Qayalıqlar bakirəsi — Vikipediya

Qayalıqlar bakirəsi
Leonardo da Vinçi, 14831486
Panel üzərində yağlı boya (sonradan kətana
köçürülüb), 199 × 122 sm
Luvr muzeyi, Paris, Fransa Fransa
Qayalıqlar bakirəsi
Leonardo da Vinçi, 14951508
Panel üzərində yağlı boya,
189.5 × 120 sm
Milli Qalereya, London, Böyük Britaniya Birləşmiş Krallıq

Qayalıqlar bakirəsi (ing. Virgin of the Rocks, fr. La Vierge aux rochers) və ya Madonna qayalıqlarda (ing. Madonna of the Rocks) — İtaliya intibahı rəssamı Leonardo da Vinçi tərəfindən eyni mövzuda və eyni kompozisiya ilə çəkilmiş, detalları bir-birindən fərqlənən iki rəsm əsəridir. Əsərin prima versiya hesab edilən iki nüsxəsindən biri Parisin Luvr muzeyində, ikincisi isə Londonun Milli Qalereyasında saxlanılır. İki metrə yaxın hündürlükləri olan əsərlərin hər ikisi yağlı boya ilə işlənmişdir. Hər iki əsər taxta panel üzərində işlənsə də, Luvr versiyası sonradan kətan üzərində köçürülmüşdür.[1]

Hər iki əsərdə Madonna, Körpə İsa, körpə İohann və mələklə birlikdə qayaqlıq yerdə təsvir edilmişdir ki, əsər də adını burdan almışdır. Əsərlərin əsas fərqi mələyin baxışı və sağ əlindədir. Bundan başqa bir çox xırda detallar, o cümlədən rənglər, floranın təsviri və sfumatonun istifadə üsulu da iki əsəri bir-birindən fərqləndirir. Əsərlərin alınma tarixi sənədlərlə bəlli olunsa da, ümumilikdə onların dəqiq işlənmə tarixləri mübahisəlidir və bu da özlüyündə iki əsərdən hansının daha əvvəl işlənməsi mövzusunda mübahisə yaradır.

Əsərlə bağlı olan və onun yan paneli kimi nəzərdə tutulmuş iki rəsm əsəri də mövcuddur ki, onlar da London Milli Qalereyasında saxlanılırlar. Hər iki əsərdə musiqi alətində ifa edən mələklər təsvir edilmişdir.

Mövzu[redaktə | mənbəni redaktə et]

Hər iki əsərin məzmunu Körpə İsaya Vəftizçi İohann tərəfindən təzim göstərilməsidir. Bu mövzu qeyri-Bibliya hadisəsinin tərkibi olmaqla müqəddəs ailənin Misirə səfərinin tərkibi kimi orta əsrlər ənənəsinin tərkibinə çevrilmişdir. Matfeyin İncilinə görə Məryəmin həyat yoldaşı İosif yuxuda görür ki, kral Herod Körpə İsanın öldürülməsinə qərar verib, buna görə də, o, ailənin təhlükəsizliyini təmin etmək üçün müvəqqəti köçməsini təşkil edir.[2] Misirə səfərlə bağlı çoxsaylı qeyri-Bibliya mənbələri vardır. Həmin mənbələrdən birində İsadan əvvəl doğulmuş və Günahsızların qırğını zamanı müqəddəs ailə kimi Vifleyemdə yaşayan İohann da xatırlanır. Əfsanəyə görə İohannı Misirə arxangel Uriil gətirmiş və onlar yolda müqəddəs ailə ilə qarşılaşmışlar.[3] Luvr muzeyinin saytında isə rəsmdəki mələyin Cəbrayıl olması qeyd edilir (Muzeydə rəsmin izahında isə Uriil olması göstərilir). Bu apokrifal hesab edilən Vəftizçi İohannın İncilindəki məlumat ilə uyğundur. Burada İohannın Vifleyemdən Cəbrayıl tərəfindən çıxarılması göstərilsə də, yolda müqəddəs ailə ilə qarşılaşmadan bəhs edilmir.[1]

Vəftizçi İohannın Bakirə Məryəm və Körpə İsaya təzim etməsi mövzusu İntibah dövrü Florensiyasında geniş yayılmışdı. Şəhərin müdafiəçi müqəddəsi olan Vəftizçi İohann bu şəhərdə yaradılan incəsənət əsərlərində tez-tez təsvir olunurdu.[4] Vəftizçi İohannı Bakirə Məryəm və Körpə İsa ilə təsvir etmiş nüfuzlu sənətkarlar arasında Filippo Lippi, Rafael SantiMikelancelo da yer almışlar.[5][6][7]

