I Süleyman (Səfəvi) — Vikipediya

Süleyman şah
II Şah Səfi
Süleyman Mirzə Səfəvi
Süleyman şah əyanları arasında (Əliqulu bəy Cəbbədar, 1670, İsfahan)
Süleyman şah əyanları arasında (Əliqulu bəy Cəbbədar, 1670, İsfahan)
1666 – 1694
ƏvvəlkiII Şah Abbas
SonrakıSultan Hüseyn
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri İsfahan
Vəfat tarixi
Vəfat yeri İsfahan
Dəfn yeri Fatimə Məsumə ziyarətgahı
Atası II Şah Abbas
Anası Nakihət Xanım
Uşağı Sultan Hüseyn
Ailəsi Səfəvilər
Dini Şiə (İslam)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Tacqoyma Şah Süleyman Səfəvi 1666

Sam Mirzə, daha sonra birinci sülalə adı II Şah Səfi (1648, İsfahan29 iyul 1694, İsfahan) adı ilə tanınmış, daha çox isə ikinci sülalə adı olan Süleyman adı ilə tanınmışdır. VIII Səfəvi hökmdarıdır, 1666-cı ilin 1 noyabr tarixindən 1694-cü ilin 29 iyul tarixinə qədər hökmdar olmuşdur.[1][2]

Həyatı[redaktə | mənbəni redaktə et]

Sam Mirzə 1648-c ilin fevral və ya mart ayında İsfahan şəhərində anadan olmuşdur. Onun atası özündən əvvəlki Səfəvi şahı II Şah Abbas, anası isə çərkəz mənşəli kəniz Nəkihət Xanumdur.[3] Sam Mirzənin özündən kiçik 3 qardaşı olmuşdur: Həmzə Mirzə, İsmayıl Mirzə və Mirzə Əli Nağı. Bundan əlavə Sam Mirzənin adları bizə məlum olmayan 2 bacısı da olmuşdur.

Sam mirzə uşaqlıq vaxtında şah hərəmində yaşamış və şah olana qədər demək olar ki buradan çıxmamışdır. Burada onun qeydinə xədim Ağa Nəzirə qalmışdır. Sam Mirzə şah elan ediləndə azərbaycan dilindən başqa hər hansısa dildə danışa bilmirdi.[4] Şah elan edildikdən sonra belə fars dilində çox pis danışırdı.[4]

Sam Mirzə bütün xüsusiyyətləri ilə atası II Şah Abbasdan geri qalırdı,[5] bu özünü onun hakimiyyəti dövründəki hadisələrə reaksiyasında da öz əksini tapmışdır.

Taxta çıxması[redaktə | mənbəni redaktə et]

II Şah Abbas 25 sentyabr 1666-cı ildə özündən sonrakı şahı seçmədən vəfat etdi. 5 gün keçdikdən sonra şahın ölüm xəbəri bütün paytaxta yayıldı. Hərəmdə çalışan xədimlər və saray əyanları şah olaraq 7 yaşlı Həmzə Mirzənin seçilməsini istəyirdilər, çünki düşünürdülər ki, onu idarə etmək daha rahat olacaqdır, lakin Həmzə Mirzənin lələsi Ağa Mübarək Sam Mirzənin böyük övlad olmasını əsas gətirərək onun şah seçilməsini təmin etdi.[4]

Səfi Mirzə uzun illər sarayda böyüyüb və axırlarda şahın gözündən düşmüşdü. Bu səbəbdən saray şurasının elçisi Damğandan gəlib onun çərkəs olan anasına oğlunun taxta çıxmaq üçün hərəmxanandan çıxmalı olmasını deyəndə, Səfinin anası onu həmin elçiyə təhvil verməkdən çəkinmişdi. Çünki onun anası belə zənn edirdi ki, həmin şəxs yalan danışır və Şah Abbas onu oğlunu öldürmək üçün göndərib.

Bu hadisələr zamanı məlum olur ki, şahzadələr sarayın hərəm qismində tam təcrid olunmuş halda yaşamışdır. Hətta şah öldükdən sonra hərbi əyanlar və saray əyanlarının əksəriyyəti şahzadələrn nə qədər və necə yaşda olmalarını dəqiq bilmirdilər. Hətta əyanlar II Şah Abbasın Sam Mirzəni öldürtdüyünü düşünürdülər.

