Qobustan petroqlifləri — Vikipediya

Qədim qobustanlıların hansı dildə danışmaları və ya ümumiyyətlə danşıb-danışmamaları elmdə mübahisə doğuran məsələlərdəndir. Lakin onlar özlərindən miras qoyduqları təsvirlər vasitəsiylə bu gün də özləri, yaşamları haqqında məlumat verməkdədirlər.

Min illərlə bir-birinin dalınca gələn nəsillər tərəfindən 1000-ə qədər qayada dönə-dönə çəkilmiş, bir-birini təkrar edən və etməyən 4–5 mindən artıq heyvan, insan şəkilləri, həyati macəralar, ov və rəqs səhnələri çox qədim bir rəssamlıq məktəbinin yaradıcılığıdır.[1]

Rəsmlərin xeyli hissəsi yaşayış yerlərinin divarlarını təşkil edən iri qayalarda, bəzən də köhnə şəkillərin üstündən çəkilmişdir. Qayalardakı təsvirlər ilk vaxtlarda təbii böyüklükdə çəkilən heyvan və insan rəsmləri ilə başlayaraq sonralar ara-sıra, gah sxematikləşdirilmiş, gah kiçildilmiş, gah da təsvir edilən heyvan və insanların öz ölçülərinə yaxınlaşdırılmışdır. Xətlərlə ifadə olunan rəsmlərdə heyvanların və insanların bədən quruluşundakı nisbətlər böyük məharətlə gözlənilmişdir. Qədim rəsm ustaları təsviri böyük bacarıq tələb edən maral kimi heyvanların şəkillərini çəkərək bu vəzifənin öhdəsindən məharətlə gələ bilmişlər. Heyvan və insanların duruş maneraları şəkillərdəki dinamizmdən aydın surətdə oxunur.

Qobustan rəsmlərində nəzərə çarpan xüsusiyyətlərdən biri də odur ki, ovçuluqla məşğul olan insanların qıç əzələləri qabarıq şəkildə təsvir olunmuş, onların başları nisbətən kiçildilmiş və surət cizgiləri – burun, ağız, göz, qulaq və s. verilməmişdir. Mütəxəssislər bunu rəsm çəkənlərin bu hissəni düzgün çəkməyi bacarmadıqları ilə izah etməyin mümkün olmadığını qeyd edirlər. Çünki rəsm sahəsində onlar bundan daha çətin və mürəkkəb vəzifələrin öhdəsindən gələ bilmişlər.[2]

Qayalarda təsvir edilmiş öküz təsvirləri

Qaya təsvirlərində qəbilə həyatının demək olar ki, bütün əsas cəhətləri öz real əksini tapmışdır. Sürək yolu ilə kollektiv ovçuluq ox icad edildikdən sonra formasını dəyişsə də, xeyli müddət kollektivliyini itirmir. Bu, Böyükdaşdakı 45 nömrəli qayada təsvir olunmuş oxla kollektiv ov səhnəsindən aydın görünür. "Yeddi Gözəl" mağarasında çəkilmiş şəkillərdən məlum olur ki, ovçuluqda qadınlar da iştirak edirlərmiş.

Böyükdaşda 126 nömrəli qayadakı şəkil də böyük maraq doğuran təsvirlərdəndir. Burada bir kişi, bir qadının əlindən tutaraq aparmaq istəyir, lakin qadın getmək istəmir. Şəkildəkilərin hər ikisi orta yaşlı insanlardır. Belə bir səhnə 128 nömrəli qayada da təsvir olunmuşdur. Bu təsvirdəki kişi ox və dəyənəklə silahlanmışdır.

Böyükdaşdakı 8 nömrəli və bir sıra başqa qayalarda çoxlu gəmi təsviri vardır. Bu gəmilərin burnunda şüalanmış günəş şəkli nəqş olunmuşdur. Buradan görünür ki, qobustanlılar gəmi vasitəsiylə dənizə çıxa bilirdilər. Bu gəmi təsvirləri , onların Ön Asiya və Yaxın Şərq ölkələri ilə ticarət əlaqələri saxladığını görsədir.

Böyükdaşdakı 258 nömrəli qayada sağ əlində uçmağa hazırlaşan şahin olan atlı şəkli çəkilmişdir. Buradakı 45 nömrəli qayada çəkilmiş inək şəklinin boynunda ip olması qobustanlıların çöl heyvanlarını əhliləşdirmələrindən xəbər verir. Bütün bu və digər rəsmlər elə bil ki, qobustanlıların həyatı haqqında səhifələrin daşlaşmış gözəl albomudur.

Qobustan Azərbaycan rəsm mədəniyyətinin ilk ocaqlarından biri olduğu kimi, həm də qədim rəqs və musiqi mədəniyyətinin formalaşdığı ərazilərdən biridir. Qobustandakı şəkillər içərisində rəqs mərasimi təsvirləri xüsusi yer tutur. Kollektiv ifa olunan bu rəqslər indiki Azərbaycan türklərinin oynadıqları Yallı rəqsini xatırladır. Bu rəqs, vaxtilə qəbilənin estetik zövqünü təmin etməklə yanaşı, həm də birgə ov zamanı hədəfə hamılıqla bir anda zərbə endirmək və bununla da ovu sarsıtmaq vərdişlərinin yaranmasına kömək edirdi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. R. Ə. Babaxanov – Qobustanı gəzərkən, Azərbaycan abidələri dərgisi, № 1, Bakı, 1984, səh 54
  2. R. Ə. Babaxanov – Qobustanı gəzərkən, Azərbaycan abidələri dərgisi, № 1, Bakı, 1984, səh 57