Qiyasəddin Qeybullayev — Vikipediya

Qiyasəddin Qeybullayev
Qeybullayev Qiyasəddin Əsgər oğlu
Doğum tarixi
Doğum yeri Rustov, Quba rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (68 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elmi dərəcəsi tarix elmləri doktoru
Elmi adı professor

Qiyasəddin Qeybullayev (tam adı: Qeybullayev Qiyasəddin Əsgər oğlu; 13 mart 1934, Rustov, Quba rayonu13 dekabr 2002) — Azərbaycan tarixçisi, etnoqrafi, tarix elmləri doktoru, professor.

Həyatı[redaktə | mənbəni redaktə et]

Qiyasəddin Qeybullayev 13 mart 1934-cü ildə Quba rayonunun Rustov kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Baki şəhərində 9 nömrəli Peşə Texniki məktəbində oxuyub. 1952-ci ilin noyabrında "Buzovnaneft" və "Kirovneft" mədənlərində təmir ustasının köməkçisi işləyib. 1953-1958-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakultəsində təhsil alıb, Cəlilabad rayonunun Sabirabad kənd orta məktəbində 2 il tarix muəllimi işləyib. 1960-cı ildə Azərbaycan Elmlər Akademiyası Tarix İnstititutunun nəzdində Azərbaycan etnografiyası ixtisası üzrə aspiranturada oxuyub. Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda kiçik elmi işçi (1964-1973), böyük elmi işçi (1973-1992),1992-ci ildən Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutu Arxeologiya və Etnografiya sektorunun aparıcı elmi işçisi olmuşdur. 1966-cı ildə tarix elmləri namizədi, 1995-ci ildə tarix elmləri doktoru elmi dərəcəsini almışdır. 1996-cı ildə ABŞ-də çap olunan "Türk dünyası" jurnalının redaksiya heyətini seçilmişdir. Q.Ə.Qeybullayev Azərbaycan Milli Məclisinin yanında Toponimiya Komissiyasının üzvü olmuşdur. Alim 10 monoqrafiya və 200-dən çox elmi məqalənin müəllifidir.
Qiyasəddin Qeybullayev 13 dekabr 2002-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Elmi fəaliyyəti və elmi araşdırmaları[redaktə | mənbəni redaktə et]

