Sərdar Fərhad Paşa — Vikipediya

Sərdar Fərhad Paşa
سردار فرهاد باشا
1 avqust 1591 – 4 aprel 1592
ƏvvəlkiQoca Sənan Paşa
SonrakıKanijalı Siyavuş Paşa
16 fevral 1595 – 7 iyul 1595
ƏvvəlkiQoca Sənan Paşa
SonrakıQoca Sənan Paşa
Şəxsi məlumatlar
Doğum tarixi 1530
Doğum yeri Albaniya
Vəfat tarixi
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti siyasətçi
Həyat yoldaşı
Dini islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sərdar Fərhad Paşa (1530, Albaniya1595, Konstantinopol) — III MuradIII Mehmed dönəmində 2 dəfə — ümumilikdə 1 il müddətinə Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır.

İlk illəri[redaktə | mənbəni redaktə et]

Alban əsillidir.[1][2] Təhsilini Əndərunda almışdır. I Süleymanın son illərində qapıçıbaşısı oldu. Zigetvar səfəri əsnasında vəfat edən I Süleymanın Sədrəzəm Sokullu Mehmed Paşa tərəfindən gizlədilməsi və cəsədinin ordudan xəbərsiz Belqrada, sonra da İstanbula göndərilməsinə şəxsən Fərhad ağa rəhbərlik etmişdir. Bu xidmətlərinin mükafatı olaraq böyük imrahor, daha sonra 1581-ci ildə isə yeniçəri ağalığına gətirildi. III Muradın oğlu Şahzadə Mehmed üçün tərtiblənən və 29 may 1582–19 iyul 1582 tarixlərində baş tutan sünnət mərasiminin bütün məsuliyyəti və bu əsnada şəhərin idarəsi Fərhad ağaya verilmişdir. Fərhad ağanın paytaxtdan məsul olduğu o günlərdən birində İstanbulun At meydanı səmtində böyük bir skandal baş verdi. Saraydan yeni ayrılan bir qrup sipahi At meydanına fahişə gətirərək əyləncə qurmuş, bunu eşidən Fərhad ağa bir dəstə yeniçəri ilə sipahiləri ələ keçirmiş, çıxan çatışmada 2 sipahi öldürülmüşdür. Çaxnaşmanı öz gözləri ilə müşahidə edən dövrün sədrəzəmi Qoca Sənan Paşa buna çox hirslənmiş, "Niyə gəldin qara köpək ? İki qana bais oldun." deyərək Fərhad ağanı sultana şikayət etmiş, beləliklə Fərhad ağa yeniçəri ağalığından alınmışdır. Bu da iki paşa arasında illərlə davam edən müharibənin təməlini atmışdır.[1]

5 ay boyunca İstanbulda vəzifəsiz qalan Fərhad ağa 2 yanvar 1583 tarixində qübbəaltı vəziri seçilən Rumeli bəylərbəyi İbrahim Paşanın yerinə gətirildi. Bir müddət sonra Sədrəzəm Kanijalı Siyavuş Paşanın tövsiyəsilə dördüncü vəzir olaraq Səfəvi cəbhəsinə sərdar təyin olundu.[3]

Fərhad Paşa burada ikən böyük uğurlar qazandı. İrəvan qalası ələ keçirilərək bərpa olundu və qalanın idarəsi Cığalızadə Yusif Sənan Paşaya həvalə edildi. Ardından Gürcüstana gedən Fərhad Paşa Lori və Güri qalalarını ələ keçirdi, 28 iyul 1584 tarixində Səfəvi cəbhəsinə gələn Özdəmiroğlu Osman Paşanın yeni bir səfərə çıxması ilə paytaxta geri qayıtdı.

