Siyavuş Qarayev — Vikipediya

Siyavuş Qarayev
Şəxsi məlumatlar
Doğum tarixi 30 aprel 1942(1942-04-30)
Doğum yeri
Vəfat tarixi 1 yanvar 2015(2015-01-01) (72 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti kimyaçı
Elmi fəaliyyəti
Elm sahəsi üzvi kimya
Elmi dərəcəsi
Elmi adı

Təltifləri "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 2000 "Şöhrət" ordeni
İmzanın şəkli

Siyavuş Fərhad oğlu Qarayev (30 aprel 1942, Samux rayonu1 yanvar 2015, Bakı) — Azərbaycan Dövlət Neft Akademiyasının rektoru (1997–2005), üzvi kimya sahəsində alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2007), kimya elmləri doktoru (1981), professor (1984).[1][2]

Həyatı[redaktə | mənbəni redaktə et]

Siyavuş Qarayev 30 aprel 1942-ci ildə Azərbaycanın Samux rayonunda anadan olmuşdur. O, 1959-cu ildə Gəncə şəhərində orta məktəbi bitirmiş və həmin ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuşdur. 1964-cü ildə Kimyaçı ixtisası üzrə universiteti bitirmişdir.[1][2]

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Siyavuş Qarayev əmək fəaliyyətinə 1964-cü ildə təyinat üzrə SSRİ Neft-Kimya Sənayesi Nazirliyinin Ümumittifaq Elmi Tədqiqat Olefinlər İnstitutunda mühəndis kimi başlamış, sonra 1966-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Sumqayıt filialında kiçik elmi işçi olaraq daavam etdirmişdir.[1]

Siyavuş Qarayev 1967-1970-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əyani aspirantı olmuşdur. Həmin institutda 1970-1981-ci illərdə böyük elmi işçi və dosent vəzifələrində çalışmışdır. Habelə "Azərbaycan ali texniki məktəblərinin xəbərləri" elmi jur­na­­lının baş redaktoru vəzifəsini icra etmişdir. O, bir neçə nüfuzlu elmi jurnalların, o cümlədən "Qoşa ulduz" ictimai-siyasi-beynəlxalq jurnalın və "Vışka" qəzetinin redaksiya heyətlərinin üzvü olmuşdur. Həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyi kollegiyasının üzvü olmuşdur.[1]

Siyavuş Qarayev 1982-ci ildən Üzvi və bioloji kimya kafedrasının müdiri, Doymamış karbohidro­genlərin hetero­atom­lu törəmələri problem laboratoriyasının elmi rəhbəri vəzifəsini icra etmişdir. 1988-1997-ci illərdə Kimya-texnologiya fakültəsinin dekanı kimi fəaliyyət göstərmişdir. Akademik 1997-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Akademiyasının rektoru kimi fəaliyyət göstərmişdir.[1]

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Siyavuş Qarayev 1970-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək kimya üzrə fəlsəfə doktoru, 1981-ci ildə isə M.Lomonosov adına Moskva Zərif Kimya Texnologiyası İnstitutunda doktorluq dissertasiyasını müdafiə edərək elmlər doktoru elmi dərəcəsini almışdır. 1984-cü ildə professor elmi adını qazanan Siyavuş Qarayev 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmiş­dir.[1][2]

Onun geniş elmi maraq dairəsi doymamış heteroatomlu üzvi birləşmələrin fundamental və tətbiqi kimyası sahəsini əhatə edir. S. Qarayev 600-ə yaxın elmi əsərin, eyni zamanda 70 müəlliflik şəhadət­na­məsi və patent, 4 monoqrafiya, 17 dərslik və dərs vəsaitinin müəllifidir. Akademik 70-dən çox beynəlxalq və regional elmi konfrans və simpoziumlarda məruzə etmişdir. Onun rəhbər­liyi altında 1 elmlər doktoru və 25 fəlsəfə doktorluğu dissertasiyası müdafiə edilmişdir. Siyavuş Qarayev Çin Neft Universitetinin fəxri professorudur.[1]

Akademik Siyavuş Qarayev Üzvi kimya ixtisası üzrə doktorluq alimlik dərəcəsi verən İxtisaslaşdırılmış Şuraların üzvü olmuş, namizədlik alimlik dərəcəsi verən Dissertasiya Şuralarının sədri kimi fəaliyyət göstərmişdir. Habelə zərif üzvi sintez və kataliz üzrə Bakıda vaxtaşırı keçirilən beynəlxalq elmi konfransların təşkilatçısı və təşkilat komitələrinin sədri olmuşdur.[1]

Üzv olduğu akademiyalar[redaktə | mənbəni redaktə et]

  • Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü;
  • Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü;
  • Rusiya Təbiət Elmləri Aka­de­miyasının həqiqi üzvü;
  • Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü;
  • Azər­bay­can Mühəndislik Akademiyasının həqiqi üzvü;
  • Beynəlxalq Ekoener­getika Akade­mi­yasının həqiqi üzvü;
  • Türk Dünyası Araş­dırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü;[1]

Mükafatları[redaktə | mənbəni redaktə et]

Akademik Siyavuş Qarayev "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür. Eyni zamanda "Şöhrət" orde­ni ilə təltif olunmuşdur.[1]

Vəfatı[redaktə | mənbəni redaktə et]

Siyavuş Qarayev 1 yanvar 2015-ci ildə Bakı şəhərində vəfat etmişdir.[1][2][3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,00 1,01 1,02 1,03 1,04 1,05 1,06 1,07 1,08 1,09 1,10 "Qarayev Siyavuş Fərhad oğlu" (Azərbaycan). science.gov.az. 17-09-2021 tarixində arxivləşdirilib.
  2. 2,0 2,1 2,2 2,3 "Siyavuş Fərhad oğlu Qarayev" (Azərbaycan). azertag.az. 31-10-2022 tarixində arxivləşdirilib.
  3. "ADNA-nın rektoru vəfat edib" (az.). Lent.az. 1 yanvar 2015. 2015-01-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 yanvar 2015.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]