1966-cı ildə "Azərbaycanlılarda müasir ailə məişəti" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Sonrakı illərdə o, bu mövzu üzrə araşdırmalarını davam etdirmiş, "Azərbaycanlılarda ailə və nikah. Tarixi etnoqrafik tədqiqat. XIX əsr və XX əsrin əvvəlləri " mövzusunda doktorluq dissertasiyasını yazmışdır. Ali Attestasiya Komissiyası çoxsaylı monoqrafiyalarına görə müdafiə etmədən 1995-ci ildə Q. Qeybullayevə tarix elmləri doktoru elmi dərəcəsini vermişdir. O, Azərbaycan etnoqrafiyasında ailə məişəti sahəsi üzrə Azərbaycanda yeganə tədqiqatçı olub. Q. Qeybullayev 1960-cı illərdə Azərbaycan toponomiyasının tədqiqinə başlamış, məhz alim ilk dəfə Azərbaycanın coğrafi adlarında müxtəlif tarixi dövrlərdə Azərbaycanda yaşamış çoxlu türk tayfalarının adlarını, hazırda dilimizdə qalmamış çoxlu qədim türk sözləri aşkarlanmışdir. Onun rus dilində yazdığı "Azərbaycanın toponomiyası" adlı əsəri SSRİ Elmlər Akademiyasının Etnoqrafiya, Coğrafiya və Dilçilik institutlarında 1982-1983-cü illərdə müzakirə edilib bəyənilmiş, 1986-cı ildə Bakida çap olunmuşdur. Alimin elmi yaradıcılığında Azərbaycan xaıqının mənşəyi problemi mühim yer tutur. Azərbaycan tarixşünasliğında hakim baxışa görə XI-XII əsrlərə qədər azərbaycanlıların ulu əcdadları cənubda irandilli, şimalda dağıstandilli idi. Həmin əsrlərdə gəlmiş oğuzlar bu xalqları assimilə etmiş, özlərini türkləşdirmiş, nəticədə azərbaycan xalqı və azərbaycan dili yaranmişdır. Q.Ə.Qeybullayev bu baxışın tamamilə əksinə yeni baxış irəli sürmüş, onun əsaslandırılmasına 4 monoqrafiya "Azərbaycanlıların etnogenezinə dair" (1991), "Qədim türklər və Ermənistan" (1992), "Azərbaycanlıların etnik tarixinə dair" (1994), "Azərbaycan türklərinin təşəkkülü tarixindən" (1994) həsr etmişdir. Onun baxışı 3 qrup fakta əsaslanır: 1) e.ə. I minillikdə və eramızın I minilliyində həm cənubda, həm də şimalda qədim mənbələrdə çəkilmiş yer adlarının türkcə olması; 2) həmin qədim yer və şəxs adlarında Azərbaycan dilində və onun dialektlərində saxlanmamış çoxlu qədim türk sözlərinin əksini tapması; 3) V-XI əsrlərə aid erməni və gürcü mənbələrində çoxlu miqdarda türk sözlərinin olması. Onun bu konsepsiyası Bakı Dövlət UniversitetininAzərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinin çap etdirdikləri "Azərbaycan tarixi" dərsliklərində əksini tapmışdır. Q.Ə.Qeybullayev Ermənistan azərbaycanlılarının etnik tarixinə və onların deportasiyasına dair tədqiqat aparmış, iri həcmli "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti"ni çap etdirmişdir (akademik Budaq Budaqovla birlikdə). Əsərin birinci hissəsində Azərbaycan xalqının mənşəyi haqqında yeni baxışın xeyrinə yeni faktlar gətirilmişdir. 2002-ci ildə B.Ə.Budaqovla həmmüəllif olduğu "Gürcüstanda türkmənşəli toponimlərin izahlı lüğəti" çap olunub.

Əsərləri[redaktə | mənbəni redaktə et]

  1. Топонимия Азербайджана Arxivləşdirilib 2012-12-09 at the Wayback Machine. Баку, Элм, 1986. - 192.
  2. Qarabağ: Etnik və siyasi tarixinə dair. Bakı, Elm, 1990. 248 s.
  3. К этногенезу азербайджанцев: историко-этнографическое исследование. Том I. Arxivləşdirilib 2017-05-17 at the Wayback Machine Баку: «Элм», 1991, 348 стр. ISBN 580660425X
  4. Qədim türklər və Ermənistan Arxivləşdirilib 2012-10-28 at the Wayback Machine. B. : Azərnəşr, 1992, 140 səh.
  5. Qarabağın etnik tarixi. Bakı, 1993.
  6. Azərbaycan türklərinin təşəkkülü tarixindən Arxivləşdirilib 2012-10-28 at the Wayback Machine. Bakı. "Azərnəşr", 1994. 248 s.
  7. Azərbaycanlıların etnik tarixinə dair.- Bakı, Elm, 1994.
  8. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti (Budaq Budaqov ilə həmmüəllif): I hissə Arxivləşdirilib 2012-05-26 at the Wayback Machine, II hissə Arxivləşdirilib 2014-09-01 at the Wayback Machine, III hissə Arxivləşdirilib 2014-09-01 at the Wayback Machine, IV hissə Arxivləşdirilib 2015-06-10 at the Wayback Machine. Bakı, "Oğuz eli", 1998.
  9. Gürcüstanda türk mənşəli toponimlərin izahlı lüğəti. Müəlliflər: B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. Elmi redaktor: B. Ə. Budaqov. Redaktor: R. Kərimova. Bakı: “İsmayıl” Nəşriyyat Poliqrafiya Müəssisəsi, 2002, 320 səhifə. (PDF versiyası, 302 səh.)
  10. Elmi publisistik məqalələr. Bakı, 2002.
  11. Biz beləyik (satirik lövhələr və şerlər). Baki, 2002.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]