Siracəddin Urməvi — Vikipediya

Siracəddin Urməvi
Doğum tarixi 1198[1][2]
Doğum yeri
Vəfat tarixi 1283[1][2]
Vəfat yeri

Siracəddin Mahmud Əbubəkr oğlu Urməvi (1198[1][2], Urmiya1283[1][2], Konya) — Azərbaycan filosofu, ictimai-siyasi xadimdir.

Haqqında[redaktə | mənbəni redaktə et]

Azərbaycanda Siracəddin Urməvi irsinin yeganə tədqiqatçısı AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Zakir Məmmədovun əsərlərindən məlum olur ki, filosof 1198-ci ildə Cənubi Azərbaycanın Urmiya şəhərində doğulmuş, uşaqlıq illərini həmin səfalı diyarda keçirmişdir.Mənbələrdə onun Mosulda təhsil aldığı göstərilir.

Siracəddin Urməvi bir müddət Dəməşqdə yaşamış, sonralar isə Kiçik Asiyaya getmişdir. 1246-cı ildən əvvəl o, artıq Konya şəhərində qazi imiş. Görkəmli hüquqşünas alim kimi onun 1250-ci ildə disput məclislərində iştirak etdiyi xəbər verilir.

XIII əsrin türk tarixçisi İbn Bibi 1282–1285-ci illərdə qələmə aldığı "Ali işlərə dair Əlaəddin əmrləri" kitabında Azərbaycan filosofunun bütün elm sahələrində şöhrət tapdığını qeyd edərək fəaliyyətini yüksək qiymətləndirmişdir.

Ən məşhur əsəri "Nurların doğuşları"dır, bu kitabın məntiqə dair hissəsinin Qahirədə Xədiviyyə kitabxanasında saxlanılan əlyazması Siracəddin Urməvinin sağlığında, 1278-ci ilin iyul ayında Konya şəhərində xəttat İsmayıl ibn Xəlil tərəfindən köçürülüb tamamlanıb. Filosofun bu kitabının həmin hissəsi Qütbəddin Razinin ona yazdığı şərhlə birlikdə Təbriz, İstanbulTehranda müxtəlif illərdə çap edilib. Digər iri əsəri olan "Hikmət incəlikləri" 1257-ci ildə yazılıb, 1972-ci ildə Tehranda çap edilib.

Zakir Məmmədov elmi-tədqiqatında göstərmişdir ki, Siracəddin Urməvinin əsərlərində peripatetik fəlsəfənin bütün problemləri geniş araşdırılmış, varlıq təlimi, idrak nəzəriyyəsi və məntiq məsələləri dərindən tədqiq edilmiş, mütərəqqi sosial-siyasi görüşlər və etik fikirlər öz dolğun ifadəsini tapmışdır.

Varlıq təlimi[redaktə | mənbəni redaktə et]

Siracəddin Urməvi Şərq peripatetiklərinin mövqeyindən çıxış edərək, varlığın müxtəlif qismlərinin şərhini vermişdir. Varlığı onun ziddi olan yoxluq anlayışı ilə qarşılıqlı götürmüşdür. Filosof mövcudatda səbəbiyyətin obyektivliyini qəbul edir.

Vacib və mümkün varlığı səbəb və nəticə əlaqədarlığında götürən Siracəddin Urməvi onların hər ikisini əzəli və əbədi hesab etmişdir.Substansiyaaksidensiya mövzusu üzərində geniş dayanıb, onu vacib varlığa deyil, mümkün varlığa aid bilmişdir. Zenon, PlatonAristotelin hərəkət kateqoriyasının təhlilini verərək, Aristotellə razılşıb. Geosentrik nəzəriyyənin tərəfdarı olub.

İdrak nəzəriyyəsi[redaktə | mənbəni redaktə et]

Cansız cisimlərə nisbətdə canlıları, canlılardan insanı üstün tutub: "insanın sair canlılardan üstünlüyü ondadır ki, insanda ayrıca və ümumi şeylər haqqında məlumat, habelə, dərketmə qüvvəsi və aləti var." İdrakın əqli mərhələsi Siracəddin Urməvi və ümumiyyətlə, Şərq peripatetizmi tərəfindən hissi mərhələnin davamı, həqiqətin əldə edilməsi prosesinin ən yüksək məqamı kimi göstərilib. Siracəddin Urməvinin məntiqi Aristotelin və onun Şərqdəki davamçılarının təliminə əsaslanır.

Sosial-siyasi görüşləri və etikası[redaktə | mənbəni redaktə et]

O, hakimlik kimi bir çöx vəzifə sahiblərinin etiketini işləyib hazırlamışdır. "Ədalətli sultanın bir günlük ədaləti altmış ilin ibadətindən yaxşıdır" hökmünü dönə-dönə təkrarlayıb. Onun etikasında insanın özünü idarə etməsi bilavasitə xasiyyətlərilə bağlıdır.

Siracəddin Urməvi 1283-cü ildə Türkiyənin Konya şəhərində vəfat etmişdir.

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • "Məntiqə və fəlsəfəyə dair nurların doğuşları"
  • "Hikmət incəlikləri"
  • "Haqqın bəyanı"
  • "Metodlar"
  • "Ziddiyyətin misallarına dair traktat"
  • "Dialektikaya dair traktatlar"
  • "Həkimanə sözlərin islahı"
  • "Təhsil"
  • "Suallar" və s.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 1,3 Sirāj al-Dīn Maḥmūd ibn Abī Bakr Urmawī // Faceted Application of Subject Terminology.
  2. 2,0 2,1 2,2 2,3 Maḥmūd ibn Abī Bakr al- Urmawī // AlKindi.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Zakir Məmmədov. Siracəddin Urməvi. Azərbaycan SSR EA "Məruzələri", 1967;
  • Zakir Məmmədov. Siracəddin Urməvinin məntiqinə dair. Azərbaycan SSR EA "Xəbərlər" jurnalı, 1968;
  • Zakir Məmmədov. Azərbaycanda XI–XIII əsrlərdə fəlsəfi fikir. Bakı, 1978;
  • Zakir Məmmədov. Bəhmənyarın fəlsəfəsi. Bakı, 1983;
  • Zakir Məmmədov. Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri. Bakı, 1986;
  • Zakir Məmmədov. Siracəddin Urməvi. Bakı, 1990;
  • Zakir Məmmədov. Azərbaycan fəlsəfəsi tarixi. Bakı, 1994; Təkrar nəşr: 2006.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]