Özdəmiroğlu Osman Paşa Təbrizi fəth etdikdən sonra xəstələndi və oradan qayıdarkən 29 oktyabr 1585 tarixində vəfat etdi. Sultanın lələsi Xacə Sadəddin Əfəndi sədarətə Fərhad Paşanı tövsiyə etmiş, ancaq III Murad bu tövsiyəyə qulaq asmayaraq Hadım Məsih Mehmed Paşanı sədrəzəm təyin etdi.[1]

Fərhad Paşa isə 1586 tarixində yenidən Səfəvi cəbhəsi sərdarı seçildi. Mərkəz olaraq Təbriz seçilmiş, Gəncə, QarabağNəhavənd əyalətlərini alıb Osmanlıya birləşdirdi. 1587-ci ildə Səfəvi şahı Məhəmməd Xudabəndə sülh müzakirələri üçün Fərhad Paşaya müraciət etdi. Müzakirələr davam edərkən vəfat edən Xudabəndənin oğlu I Abbas sülhdən imtina etdi. Ancaq qərb sərhəddində Osmanlı ilə, şərq sərhəddində isə Özbəklərlə eyni anda mübarizə aparmaq Səfəvi dövlətinin belini bükdü. Bu səbəbdən I Abbas 1590 tarixində yenidən sülh təklif etdi. Ərdəbil hakimi Mehdiqulu xanŞah Abbasın qardaşı oğlu Heydər Mirzənin də daxil olduğu elçi heyəti sülh üçün paytaxta göndərildi.[1] Bu səylər bir nəticə verdi və beləliklə, 21 may 1590 tarixində Fərhad Paşa andlaşması (və ya İstanbul andlaşması) bağlandı. Bununla da Osmanlı dövləti şərqdəki ən böyük qələbəsini qazanaraq Təbriz, Qarabağ, Gürcüstan, DağıstanŞirvan Osmanlıya birləşdirildi.[4]

Sədarət dönəmi[redaktə | mənbəni redaktə et]

1 avqust 1591 tarixində sədarətdən alınan Qoca Sənan Paşanın yerinə sədrəzəm təyin olundu. III Murad keçmiş sədrəzəmin gözlərinə mil çəkdirmək istəsə də, Fərhad Paşa buna mane olmuş, Sənan Paşa yenidən Təkirdağa sürgün edildi.[1] Elə həmin il Ərzurum əhalisi orada qışlayan yeniçərilərdən şikayət etdi və nəticədə əhali ilə yeniçərilər arasında iğtişaş baş verdi. Bu xəbər paytaxta çatdı və paytaxtdakı yeniçərilər ülufə divanında qazan devirib üsyan başlatdılar. Məsələni böyütmək istəməyən Fərhad Paşa sultana bu haqda heç nə deməsə də, 1592-ci ildə bu hadisə sultanın qulağına çatdı. Nəticədə Fərhad Paşa sədarətdən alındı və yerinə üçüncü dəfə Siyavuş Paşa sədrəzəm seçildi. Bu hadisədən sonra Fərhad Paşa vəzir-i sani (ikinci vəzir) olaraq divandakı fəaliyyətinə davam etdi.[1][5]

15 yanvar 1595 tarixində III Murad vəfat etmiş, oğlu III Mehmed taxta çıxmışdır. Yeni sultan atasından aldığı səltənətə 19 qardaşını edam etdirməklə başlamış, daha sonra 16 fevral 1596 tarixində Avstriya cəbhəsindəki Sədrəzəm Qoca Sənan Paşaya fərman yollayaraq sədarətdən aldı və yerinə paytaxtda sədarət vəkili olan Fərhad Paşa ikinci dəfə sədrəzəm seçildi.[6]

1595-ci ilin aprel ayında Fərhad Paşa köşkündə toplanan məclisdə Valaxiya hakimi Mixailin üzərinə səfər qərarı verildi. Ancaq Fərhad Paşa əleyhdarı olan Qoca Sənan Paşa və tərəfdarları qapıqulu əsgərlərini, xüsusilə də sipahiləri qızışdırmaqda idi. 23 aprel tarixində divan məclisindən köşkünə gedən Fərhad Paşanın yolu kəsilmiş, sipahilər tərəfindən təhqir edilmişdir. III Mehmed buna cavab olaraq yeniçərilərin mövqeyini gücləndirərək çıxan sipahi üsyanını yatırmışdır.[6]