Hakimiyyəti[redaktə | mənbəni redaktə et]

I Dövr[redaktə | mənbəni redaktə et]

Müşavirə başa çatdıqdan bir gün sonra 1666-cı ilin 1 oktyabr tarixində Sam Mirzə II Şah Səfi adı ilə taxta çıxdı.[1] Yeni şahın taxta çıxma mərasimi İsfahanda Şeyxülislam Məhəmmədbağır Səbzəvarinin rəhbərliyi altında keçirildi. Mərasim zamanı yeni şaha 300 özbək əsgərinin başları hədiyyə edildi. Bunların müqabilində şah xeyli mükafat dağıtdı. Bundan əlavə Osmanlı ordusunda xidmət etməmək üçün Səfəvi sarayına sığınmış 300 nəfərə də hədiyyələr verildi.

Bütün iri vəzifəli şəxslərin vəzifələri bir daha təstiqləndi. Şah möhürlərindən II Şah Abbas sözü təmizləndi. Yeni sikkələr II Şah Səfinin adı ilə zərb edilməyə başlandı. İsfahan şəhərində həyat yenidən öz axarına düşdü. tarixçi Matthee bu prosesləri belə təsvir edir:[4]

" Dükanlar yenidən açıldı, bütün həyat yenidən heç nə olmamaış kimi davam etməyə başladı. Yağmalanmaqdan və döyüşlərdən qoraxaraq evlərini və dükanlarını kilidləmiş şəxslər yenidən normal həyatlarına geri döndülər. "

II Səfinin hakimiyyətinin birinci ili çox uğursuz keçdi. Bu uğursuzluqlara misal olaraq 1667-ci il Şamaxı zəlzələsini, bütün imperiya ərazisində yayılmış müxtəlif yoluxucu xəstəlikləri, Stepan Razinin rəhbərliyi altında kazakların Xəzər sahili vilayətlərə yürüşünü misal göstərmək olar. Saray münəccimləri bütün bunların səbəbi kimi şahın taxta çıxma mərasiminin düzgün vaxtda keçirilməməsini göstərdilər. Nəticədə həll yolu kimi şahın taxtdan salınıb, sonra yeni bir mərasimlə yenidən şahlıq taxtına əyləşməsini göstərdilər. Bunun üçün vaxt isə 1668-ci ilin 20 mart günü seçildi.

Bütün bu proseslər zamanı isə şah dövlət idarəçiliyi ilə maraqlanmır və vaxtını yalnız hərəmdə keçirirdi.

II dövr[redaktə | mənbəni redaktə et]

1668-ci ilin martın 20-də şah yenidən taxta çıxdı. Bu dəfə o fərqli adla şah elan edildi və özünə Şah Süleyman adını götürdü.

O, hakimiyyəti dövründə bütün dövlət idarəçiliyini öz baş vəzirlərinə və ya hərəm ağalarına həvalə etmişdi. Bu vəzifə sahibləri Şah Süleymanın hakimiyyəti dövründə öz güclərinin zirvəsinə çatmışdı. Bütün imperiya ərazisində rüşvət adi hala çevrilmişdi. Artan saray xərclərini qarşılamaq üçün əhali üzərinə qoyulan vergilər hər ay artırılırdı. Bu kənd təsərrüfatının və digər sahələrin inkişafına böyük problem yaradırdı. Artan vergilərə etiraz olaraq dəfələrlə sadə əhali İsfahan şəhərində üsyan etmişdi.

1672-ci ildə Şah Süleyman keçmiş baş vəziri Məhəmməd bəy Təbrizini yenidən baş vəzir təyin etdi.[6] O, bu vəzifəni qəbul edərək İsfahana doğru yola çıxdı, lakin yolda vəfat etdi. Jan Şardenin yazdığına görə o, Şeyxəli xan Zəngənə tərəfindən yolda zəhərlənərək öldürülmüşdür. Çünki o, Şeyxəli xan Zəngənəni vəzifədə əvəz etməyə gedirdi.

1676-cı ildə Şah Süleyman gürcü şahzadəsi XI Georgini Kartlinin hakimi təyin etdi.[7]

Səfəvi şahlarının uzun müddət Qafqaz xalqları ilə qohum olmasına görə onlar sarayda mühüm vəzifələrə yiyələnə bilmişdilər. Xüsusilə gürcülərin ordu da xeyli çoxalmasına baxmayaraq, hələ də Səfəvi ordusunun əsas hissəsini Qızılbaş döyüşçüləri təşkil edirdi.[8]

Xarici siyasətİ[redaktə | mənbəni redaktə et]

Onsuzda I Şah Abbasın ölümündən sonra Səfəvi dövlətinin xarici siyasətdə fəaliyyəti xeyli azalmışdı. Bu geriləmə prosesi Şah Süleymanın dövründə tamamilə sürətləndi.

