Quyucu Murad Paşa — Vikipediya

Quyucu Murad Paşa
Osmanlı türkcəsi: قويوجى مراد پاشا
11 dekabr 1606 – 5 avqust 1611
ƏvvəlkiBosniyalı Dərviş Mehmed Paşa
SonrakıNasuh Paşa
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti siyasətçi
Həyat yoldaşı
Dini Sünni, İslam
Hərbi xidmət
Döyüşlər

Quyucu Murad Paşa (1530, Bosniya əyaləti5 avqust 1611, Diyarbəkir) — I Əhməd səltənətində 4 il 7 ay 25 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Doğum tarixi və yeri bilinmir. Əslən boşnakdır. Vəfat etdiyi əsnada yaşı 90-nı keçdiyi üçün təxminən 1522-ci ildə dünyaya gəldiyi qəbul edilir. Dəvşirmə olaraq saraya alınmış, burada saray tərbiyəsi almışdır. Qanuni Sultan Süleymanın son illərində Yəmən bəylərbəyi olan Mahmud Paşanın kəndxudası olaraq xidmət etdi. Yenə Mahmud Paşanın Misir bəylərbəyliyində də yanında xidmət etdi. Bu illərdə Mahmud Paşanın qızı ilə evləndi və 1575-ci ildə Yəmən bəylərbəyi oldu. 4 ilə yaxın burada xidmət etdi və bu dövr ərzində bölgədə abadlıq işləri gördü. Ancaq Yəməndəki vəzifəsi əsnasında haqsız yerə sərvət qazandığı şayəsi yayıldı və bu səbəblə vəzifədən alınaraq İstanbula çağırıldı. Bir müddət Yeddiqüllə zindanlarında həbs olundu və bütün əmlakı müsadirə edildi.

Daha sonra bağışlandı və Trablusşam bəylərbəyliyinə gətirildi. 1585-ci ildə Özdəmiroğlu Osman Paşanın Təbriz səfərinə Qaraman bəylərbəyi olaraq qatıldı. Həmzə Mirzənin rəhbərlik etdiyi Səfəvi qoşunlarıyla baş verən toqquşma əsnasında geri çəkilərkən atıyla birlikdə quyuya düşdü və əsir alınaraq Qəhqəhə qalasına həbs olundu. 1590-cı ildə bağlanan İstanbul sülhü şərtlərinə əsasən azad edildi və İstanbula qayıtdı.

Həmin il Kipr bəylərbəyliyinə, 2 il sonra 1592-ci ilin fevralında Trablusşam, iyun ayında isə yenidən Kipr bəylərbəyliyinə təyin olundu. 1594-cü ildə Dəməşq bəylərbəyi olan Murad Paşa 1595-ci ildə Diyarbəkirə göndərildi. Bu əsnada Avstriya cəbhəsində davam edən döyüşlərə Diyarbəkir bəylərbəyi olaraq qatıldı. Cığalızadə Sinan PaşaKrım xanı Fateh Gərayla birlikdə ön cəbhədə vuruşdu və Xaçoba müharibəsindəki qələbədə önəmli rol oynadı. 1599-cu ildə Avstriya səfirləriylə gedən sülh müzakirələrində iştirak etdi. Bu əsnada Rumeli əyalətiylə birlikdə Budin şəhərinin mühafizəsiylə vəzifələndirildi. Sultan Əhmədin cülusundan sonra 10 noyabr 1605-ci ildə dördüncü vəzir olaraq divana daxil oldu. Uzun illər cəbhədə vuruşduğu üçün Lələ Mehmed Paşa tərəfindən Macarıstan sərdarlığına təyin olundu. Sərdarlığı əsnasında BudinBelqrad qalalarının mühafizəsinə çalışdı. Bu əsnada sülh müzakirələrinə də davam etdi. Onun rəhbərliyində, kürəkəni Qazızadə Əli Paşa və Budin qazısı Habil Əfəndi tərəfindən 20 oktyabr – 11 noyabr 1606 tarixlərində davam edən müzakirələr nəticəsində Jitvatorok sülhü imzalandı.

