Robert Cenkins — Vikipediya

Cenkins kəsilmiş qulağını Parlamentin üzvlərinə göstərir

Robert Cenkins (ing. Robert Jenkins; ? — 1745) — İngiltərəİspaniya arasında yaranmış müstəmləkə konfliktinin (1739–1742), "Cenkinsin qulağı uğrunda müharibə"nin protaqonisti kimi tanınan ingilis taciri və dənizçisi.

1738-ci ildə Robert Cenkins Böyük Britaniya İcmalar palatasında keçirilən iclasa içərisində spirtlənmiş insan qulağı olan şüşə qabla gəlir. O öz çıxışında onun qulağının ispan zabiti tərəfindən kəsildiyini və həmçinin ispanların dinc ingilis tacirləri ilə çox pis rəftar etdiyini bildirir.

Bu dövrdə ispan gəmiləri Britaniya ticarət gəmilərini Qərbi Atlantika tərəfdə ələ keçirmişdilər. 1713-cü ildə bağlanmış Utrext sülhünə görə Böyük Britaniya ispanların Vest-Hinddə ticarət monopoliyasını tanımış və o bölgədə il ərzində yalnız 1 ticarət gəmisi yükləyib yola sala bilərdi, lakin Britaniya hökuməti Karib hövzəsində olan ingilis gəmilərinin kapitanlarını aktiv kontrabandist fəaliyyətə təşviq edirdi. Bu da bütün ispan ticarətinin dağılmasına, ticarət mübadiləsinin böyük hissəsinin ingilislərin əlinə keçməsinə səbəb olmuşdu.

Bu cür vəziyyətdən qəzəblənən ispan hökuməti öz müstəmləkə hakimlərindən qaçaqmalçılara qarşı qəti mübarizə aparmağı tapşırmışdı. Nəticədə iki qüdrətli dəniz dövləti arasında elan edilməmiş ticarət müharibəsi başladı. Bu müharibənin epizodlarından biri Robert Cenkinsin hadisəsi idi ki, bu açıq hərbi konflikt üçün kazus belli rolunu oynamışdı.

1731-ci il 9 aprel tarixində İspaniyanın Karib hövzəsi ərazilərində gizli şəkildə rom ticarəti ilə məşğul olan Robert Cenkinsin "Rebekka" briqi İngiltərəyə geri qayıdan yolda "La Isabela" adlı ispan hərbi gəmisi tərəfindən gömrük nəzarəti üçün saxlanılır. İspanların komandiri Hulio Leon Fandinyo ingilis gəmisini Havay limanına qədər müşayiət edir və bundan sonra göyərtəyə silahlı nəzarət komandası qalxır. Fandinyo çox kobud və ədəbsiz rəftar edir. Robert Cenkinsin dediyinə görə, onu muşketlərin nişangahı altında dizüstə çökməyə məcbur edən ispan zabiti onun qulağını kəsmişdir. Fandinyo istehzalı şəkildə kəsilmiş qulağı kral II Georqa aparmağı tövsiyə edərək bildirmişdir: "Əgər kral da kontrabanda üstündə tutulsa, onunla da bu cür rəftar olunacaq".

Dərhal İngiltərəyə gələn Cenkins bu insidentə görə, krala rəsmi şikayət edir. Onun şikayətinə Vest-Hindin ali baş komandanlığı tərəfindən baxılır, amma vəziyyətin dəyişmədiyini görən Cenkins öz bədbəxtliyi haqda ingilis parlamentinə bildirir.

Onun Palata qarşısında çıxışı deputatların coşğun reaksiyasına səbəb olur. Vinston Çörçilin sözlərinə görə, "Cenkinsin qulağı cəmiyyətin təsəvvürlərini sarsıtdı və ümumxalq marağına səbəb oldu. Bu qulağın həqiqətən də ona məxsus olması və onun qulağının ispanların axtarışları zamanı kəsilməsi qaranlıq qalsa da, bu büzüşmüş obyektin təsiri çox böyük olmuşdur."

Hiddətlənmiş parlamentarilər Havay limanında baş vermiş hadisəni bütün İngiltərə üçün təhqir hesab edərək, baş nazir Robert Uollopdan İspaniyaya müharibə elan etməyi tələb etmişdilər. Nəticədə 1739-cu il 23 oktyabr tarixində müharibə elan edildi.

Sonralar Robert Cenkins Britaniyanın Ost-Hind şirkətinə məxsus gəmilərdən birinə başçılıq etməyə başladı. 1741-ci ildə o, hökumət tərəfindən Müqəddəs Yelena adasına korrupsiya ilə mübarizə aparmaq məqsədilə göndərilir. 1741-ci ilin mayından 1742-ci ilin martına qədər o faktiki olaraq, adanın işləri ilə məşğul olmuş və yenidən öz dəniz karyerasını bərpa etmişdir.