Osmanlı ilə münasibətlər[redaktə | mənbəni redaktə et]

Şah Süleyman Osmanlı imperiyasının 1683-cü ildə Vyanadakı məğlubiyyətindən sonra belə Osmanlı imperiyası ilə ənənəvi müharibələrə başlamadı. Hətta Osmanlının Vyana məğlubiyyətindən sonra Avropa dövlətlərindən Osmanlı əleyhinə ittifaq təklifi olsa da, Şah Süleyman bu təklifləri rədd etmişdir. Şahın müharibə etməməkdə qəti olmasına görə də kiçik sərhəd münaqişələri müharibələrə çevrilməmişdir. Beləki, Süleymaniyyə şəhərinin banisi Süleyman Baban Osmanlı tərəfindən İraqın şimalına canışın kimi göndəriləndən sonra Səfəvi torpaqlarına hücumlar təşkil edirdi. 1678-ci ildə Səfəvi dövləti onunla döyüşmək üçün etmək Rüstəm xanın başçılığı altında ordu göndərdi və onlar Süleyman Babanı məğlub etdilər və Baban öldürüldü. Buna baxmayaraq həmin hadisə iki ölkə arasındakı əlaqələrə zərbə vurmadı.

1691-ci ildə Səfəvi dövləti II Sultan Əhmədin hakimiyyətə gəlməsini təbrik etmək üçün çoxlu hədiyyələrlə İstanbula bir heyət göndərmişdir.

Gürcüstan ilə münasibətlər[redaktə | mənbəni redaktə et]

Şərqi Gürcüstan Səfəvi dövlətinin hakimiyyəti altında idi və oranın hakimləri Səfəvi sarayı tərəfindən gürcü şahzadələri arasından seçilirdi.

1674-cü ildə yenidən Katexiyaya qayıdan İraklini yanına çağırtdırdı. Şahın İraklini Kaxetiyaya hakim təyin edəcəyindən qorxuya düşən Şahnəzər xan (Arçil) atası Şahnəvaz xanla (V Vaxtanq) məsləhətləşmədən İmeretiyaya qaçdı. Süleyman şah, Şahnəvaz xanı təcili olaraq yanına çağırtdırdı. Şahnəvaz xan yolda vəfat etdi və onu Qumda, atası Rüstəm xanın yanında dəfn etdilər. Süleyman şah Şahnəvaz xanın böyük oğlu XI Georgiyə də İslamı qəbul etdirərək Şahnəvaz (II) adı ilə vali təyin etdi.

Şah Süleyman 1676-cı ildə şahzadə XI Georgini hakim təyin etmişdi. 1688-ci ildə XI Georgi Səfəvi hakimiyyətinə qarşı üsyan başlatdı. O, bu üsyana Osmanlı imperiyasının yardım edəcəyini düşünürdü, lakin Osmanlı imperiyası gürcü üsyançılara yardım etməkdənn imtina etdi. XI Georginin əvəzinə I Herakl adlı gürcü şahzadəsi hakimiyyətə gətirildi. Darmadağın edilən XI Georgi Kartlidən qaçmağa məcbur oldu. Şah Süleyman Abbasqulu xanı Gürcüstana canışın təyin etdi. İslamı qəbul edərək Nəzərəli xan adını götürən İrakli isə Tiflisə canişin təyin edildi.

Mərkəzi Asiya dövlətləri ilə münasibətlər[redaktə | mənbəni redaktə et]

Mərkəzi Asiyada bu dövrdə Səfəvi imperiyası ilə qonşuluqda bir necə dövlət mövcud idi. Buxara xanlığının hökmdarı Əbdüləziz xanın dövründə Səfəvilərlə münasibətləri yaxşı olmuşdur. O, 1687-ci ildə hakimiyyəti qardaşına verərək Məkkəni ziyarətə getdi. Ziyarət əsnasında 1688-ci ildə Səfəvi dövlətinin ərazisindən keçdi. Onun şərəfinə Səfəvi dövləti tərəfindən Xorasandaİsfahanda böyük şənliklər təşkil edildi. Əbdüləziz xan 1690-cə ildə Səfəvi dövlətini tərk edərək Məkkəyə yola düşdü,

lakin Səfəvi dövlətinin sərhədlərində yaşayan köçəri türkmən tayfaları tez-tez Səfəvi torpaqlarına soyğunçu yürüşlər keçirirdi. Bunun qarşısını almaq üçün 1676-cı ildə Astrabad üzərindən Səfəvi ordusu hücuma keçdi. Türkmən tayfaları darmadağın edildi.

Belə yürüşlər özbəklər tərəfindən də tez-tez təşkil edilirdi.

