Osman ibn Əffan — Vikipediya

Osman ibn Əffan
ərəb. عثمان بن عفان
644 – 20 iyun 656
ƏvvəlkiÖmər ibn Xəttab
SonrakıƏli ibn Əbu Talib
Şəxsi məlumatlar
Doğum tarixi 574[1] və ya 575[2]
Doğum yeri
Vəfat tarixi 17 iyun 656(0656-06-17)[2][3][…]
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti siyasətçi
Həyat yoldaşları
Dini İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Osman ibn Əffan (ərəb. عثمان بن عفان الأموي القرشي‎; 574, Məkkə – 656, Mədinə) — 644–656-cı illərdə üçüncü Rəşidi xəlifəsi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Fil hadisəsindən 6 il sonra Taifdə dünyaya gəldi. Qureyşin ən varlı tacirlərindən olan atası Əfvan cahiliyyət dövründə dünyasını dəyişdi. Anası Ərva binti Qüreyz Rəsulallahın bibisi Ümmü Hakim Bəyza binti Əbdülmüttəlibin qızıdır. Mənsub olduğu Əməvi (Üməyyə) qəbiləsinin soyu Əbdümənaf ibn Quseydə Həzrəti Peyğəmbərin nəsəbilə birləşir. Rəsuli-Əkrəmdən altı yaş kiçikdir. Gənclik dövründə atasının yanında ticarətlə məşğul olan Osman, İslamdan əvvəl Məkkənin önəmli tacirlərindən biri idi. İslami dəvətin ilk mərhələsində Əbu Bəkrin vasitəsilə Rəsulallahın yanına gedərək müsəlman oldu və ilk on müsəlman arasında yer aldı. Əşrafdan olması səbəbilə İslamı qəbul etməsi Qureyş qəbiləsi içində əks-səda doğurdu. Əmisi Həkəm ibn Əbül-As onu bağlayıb, dinindən dönənə qədər azad etməyəcəyini dedikdə ona şiddətlə qarşı çıxdı. Qərarlı olduğunu görüb əl-qolunu açmaq məcburiyyətində qalan əmisindən sonra anası da çox çalışdı, lakin onu dinindən döndərə bilmədi. Osman qısa bir müddət sonra Hz. Peyğəmbərin qızı Ruqəyyə ilə evləndi. İslamın beşinci ilində (615) xanımı ilə birlikdə ilk karvanda yer alaraq Həbəşistana hicrət etdi. Həbəşistanda doğulan və hicrətin dördüncü ilində (625) vəfat edən oğlu Abdullah səbəbilə ona Əbu Abdullah künyəsi verildi. Bir il sonra Həbəşistandan Məkkəyə qayıtdı və ardınca da Mədinəyə hicrət etdi.[6]

İslamı qəbul etdikdən sonra əvvəlcə Hz. Peyğəmbərin qızı Ruqiyyə ilə evlənmiş, 624-cü il (hicrətin ikinci ili) onun vəfatından sonra Hz. Peyğəmbərin digər qızı Ümmü Gülsüm ilə evlənmişdir. İslami mənbələrə görə bu evlilikdən sonra ona Zunnu-reyn yəni, "İki nur sahibi" ləqəbi verilmişdir. Həyat yoldaşı Ruqiyyənin xəstələnməsi ilə əlaqədar olaraq hicrətin ikinci ilində baş verən Bədr döyüşündə iştirak etməsə də, digər döyüşlərdə iştirak etmişdir.[7]

İlk iki xəlifə dövründəki fəaliyyətləri[redaktə | mənbəni redaktə et]

Rəsuli-Əkrəmin vəhy katiblərindən olan Osman, Əbu Bəkrin xəlifəlik etdiyi dövrdə də onun katibi olmuş və müşavir vəzifəsini icra etmişdir. Onun Ömər ibn Xəttabı xəlifə təyin etməsi xüsusunda müsbət rəy ortaya qoymuşdur. Ömər ibn Xəttabın məsləhətçiləri arasında yer almışdır. Onun Suriya səfərinə çıxmasına və Misirin fəthinə icazə verməsinə müxalifət etdiyi halda, fəth edilən ərazilərin fatehlər arasında bölünməyərək fey olaraq sahiblərində qalması fikrini dəstəkləmişdi.[8]