Leonardonun bu mövzuya həsr etdiyi hər iki əsərdə müqəddəs ailənin arxasında qayalıq görünür. Doğulma hadisəsinin bəzən mağarada təsvir edilməsinə və Kennet Kların Fra Filippo Lippi tərəfindən Mediçi ailəsi üçün işlənmiş daha erkən təzim əsərində qayalıq səhnə peyzajının olması iddiasına[8] baxmayaraq, Leonardonun təsviri o zaman üçün bir ilk kimi qiymətləndirilir[1] və əsər adını məhz qayalıq peyzajından alır.

Tarix[redaktə | mənbəni redaktə et]

Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kapellası[redaktə | mənbəni redaktə et]

Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kapellasının əsası 1335-ci ildə Milan hersoqu I Qaleazzonun həyat yoldaşı Beatriçe d’Este tərəfindən qoyulmuşdur. Kapella San-Françesko-Maccore kilsəsinə tabe edilmişdi.[9]

1479-cu ildə Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi qardaşlığı kapellanın tavanının bəzədilməsi üçün Françesko Zavatarri və Corco della Kyezanı işə cəlb edir.[9] 1480-ci ildə Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi qardaşlığı Cakomo del Mainoya kapella üçün rəsm yerləri olan böyük taxta altarın hazırlanmasını sifariş edir. Sifariş üçün son ödəniş 7 avqust 1482-ci ildə həyata keçirilmişdir.[9]

Əsərin sifariş edilməsi[redaktə | mənbəni redaktə et]

25 aprel 1483-cü ildə keşiş Bartolomeo Skorlione və Qardaşlıq Leonardo da Vinçi, həmçinin Ambroco və Yevangelista de Predis qardaşları ilə altar panellərinin işlənməsi üçün müqavilə bağlayır.[9] Müqavilədə hansı rəssamın nə etməli olması qeyd edilməmişdi. Müqavilədə Leonardo “Ustad” kimi qeyd edilmişdir.[9] Ambroco de Predis də rəssam idi. Ehtimal ki, Yevangelista de Predis zərgər olmuş və rənglərin hazırlanmasına kömək etmişdir.

Əsərin detalları, rənglənməsi və qızıl suyuna çəkilməsi müqavilədə göstərilmişdir.[10] Mərkəzi paneldə Bakirə MəryəmKörpə İsa ehtimal ki, David və Yesaya olan iki peyğəmbərlə mələklərin əhatəsində təsvir edilməli idi. Onların üstündəki lunetdə Tanrı və Bakirə Məryəmi təsvir edən relyef yerləşdirilməli, relyefdəki qabarıq fiqurlar isə parlaq boyalarla rənglənməli və qızıl suyuna çəkilməli idi. Mərkəzi panelin digər tərəfində musiqi ifa edən dörd mələk və oxuyan mələklər göstərilməli idi. Yonulmuş relyef panellərin bir neçəsində Bakirə Məryəmin həyatı təsvir edilməli idi. Böyük hissələrdə rəngləmə və qızıl suyuna çəkilmə hissələri də detallı şəkildə müqavilədə göstərilmişdi.[10]

Təhvil tarixi 8 dekabr 1483-cü il, Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi bayramı günü kimi göstərilmiş və işin tamamlanması üçün sənətkarlara yeddi ay vaxt verilmişdir.[9]

Ambroco de Predisə aid edilən musiqiçi mələk rəsmi
Bernardino Luini və ya Françesko Napoletanoya aid edilən musiqiçi mələk rəsmi

Ödəniş[redaktə | mənbəni redaktə et]

1 may 1483-cü ildə 100 lire məblğində ilkin ödəniş edilmişdir.[9] Bundan sonra 1483-cü ilin iyulundan 1485-ci ilin fevralına kimi hər ay 40 lire olmaqla, ümumilikdə 800 lire ödəniş edilmişdir.[9] Yekun ödəniş 1483-cü ilin dekabrında tamamlanmış əsərin təhvil verilməsindən sonra edilməli idi.[9]