Rusiya ilə münasibətlər[redaktə | mənbəni redaktə et]

1667-ci ildə Rusiya çarlığı ilə Səfəvi imperiyası arasında ticarət razılaşması imzalanmışdı. Bu razılaşmaya əsasən rus tacirlərinə Səfəvi dövləti ərazisində güzəştli ticarət etmə haqqı verilirdi.

Şah Süleyman Səfəvinin hakimiyyət illərində Rusiya ərazisindən kazakların Səfəvi ərazisinə dağıdıcı yürüşləri tez-tez baş verirdi. II Şah Abbasın hakimiyyətinin son illərində yenidən başlanan bu cür yürüşlər Şah Süleymanın dövründə daha intensiv xarakter aldı. Şah Süleymanın onlara qarşı göndərdiyi ordu məğlub edilmişdi.

Rusiya çarlığı ilə də müharibə şəraitində olan kazakların atamanı Stepan Razin 1670-ci ildə həbs edildi və Moskva şəhərində edam edildi.

Avropa dövlətləri ilə münasibətlər[redaktə | mənbəni redaktə et]

Bu dövrdə Avropa dövlətlərinin bir necəsindən Səfəvi sarayına elçilər göndərilmişdir. Bu elçiliyin əksəriyyəti ticarət razılaşması imzalamaq üçün olmuşdur. Ticarıt imtiyazları qazanmaq üçün xüsusilə çalışan hollandlaringilislər idi. Sonrakı dövrlərdə isə almanlarfransızlar da fəallaşmağa başladı. Çox hallarda bu elçiliklər arasında rəqabət mövcud olurdu və Səfəvi sarayının özündə belə Səfəvi dövlətindən imtiyaz qoparmaq üçün öz aralarında gərgin mübarizə aparırdılar.

1683-cü ildə Vyanadakı Osmanlı məğlubiyyətindən sonra bir çox Avropa dövlətləri Səfəvilərə osmanlıya qarşı ittifaq təklif etsə də, bu qəbul edilməmişdi. Papa I İnosan da belə bir təkliflə Səfəvi sarayına elçilər göndərmişdi.

Şah Süleymanın bilinən az saylı bilinən diplomatik fəaliyyətlərindən biri də İngiltərə kralı III Uilyam ilə olmuşdur. O, 1668–1669-cu illərdə III Uilyama məktubu ilə birlikdə nümayəndə heyəti göndərərək kraldan Səfəvi imperiyasına sənətkarlar göndərməsini xahiş etmişdir.[4] Məqsədi Avropa üslubunda yeni sənətkarlıq məktəbləri formalaşdırmaq idi.

Danimarka krallığı ilə münqaişə[redaktə | mənbəni redaktə et]

1687-ci ildə Danimarka Şərqi Hindistan Şirkəti Benqal ticarət gəmisini zəbt etdilər və onu Hindistandakı Danimarka müstəmləkəsi olan Trankebar şəhərinə göndərdilər. Bu gəmi isə daha sonra paytaxt Kopenhagen şəhərinə göndərildi. Danimarkalılar tərəfindən zəbt edilmiş gəmidə İsfahanın Yeni Culfa bölgəsindən olan erməni tacirlərin malları daşınırdı. Səfəvilər bu malları geri qaytarmaq və ya malların pulunu Danimarka hökumətindən almaq üçün Kopenhagenə nümayəndə heyəti göndərdi. Səfəvi diplomatı Şah Süleymanın məktubunu kral V Kristiana (1670–1699) təqdim etdi. Məktub Şah Süleymanın adından III Kristiana ünvanlanmışdı. Çünki hadisə baş verən zaman kral o idi, lakin Səfəvi nümayəndəliyi uğursuz oldu.

Səfəvi şahının məktubu və zərifliklə hazırlanmış onun üz qabığı hal-hazırda Danimarka İncəsənət və Dizayn Muzeyində saxlanılır.

Şah Süleymanın şəxsiyyəti[redaktə | mənbəni redaktə et]

Şah Süleyman, Səfəvi şahzadələrinin özlərini göstərmək üçün heç bir cürətləri olmayan və ataları tərəfindən çox ciddi nəzarət altında saxlanıldıqları bir dövrdə tərbiyə edilib, böyüyüb. Şahzadələr hərəmxanalarda analarının və xacələrin kənarında böyüyürdülər və onların nəinki saray məclislərində iştirak edərək məsələlər barəsində öz nəzərlərini bildirmək imkanları yox idi, hətta onlara əqli və hərbi cəhətdən düzgün tərbiyə də verilmirdi. Belə bir tərbiyənin nəticəsi Səfi Mirzə, yəni sonralar Şah Süleyman kimi hakimiyyətə gələn şəxslər üçün heç bir təcrübəyə malik olmadan ölkəni anaları və xacələrin istəkləri ilə idarə etmələri, ölkənin işlərinin idarəçiliyində lazımı iradəyə malik olmamaları ilə nəticələnirdi.