Xəlifə seçilməsi[redaktə | mənbəni redaktə et]

Hz. Peyğəmbərin vəfatından sonra Xülafəyi-Raşidin olaraq adlandırılan dövr bir çox cəhətdən önəm daşımaqdadır. Hər nə qədər dörd xəlifənin öz dövrlərindəki hadisələr ayrı-ayrı dəyərləndirildiyi zaman hər biri fərqli cəhətlərdən önə çıxsa da, Osmanın xəlifəlik dövrü bunların içərisində ayrı bir önəmə sahibdir. Çünki bi dövrdə baş verən hadisələr və bu hadisələr nəticəsində Osmanın öldürülməsi İslam cəmiyyətinin formalaşmasında nisbətən daha təsirli olmuş və hətta bəzi sahələrdəki təsirləri günümüzə qədər gəlib çatmışdır. Bu baxımdan bu dövrdə baş verən hadisələrlə əlaqədar mənbələrin diqqətlə araşdırılması həm bu dövrün, həm də İslam tarixinin sonrakı mərhələlərinin daha yaxşı anlaşılmasını həyata keçirəcəkdir.[9]

İslamın ikinci xəlifəsi olan Ömər ibn Xəttab 644-cü ildə Mədinə şəhərində sui-qəsdə məruz qaldı. Xəlifə ağır vəziyyətdə yaralanmışdı və uzun müddət həyatda qalması mümkün görünmürdü. Bu səbəbdən də Mədinə xalqından bir qrup insan ona müraciət edərək özündən sonra xəlifə təyin etməsi xüsusunda istəklərini "Ey möminlərin əmiri! Kaş ki, özündən sonra xəlifə təyin etmiş olsaydın" deyə dilə gətirdilər. Belə bir təklifin qarşılığını yerinə yetirmək Ömər üçün çox çətin bir seçim idi. Hər nə qədər Əbu Bəkrin xəlifə seçilməsində aktiv rol oynamış olsa da, bu məsələ əvvəlki ilə qiyas edilməyəcək qədər çətin idi. "Belə məlum olur ki, xəlifə öz dövründə baş verən hadisələrdən və sosial durumun dəyişməsindən yola çıxaraq cəmiyyətin artıq əvvəlki kimi rahat şəkildə idarə edilə bilməyəcəyini anlamış, özündən sonra xəlifə olacaq insanın daha çətin şərtlər altında vəzifəni icra edəcəyini hiss etmiş, bu səbəbdən də hər hansısa bir kəsi təyin etməkdən, daha doğrusu bu işin məsuliyyətini tək başına boynuna götürməkdən yayınmışdır.[10]