1490-1495-ci illər arasında Ambroco və Leonardo birlikdə müraciətnamə yazaraq yalnız mərkəzi panelin işlənməsinin 800 lireyə başa gəldiyini bildirmiş və əlavə olaraq 1.200 lire tələb etmişlər.[9] Müraciətə cavab olaraq Qardaşlıq rəssamlara əlavə olaraq 100 lire ödəniş təklif edir. Nəticədən narazı olan Leonardo və Ambroco onları müdafiə etməsi üçüm Milan hersoqu Lüdoviko Sfrozaya müraciət edirlər. Təklif edilir ki, altar mütəxəssislər tərəfindən qiymətləndirilsin və dəyəri haqqında fikir söylənilsin. Rəssamlar həm də bildirirlər ki, qiymətlə bağlı razılaşma əldə olunmasa, onlar rəsmləri altardan ayıracaqlar.[9]

1503-cü ildə Ambroco özü və ölmüş qardaşı Yevangelistanın adında ödəniş edilməsi üçün yenidən müraciət edir.[9] 1499-cu ildə Lombardiyanı ələ keçirmiş Fransa kralı XII Lüdovik 9 mart 1503-cü ildə Milan komandirinə müraciət edərək rəssamların adından işə müdaxilə etməyi tələb edir.[9] 23 iyun 1503-cü ildə Qardaşlıq rəsmin qiymətləndirilməsi və ya qaytarılması tələbini rədd edir. 27 aprel 1506-cı ildə nəhayət ki, qiymətləndirmə keçirilir. Qeyd edilir ki, əsər tamamlanmamışdır. Leonardodan əsəri tamamlamaq xahiş edilsə də, o, artıq Milanda deyildi.[9]

18 avqust 1508-ci ildə əsər təhvil verilir və onun üçün ayrılmş məkana yerləşdirilir.[9] 7 avqust 1507-ci il və 23 oktyabr 1508-ci ildə Ambroco ümumilikdə 200 lire dəyərində ödəniş alır. Bu ödənişin alınması Leonardo ilə yazışma vasitəsiylə də təsdiqlənir.[9]

1524–2011[redaktə | mənbəni redaktə et]

London versiyası[redaktə | mənbəni redaktə et]

1524-1576-cı illərdə əsərin London versiyası Bakirə Məryəmin Məsum Hamiləliyi kapellasında vəba xəstəliyinə qarşı istifadə olunur.[11] 1576-cı ildə altar, sökülməsinə qərar verilmiş kapelladan çıxarılır.[9] 1785-ci ilin ortalarında rəssam və əntiq əşya kolleksiyaçısı Qevin Hemilton “Qayalıqlar bakirəsi”ni kapellanın varisi olan dini qurumun idarəçisi Qraf Sikoqnadan alır. Hemiltonun vəfatından sonra onun varisləri əsəri Lord Lensdauna satırlar.[9] 1880-ci ildə Qraf Saffolk əsəri 9.000 gineya qiymətinə Milli Qalereyaya satır. Həmin zaman pis vəziyyətdə olan əsər müxtəlif tədqiqatçılar tərəfindən Leonardo da Vinçiyə və ya Bernardino Luiniyə aid edilirdi.[9]

2005-ci ilin iyununda əsər infraqırmızı reflektoqram vasitəsiylə tədqiq edilir. Bu tədqiqatdan sonra əsərin altında bir neçə başqa əsərin olması müəyyən edilmişdir. Eskizdə diz çökmüş, sağ əlini uzatmış, sol əlini isə ürəyinin üstünə qoymuş qadın təsvir edilmişdir.[12][13] Bəzi tədqiqatçılar belə hesab edirlər ki, rəssamın ilkin fikri Körpə İsaya itaət edən Məryəm təsvirinin çəkilməsi olmuşdur.[14] Rentgen və infraqırmızı şüalanma nəticəsində çoxsaylı pentimenti də üzə çıxarılmışdır.[12]

2009-2010-cu illərdə əsərin təmizlənməsi və konservasiyası işləri həyata keçirilmiş[15] , 2010-cu ilin iyulundan isə rəsm yenidən ictimayətə təqdim olunmuşdur. Aparılmış işləri izah edən Milli Qalereya bildirir ki, əsər əsasən və ya tamamilə Leonardo tərəfindən işlənmiş, bəzi hissələri isə tamamlanmamışdır. Tədqiqatlar haqqında tam məlumat 2010-cu ildə nəşr edilmişdir.[16]

Yan panellər[redaktə | mənbəni redaktə et]

