Qətərin dövlət quruluşu — Vikipediya

Qətərin dövlət quruluşu
دولة قطر
Bayraq Gerb
Bayraq Gerb
Paytaxt Doha
əmir Təmim bin Həməd Al Sani [ 25.VI.2013 ]
baş nazir Əbdüllah bin Nasir bin Xəlifə Al Sani [26.VI.2013 ]
Sahəsi
 • Ümumi 11437 km²
Əhalisi
 • Əhali 2 120 nəfər (143-cü)
 • Sıxlıq 18 nəf./km²


Qətərin dövlət quruluşu — 2003-cü ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi.

Dövlət quruluşu[redaktə | mənbəni redaktə et]

Qətər Əmirliyi mütləqiyyət formalı idarəetmə üsuluna malik monarxiyadır. Milli bayram günü olan müstəqillik günü (1971) 3 sentyabrda qeyd olunur. Qətər Əmirliyinin yeni Konstitusiyası 29 aprel 2003-cü il tarixində qəbul edilmişdir.

İnzibati ərazi bölgüsü[redaktə | mənbəni redaktə et]

Qətər Əmirliyi inzibati cəhətdən 7 bələdiyyəyə (Ad-Doha, Ar-Rayyan, Umm-Salal, Al Xor, Al-Vakra, Al-Dayyan və Aş-Şamal) bölünür.

Qətərin inzibati ərazi bölgüsü

Dövlət başçısı[redaktə | mənbəni redaktə et]

Hakim ailənin 3 minlik kişi üzvləri arasından seçilən Qətər Əmiri, mövcud Konstitusiyaya görə ölkədə milli və dini birliyin rəmzi, milli müstəqilliyin və ərazi bütövlüyünün, habelə vətəndaşların hüquqlarının ali təminatçısı, dövlətin başçısı və silahlı qüvvələrin ali baş komandanıdır. Qətər dövlətini beynəlxalq münasibətlərdə ali səviyyədə təmsil edən Əmir, icraedici və qanunvericilik hakimiyyətlərinin həyata keçirilməsində də müstəsna səlahiyyətlərə malikdir. Bir qayda olaraq, bütün mülki və hərbi qulluqçuların təyinatı, habelə Müdafiə Şurasının formalaşdırılması və Konstitusiya ilə nəzərdə tutulmuş digər səlahiyyətlər dövlət başçısı tərəfindən həyata keçirilir. Əmir öz fərmanı ilə Məhkəmənin istənilən qərarını ləğv edə bilər.

Qanunverici hakimiyyət[redaktə | mənbəni redaktə et]

Dövlət başçısı tərəfindən təyin olunan 35 üzvdən (zəruri hallarda Əmir öz istəyi ilə Məşvərət Məclisinin üzvlərinin sayını qeyri-məhdud sayda artıra bilər) ibarət birpalatalı Məşvərət Məclisi (Məclis əl-Şura) Əmirin rəhbərliyi altında ölkədə qanunvericilik hakimiyyətini həyata keçirməkdə nisbi və məhdud səlahiyyətlərə malikdir.

Konstitusiyaya əsasən, ən mühüm sferaları əhatə edən ümumdövlət siyasətini müzakirə etməkdə və aidiyyəti üzrə istənilən nazirə sorğu göndərməkdə səlahiyyətli orqan sayılan Məşvərət Məclisində müzakirə olunan layihələr sonda Əmir tərəfindən təsdiq və elan edilir.

İcraedici hakimiyyət[redaktə | mənbəni redaktə et]

Nazirlər Şurası Qətər Əmirliyinin yuxarı icra orqanı sayılır və icraedici hakimiyyətin həyata keçirilməsində Əmirə yaxından köməklik edir. Belə ki, Əmir Baş nazir qismində Hökumətə (Nazirlər Şurası) bilavasitə rəhbərliyi həyata keçirmək, habelə onun qarşısında kollektiv siyasi və vəzifələrinin icrası ilə bağlı fərdi məsuliyyət daşıyan nazirləri təkbaşına təyin və vəzifələrindən azad etmək səlahiyyətinə malikdir.

Məhkəmə hakimiyyəti[redaktə | mənbəni redaktə et]

Ölkədə məhkəmə-hüquq sistemi — ailə-məişət məsələləri üzrə İslam (Şəriət), digər ümumi cinayət və mülki məsələlərlə bağlı isə, dünyəvi hüquq normalarının elementlərindən qaynaqlanan müasir məhkəmə-hüquq sisteminə əsaslanır.

Qətər Əmirliyinin məhkəmə iyerarxiyasının ən yüksək instansiyası sayılan Apelyasiya Məhkəməsi, habelə digər aşağı instansiya ölkədə məhkəmə hakimiyyətini həyata keçirməkdə səlahiyyətlidirlər.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Cabir Məmmədov, Həbibə Soltanova, Ərəb ölkələrinin coğrafiyası, s.42
  • Густерин П. В. Города Арабского Востока. — М.: Восток—Запад, 2007. — 352 с. — (Энциклопедический справочник).