Kempfer, şahın qadınlara hədsiz marağı barəsində çox danışıb və onun şahlığının birinci ilindəki xəstəliyinin səbəbi kimi də "əyyaşlıqda ifrata varmasını" göstərmişdir. O deyir ki, şah hətta sağalandan sonra "şəhvətpərəstliyindən əl götürmədi və həmişə öz hərəmxanasında" olurdu. Şah kef etmək məqsədi ilə Süleyman taxtına, Culfanın o tərəfində özü üçün tikdirdiyi yerə gəzintiyə gedərdi, hərəmxananın aparılması üçün küçələrin qorunmasını əmr edirdi ki, bu da camaat üçün bir çox çətinliklər yaradırdı. Şahın hərəmxanasında çoxlu kəniz var idi və ölkənin müxtəlif yerlərindən gözəl qızların ora göndərilməsi nəticəsində onların sayı daha da artırdı. Bundan əlavə şahın erməni qızlarına da xüsusi meyli var idi. Dövrün tarixi mənbələrində də şahın şərab içməsinə toxunulub. Mustaufi Zübdətut-təvarix kitabında yazır ki, Şah Süleyman çox vax şərab içməklə və ya digər çirkin əməllərlə məşğul olurdu.

Kempfer, şahın əvvəlki ürəyiaçıqlığından, onun şərabqumar məclislərindəki tonqal oyunlarında artıq xərcləri və bu işlərinin xəzinənin boşalmasına səbəb olması barəsində söhbət edib. Xəzinə boşaldıqdan sonra şah xəsisləşdi və maaş vermək məcburiyyətində qalmamaq üçün şeyxul-islamlıq, mehtərlik və eşikağası başı kimi vəzifələri bir müddət sahibsiz qoydu ki, qənaət etmiş olsun. Həmin müddət ərzində qeyd edilən vəzifə sahiblərinin görməli olduqları işləri digərləri yerinə yetirirdilər. Şah ona gətirilən hədiyyələrə çox bağlı bir adam idi və yalnız qızıldan olan hədiyyələri qəbul edərdi. Fransa səfirinin elçisi şaha avropada düzəldilmiş və Kopernik nəzəriyyəsinə əsasən ulduzların hərəkətini ölçmək üçün çox dəqiq imkanlara malik bir rəsədxana aləti gətirdi. Həmin cihaz qızıldan düzəldilmədiyi üçün şah göstəriş verdi ki, onu köhnə şeylər saxlanılan anbara qoysunlar. Onun üçün İsveçdən hədiyyə kimi gətirilmiş saatın taleyi də elə oldu.

Bunlarla yanaşı, Kempfer, şahın mehribançılığından da söz açıb və deyir:

" O, qanuna zidd işlər görmüş şəxslərə qarşı mehribanlıq və güzəşt nümayiş etdirirdi. "

Şah Süleymanın ikinci davranış tərzi onun dini məsələlər, alimlər, vəqf, kitab, məscid, əza mərasimləri və bu kimi işlərlə əlaqəsi idi.

Şah Süleymanın hakimiyyətinin bütün dövrlərində dini mədrəsələr tam ciddiyyətlə öz işlərini davam etdirirdilər. Bunun səbəbi vəqf işlərinin himayə edilməsi və vəqf edilmiş şeylərdən əldə edilən gəlirin öz yerlərində xərclənməsi idi. Bundan əlavə şah və saray adamları yenə də keçmişdə olduğu kimi alimlərə kömək etməkdə fəal idilər və şəxsən şahın özünün alimlərlə əlaqəsi çox idi. Həmin dövrün alim və müəlliflərinin çoxu öz kitablarını Şah Süleymana təqdim edir və təbii ki, bir sıra məziyyətlərdən bəhrələnirdilər. Qeyd etmək lazımdır ki, bəzi hallarda şah özü hansısa kitabın yazılması və ya tərcümə edilməsini də tövsiyə edirdi. Kempfer yazır:

" Şah dindar bir adamdır. Heç vaxt namazlarını qılmağı və dinin dəstəmaz və qüsl kimi göstərişlərinin yerinə yetirilməsini yadından çıxarmazdı. İl boyu olan müxtəlif dini bayramlara hörmətlə yanaşırdı və çox təmtəraqla keçirilən qurban bayramında camaatla birgə iştirak edirdi. Bir ay orucluğu ayını camaatla birgə oruc tutur, çox vaxt tanınmaz şəkildə səhər gün çıxmamışdan cümə məscidinə gedir və başqa məsələlərdə də camaata örnək olan yaşayışı ilə həqiqi müsəlman olmasını sübut edirdi. "

Şah Süleyman və xristian missionerlər[redaktə | mənbəni redaktə et]

Xristianlığın İranda xaçpərəst təbliğatçıların İsfahanda fəaliyyət göstərmələri şiə alimlərini xristianlıq barədə daha çox məlumat əldə etməyə vadar etdi. Şah Süleymanın zamanındakı xaçpərəst təbliğatçılardan biri Qabriel Efrenci idi. O əvvəlcə Təbrizdə sonra isə Tiflisdə xristianlığın təbliği ilə məşğul olub. Onun təbliğatının müqabilində bir müddət Tiflisdə yaşamış alim Zəhirəddin Təfərrüşü bir kitab yazıb və onun adını Nusrətul-həqq qoyub. Özünü bu cür məsələlərə meyilli kimi göstərən Şah Süleyman sonralar Təfərrüşüdən həmin kitabını ərəb dilindən fars dilinə tərcümə etməsini istəmişdir.

Şah Süleyman üçün xristianlıq barəsində kitabça yazmış şəxslərdən biri də İsfahanın erməni keşişlərindən olan və Nurcahan adı ilə məşhurlaşmış Havans idi. Məsələ belə olmuşdu ki, Şah Süleyman İsfahanın Vanək kilsəsini görməyə gedəndə kilsədə nəqş edilmiş şəkillərə maraqla baxmışdı. Bu görüşdə Havans Şahın həmin şəkillər, eləcə də İsanın Allah olması və "üçlük" əqidəsi barəsindəki suallarına cavab vermişdi. O həmin suallara cavab verməkdən əlavə bu barədə bir kitab da yazdı və onun bir səhifəsi erməni dilində, həmin səhifənin müqabil səhifəsi isə fars dilində idi. O həmin kitabı Şah Süleymana təqdim edib. Həmin müəllifin "İran ruhaniləri ilə mübahisə" adlı digər bir kitabı da olub.

Şardenin verdiyi məlumata əsasən ermənilərin Əbu Əli Sinanın və digər müsəlman filosofların əsərlərini oxumuş Ağapiri adlı böyüklərindən biri İslamı qəbul etmişdi. O, qohum və tanışlarının ona qarşı üsyan edəcəklərinlən çox qorxduğu üçün təzyiqləri azaltmaq məqsədi ilə saraya sığınmışdı. O, saray adamları ilə belə bir plan hazırladı ki, guya şah ona əmr edib ki, müsəlman olsun və o da şahın əmrindən çıxmamaq üçün belə edib, lakin hamı bilirdi ki, bu, Ağapirinin öz seçimidir və o, müsəlmanların təfəkkürü ilə tanışlıqdan sonra belə bir addım atıb. Bu hadisə "İsfahanda olan bütün xaçpərəst ruhani dəstələr, tapriarx və keşişlərin çaşbaş qalmalarına və narahatlıqlarına səbəb oldu.

Bütün bu müddət ərzində xaçpərəst keşişlər arasında iş müddəti ən çox çəkəni Rəfail Duman adlı bir şəxs olub. Fransalı bu keşiş Səfəvi dövlətində qırx ilə yaxın qalıb və Kapson firqəsinin başçısı kimi xristianlığın təbliği ilə məşğul olub. Belə deyirlər ki, o bəzi iranlıları xristian edərək avropaya göndərirmiş. O riyaziyyat elmi ilə də tanış olub və özü ilə bir astronomik cihaz da gətiribmiş ki, bu da Səfəvilər üçün maraqlı imiş. Son illərdə onun qeydiyyatlar külliyatı iki cilddə fransız dilində çap edilib.[2]

Şah Süleyman və abadlıq işləri[redaktə | mənbəni redaktə et]

1679-cu ildə tikilmiş saraylardan biri səksən beş cərib böyüklüyündə olan bir bağın içində tikilmiş Həşt beheşt sarayıdır. Onun sarayı "Bülbül sarayı" adı ilə məşhurlaşmışdı. Şarden bu bağ və sarayı müfəssəl şəkildə vəsf edib və otaqlarının, koridorlarının çoxluğu və zinəti baxımından onu dövrünün ən gözəl binalarından biri adlandırıb. Saib Təbrizi də Həşt beheştin vəsfinə uzun bir qəsidə deyib və onun son beytinin bir misrası həmin binanın tikilməyə başlama tarixini (1679), bir misrası isə sona çatma tarixini (1680-ci ildə) göstərir.