Tamamlanmış altara daxil olan və musiqi alətlərində ifa edən mələklər təsvir edilmiş iki yan panel London Milli Qalereyası tərəfindən 1899-cu ildə alınmışdır.[17]

Paris versiyası[redaktə | mənbəni redaktə et]

Əsərin hazırda Luvrda saxlanan versiyasını 1625-ci ildə İtaliya alimi və messenatı Kassiano dal Poçço Fontenblo sarayında görmüşdür. 1806-cı ildə məşhur fransız bərpaçı Hakin (fr. Hacquin) Əsərin Luvr versiyasın paneldən kətan üzərinə köçürmüşdür.[9] 2011-2012-ci illərdə Leonardo yaradıcılığının Lüdoviko Sfrozanın sarayında keçən dövrünə həsr olunmuş sərgidə rəsm qısa müddətdə Milli Qalereya rəsmi illə birlikdə nümayiş etdirilmişdir.[18]

Təsvir[redaktə | mənbəni redaktə et]

London versiyası[redaktə | mənbəni redaktə et]

1508-ci ildə çəkilmiş və London Milli Qalereyasında saxlanan ikinci rəsm əsəri də Leonardo da Vinçiyə aid edilir.[19] Əvvəl əsərin müxtəllif hissələrinin Leonardonun tələbələri tərəfindən işlənməsi düşünülsə də, restavrasiya zamanı aparılan tədqiqatlardan sonra Milli Qalereyanın mütəxəssisləri onun rəssamın özü tərəfindən işlənməsini elan etmişlər.[15] Lakin, əsərin müəlliflik məsələsi hələ də müzakirə mövzusu olaraq qalmaqdadır.[20] Əsər Milandakı San-Françesko-Maccore kilsəsinin Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kapellası üçün çəkilmişdir. Əsər kilsə tərəfindən təxminən 1781-ci ildə satılmış, 1785-ci ildə isə rəssam Qevin Hemilton tərəfindən alınaraq İngiltərəyə gətirilmişdir. İki fərqli kolleksiyaya daxil olduqdan sonra əsər 1880-ci ildə Milli Qalereya tərəfindən alınmışdır.[21]

Yan panellər[redaktə | mənbəni redaktə et]

Belə ehtimal edilir ki, musiqi alətlərində ifa edən iki mələk rəsmləri altar kompozisiyasının tərkibinə daxil olmuşdur. 1490-1495-ci illərdə tamamlanmış bu iki rəsm əsəri də hazırda London Milli Qalereyasında saxlanılır. Qırmızı geyimli mələk rəsminin Ambroco de Predis, yaşıl geyimli mələk rəsminin isə Leonardonun digər tələbəsi Françesko Napoletano tərəfindən çəkilməsi düşünülür.[17]

Paris versiyası[redaktə | mənbəni redaktə et]

Luvrda saxlanan “Qayalıqlar bakirəsi” 1483-1486-cı illərə aid edilməklə əksər sənətşünaslar tərəfindən eyniadlı iki rəsmdən erkən işlənmişi kimi qəbul edilir. Əksər nüfuzlu tədqiqatçılar əsərin tamamilə Leonardo tərəfindən işlənməsini qeyd edirlər.[21] Paris versiyası London versiyasından təxminən 8 sm hündürdür. Əsər haqqında ilk məlumat 1625-ci ildə onun Fransa kral kolleksiyasına qəbul edilməsi ilə bağlıdır. Ümumi qəbul edilmiş fikrə görə, əsər 1483-cü ildə alınmış sifarişə əsasən Milanda işlənmişdir. Belə bir nəzəriyyə vardır ki, Leonardo bu rəsmi gizlincə satmış və sifarişi yerinə yetirmək üçün rəsmin Londonda saxlanan versiyasını işləmişdir.[21] Eyni əsərin iki versiyası olmasını izah etməyə çalışan çoxsaylı nəzəriyyələr vardır.[22][23] Bu əsər Leonardonun sfumato texnikasının ən mükəmməl təzahürü hesab edilir.

Tədqiq[redaktə | mənbəni redaktə et]

Leonardo tərəfindən işlənmiş "Qayalıqlar bakirəsi" üçün qadın başı eskizi, Turin Kral Kitabxanası

Kompozisiya[redaktə | mənbəni redaktə et]

Biri Londondakı Milli Qalereya, digəri isə Parisdəki Luvr muzeyində saxlanan hər iki “Qayalıqlar bakirəsi” rəsmi mövzu və kompozisiya baxımından eyni olduqlarına görə, ehtimal ki, biri digərini kopyalayır. Rəsmlər bir-birindən kompozisiya detalları, rəng tonları və işıqlandırılmalarına görə fərqlənir.

