Sadıq Saleh Bağırov — Vikipediya

Sadıq Saleh
Sadıq Saleh Xəlil oğlu Bağırov
Doğum tarixi 6 (19) mart 1907
Doğum yeri
Vəfat tarixi 27 sentyabr 1977(1977-09-27) (70 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Fəaliyyəti teatr aktyoru, kino aktyoru
Fəaliyyət illəri 1926-cı ildən
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1959

Sadıq Saleh Xəlil oğlu Bağırov (6 (19) mart 1907, Bakı27 sentyabr 1977, Bakı) — Azərbaycan-sovet teatr və kino aktyoru, Azərbaycan SSR əməkdar artisti (1959).

Həyatı[redaktə | mənbəni redaktə et]

Sadıq Saleh Xəlil oğlu Bağırov 19 mart 1907-ci ildə Bakı şəhərində anadan olmuşdur. Üçsinifli şəhər, sonra üç il 9 saylı, 1920–1922-ci illərdə sovet fəhlə məktəblərində təhsil alıb. 1926-cı ildə Əbilov adına klubun dram dərməyinə üzv olub. Həmçinin Qaraşəhər, Metallist, Həkimlər klublarının dram dərnəklərində həvəskar aktyorluq edib. 1929–1932-ci illərdə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbində aktyorluq təhsili alıb. Tələbə vaxtı Akademik Milli Dram Teatrının yardım heyətinə götürülüb. Təhsilini başa çatdırdıqdan sonra isə bu truppaya götürülüb.[1]

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Səhnə həyatı[redaktə | mənbəni redaktə et]

Sadıq Saleh sənətə 1925-ci ildə gəlmişdir. Teatra məhəbbət Sadıq Salehdə çox gənc yaşlarında yaranmışdır. O, "Əbilov" adına, "Şvars" adına və başqa klublarda həvəskar kollektivlərin fəal iştirakçısı olmuşdur. Burada, klub səhnəsində özünün aktyor məharətini göstərir, həyatını incəsənətə həsr etməyi qərara alır. 1929-cu il, sənətə yenicə qədəm qoymuş aktyor üçün fərəhli olur. Onu Azərbaycan Dram Teatrı truppasına qəbul edirlər. Teatrda işləməklə bərabər Sadıq Saleh Azərbaycan Dövlət Teatr məktəbində təhsil alır. Tələbə ikən xarakter rolları daha yaxşı oynamaqla Sadıq Saleh diqqəti cəlb edir. 1932-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirir. A.A.Tuqanov, A.M.Mudrov, H.Cavid, M.Kirmanşahlı və başqa görkəmli müəllimlərin məşgələləri peşəkar aktyor ustalıgına yiyələnməkdə ona kömək edir. O, səhnədə keçirdiyi yarım əsrlik bir dövrdə istər öz dramaturqlarımızın, istərsə də başqa dramaturqların əsərlərindəki onlarca obraza öz aktyorluq bacarığı ilə yeni ruh, yeni təravət gətirmişdir. O, oynadığı rolun böyük və ya kiçikliyindən, mənfi və ya müsbət olmasından asılı olmayaraq ən kiçik detallarına belə diqqət yetirmiş, obrazın daxili aləmini tamaşaçılara bacarıqla çatdırmışdır.

Teatrda[redaktə | mənbəni redaktə et]

Sadıq Salehin M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrı səhnəsində oynadıgı müxtəlif planlı, müxtəlif xarakterli rolların sayı yüzdən çoxdur. O, klassik və müasir pyeslərdə müsbət və mənfi personajlar oynamışdır. Onun milli əsərlərdən oynadıgı obrazlar xüsusilə müvəffəqiyyətli alınmışdır. C.Cabarlının "Od gəlini"ndə Qorxmaz, "Almaz"ında Barat və Balarza, M.F.Axundovun "Müsyo Jordan və Dərviş Məstəli şah"ında Şahbaz bəy, M.F.Axundovun "Xırs quldurbasan"ında Koxa, C.Məmmədquluzadənin "Ölülər"ində Hacı Kazim, Ə.Haqverdiyevin "Dagılan tifaq"ında Süleyman bəy, S.Vurgunun "Vaqif" pyesində Əlibəy və Təlxək, S.Vurgunun "Xanlar"ında İvan Fialetov, "Şeyx Sənan" pyesində Şeyx Hadi, "1905-ci ildə" əsərində Volodin, A.N.Ostrovskinin "Günahsız müqəssirlə"ində Neznamov, N.V.Qoqolun "Müfəttiş"ində Bobçinski, "Od İçində" Rəşid, M.İbrahimov "Közərən ocaqlar"da közətçi, R.Stoyanovun "Qısqanc ürəklər"ində İvan, M.F.Axundovun "Vəziri xani Lənkəran"ında Hacı Məsud obrazları Sadıq Salehin yadda qalan rollarındandır.

Kino, radio və dublyaj fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Sadıq Saleh filmlərdə, dubləjlarda, habelə televiziya və radio verilişlərində də çıxış etmişdir. Böyük bəstəkarımız Ü.Hacıbəyovun "O olmasın, bu olsun" musiqili komediyası üzrə çəkilmiş eyni adlı bədii filmdə Sadıq Saleh Mirzə Ələkbər Sabirin obrazını yaratmışdır. Bundan əlavə Nəsimi filmində də epizodik rolda iştirak etmişdir.

"O olmasın, bu olsun" Sabir rolunda

Mükafatlar və adlar[redaktə | mənbəni redaktə et]

1959-cu ildə Sadıq Saleh Bağırov Moskvada keçirilən "Azərbaycan Ədəbiyyatı və İncəsənəti Ongünlüyündə" iştirak etmiş və həmin il, iyunun 10-da "Azərbaycan SSR əməkdar artisti" adına layiq görülmüşdür. Sadıq Saleh Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı və bir sıra medallarla təltif edilmişdir.

Sənətinin davamçıları[redaktə | mənbəni redaktə et]

Oğlu — Ramiz Bağırov (səs rejissoru) — AzTV-nin ali dərəcəli səs rejissoru.

Oğlu — Pərviz Sadıq Saleh oğlu Bağırov — Azərbaycan Respublikasının əməkdar artisti, prezident mükafatçısı.

Nəvəsi — Saleh Ramiz oğlu Bağırov — teleaparıcı.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Rəhimli, İlham. Azərbaycan Teatr Ensiklopediyası. III cild. Bakı: Azərnəşr. 2016. səh. 157.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]