Qəzənfər Məmmədov — Vikipediya

Qəzənfər Məmmədov
1946 – 1950
Birinci katibMir Cəfər Bağırov
ƏvvəlkiSultan Qafarzadə
mart 1941 – fevral 1945
Birinci katibMir Cəfər Bağırov
SonrakıHəsən Həsənov
Şəxsi məlumatlar
Doğum tarixi 1905
Doğum yeri
Vəfat tarixi 1973
Partiya
Təhsili

Təltifləri "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

Qəzənfər Cəfər oğlu Məmmədov (1905, Bakı1973) — Azərbaycan-sovet dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi (1941–1945, 1946–1950).

Həyatı[redaktə | mənbəni redaktə et]

Qəzənfər Cəfər oğlu Məmmədov 1905-ci ildə Bakı şəhərində fəhlə ailəsində anadan olmuşdur. Məktəbdə təhsil aldığı illərdə müxtəlif emalatxanalarda şagid olmuş, 1927-ci ilədək istehsalat müəssisələrində işləyərək fəhlə fakültəsində təhsilini davam etdirmişdir. O, 1928-ci ildən 1930-cu ilədək komsomol işində çalışmış, 1928-ci ildən ÜİK(b)P üzvlüyünə namizəd, 1931-ci ildən isə partiyanın üzvü olmuşdur.[1]

Qəzənfər Məmmədov 1941-ci ilədək 12 il ərzində mətbuat orqanlarında çalışmışdır. O, əvvəlcə Azərbaycan LKGİ və BK orqanı olan "Gənc işçi" qəzetinin məsul katibi vəzifəsində işləmiş, sonra məsul redaktorun müavini, 1933-cü ildə isə bu qəzetin məsul redaktoru seçilmişdir. Mətbuatda işləməklə bərabər Azərbaycan Dövlət Universitetində də təhsil almışdır. Bir müddət sonra isə Azərbaycan K(b)P MK və BK-nın orqanı olan "Kommunist" qəzeti redaksiyasına işə göndərilmiş, burada partiya şöbəsinin müdiri, məsul katib, məsul redaktor müavini və məsul redaktor vəzifələrində işləmişdir.[1]

1941-ci ilin mart ayında Qəzənfər Məmmədov Azərbaycan K(b)P Mərkəzi Komitəsində işə keçirilmiş, 1945-ci ilədək Mərkəzi Komitənin təbliğat-təşviqat üzrə katibi olmuşdur. 1945-ci ilin fevral ayında o, ÜİK(b)P MK yanında Ali Partiya Məktəbində oxumağa göndərilmiş, 1946-cı ildə təhsildən qayıtdıqdan sonra Azərbaycan K(b)P MK-nın kadrlar üzrə katibi seçilmişdir.[1]

Qəzənfər Məmmədov 2-ci və 3-cü çağırış SSRİ Ali Sovetinin, 2-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, Azərbaycan KP MK-nın büro üzvü olmuşdur. "Lenin", "Qırmızı əmək bayrağı", "Şərəf nişanı" ordenləri, "Qafqazın müdafiəsinə görə" və "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalları ilə təltif edilmişdir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Гәзәнфәр Ҹәфәр оғлу Мәммәдов // Коммунист. № 44 (8256). 3 март 1950-ҹи ил. С. 3.