Qızılburun yaşayış yeri — Vikipediya

Qızılburun
Qızlburun nekropolundan aşkarlanmış Boyalı Qablar mədəniyyətinə aid saxsı qab
(Azərbaycan Tarix Muzeyi)
Ölkə  Azərbaycan
Yerləşir Təzəkənd
Tikilmə tarixi e.ə. II – I miniliklər
Üslubu arxeoloji abidə
İstinad nöm.49
KateqoriyaYaşayış yeri, Məbəd
ƏhəmiyyətiDünya əhəmiyyətli
Qızılburun (Azərbaycan)
Qızılburun

QızılburunNaxçıvan şəhərindən 18 km cənubda, Təzəkənd yaxınlığında e.ə. II – I miniliklərə aid yaşayış yeri.

Tədqiqi[redaktə | mənbəni redaktə et]

Coğrafi cəhətdən əlverişli mövqedə, Araz çayının sol sahilində, Zəngəzur silsiləsinin Araz vadisinə enən burnunda salınmış abidə 1926 – cı ildə qeydə alınmışdır. 1969-cu ildə Qızılburun yaşayış yerində 100 m² sahədə arxeoloji tədqiqatlar aparılmışdır. Mədəni təbəqənin qalınlığı 2 m olub, kül qarışıq torpaq laylarından ibarətdir. Burada tikinti qalıqları, keramika, davar sümükləri, həmçinin gildən hazırlanmış ocaq yeri, daş məmulatı (çaxmaqdaşıdan oraq dişləri, obsidiandan ox ucluqları, sürtgəclər və s.) aşkar edilmişdir.

Əldə olunmuş çəhrayı, bəzən isə boz və qara rəngli keramika məmulatı (küpə, çaydan, vaza və sair), ornamentlərinin rəngarəng süjetli olmaları ilə diqqəti cəlb edən bir sıra polixrom boyalı qablar öz bədii tərtibatına görə nəinki Azərbaycanın, eləcə də qədim dünyanın ən nadir incəsənət nümunələrindən sayılır.[1]

Abidədən əldə edilmiş maraqlı tapıntılardan biri də gildən hazırlanmış kişi fiqurudur. Fiqurun başında şiş papaq, əynində arxalıq vardır. Üzəri qırmızı və qara rənglərlə naxışlanmışdır.

Qızılburun nekropolu[redaktə | mənbəni redaktə et]

Qızılburun yaşayış yerinin yaxınlığında yerləşən Qızılburun nekropolu Tuncİlk Dəmir dövrlərinə aid arxeoloji abidədir. Abidənin bir hissəsi NaxçıvanCulfa dəmir yolu xəttinin çəkilişi zamanı dağıdılmışdır. Şərqdə dağ silsiləsi, şimalda dərin xəndək, qərbdə yaşayış məskəni və Araz çayı ilə hüdudlanan nekropol 1895 – ci ildə aşkar olunmuşdur. Açılmış qəbirlərdə qızıl əşyaların olduğunu görən Güney Azərbaycandan gəlmiş erməni keşişləri məzarlıqdakı bütün qəbirləri qarət etmişlər. Lakin sərhəd gözətçi məntəqəsinin qarətin qarşısını qismən ala bilmiş və əldə olunmuş materialların bir hissəsi toplanılaraq Moskvaya, İmperator Arxeoloji Komissiyasına göndərilmişdir.[2]

1896 – cı ildə arxeoloji komissiyanın göstərişi ilə qəbiristanlıqda qazıntı işləri aparılmış, tapıntılar isə Moskva Dövlət Tarix Muzeyinə göndərilmişdir. Muzeyə göndərilmiş maddi mədəniyyət nümunələri 1909 – cu ildə tədqiq edilərək nəşr olunmuşdur.

Qızılburun nekropolunda aparılmış arxeoloji qazıntılar nəticəsində daş qutu qəbirlərində meyitlərin bükülü, bəzən isə oturdulmuş halda basdırıldığı aşkar edilmişdir. Qəbirlərdən küpə, çölmək, kasa, vaza, çaydan tipli qablar, tunc xəncərlər, ox ucluqları, toppuzlar, dəmir alət və silahlar, gözəl bədii tərtibatda hazırlanmış qızıl bəzək əşyaları (bilərziklər, asmalar, sancaqlar), əqiq və pastadan hazırlanmış muncuqlar və digər mədəniyyət nümunələri tapılmışdır.

Tunc dövrünün qırmızı rəngli qabları qara və qəhvəyi, yaxud, qara və qırmızı boyalarla çəkilmiş həndəsi naxışlarla, bəzən də insan və heyvan təsvirləri ilə bəzədilmişdir. İlk Dəmir dövrünə aid qablar qırmızı boya ilə, nisbətən enli xəttlərlə naxışlanmışdır. Qızılvəng boyalı qabları Boyalı Qablar mədəniyyətinə aiddir. Q[3] Bu mədəniyyətin sahibləri patriarxal – icma quruluşunda yaşamış, əkinçilik və maldarlıqla məşğul olmuşlar.

Qızılvəng boyalı qabları ilə oxşar keramika nümunələri Türkiyədə (Boğazköy, Əlişarhöyük), Güney Azərbaycanda (Təpə Sialk, Göytəpə, Təpəhissar), Ermənistanda (Təzəkənd) aşkar edilmişdir. Nekropol ərazisində həmçinin sonrakı tarixi dövrdə inşa edilmiş Qızılvəng monastırı da vardır.

Qızılvəng monastırı[redaktə | mənbəni redaktə et]

border=none Əsas məqalə: Qızılvəng monastırı

Qızılburun nekropolu ərazisində yerləşən Qızılvəng monastırı orta əsrlərə aid xristian məbədidir. Məbəd yaxşı yonulmuş qırmızı tuf daşı və bişmiş kərpicdən inşa edilmişdir. Salamat qalmış əsas kilsə binasının daxilində on səkkiz freskla vardır. Bunlardan səkkizi böyük dördkünc sütunlar üzərində, onu isə günbəzdə çəkilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Qızılburun məqaləsi, Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, səh 276
  2. Qızılburun Nekropolu məqaləsi, Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, səh 277
  3. ızılburun Nekropolu məqaləsi, Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, səh 277

Həmçinin bax[redaktə | mənbəni redaktə et]