Pompeyin Qafqaz Albaniyasına yürüşü — Vikipediya

Pompeyin Albaniyaya yürüşü — e.ə. 66-65-ci illərdə Roma işğalçısı Qney Pompeyin Albaniyaya yürüşü.

Haqqında[redaktə | mənbəni redaktə et]

Makedoniyalı İsgəndər imperiyasının dağılması nəticəsində Yaxın Şərqdə yaranan dövlətlər arasında öz ərazilərini genişləndirmək məqsədilə çox tez-tez hərbi toqquşmalar baş verirdi. E.ə.II əsrdə Aralıq dənizi hövzəsində Roma ən güclü dövlətə çevrildi. Roma Kiçik Asiyanı zəbt etdi. Roma və Alban ölkələrini də ələ keçirmək istəyirdi.Alban ərazisini tutmaq Romaya bu ərazidən Parfiyaya zərbələr endirmək və Asiyanın daxili ölkələrinə hərəkət imkanı verirdi. Pompey Albaniya və İberiyaya hücum edərkən həmin dövlətlərin hökmdarları onu öz ərazilərinə buraxmadılar.Soyuqlar düşəndən sonra Pompey Kür vadisində qışlamağı qərara aldı.Bunun üçün o, ordusunu üç hissəyə ayıraraq üç məntəqədə düşərgə saldı.Bu ordu hissələrindən birinə Pompey özü başçılıq edirdi.Qalan hissələrə komandanlığı öz yaxın köməkçiləri Lutsi Flakka və Metell Selerə tapşırmışdı.Bu zaman alban padşahı Oroys Roma düşərgəsinə hücum etməyi qərara gəldi. Bu döyüşdə albanların 40 minlik qoşunu var idi. Beləliklə, e.ə. 66-cı ildə Kür çayı sahilində Pompey ilə Oroys arasında döyüş baş verdi. Döyüş nəticəsində Roma ordusu qalib gəldi. Kür sahilində Roma ordusunun qalib gəlməsinin səbəbi daha güclü və təcrübəli olması idi. Döyüşdən sonra Pompey Albaniya ilə sülh bağlayaraq İberiyaya doğru hərəkət etdi. Lakin albanların romalıları izləyərək onlar üçün təhlükə yaratdığına görə Pompey yenidən onlara qarşı yürüşə başladılar. Bu zaman albanlar romalıları Qanıxçay sahilində qarşıladılar. Albanların 60 min piyada, 12 min süvari qoşununa Oroysun qardaşı Kozis başçılıq edirdi. Albanlar romalıların qarşısını kəsib onları ölkənin içərilərinə buraxmaq istəmirdilər[1].

Tarixi[redaktə | mənbəni redaktə et]

E.ə 65-ci ildə Qanıxçay (Alazan) sahilində baş vermiş döyüşdə Kozis Pompeyi nizə ilə vursa da zireh onu ölümdən xilas etdi, Kozis isə onun cavab zərbəsi ilə ölümcül yaralandı. Qanıxçay döyüşü nəticəsində romalılar yenə də qalib gəldilər. Pompeyin Qanıxçay sahili döyüşündə albanlar üzərində qələbə çalmasının əsas səbəbi isə hərbi hiylə işlətməsi olmuşdu. Qanıxçay döyüşündən sonra meşəyə çəkilən albanların taleyi faciəli oldu. Beləki, romalılar meşəyə od vuraraq onları yandırdılar. Oradakı alban döyüşçüləri isə həlak oldular. Qanıxçay döyüşündə albanların qoşununun əsasını süvari dəstəsi, romalıların qoşununun isə piyada qoşun təşkil etmişdi.Bu döyüşdə romalılara qarşı alban qadınlarıda vuruşmuşlar. Hətta, döyüşdə alban qadınlarının cəsarəti romalıları heyrətə gətirmişdi. Döyüşdən sonra albanların əsas qüvvələri dağlara çəkildi. Pompey isə Alban padşahı Oroysu romalıların düşərgəsinə gəlməyi tələb etdi. Oroys isə romalıların düşərgəsinə gəlməyərək, ona məktub və hədiyyələr göndərərək sülh təklifi etdi. Pompey bu barışıq təklifini qəbul etsə də az sonra ölkənin içərilərinə doğru hərəkət etdi. Lakin Pompey Xəzər sahilinə qədər getmək məqsədindən əl çəkdi və albanlarla yenidən sülh bağladı. Pompeyin Xəzər sahilinə qədər getmək məqsədindən əl çəkməsinin və albanlarla yenidən sülh bağlamasının səbəbi aşağıdakı amillərlə bağlı idi:

  • Albanların güclü müqavimət göstərməsi
  • Yolun çətinliyi və yürüşün təhlükəli olması

Romalılar sonralar da dəfələrlə Xəzər dənizi sahillərinə yürüşlər etmişlər. Lakin müxtəlif səbəblərdən məqsədlərinə çatmayıblar. Onlar Alban ölkəsinin nominal asılılığı ilə kifayətlənməli olublar[1].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Süleyman Əliyarlı. Azərbaycan tarixi. Bakı: Çıraq. 2009. səh. 102-104.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Hindistanla Qara dəniz sahillərinə gedən ticarət yolunu ələ keçirmək Arxivləşdirilib 2018-08-31 at the Wayback Machine

Həmçinin bax[redaktə | mənbəni redaktə et]