Sübhi Salayev — Vikipediya

Sübhi Salayev
Sübhi Haşım oğlu Salayev
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi
Vətəndaşlığı SSRİ SSRİ
Milliyyəti azərbaycanlı
Elmi dərəcəsi geologiya-mineralogiya elmləri doktoru
Təhsili Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Mükafatları "Xalqlar dostluğu" ordeni "Şərəf nişanı" ordeni

Salayev Sübhi Haşım oğlu (19271990) — geologiya-mineralogiya elmləri doktoru (1961), professor, Azərbaycan EA-nın akademiki (1989).[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Sübhi Salayev 1927-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1949-cu ildə neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı ixtisası üzrə Azərbaycan Döv­lət Neft və Sənaye Universitetinin Geoloji-kəşfiyyat fakültəsini bitirmişdir.[1]

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Sübhi Salayev 1954-cü ildən Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) işləmişdir. 1962-1990-cı illərdə Neft və qaz geologiyası şöbəsinə və Neft geologiyası şöbəsinə və Neft geologiyası laboratoriyasına rəhbərlik etmişdir.[1]

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Sübhi Salayev 1952-ci ildə "Cənubi Qobustanın neft-qazlılıq perspektivliyi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə doktoru, 1961-ci ildə "Cənubi-şərqi Qafqazın oliqosen-miosen çöküntüləri və onların neft-qazlılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək geologiya-mineralogiya üzrə elmlər dok­toru elmi dərəcələrini, professor elmi adını almışdır. O, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının (AEA) müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir.[1]

Neft və qaz geologiyası sahəsində böyük alim olmuşdur. Onun Azərbaycanın neft-qaz ehtiyatlarının elmi qiymətləndirilməsi, neft-qaztoplanma və neft-qazəmələgəlmə zonalarının ayrılması, depressiya zonalarında gömülmüş neftli-qazlı strukturların axtarışı, Azərbaycanın mezokaynozoy çöküntülərində neft-qaz yataqları axtarışının elmi əsaslarının işlənib hazırlanması problemləri üzrə fundamental əsərləri neft-qaz geologiyası elmini zənginləşdirmişdir. O, 10 km-ə qədər dərinlikdə yatan horizontlarla bağlı neft və qaz yataqları axtarışının Azərbaycan üçün prinsipcə yeni olan bir sıra istiqamətlərini işləyib hazırlamışdır.[1]

"Azərbaycanın neft yataqları və perspektivli sahələri xəritəsi"nin, Qafqazın neft-qazlılığına aid bir sıra xəritələrin, "SSRİ-nin cənubunun paleotektonik xəritəsi", SSRİ-nin neftqazlılıq xəritələri, Azərbaycanın neftli-qazlı vilayətlərinin palçıq vulkanları, SSRİ-nin neftli-qazlı ərazilərinin tektonikası xəritələrinin müəlliflərindən biridir.[1]

Onun rəhbərliyi altında 30-dan çox doktorluq və namizədlik dissertasiyaları müdafiə edilmişdir. 350-dən çox elmi əsərin, o cümlədən 15 monoqrafiyanın müəllifidir.[1]

Mükafatları[redaktə | mənbəni redaktə et]

Sübhi Salayev Azərbaycanın Əməkdar elm xadimidir. "Xalqlar dostluğu", "Şərəf nişanı" ordenləri, medallar və Respublikanın Ali Sovetinin Fəxri fərmanları ilə təltif edilmişdir. 1988-ci ildə bir qrup alimlə birlikdə "Azərbaycan SSR-in neft və qaz yataqları və perspektivli strukturları xəritə"sinə görə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 1,3 1,4 1,5 1,6 1,7 "Salayev Sübhi Haşim oğlu" (Azərbaycan). science.gov.az. 17-09-2021 tarixində arxivləşdirilib.