Bu əsnada Anadoluda Cəlali üsyanları alovlanmış, hətta Bursa şəhəri təhlükə altına düşmüşdü. Sərdar Fərhad Paşanın KonyaKayseridən gələn məğlubiyyət xəbərləri isə Dərviş Mehmed Paşanın Sultan Əhmədin gözündən düşməsinə səbəb oldu. Şeyxülislam Mustafa Sunullah Əfəndi və sultan lələsi Mustafa ağanın təsir və təlkinləriylə vəzifədən alınan və edam edilən Dərviş Mehmed Paşanın yerinə Murad Paşa sədarətə gətirildi (11 dekabr 1606). Sədarət möhürünü Belqradda alan Murad Paşa qayıdaraq Anadoludakı Cəlali üsyanlarına qarşı səfər hazırlıq işləri gördü. İlk hədəfi isə Suriya bölgəsində üsyan edən Canpoladoğlu Əli Paşa oldu.

1607-ci ilin iyulunda səfərə çıxan Murad Paşa keçdiyi bütün bölgələrdəki irili-xırdalı bütün üsyançı qüvvələri aradan qaldırdı. Sakarya yaxınlığında quldurluq edən Barmaqsız ləqəbli üsyançı və ətrafına topladığı dəstəsi onun ilk hədəfi oldu. Bursa və ətraf bölgələrində ağalıq edən Qələndəroğluna Ankara sancaqbəyliyi verərək bölgədə sükunəti təmin etdi. Ardından Konya, Larəndə, İçəl və Adana istiqamətində irəliləyərək Canpoladoğlunun üzərinə yürüdü. Konyaya gələndə keçmiş Cəlali üsyançısı olan Saracoğlunu, Adanada ağalıq edən Cəmşid bəyi və digər bir neçə Cəlali liderini aradan qaldırdı. Canpoladoğlunun ordu toplayaraq Antakya yaxınlığında möhkəmləndiyini eşidən Murad Paşa, keçmiş Cəlali liderlərindən Maraş bəylərbəyi Zülfiqar Paşanın da orduya qatılmasıyla Oruc ovalığına keçdi. Toqquşmalar 23 oktyabr 1607 günü başlasa da, əsas müharibə ertəsi gün baş tutdu. Murad Paşa, Dürzi qəbiləsinin rəhbəri Manoğlu Fəxrəddin bəylə birləşən Canpoladoğlunun qüvvələrini darmadağın etdi. Manoğlu Fəxrəddin və rəhbərlik etdiyi Dürzi qəbiləsi döyüş meydanından qaçdı. Canpoladoğlu isə əvvəlcə Kilisə, ardından Hələbə qaçdı. Burada çox qala bilməyəcəyini başa düşdükdə isə kiçik bir heyətlə birlikdə İstanbula gəldi və sultana sığındı. Murad Paşa isə Canpoladoğlunun qaçan qüvvələrini də darmadağın edərək Hələbə daxil oldu və o qışı orada keçirdi.

Ankara sancaqbəyliyinə gətirilən, ancaq əhali tərəfindən şəhərə buraxılmayan keçmiş Cəlali lideri Qələndəroğlu isə əvvəlcə şəhəri mühasirəyə alaraq üzərinə göndərilən Təkəli Mehmed Paşanı məğlub etdi və ardından Bursa və ətraf bölgələrini yağmalamağa başladı. Murad Paşa isə Muslu Çavuşa İçel sancaqbəyliyi verərək Qələndəroğluyla birləşməsinə mane oldu və 1608-ci ilin avqustunda Alanya yaxınlığında baş verən döyüşdə Qələndəroğlunu məğlub etdi.

Darmadağın olan Cəlali qüvvələrini təqib edərək böyük hissəsini məhv edən Murad Paşanın bu əsnada səhhəti pisləşdi və bu səbəblə Seyfoğlu Hüseyn Paşanı yerinə təyin edərək Sivasa qayıtdı. Bu əsnada dəvət edilməsinə baxmayaraq Cəlali səfərinə qatılmayan və bu səbəblə ordugaha gələrək bağışlanmasını istəyən Diyarbəkir bəylərbəyi Nasuh Paşanın istəyi qəbul edildi və Murad Paşa, paytaxtdakı düşmənləri olan sədarət naibi Mustafa Paşa, dəftərdar Əhməd Paşa və qızlar ağasının təlkinləriylə o qışı da Anadoluda keçirərək ertəsi il Səfəvilər üzərinə səfərə çıxması barədə fərman aldı. Ancaq şəxsən özü Sultan Əhmədi razı salaraq İstanbula qayıtdı. 18 dekabr 1608 tarixində 400-ə yaxın cəlali bayrağıyla birlikdə paytaxta daxil oldu.