Hər iki rəsmdə üçbucaqlı formada toplanmış Bakirə Məryəm, Körpə İsa, Körpə Vəftizçi İohannMələkdən təşkil olunmuş dörd nəfərlik heyət görünür. Onların arxasında qayalıq fon, daha arxada isə dağlıq və sulu peyzaj görünür. Hər iki rəsmdə Məryəm piramidal fiqurun yuxarı hissəsini formalaşdırmaqla sağ əli ilə təzim edən Vəftizçi İohannı dəstəkləyir, sol əlini isə xeyir-dua verən Məsihin başı üstündə tutur. İohann diz çökərək baxışlarını İsaya tərəf yönəldib, əllərini isə ibadət pozasında birləşdirib. İsanın qabağında oturmuş İsanı arxada dayanmış mələk fiquru dəstəkləyir, körpə əlini xeyir-dua pozasında qabağa uzadaraq baxışlarını İohanna yönəltmişdir.

Fərqlər[redaktə | mənbəni redaktə et]

Kompozisiya baxımından London versiyasındakı fiqurlar daha böyükdür.[22] Hər iki əsər arasındakı əsas kompozisiya fərqi ondan ibarətdir ki, London versiyasında mələk əlini dizi üstünə qoyduğu halda, Paris versiyasında sağ əlini qaldıraraq şəhadət barmağı ilə Vəftizçi İohannı göstərir. London versiyasında mələyinn baxışları yerə zillənsə də, Paris versiyasında mələyin baxışı izləyiciyə yönəlib.[24]

London versiyasında bədən və geyim xəttləri də daxil olmaqla bütün formalar daha dəqiq göstərilmişdir. Qayalıqlar daha detallı və dəqiq təsvir edilsə də, arxadakı peyzaj bir qədər dumanlıdır. London versiyasında işıq kölgə oyunları daha sərtdir.[24] Paris versiyasında isə üzlər daha incə rənglənib və yüngül sfumato ilə yayğınlaşdırılıb. Paris versiyasında kölgələr daha yüngül və isti olsa da bunun sonrakı dövrlərdə təmizlənmə və bərpa nəticəsində meydana gəlməsi düşünülür.[25] 1939-cu ildə Kennet Klark qeyd edir ki, “əsər qalın sarı lak qatının altında olduğuna görə, orijinalın rəngi, çalarları və tonallığı haqqında dəqiq nəsə demək mümkün deyil.” Əsərin tünd yerlərində toplanmalar çirkəbənzər qat yaratmış, həmçinin üst qatda çoxsaylı qədim boyalar görünməkdədir. Bütün bunlar Leonardonun tünd rənglərə üstünlük verməsindən asılı deyildir.[26]

Yaşıl mələk rsəminin detalı

Digər fərq isə iki mələk fiqurunun demək olar eyni olan xələtinin rəngindədi. London versiyasında ümumiyyətlə qırmızı boya istifadə olunmasa da, Paris versiyasında mələyin xələti açıq qırmızı və yaşıl rəngdədi, forması isə fərqlidi.[22] London versiyasında Paris versiyasında olmayan ənənəvi atributlar, nimb və Vəftizçi İohannın xaç formalı qamış əsası vardır. Devis qeyd edir ki, qızılı rənglə vurğulanmış bu detalların əsərlə eyni yaşda olması və ya sonradan əlavə edilməsini demək çətindir.[21] Hər iki əsər çiçəklərinə görə də fərqlənir, Paris versiyası botanik səliqəlilklə işlənsə də, London versiyasında fantastik çiçəklər vardır.[27]

Musiqiçi mələklər[redaktə | mənbəni redaktə et]

