Praqa baharı — Vikipediya

"Praqa baharı" (çex. "Pražské jaro", slovak. "Pražská jar") - Çexoslovakiyada 1968-ci il yanvarın 5-dən avqustun 20-dək cəmiyyətdə gedən kütləvi siyasi liberallaşma prosesi. Sovet İttifaqıVarşava Müqaviləsi Təşkilatının qoşunlarının ölkəyə yeridilməsi ilə bu prosesin qarşısı alınmışdır.

Tarix[redaktə | mənbəni redaktə et]

Aleksandr Dubçek

5 yanvar 1968-ci ildə Aleksandr Dubçekin Çexoslovakiya Kommunist Partiyası rəhbərliyinə gəlməsi ilə Çexoslovakiya açıq şəkildə SSRİ-dən asılı olmadığını nümayiş etdirməyə başladı.

"İnsan sifətli sosializm" yaratmaq məqsədi ilə Dubçek və onun həmfikirləri tərəfindən həyata keçirilən siyasi islahatlar 1956-cı ildə Macarıstanda olduğu kimi əvvəlki siyasi xətdən tam imtina xarakteri daşımırdı. Lakin Sovet İttifaqının və Avropadakı bəzi sosialist dövlətlərin rəhbərləri Çexoslovakiyadakı islahatları sosialist dövlət quruluşunun əsaslarına və "sosialist bloku"nun bütövlüyünə qarşı yönəlmiş təhlükə kimi qəbul edirdilər.

Belə ki, ölkədə senzura kifayət qədər məhdudlaşdırılmış, sərbəst ictimai diskussiyalar genişlənmiş, çoxpartiyalı sistemə keçid başlamışdı. Tam şəkildə söz, toplaşma və hərəkət azadlığı veriləcəyi, dövlət təhlükəsizlik orqanları üzərində nəzarətin gücləndiriləcəyi, şəxsi müəssisələrin açılmasına icazələrin asanlaşdırılacağı və istehsal üzərində dövlət nəzarətinin məhdudlaşdırılacağı bəyan olunmuşdu. Bundan əlavə, ölkənin federasiyaya çevrilməsi və ÇSSR-in tərkibinə daxil olan ÇexiyaSlovakiyanın hakimiyyət orqanlarına verilən səlahiyyətlərin artırılması planlaşdırılmışdı.

Lakin Çexoslovakiya Kommunist Partiyasının bəzi rəhbərləri (Bilak, Şvestka, Kolder, İndra və Kapek) dövlətin cəmiyyət üzərindəki nəzarətinin zəifləməsindən narahat idilər və Dubçekin islahatlarını dəstəkləmirdilər. Onlar partiya rəhbərliyinin hakimiyyətdən uzaqlaşdırılması üçün Sovet İttifaqına müraciət də etmişdilər. SSRİ rəhbərliyinin fikrincə isə Çexoslovakiya Varşava Müqaviləsi Təşkilatının müdafiə xəttinin mərkəzində yerləşməklə soyuq müharibə dövründə böyük əhəmiyyətə malik idi.

"Baharın" sonu[redaktə | mənbəni redaktə et]

Tanklara qarşı Molotov kokteyli atan nümayişçilər

1968-ci il martın 23-də kommunist partiyalarının Drezdendə keçirilən qurultayında Çexoslovakiyadakı islahatlar tənqidə məruz qaldı, mayın 4-də Leonid Brejnev Moskvada Dubçekin rəhbərlik etdiyi çexoslovak nümayəndə heyətini qəbul etdi və bu görüşdə ÇSSR-dəki vəziyyəti kəskin tənqid etdi, iyulun 15-də kommunist partiyalarının rəhbərləri ÇKP MK-ya açıq məktubla müracət etdilər, iyulun 29-da Dubçek yenidən Brejnevlə görüşdü, avqustun 17-də Dubçeklə görüşən Macarıstan rəhbəri Yanoş Kadar onu vəziyyətin həddindən artıq gərginləşdiyi barədə xəbərdar etdi.

"Dunay" əməliyyatı[redaktə | mənbəni redaktə et]

1968-ci il avqustun 20-dən 21-nə keçən gecə VMT-nin 500 min nəfər canlı qüvvə və 5000 tankdan ibarət hərbi kontingenti Çexoslovakiya Sosialist Respublikasını işğal etdi. İşğaldan bir gün əvvəl Sovet İttifaqı Marşalı Andrey Qreçko ÇSSR müdafiə naziri Martin Dzuru hazırlanan aksiya haqqında məlumatlandıraraq, çexoslovak hərbi qüvvələri tərəfindən hər hansı müqavimət göstərilməməsi barədə xəbərdar etdi.

Polşadan sovet-polyak qoşun kontingenti Yablones, Ostrava, OlomouçJilina, ADR-dən sovet-alman qoşun kontingenti Praqa, Xomutov, Plzen, Karlovı Varı və nəhayət Macarıstandan sovet-macar-bolqar qoşun kontingenti Bratislava, Trençin, Banska Bistritsa istiqamətlərində yeridilmişdi. Qoşunların əsas hissəsi Sovet İttifaqı tərəfindən ayrılmışdı. Çexoslovak ordusu heç bir müqavimət göstərmədi.

Qoşunlar Çexoslovakiya Kommunist Partiyasının qurultayından bir gün əvvəl yeridilmişdi. Bu qurultayda islahatların dəstəklənməsi gözlənilirdi.

İşğalın nəticələri[redaktə | mənbəni redaktə et]

  • İşğal zamanı 72 nəfər Çexoslovakiya vətəndaşı (o cümlədən, Slovakiyada 12 nəfər) həlak olmuş, 266 nəfər ağır, 436 nəfər yüngül yaralanmışdır.
  • İşğal nəticəsində ümumilikdə 300 minə yaxın insan ölkəni tərk etdi.
  • 1969-cu ilin aprelində Aleksandr Dubçeki ÇKP MK rəhbərliyində Qustav Qusak əvəz etdi.