə
59°56′55″ şm. e. 30°23′44″ ş. u.
Ölkə  Rusiya
Şəhər Peterhof
Yerləşir Rastrelli meydanı №1
Aidiyyatı Rus Pravoslav Kilsəsi
Layihə müəllifi Françesko Bartolomeo Rastrelli
Memar Xristian-Lüdviq Knobel
Sifarişçi I Yelizaveta
Tikilmə tarixi 1746-1835
Üslubu Barokko
Rəsmi sayt smolnyspb.ru
İstinad nöm.7810656007
Mühafizə dərəcəsiFederal
Smolnı kafedralı (Sankt-Peterburq)
Smolnı kafedralı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Smolnı kafedralı (rus. Смольный собор) — Peterburqun mərkəzində, Neva çayının sol sahilində yerləşən Smolnı monastırının memarlıq ansamblına daxildir. Bina həmçinin klassik musiqilərin ifa olunması üçün ayrılmış konsert meydançası hesab olunur (Rastrelli meydanı 3/1)

Tarix[redaktə | mənbəni redaktə et]

Smolnı monastırının ümumi görünüşü. Litoqrafiya və akvarel. Əsərin müəllifi Karl Beqqrov.

1740-cı ildə Rus çar taxtının varisi Yelizaveta Petrovna ömrünün son illərini yüz iyirmi nəcib qızların əhatəsində monastırın sülh və sakitliyində keçirmək qərarına gəlir. Artıq imperatriça olarkən, o gənc yaşlarında yaşadığı Smolnı (yəni "qatran") sarayının yerində monastır inşa etdirmək qərarına gəlir. Monastır kompleksinin tərkibinə ev kilsələri, kafedral, zəng qülləsi və nəcib ailələrdən olan qızlar ücün institut daxil olmalı idi. Kafedralın memarı — Françesko Bartolomeo Rastrellidir. Kilsənin təntənəli təməlqoyma mərasimi 30 oktyabr 1748-ci ildə keçirilmişdir. 1749-cu ildən tikinti işlərinə Rastrelli ilə birgə işləyən Kristian Knobel rəhbərlik etmişdir. 1751-ci ilə bütün hazırlıq və təməl işləri tamamlanmış və kafedralın tikintisinə başlanılmışdır. Tezliklə Prussiya ilə yeddiilik müharibə başlanılır və bu zaman inşaat üçün maliyyələşdirmə kifayət qədər olmur və tikinti işləri artıq aşağı templə davam edir. 1762-ci ildən kafedralın bəzək və boyama işlərini memar Yuri Felten öz üzərinə götürür. Smolnı institutunun açılışı 27 iyun 1764-cü ildə təşkil olunmuşdur, kafedralın özü isə Vasili Stasov tərəfindən yalnız 1835-ci ildə tamamlanmışdır.

Smolnı kafedralı 1931-ci ildə bağlanılmışdı, lakin onun bağlanılması barədə qərar hələ səkkiz il öncə, yəni 1923-cü ildə qəbul edilmişdi. Qərarın qəbul edilməsindən bir il öncə, yəni 20 aprel 1922-ci ildə bu bütün kilsə əmlakı müsadirə olunmuşdu. Bununla belə, kafedralın ikonostası yalnız 1972-ci ildə üstündən xeyli vaxt keçdikdən sonra demontaj edilmişdir. Sa nkt-Peterburqun bir çox digər kilsələrindən fərqli olaraq, Smolnı kafedralı dini mərasimlər üçün açılmamışdır. 1990-cı ildə isə kafedralda indiyə kimi fəaliyyət göstərən konsert-sərgi zalı açılmışdı.