“Qayalıqlar bakirəsi” əsəri ilə əlaqəli olan və London Milli Qalereyasında saxlanan iki mələk rəsmi hər birində iki mələk olmaqla iki musiqi alətində ifa edən, iki mahnı oxuyan mələk təsviri sifarişinə uyğun deyildir. Rəsmlərdə bir-birinə istiqamətlənmiş və hər birində bir dənə olmaqla iki musiqi alətində ifa edən mələk təsvir edilmişdir. Yaşıl geyimdə olan mələk fideldə, qırmızı geyimdə olan mələk isə lütnyada ifa edir. Ayaq formaları və geyimlərinin eyni olması onların hər ikisinin eyni dizayn əsasında işləndiyini göstərir. Qırmızı geyimli mələk təsvirinin müəllifi Ambroco de Predisdir.[28] Yaşıl geyimli mələk təsvirinin müəllifi isə Leonardonun ətrafından olan naməlum rəssamdır. Milli Qalereya həmin əsərin müəllifinin Françesko Napoletano olduğunu qeyd edir.[28]

Hər iki rəsmdə mələklər boz nişin qabağında təsvir edilib. Fideldə ifa edən yaşıl geyimli mələk rəsminin reflektoqramması arxa fonda təsvir edilmiş ladşaftın olmasını ortaya çıxarmışdır.[28] Qırmızı geyimli mələk rəsminin fonunda istifadə edilmiş boz rəng tünd və şəffaf olmadığına görə onun altında hansı təsvirin olmasını müəyyənləşdirmək mümkün olmamışdır. Ənənəvi olaraq iki mələk təsvirinin mərkəzi panellərin yanlarında yerləşdirilməsi qəbul edilsə də, Milli Qalereya onlarım mərkəzi panelin üstündə yerləşdirilməsini qeyd edir.[28]

Təfsir[redaktə | mənbəni redaktə et]

İki rəsm arasında əlaqə bir çox müzakirələrə səbəb olmuşdur.[29] Müzakirə mövzularına əsərlərin tarixi, müəlliflik məsələsi və onların simvolizminin təbiəti daxildir. 2011-2012-ci illərdə Milli Qalereyada keçirilən sərgi çərçivəsində hər iki rəsm ehtimal ki, ilk dəfə qısa müddətlik bir yerdə sərgilənmişdir.[18]

Tarix məsələsi[redaktə | mənbəni redaktə et]

Sənətşünaslar tərəfindən qəbul edilmiş fikrə əsasən Paris versiyasının daha əvvəl işlənməsi qeyd edilir. Milli Qalereyanın keçmiş direktoru Martin Devis Paris versiyasının stilistik baxımdan Leonardonun erkən işlərinə daha yaxın olduğunu, London versiyasının isə rəssamın yaşlı dövrünün işlərini əks etdirdiyini, buna görə də, Luvrdakı rəsmin daha qədim olduğunu qeyd edir.[21] Əksər müəlliflər Paris versiyasının məhz 1483-cü il sifarişinə əsasən işlənmiş rəsm olduğunu qeyd edirlər.[30]

Aralarında Martin Devisin olduğu bəzi tədqiqatçılar 1483-cü ilin Paris versiyası üçün çox gec olduğunu, Leonardonun əsəri Florensiyada yaşadığı dövrdə işləməyə başladığını və sifariş aldığı zaman artıq hazır olduğunu qeyd edirlər. Vasserman, Ottino della Çiesa və digər tədqiqatçılar bildirirlər ki, rəsmlərin hər ikisi altarın ölçüsünə uyğundur və Leonardo sifarişdən əvvəl bu ölçüdə əsər işləyə bilməzdi.[22] Vasserman ehtimal edir ki, Paris versiyası çərçivəyə sığışması üçün genişləndirilmişdir, lakin, XIX əsrdə rəsm paneldən kətana köçürüldüyündən bu hiss olunmur.[31] Devis hesab edir ki, Leonardo London versiyasını 1480-ci illərdə birinci əsərin elementləri əsasında işlənmişdir.[21] Kennet Klark bu təfsirlə razılaşaraq Paris versiyasını 1481, London versiyasını isə 1483-cü ilə aid edirlər.[32]

Leonardonun eyni mövzuda iki əsər işləməsini izah edən ən məşhur nəzəriyyəyə əsasən rəssam 1483-cü ildə Luvrda saxlanan “Qayalıqlar bakirəsi”ni kapellanın sifarişi ilə işləmiş, lakin, onu başqa adama satdığına görə, sonradan London versiyasını işləmişdir. Bu nəzəriyyəyə əsasən hesab edilir ki, 1480-ci illərin sonlarında kapella ilə ödənişlə bağlı mübahisələrdən sonra Leonardo rəsmi başqa alıcıya satmışdır. London versiyasının işlənməsinə rəssam, 1486-cı ildən sonra başlamış və 1508-ci ilə kimi əsər hazır olmamışdır. Venturi və Poqqiyə istinadən[33] della Çiesann təklif etdiyi bu nəzəriyyə geniş elmi ictimayət tərəfindən qəbul edilərək həm Milli Qalereya, həm də Luvr muzeyinin saytında qeyd edilmişdir.[1][34][35] Martin Kemp Luvr versiyasını 1483-1490-cı illərə, London versiyasını isə 1495-1508-ci illərə aid edir.[19]