Bad ya Rəbb qibləgahe sərfərazane zaman Barqahe tazeye Sultan Süleyman zaman

Yəni: Pərvərdigara zamanın başı ucalarının qibləgahı olsun, zamanın sultanı Süleymanın yeni sarayı!

Həmin dövrdən qalmış tarixi binalardan biri də Lunban məscididir ki, onun Səfəvilər dövründən qalma kitabələri var və 1680-ci ili göstərir. Bu məscid və onun yerləşdiyi məhəllə çox köhnədir və orada Səfəvilərdən qabaq tarixi binaların olmasını nəzərə alaraq demək olar ki, həmin ildə orada əsaslı təmir işləri aparılıb. İsfahan camaatı arasında belə söz gəzir ki, İmam Həsən Müctəba (ə) həmin yerdə namaz qılıb və bu məscid indi də xüsusi müqəddəsliyə malikdir. Səfəvi şahlarının sonuncu nümayəndələrinin gördükləri işlərdən biri böyük alim, şair və şəxsiyyətlərin qəbrləri üzərində məqbərələr tikmək idi. İsfahanın "Təxti-fulad" məntəqəsində Baba Rukniddin məqbərəsi I Şah Abbasın zamanından qalıb. Həmçinin Mirfəndriski təkyəsi də həmin dövrdən qalmadır. Şah Süleyman və onun oğlu Hüseynin zamanında Təxti-fuladda Feyz küçəsinin qərb tərəfində çoxlu təkyələr tikilib ki, onların əksəriyyəti bu günə kimi qalır. Şahlardan əlavə tanınmış şəxsiyyətlər də özləri və ailələri üçün təkyələr tikirdilər. Saib Təbrizi 1677-ci ildə vəfat etdi və sonralar Bağe-təkyə adı ilə məşhurlaşan öz şəxsi bağında dəfn edildi. Orada sonralar onun ailə üzvlərinin bəziləri də dəfn edildilər. Bu bağ Niyasərəm çayının kənarında yerləşirmiş.

II Şah Abbasın və Şah Süleymanın hakimiyyətinin ilkin dövrlərinin tanınmış alimlərindən biri məşhur filosof və alim Mirzə Rəfia Nainidir ki, o, 1681-ci ildə vəfat edib və onun qəbirinin üstündə gözəl bir məqbərə tikilib. Sonralar İsfahanın köhnə hava limanının ərazisinə düşən həmin məqbərə bu gün də qalır və onun gözəl künbəzi günəşin nuru altında məxsus cilvəyə malik olur. Ağa Hüseyn Xansarinin (1687) vəfatından sonra tikilmiş və onun övlad və qohum-əqrabasının da dəfn edildiyi Xansarilər məqbərəsi də Şah Süleymanın həmin dövrünün tarixi abidələrindəndir və sonrakı dövrlərdə dəfələrlə təmir edilib və bu günə kimi qalmaqdadır.

1687-ci ildə İsfahanın Seyid məscidinin şərqi divarının kənarında Mirzə Hüseyn mədrəsəsi də tikilib və bu sətrlərin müəllifi bir neçə səhər oranın hücrələrinin birində yaşayıb. Həmin dövrdə tikilmiş digər böyük bir mədrəsə "Kasəgəran" mədrəsəsidir ki, onu on ikinci hicri əsrinin ilk illərində Əmir Məhəmmədmehdi Həkimulmülk tikdirib. Onun kitabəsi 1692–1694-cü illəri (Şah Süleymanın şahlığının son ilini) göstərir. Həmin mədrəsənin vəqfnaməsi də bu gün qalır ki, ona bir çox kənd və dükanlar vəqf edilib.

Ağa Mübarək də dini elm tələbələri üçün bir mədrəsə tikib və o, Mübarəkiyyə mədrəsəsi adı ilə məşhur olub. Həmin mədrəsə Hafiz xiyabanının Kermani küçəsində yerləşirmiş. Bu mədrəsə Pəhləvilər dövründə dağıdılıb və Namus qız mədrəsəsinə çevrilib. O, Damğanın Xosrovabad bağında əmirlər şurasında II Şah Abbasın ölümündən sonra Süleymanın Şah seçilməsini həll edən şəxsdir.