24 may 2009-cu ildə Qatçina yepiskopu Amvrosiy uzun bir müddətdən sonra kafedralda ilk molebni qeyd etmişdir, 2010-cu ildən isə Smolnı kafedralı ibadət üçün yenidən istifadəyə verilmişdir. 7 aprel 2010-cu ildə, müqəddəs Blaqoveşşeniye bayramında, 87 il sonra kafedralın Yekaterina kapellasında yerləşdirilmiş kürsülər bayıra çıxarılmış və 500 ibadətçi üçün yer boşaldılmışdır. Həmin gün Sankt-Peterburq və Ladoqa mitropoliti Vladimir (Kotlyarov) burada ilahi liturgiyanı təntənəli şəkildə qeyd etmişdi. Sankt-Peterburqun Kazan kafedralı ibadət mərasimləri üçün qədim taxt hədiyyə etmişdi. Məhz həmin gün üçün Bakirə Məryəm Ananın təsviri bərpa olunmuşdur — bu rəsm Aleksey Venetsianovun Dövlət Rus Muzeyində saxlanılan əsərinin surətidir. Bundan sonra kafedralın cənub kapellasında bütün ibadət mərasimləri müntəzəm olaraq bazar günlərində keçirilməyə başlayır. 6–7 yanvar 2011-ci ildə kafedralda 1917-ci ildən bu yana ilk dəfə olaraq Milad ibadəti keçirilmişdir.

2010-cu ildə Smolnı kafedralının 175 illik yubileyi şərəfinə Sankt-Peterburq sikkəxanası xatirə medallarını satışa buraxmışdı. Həmçinin, ildönümü münasibətilə xüsusi zərflər ictimaiyyətə təqdim olunmuşdu.

2014-cü ildə sahil küçəsi tərəfdən böyük yaşayış kompleksinin tikintisi başlanılmışdı. Bu səbəbdən həmin yeni bina Neva və sahildən kafedrala açılan tarixi mənzərəni və görünüşü örtür. Hal-hazırda, Sverdlovsk sahil küçəsindən kafedrala açılan mənzərə tamamilə korlanıb; yalnız günbəzlərin yuxarısı və qismən mərkəzi hissəsi görünür. Şəhər sakinlərin bütün etirazlarına baxmayaraq, yeni binanın tikintisi davam edir[1]..

Zəng qülləsinin ümumi layihəsi[redaktə | mənbəni redaktə et]

K. Knobelin rəhbərliyi altında Lorentso tərəfindən hazırlanmış kafedralın açılmış maketi.

Hazırda Rəssamlıq Akademiyasının Muzeyində saxlanılan Smolnı monastır ansamblının maketinə görə, əsas binanın yanında 140 metr hündürlükdə beş yaruslu zəng qülləsinin inşası nəzərdə tutulurdu. Beləliklə, zəng qülləsinin hündürlüyü Peterburqun rəmzi sayılan Pyotr və Pavel kafedralının şpilindən 18 metr hündür və və Avropanın ən yüksək tikilisi olmalı idi. Zəng qülləsinin birinci yarusu Zəfər tağı kimi xidmət göstərməli idi; ikinci yarusda — keçidüstü kilsə, qalan üçündə isə zənglər yerləşməli idi. Zəng qülləsini üç dəyirmi pəncərələrlə bəzədilmiş kiçik bir qüllə və xaçla taclanan kiçik günbəz tamamlamalı idi, lakin əksər düşüncələrin və fikirlərin əksinə, Smolnı monastırı maliyyə vəsaitinin çatışmazlığından deyil, məhz Rastrellinin şəxsi istəyinə görə zəng qülləsindən imtina olunur (Zəng qülləsinin tikintisi 1756-cı ildə, yəni Rusiyanın hələ Yeddiillik müharibəyə qoşulmasından öncə dayandırılmışdır, baxmayaraq ki, hər iki bu faktor həlledici ola bilərdi). Ehtimal olunur ki, məhz adıçəkilən maketə nəzər salan memar, yaranmış disbalansın qarşısını almaq məqsədilə, öz səhvini etiraf etmiş və kafedralın yeganə binasının dominant təsirini qoruyub saxlamışdır. Həmçinin tikilinin memarlıq və layihə həlli maketdə göstəriləndən fərqlidir[2].