Lakin, heç də bütün tədqiqatçılar Paris versiyasının əvvəl işlənərək satılması, London versiyasının isə onun əvəzinə işlənməsi fikrini qəbul etmirlər. Teylor qeyd edir ki, stilistik baxımdan London versiyası daha erkən dövrə aid olmaqla, Leonardonun yaradıcılığının Florensiya dövrünə xas dəqiq xəttlərlə işləməni əks etdirir, Paris versiyası isə sfumatonun incə istifadə tərzinə görə Sonuncu şam yeməyiBakirə və Körpə İsa Müqəddəs Anna ilə əsərləri ilə daha yaxındır.[23] Teylorun fikrincə London versiyası ikonoqrafiya baxımından 1483-cü il sifarişinin tələblərinə uyğundur, Paris versiyası isə tamamilə başqa bir sifarişçinin istəyi əsasında işlənildiyindən tamamilə fərqli ikonoqrafiyaya malikdir və 1490-cı illərə aiddir.[36]

Müəlliflik məsələsi[redaktə | mənbəni redaktə et]

Həmişə belə hesab edilmişdir ki, Luvrda saxlanan “Qayalıqlar bakirəsi” tamamilə Leonardo da Vinçinin fırçasına aiddir. Milli Qalereyada saxlanan “Qayalıqlar bakirəsi”nin isə Leonardo da Vinçi tərəfindən dizayn edilməsi və tələbələri tərəfindən işlənməsi düşünülürdü.[34] Luvr muzeyinin saytı və bir çox müəlliflər iddia edirlər ki, London versiyası 1485-1508-ci illərdə Leonardo da Vinçinin nəzarəti ilə Ambroco de Predis tərəfindən və ya əsasən Predis, qismən da Vinçi tərəfindən işlənmişdir.[1][37]

Milli Qalereyadakı rəsmin təmizlənmə və tədiqiqindən sonra kurator Lyuk Sison qeyd edir ki, rəsmin keyfiyyəti əvvəlki fikirlərin düz olmadığını və əsərin əsas hissələrinin Leonardo tərəfindən işləndiyini göstərmişdir.[15]

Geoloq Enn Pizzorusso qeyd edir ki, Paris versiyasından fərqli olaraq, London versiyasında yer almış geoloji qeyri-dəqiqliklər onun Leonardonun fırçasına aid olmasını şübhə altına alır.[38] Teylor bu iddiaya etiraz edərək bildirir ki, ola bilsin Pizzorusso donmuş göl görmədiyinə görə belə yazmışdr.[39]

Təsirləri[redaktə | mənbəni redaktə et]