Sultan Əhməd sədrəzəmi Səfəvilər üzərinə göndərmək niyətində olsa da, Murad Paşa geridə qalan üsyançıları da zərərsizləşdirmək istəyirdi. Bu məqsədini sultandan da gizlədərək bütün qış səfər hazırlığı gördü və 1609-cu ilin iyununda guya Səfəvilər üzərinə səfərə çıxarmışcasına orduyla birlikdə Üsküdara gəldi. Əsl niyəti isə keçmiş Cəlali üsyançılarını səfər bəhanəsiylə dəvət edib onları da aradan qaldırmaq idi. Aydın yaxınlığında üsyan başladan Yusif Paşa sədrəzəmin dəvətinə riayət etdi və Üsküdara gələrək orduya qoşuldu. Bu əsnada Murad Paşa, əvvəlcədən İçel sancaqbəyliyinə təyin etdiyi keçmiş Cəlali lideri Muslu Çavuş üzərinə Zülfiqar Paşanı göndərdi. Zülfiqar Paşanın qələbə xəbəri gələr-gəlməz Yusif Paşa da aradan qaldırıldı. Dövrün tarixi mənbələrində bu hadisə "Üsküdar səfəri" olaraq anılır. Həmin ilin qışını da səfər hazırlığı ilə keçirən Murad Paşa illərdir davam edən Cəlali üsyanları səbəbilə Anadoluda pozulan itisadi-sosial həyatı yaxşılaşdırmaq üçün də fəaliyyətə başladı.

Anadoluda Cəlali üsyanlarına son qoyan Murad Paşa 1610-cu ildə birbaşa Səfəvilər üzərinə səfərə çıxdı. Şah Abbasın Təbrizdə olduğunu eşidər-eşitməz Ərzurum-Çaldıran-Xoy istiqamətində irəliləyərək Təbrizə yaxınlaşdı. İki ordu Təbrizin şimalında Acı çay yaxınlığında qarşı-qarşıya gəlsə də, hər hansı bir toqquşma baş tutmadı. Murad Paşa havaların pisləşməsi, döyüş sursatının və ərzaqın azalmasını səbəb göstərərək geri çəkildi və qışı Diyarbəkirdə keçirdi. Bu əsnada şahla məktublaşmalar da davam edirdi. Qışı Diyarbəkirdə keçirən Murad Paşa yeni səfər hazırlığı davam edərkən 5 avqust 1611-ci ildə vəfat etdi. Rəvayətə görə isə, keçirilən ziyafətlərdən birində Nasuh Paşa tərəfindən zəhərlənərək öldürülmüşdür. Ölümündən sonra Murad Paşanın yanında olan 6.5 milyon axcalıq sərvəti yeni sədrəzəm Nasuh Paşa tərəfindən müsadirə olundu. Bundan başqa kəndxudası Ömər ağa və baş qapıçısı Sarı Hüseyn ağa da qətlə yetirildi. Vəfat etdiyi əsnada yaşı 90-nı keçən Murad Paşanın cənazəsi əvvəlcə Diyarbəkirə müvəqqəti olaraq dəfn edildi, ardından İstanbula gətirilərək öz adına inşa etdirdiyi mədrəsəyə bitişik türbədə torpağa verildi.