Fərhad Paşa orduyla 27 aprel 1595 tarixində Valaxiya səfərinə çıxdı.[7] 14 may tarixində çıxan fərmanla ValaxiyaBoğdan çarlıqları eyni əyalətdə birləşdirilməyə başlandı.[7] Ancaq Təkirdağda sürgündə olan Qoca Sənan Paşanın tərəfdarları səfərə çıxmaq istəməyən yeniçəriləri sədrəzəmə qarşı üsyana təhrik etməyə və sədrəzəmə qarşı bir propaqandaya başladılar.[6] Fərhad Paşa isə ordunu Dunay çayı sahilində dayandırmış, ordunun çayı keçməsi üçün yeni bir körpünün inşasına başlamışdı.[7] Ordunun anidən dayanma xəbərindən istifadə edən Qoca Sənan Paşa sədrəzəmin Valaxiya çarı Mixaillə gizli olaraq razılaşması şayəsini yaymağa başladı. Buna inanan III Mehmed Fərhad Paşanı sədarətdən aldı və yerinə Qoca Sənan Paşa sədrəzəm seçildi.[7] Bununla da qalmayıb, səfərdə olan Fərhad Paşa haqqında ölüm hökmü verən III Mehmed bu məqsədlə cəbhəyə bir dəstə saray ağası göndərdi.

Ölümü[redaktə | mənbəni redaktə et]

Fərhad Paşa cəbhədə ikən paytaxtdakı adamları baş verən hadisələri və haqqında çıxan ölüm hökmünü ona gizli bir məktubla çatdırdılar. Edam əmrini icra etmək üçün cəbhəyə yollanan saray ağaları cəbhəyə çatana qədər Fərhad Paşa sədarət möhrünü vəzir Cərrah Mehmed Paşaya təslim edib gizli yollarla İstanbul yaxınlığındakı köşkünə gəldi və bir müddət burada gizlənərək dövrün validə sultanı və dövlət işlərində oğluna məsləhətlər verən Safiyə Sultana məktublar yazaraq bağışlanmağını istədi. Ancaq Qoca Sənan Paşa tərəfindən yeri öyrənilərək ələ keçirilmiş və Yeddiqüllə zindanlarına həbs olunmuşdur. Şeyxülislam Bostanzadə Mehmed Əfəndidən alınan fətva ilə 1595-ci ilin oktyabr ayında cəlladlar tərəfindən edam edildi. Məzarı Əyyubsultanda inşa etdirdiyi Fərhad Paşa türbəsinə dəfn olunmuşdur.

Həmçinin baxın[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 1,3 1,4 1,5 Uzunçarşılı, İsmail Hakkı, (1954) Osmanlı Tarihi III. Cilt, 2. Kısım , XVI. Yüzyıl Ortalarından XVII. Yüzyıl Sonuna kadar), Ankara: Türk Tarih Kurumu (Altıncı Baskı 2011 ISBN 978-975-16-0010) say.341
  2. Mehmed Süreyya (haz. Nuri Akbayar) (1996), Sicill-i Osmani, İstanbul:Tarih Vakfı Yurt Yayınları ISBN 975-333-0383 C.IV s.17 [1]
  3. Atayı Tarihi Şakayık'da Ferhat Paşa'nın Eylül 1582'de Rumeli Beylerbeyi ve Ocak 1582'de vezir olduğunu bildirilmektedir.
  4. Yücel, Yaşar ve Sevim, Ali Sevim (1991) Türkiye tarihi Cilt III), Ankara: AKDTYKTTK Yayınları, say. 21–23, 43–44
  5. Nevizade Ataullah Atayi (1268/), "Şakayık Zeyli (Osmanlıca) say.380
  6. 6,0 6,1 6,2 Sakaoğlu, Necdet, (1999), Bu Mülkün Sultanları, İstanbul:Oğlak say. 184
  7. 7,0 7,1 7,2 7,3 Türkiye Kültür ve Turizm Bakanlığı Sultan III. Mehmed Kronolojisi[ölü keçid]