Həmin dövrdə Şah Süleymanın vəziri Şeyxəli xanın əli ilə tikilmiş ən gözəl binalardan biri Şeyxəli xan karvansarasıdır ki, hal hazırkı İsfahan-Tehran yolunun təqribən otuz kilometrliyində yerləşir. Həmin bina bu günə kimi qalmış ən maraqlı karvansaralardan biridir. Özünəməxsus gözəlliyə malik olan karvansarayın tikilmə tarixi 1687-ci ildir. Əlbəttə məscidlərin tikilməsində başqa adamlar da iştirak edir və digər nümunələrdə olduğu kimi, ora şahın adını və öz adlarını yazdırırdılar. 1682-ci ildən 1886-cı ilə kimi Həkim Nizaməddin Məhəmməd Elçinin həyat yoldaşı Sultan Bəyim adlı bir xanım İsfahanın Əhmədabad məhəlləsində bir məscid tikdirib. Bu məscid indiyə kimi Elçi məscidi adı ilə məşhurdur.

Məşhəd şəhərində yerləşən İmam Rza məqbərəsində də yenidərqurma işləri aparılmışdı. 1673-cü ildəki zəlzələ nəticəsində məqbərənin günbəzi dağılmıdşı. I Şah Abbas zamanı tikilən məqbərə zəlzələdən sonra Şah Süleymanın əmri ilə bərpa edilmişdi.[9]

Xarici görünüşü[redaktə | mənbəni redaktə et]

1660-cı illərin əvvəllərində Şah Süleymanla görüşən fransız səyahətçi Jan Şarden yazır ki, şah hündür və eleqant, qara saçlı, mavi gözlü və solğun ağ rənglidir. Onun rəsmi əks edilən portretlərdən də dəri rənginin solğun ağ olduğu nəzərə çarpır. Nikolas Sanson Şa Süleymanı belə təsvir edir:[4]

" Hündür, güclü, aktiv və yaxşı şahzadədir, lakin döyüşçü monarx olmaq üçün bir qədər yumşaq şəxsdir. Qartal burunlu, iri mavi gözlü və qara saqqallıdır. "

Övladları[redaktə | mənbəni redaktə et]

Şah Süleyman Mesxetiya hakiminin qızı Elena da daxil olmaqla bir neçə dəfə evlənmişdir.

Oğlanları:

  • Şahzadə Hüseyn Mirzə (1668–1726)
  • Şahzadə Abbas Mirzə (1671–1725)
  • Şahzadə Mustafa Mirzə (ö. 1725)
  • Şahzadə Həmzə Mirzə (ö. 1725)
  • Şahzadə İbrahim Mirzə (ö. 1725)
  • Şahzadə Əhməd Mirzə (ö. 1725)

Ölümü[redaktə | mənbəni redaktə et]

Şah Süleyman 29 iyul 1694-cü ildə İsfahanda vəfat etdi. Onun vəfatının dəqiq səbəbi bilinmir. Ya çox içməkdən, ya da qut xəstəliyindən öldüyü ehtimal edilir.[10] Ölən zaman onun iki oğlu var idi: Hüseyn Mirzə və Abbas Mirzə. O, ölüm yatağında ölarkən saray xədimlərinə dedi ki, əgər onlar sülh şəraitində yaşamaq istəyirlərsə böyük övladı Hüseyn Mirzəni şah seçsinlər, əgər imperiyanın daha da güclü olmasını istəyirlərsə kiçik oğlu Abbas Mirzəni seçsinlər. Xədimlər Hüseyn Mirzəni şah elan etdilər.

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 Buyers, Christopher. "PERSIA - The Safavid Dynasty (Genealogy)". 8 November 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 December 2015.
  2. 2,0 2,1 Rəsul Cəfəri, Səfəvilər tarixi (zühurdan süqutadək), İki cilddə, "Şəhriyar", 2007, səh. 262.
  3. Roemer, 1986. səh. 305
  4. 4,0 4,1 4,2 4,3 4,4 4,5 Matthee, 2015
  5. Roemer, 1986. səh. 306
  6. Matthee, 2011. səh. 52
  7. Matthee, 2012. səh. 79
  8. Matthee, 2012. səh. 114
  9. Rəsul Cəfəri, Səfəvilər tarixi (zühurdan süqutadək), İki cilddə, "Şəhriyar", 2007, səh. 266–268.
  10. Roemer, 1986. səh. 310

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

I Süleyman (Səfəvi)
Doğum: 1647 Vəfat: 29 iyul 1694
Hakimiyyət titulları
Sələfləri 
II Şah Abbas


Səfəvilər imperiyası(صفویان) Şahı

1666-1694
Xələfləri 
Sultan Hüseyn