Memarlıq[redaktə | mənbəni redaktə et]

Bütün monastır plan baxımından içərisində mərkəzi kafedral, guşələrində isə dörd kilsə olan yunan xaçına bənzəyir. Kafedralın hündürlüyü — 93.7 metrdir. Kafedral möhtəşəm Yelizaveta barokkosu üslubunda inşa edilmiş və lükarna, soğanvari fronton kimi memarlıq elementləri ilə bəzədilmişdir. Kilsənin divarları parlaq, yumşaq mavi — günbəzlər isə boz rənglə boyanmışdı. Kafedralın beşli qübbəsi olduqca qeyri-adi formada yaradılmışdır. İlkin layihəyə əsasən Rastrelli Avropa kilsələrinə bənzəyən bir qübbəli kafedralın inşasını planlaşdırırdı, lakin imperatriça Yelizaveta inadla ondan beş-qübbəli pravoslav ənənəsinə sadiq qalmasını israr etdi. Nəticədə, kafedral beş-qübbəli olaraq inşa edilmişdir. Buna baxmayaraq, onlardan yalnız biri, yəni mərkəzi günbəz bilavasitə kilsəyə aiddir, digər dörd qübbə — zəng qülləsidir. Mərkəzi günbəz baraban üzərində yerləşir və digərlərindən xeyli böyük ölçüdədir. Qübbə dəbilqə formasına malikdir, yuxarıdan onu fənərdə yerləşən soğanvari hündür başlıq taclayır. Dörd eyni zəng qülləsi çökük formaya malikdir və iki qatdan ibarətdir. İkinci qatda çanlar yerləşir və öz növbəsində hər bir çanı (zəngi) kiçik ölçülü günbəzlər bəzəyir. Smolnı İnstitutunun xor korpusuna qoşularaq, kafedralın aşağı fasadı öz memarlıq tərzinə görə daha çox sarayı xatırladır, nəinki kilsəni. Kafedralın beş qübbəli ikinci hissəsi onunla müqayisədə yüngül və göylərə yönəlmiş təəssüratı yaradır. "Ev kilsələri" monastırın dörd bir küncündə yerləşir və divarların daxilinə tikilmişdir. Onların hər birinin xaç və böyük qübbə ilə bəzədilmiş tək bir dəbilqəvari günbəzi vardır. Kafedralın memarlıq həlli onun ölçüsünə qeyri-adi bir illüziya yaradır. Kafedrala yaxınlaşdıqca, o vizual olaraq balacalanır və eyni zamanda öz əzəmətini itirmir. Hətta barokko üslubuna ehtiram hissi duymayan peşəkar memarlar belə, Rastrelli tərəfindən yaradılmış bu binanın əzəmətini, ölçülərinin mükəmməlliyini və dekorativ tərtibatın zərifliyini etiraf edərək, bu şəxsə hörmətlə yanaşırdılar. Rəvayətə görə, memarlıq mövzusuna əks görünüşü olan, lakin bununla belə ən istedadlı memarlardan biri sayılan Cakomo Kvarengi, Rastrelliyə qarşı barışmaz xarakteri və açıq düşmənçiliyi olmasına baxmayaraq, Smolnı kafedralının yanından keçərkən əsas girişin qarşısında dayanaraq üzünü ona çevirir və öz papağını çıxardaraq "Ecco una chiesa!" — yəni "Bax bu əsl kilsədir" deyirdi.


İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Новое название хора". www.cathedral.ru. 2016-05-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-11.
  2. "Владимир Ефимов: "ЗАМЕТКИ О СТРОИТЕЛЬСТВЕ СМОЛЬНОГО МОНАСТЫРЯ В ПЕТЕРБУРГЕ", журнал «АРДИС: Архитектура, Реставрация, Дизайн и Строительство» №1, №2(45) 2010 год". 2017-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-25.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]