Rəna Əliyeva — Vikipediya

Rəna Əliyeva
Əliyeva Rəna Qurban qızı
Doğum tarixi (76 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşları Yaşar Əliyev
Uşağı qızı: Səbinə Əliyeva
Elm sahəsi tibb
Elmi dərəcəsi professor
Elmi adı tibb elmləri doktoru
İş yeri Azərbaycan Dövlət Tibb Universiteti
Təhsili ali
Mükafatları "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı
Azərbaycan Respublikasının əməkdar həkimi Azərbaycan Respublikasının əməkdar elm xadimi

Əliyeva Rəna Qurban qızı (21 yanvar 1948, Bakı) — Əməkdar elm xadimi, Əməkdar həkim. Tibb elmləri doktoru. Azərbaycan Stomatoloqlar Assosiasiyasının (ASA) prezidenti. Azərbaycan Tibb Universitetinin uşaq stomatologiyası kafedrasının müdiri, Azərbaycan Tibb Universitetinin Elmi Şurası, Stomatologiya fakültəsinin Elmi Şurası, Dissertasiya Şurasının üzvüdür.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Əliyeva Rəna Qurban qızı 21 yanvar 1948-ci ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində anadan olmuşdur. 1966-cı ildə Bakı şəhəri 8 №-li orta məktəbi medalla bitirmiş, N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun stomatologiya fakültəsinə daxil olmuşdur. İnstitutun Elmi Şurasının qərarı ilə 1971-ci ildə Azərbaycan Tibb İnstitutunun cərrahi stomatologiya kafedrasına klinik ordinaturaya göndərilmişdir. 1973-cü ildə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun stomatologiya kafedrasına işə qəbul edilmiş, ardıcıl olaraq baş laborant vəzifəsindən dosent vəzifəsinə kimi yüksəlmişdir.

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1991-ci ildə R. Əliyeva Moskva şəhərində, SSRİ Səhiyyə Nazirliyinin Mərkəzi Elmi Tədqiqat Stomatologiya İnstitutunda "Üz-çənə nahiyəsinin fleqmonası olan xəstələrdə böyrəküstü, mədəaltı və qalxanabənzər vəzilərin funksional vəziyyəti" mövzusunda dissertasiyasını böyük uğurla müdafiə etmiş (elmi məsləhətçilər: SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü, tibb elmləri doktoru, professor N. N. Bajanov və SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü, tibb elmləri doktoru, professor İ. İ. Dedov) və tibb elmləri namizədi elmi dərəcəsini almışdır. Sonra, 1998-ci illərə qədər R. Əliyeva əmək fəaliyyətini Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunda davam etmişdir.

Bu tədqiqatların nəticəsi olaraq 2001-ci il tarixində Moskva şəhərində Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Mərkəzi Elmi Tədqiqat Stomatologiya İnstitutunda tibb elmləri doktoru alimlik dərəcəsi almaq üçün "Azərbaycan Respublikasının uşaq əhalisinə stomatoloji xidmətin optimal inkişaf modelinin işlənib hazırlanması" mövzusunda dissertasiya müdafiə etmişdir (elmi məsləhətçi — Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, professor A. K. Leontiyev). R. Əliyeva 6 dərslik, 10 dərs vəsaiti daxil olmaqla 50-dən çox elmi əsərin müəllifidir, əsərləri dünyanın müxtəlif ölkələrində nəşr edilmişdir.

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1998-ci il aprel ayında R. Əliyeva Azərbaycan Tibb Universitetinin uşaq stomatologiyası kafedrasının müdiri vəzifəsinə seçilərək bu günə qədər həmin kafedraya rəhbərlik edir. R. Əliyeva Azərbaycan Tibb Universitetinin Elmi Şurası, Stomatologiya fakültəsinin Elmi Şurası, Dissertasiya Şurasının üzvüdür. R. Əliyeva gənc mütəxəssislərin, eləcə də elmi və praktiki kadrların hazırlanmasına da böyük diqqət yetirir. Onun rəhbərliyi altında 8 namizədlik dissertasiyası tamamlanmış, hazırda isə 2 doktorluq və 4 magistr dissertasiyası icra olunur. YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvüdür[2]

R. Əliyeva geniş diapozona malik olan bir elm adamı olaraq, 2005-ci ildə Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının (Kanada, Monreal), 2007-ci ildə isə ABŞ-nin Beynəlxalq Stomatologiya Akademiyasının (Academy of Dentistry International, USA) üzvü seçilmişdir.

1997-ci ildən etibarən Azərbaycan Stomatoloqlar Assosiasiyasının (ASA) prezidenti, Cənubi Qafqaz və Azərbaycanda "Qafqazın Stomatoloji yenilikləri" ("Вестник Стоматологии Кавказа") adlı ilk tibbi beynəlxalq jurnalının təsisçisi və baş redaktorudur.

R. Əliyeva Rusiyanın "Маэстро стоматологии", Özbəkistanın "Стоматология" jurnallarının redaksiya heyətinin üzvüdür.

Rəhbərlik etdiyi Azərbaycan Stomatoloqlar Assosiasiyası tərəfindən stomatologiyanın aktual problemlərini əks etdirən 20-dən çox beynəlxalq konfrans və simpozium təşkil edilmiş və keçirilmişdir. Azərbaycan Stomatoloqlar Assosiasiyası 20 ildir ki Dünya Stomatoloqlar Federasiyasının (FDI) üzvü, 2003-cü ildən etibarən Avropa Regional Təşkilatının (ERO) üzvüdür. R. Əliyeva bu illər ərzində Dünya Stomatoloqlar Federasiyasının, Avropa Regional Təşkilatının, Rusiyanın Stomatoloji Assosiasiyasının, Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan və digər ölkələrin assosiasiyalarının konqreslərində iştirak edərək Azərbaycan stomatologiyasını beynəlxalq səviyyədə layiqincə təmsil etmişdir.

Mükafatları[redaktə | mənbəni redaktə et]

Uzun illər əmək fəaliyyəti və Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə R. Əliyeva "Əməkdar elm xadimi" və "Əməkdar həkim" adına layiq görülmüş, "Fədakar əməyə görə" medal və Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir.[3]

Ailəsi[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Kafedra müdiri, professor Rəna Əliyeva". 2021-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-17.
  2. "YAP Qadınlar Şurasının İdarə Heyətindəki 24 tanınmış xanım". 2021-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-17.
  3. "Azərbaycan Tibb Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-17.