Ancela Ottino della Çiesa 1967-ci ildə nəşr edilmiş (orijinalı italyanca olan əsər ingiliscə 1985-ci ildə nəşr edilmişdir) kitabında “Qayalıqlar bakirəsi”nin təsirinin hiss olunduğu dörd rəsmin adını çəkir: bunlar Bernardino Luininin fırçasına məxsus “Müqəddəs ailə”"Müqəddəs ailə və Müqəddəs İohann” (Prado muzeyi), Marko d’Occiononun fırçasına məxsus “Tuelin madonnası” (Tuelin kolleksiyası, Paris) və Yos van Klevenin fırçasına məxsus Qucaqlaşmş müqəddəs körpələr (Kapodimonte muzeyi, Neapol) rəsmləridir. Əsər aralarında Yos van Kleve və Kventin Masseysin (Masseysin fırçasına məxsus bir nüsxə Çatsuort-hausda saxlanır) də yer aldığı bir çox flamand rəssamları tərəfindən kopyalanmışdır. Ehtimal ki Yos van Kleve və ya onun tələbələrindən biri tərəfindən işlənmiş kiçik bir nüsxə (yağlı boya ilə taxta panel üzərində) isə Berlində şəxsi kolleksiyada saxlanılır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 1,3 1,4 Laborie, Séverine. "The Virgin of the Rocks". Louvre.fr (ingilis). Musée du Louvre. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2018.
  2. The Gospel of Matthew, Chapter 2, verses 13–15
  3. "Uriel". Websters-online-dictionary.org. 2013-06-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2018.
  4. Paoletti and Radke, p. 79
  5. Paoletti and Radke, p. 261
  6. David Thompson, Raphael, the Life and Legacy, BBC, (1983), ISBN 0-563-20149-5
  7. Ludwig Goldscheider, Michelangelo: Paintings, Sculptures, Architecture, Phaidon, (!964)
  8. Clark, p. 51
  9. 9,00 9,01 9,02 9,03 9,04 9,05 9,06 9,07 9,08 9,09 9,10 9,11 9,12 9,13 9,14 9,15 9,16 9,17 9,18 9,19 Angela Ottino della Chiesa, The Complete Paintings of Leonardo da Vinci pp. 93–95
  10. 10,0 10,1 Angela Ottino della Chiesa, p. 93
  11. Wasserman, p 110
  12. 12,0 12,1 "The Hidden Leonardo". Nationalgallery.org.uk. 2022-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2018.
  13. White, Susan D. (2006). Draw Like Da Vinci. London: Cassell Illustrated. ISBN 9781844034444. p. 137.
  14. "New Leonardo picture discovered". BBC News. July 1, 2005. January 14, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 12, 2018.
  15. 15,0 15,1 15,2 "The Virgin of the Rocks: Da Vinci decoded" Arxivləşdirilib 2022-02-02 at the Wayback Machine, Jonathan Jones, The Guardian, 13 July 2010
  16. "''Leonardo's 'Virgin of the Rocks' back on display''". Nationalgallery.org.uk. 2011-11-09. 2018-01-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2018.
  17. 17,0 17,1 "S. Franceso Altarpiece". Nationalgallery.org.uk. 2013-06-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2018.
  18. 18,0 18,1 "''Leonardo's 'Virgin of the Rocks' paintings united''". Nationalgallery.org.uk. 2012-02-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2018.
  19. 19,0 19,1 Kemp, pp. 250–251
  20. "The daffodil code: doubts revived over Leonardo’s Virgin of the Rocks in London" Arxivləşdirilib 2022-05-12 at the Wayback Machine, Dalya Alberge, The Guardian, 9 aprel 2018
  21. 21,0 21,1 21,2 21,3 21,4 21,5 Davies, Martin. The earlier Italian schools (ingilis). Publications Dept., National Gallery. 1961. ISBN 9780901791290.
  22. 22,0 22,1 22,2 22,3 Angela Ottino della Chiesa, p. 94
  23. 23,0 23,1 Tamsyn Taylor, Leonardo da Vinci and the "Virgin of the Rocks" Arxivləşdirilib 2018-07-03 at the Wayback Machine and Comparison of style Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine
  24. 24,0 24,1 Jack Wasserman, pp. 108–118
  25. Graham-Dixon, Andrew. The mystery of the two Madonnas. Sunday Telegraph. 23 October 2011.
  26. Leonardo da Vinci: An Account of his development as an Artist
  27. Luke Syson interviewed by Alistair Sooke, The Virgin of the Rocks compared Arxivləşdirilib 2018-03-28 at the Wayback Machine, İstifadə tarixi:13 aprel 2018
  28. 28,0 28,1 28,2 28,3 Billinge, Syson and Spring, Altered Angels Arxivləşdirilib 2022-01-08 at the Wayback Machine İstifadə tarixi: 13 aprel 2018
  29. Paoletti and Radke, p. 362
  30. Kemp, Zöllner and others
  31. Wasserman, p. 108
  32. Clark, pp. 49–53
  33. Angela Ottino della Chiesa, p.95
  34. 34,0 34,1 National Gallery Arxivləşdirilib 2017-12-14 at the Wayback Machine, Virgin of the Rocks
  35. Zöllner F, Leonardo da Vinci, Taschen, (2003) p.223
  36. Tamsyn Taylor, Summary of the case Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine
  37. Wasserman, p. 114; Marco Rosci, p.55
  38. Pizzorusso, Ann. Leonardo's Geology: The Authenticity of the "Virgin of the Rocks, pp. 197–200
  39. T. Taylor, Leonardo and the "Virgin of the Rocks", The Geology Arxivləşdirilib 2014-11-06 at the Wayback Machine

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]