Bir çox tarixi mənbədə Osmanlı dövlət nizamına və ənənələrinə bağlı biri olaraq təsvir edilən Murad Paşa dindar olmasına baxmayaraq Cəlalilərə qarşı olduqca amansız olmuşdur. Cəlalilərlə mübarizə apararkən 60–70 minə yaxın üsyançını öldürdüyü, dayandığı mənzillərdə dərin quyular qazdıraraq bu üsyançıları quyulara doldurduğu rəvayət olunur. Yenə tarixi mənbələrə görə, Naqşibəndi təriqətinə mənsub olmuş, çıxdığı bütün səfərlərdə Yəməndən gətirdiyi Xalid ibn Validə aid bir qılınc daşıdığı rəvayət edilir. 6 oktyabr 1609 tarixində Sultan Əhməd məscidinin təməli atılarkən ilk külüngü vuran dövlət adamları arasında Quyucu Murad Paşa da yer almışdır. İstanbulda öz adını daşıyan külliyə inşa etdirmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Feridun Bey, Münşeât, II, 114–116;
  • Âsafî, Şecâatnâme, İÜ Ktp., TY, nr. 6043, vr. 275b, 276a-b;
  • Âlî Mustafa, Künhü’l-ahbâr, Süleymaniye Ktp., Hâlet Efendi, nr. 598, vr. 362b;
  • Selânikî, Târih (İpşirli), s. 162, 242, 263, 275, 319, 331, 498, 668;
  • Kefevî, Tevârîh-i Âl-i Osmân, Süleymaniye Ktp., Fâtih, nr. 5424, vr.100b−101b;
  • The Report of Lello Third English Ambassador to the Sublime Porte: Bâbıâli Nezdinde Üçüncü İngiliz Elçisi Lello’nun Muhtırası (nşr. ve trc. Orhan Burian), Ankara 1952, s. 73–74;
  • Sâfî Mustafa, Zübdetü’t-tevârîh, Beyazıt Devlet Ktp., Veliyyüddin Efendi, nr. 2429, II, vr. 39b, 73b−81b, 107a, 157b vd., 164b, 166b;
  • Atâî, Hadâiku’l-hakāik fî tekmileti’ş-Şekāik, İstanbul 1268, I, 377, 609–615;
  • Hasanbeyzâde Ahmed, Târih (haz. Nezihi Aykut, doktora tezi, 1980), İÜ Ed. Fak. Tarih Semineri Kitaplığı, nr. 3277, s. 306–307;
  • Mehmed Edirnevî, Nuhbetü’t-tevârîh ve’l-ahbâr, İstanbul 1276, s. 159 vd., 232–243;
  • Mehmed b. Mehmed, Târîh-i Âl-i Osmân, Süleymaniye Ktp., Lala İsmâil Paşa, nr. 300, vr. 24a−26b;
  • Topçular Kâtibi Abdülkadir Efendi, Târih (haz. Ziya Yılmazer, doktora tezi, 1990), İÜ Ed. Fak. Genel Kitaplık, nr. TE 80, s. 371, 395–396, 398–414, 422–433, 439, 446 vd., 453 vd., 475–477;
  • Vâsıtî, Gazavât-ı Murad Paşa, Süleymaniye Ktp., Esad Efendi, nr. 2236, vr. 2a−29a;
  • Peçuylu İbrâhim, Târih, II, 101, 197, 209, 218, 227, 232, 235, 272, 279, 323 vd., 329–340;
  • Ruk‘anâme, Süleymaniye Ktp., Esad Efendi, nr. 3384, vr. 58a-b;
  • Kâtib Çelebi, Fezleke, I, 232–235, 281–282, 305 vd., 311–323, 326–336, 339, 344 vd.;
  • Karaçelebizâde Abdülaziz Efendi, Ravzatü’l-ebrâr, Bulak 1248, s. 466, 471, 507–517, 521–523;
  • Âlî, Ahbârü’l-Yemânî, Süleymaniye Ktp., Hamidiye, nr. 886, vr. 200a-b;
  • Muhibbî, Ḫulâṣatü’l-es̱er, III, 355–358;
  • Müneccimbaşı, Sahâifü’l-ahbâr, III, 625–632;
  • Naîmâ, Târih, I, 431, 435–439; II, 13–18, 26–33, 34–46, 61–80 vd.;
  • Hadîkatü’l-vüzerâ, s. 55–59;
  • Ayvansarâyî, Vefeyât-ı Selâtîn, s. 11;
  • Hammer (Atâ Bey), VIII, 55, 57–59, 72, 78–98, 104 vd., 114–119, 129 vd.;
  • Uzunçarşılı, Osmanlı Tarihi, III/1, s. 66, 77, 80, 82, 94–95, 102–113;
  • Cengiz Orhonlu, Osmanlı Tarihine Ait Belgeler, Telhisler: 1597–1607, İstanbul 1970, s. 38–40, 97;
  • a.mlf., "Murad Paşa", İA, VIII, 651–654; Bekir Kütükoğlu, Osmanlı-İran Siyasi Münasebetleri: 1578–1612, İstanbul 1993, s. 134, 150–151, 159, 198, 275, 277–278;
  • Karen Berkay, Eşkiyalar ve Devlet, Osmanlı Tarzı Devlet Merkezileşmesi (trc. Zeynep Altok), İstanbul 1999, s. 171, 195 vd., 217 vd., 221–227;
  • William S. Griswold, Anadolu’da Büyük İsyan (trc. Ülkün Ansel), İstanbul 2000, s. 101 vd., 105 vd., 127 vd., 164 vd.;
  • A. H. De Groot, "Murad Pasha, Ḳuyudju", EI2 (İng.), VII, 600–601

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]