Ömər ibn Xəttab Məscidi-Nəbəvidə ağır vəziyyətdə yaralandığı zaman aşəreyi-mübəşşərədən həyatda olan əmisi oğlu və bacanağı Səid ibn Zeyd xaric altı nəfəri (Osman, Əli, Əbdürrəhman ibn Ovf, Səd ibn Əbu Vəqqas, Təlhə ibn Übeydullah, Zübeyr ibn Əvvam) üç gün içində aralarından bir nəfəri xəlifə seçmək üzrə vəzifələndirmişdi. Ömər ibn Xəttabın vəfatından əvvəl başlayan, lakin onun ikinci əmrilə ölümündən sonraya təxirə salınan toplantı Təlhə ibn Übeydullahın Mədinə xaricində olması səbəbilə beş nəfərlə başladı. Müzakirələrin əvvəlində Əbdürrəhman ibn Ovf, aralarından bir nəfərin xəlifəlik haqqından çəkilərək ən çox istənilən şəxsi xəlifə seçmək üzrə hakimlik etməsi təklifini irəli sürdü. Digər namizədlərin qəbul etmədiyi bu vəzifəni özü yerinə yetirdi və onların təsdiq etməsilə işə başladı. Şura üzvlərinin hər birilə uzun-uzun görüşlər keçirdi. Bundan başqa Mədinədə olan mühacir və ənsardan yüksək mənsəbə sahib olanları, həcc ziyarəti dönüşü ora baş çəkən valilər, komandirlər və şəhər kənarından gələn qəbilə rəislərilə görüşdü. Üç gün davam edən bu görüşlərin ardınca dördüncü gün sübh namazından sonra qərarını açıqlamaq üçün xalqı Məscidi-Nəbəvidə topladı. İlk öncə Əli ibn Əbu Talibi, ardınca isə Osman ibn Əfvanı çağıraraq ikisindən də Allahın kitabına və rəsulunun sünnəsinə tabe olacaqlarına, eləcə də ilk iki xəlifənin siyasətini davam etdirəcəklərinə dair təminat istədi. Əlinin "gücümün və elmimin yetdiyi qədər" şəklində cavab verməsinə qarşılıq olaraq Osmanın tərəddüdsüz cavabından sonra Osman ibn Əfvanı xəlifə elan etdiyini açıqlayaraq ona beyət etdi. Daha sonra Əli və məsciddə olan digər insanlar da beyət etdilər.[11]

Dörd xəlifənin seçilmə modellərindən ən maraqlısı üçüncü xəlifənin seçilməsi prosesidir. Osmanın seçilməsi zamanı tam olaraq məsləhət şurasının təyin edildiyinin şahidi oluruq. Bu şura üç gün ərzində məsləhətləşdikdən sonra üçüncü xəlifəni seçdi. Ömər ibn Xəttab bütün ümmətin dəstəklədiyi ədaləti ilə şöhrət tapmışdı. O, fikirləri ümumi olaraq qəbul olunan bəsirətli bir insan idi. O sui-qəsdə məruz qaldıqda, xalqın öz yerinə xəlifə təyin etməsini istəməsindən, onun təyin edəcəyi xəlifə namizədini təsdiqləyəcəyindən anlaya bilərik. Əgər belə bir şeyi edərək yerinə başqa birini təyin etsəydi, cəmiyyət tərəfindən qəbul ediləcəkdi. Onsuzda onun xəlifə namizədi olaraq təklif etdiyi altı nəfərə də etiraz edilməmişdi, lakin edəcəyi ən xırda bir xətanın, çox böyük yanlışlıqlara səbəb olacağını, nümunə ola biləcəyini bildiyinə görə təyinetmə məsələsində çox diqqətli hərəkət etdi və bu mövzuda: "Yerimə xəlifə təyin etməzsəm ki, məndən xeyirlisi – Hz. Muhəmməd – təyin etmədi, təyin edərsəm ki, məndən xeyirlisi – Əbu Bəkr – təyin etdi" – deyərək bu iki üsula da yaxın durmadı və tamamilə yeni bir üsul ortaya qoydu. Ömər əshabın: "öz yerinə oğlunu təyin et" təklifini qətiyyətlə qəbul etmədi. Beləcə xilafətin səltənətə çevrilməsinə əngəl oldu. Cəmiyyət oğlunu qəbul etsə də, Ömər ibn Xəttab, bunun səltənətə çevriləcəyindən narahat olaraq oğlunun xəlifə olmasına mane oldu. Cəmiyyətin dəstəyini almış altı nəfərin adlarını sayaraq xəlifənin bunların arasından seçilməsini irəli sürdü. Bunlar Əbdürrəhman ibn Ovf, Əli ibn Əbu Talib, Osman ibn Əfvan, Təlhə ibn Ubeydullah, Zübeyr ibn Əvvam, Səd ibn Əbu Vəqqas idi. Bunlar Hz. Peyğəmbərin onlardan razı olaraq öldüyü şəxslər idi. Ömər bu şəxsləri seçmə səbəbi olaraq: "Hz. Peyğəmbərlə döyüşməyənləri seçdim" şəklində açıqlamışdı. Bu seçim önəmli idi. Ömər ictimai vəziyyəti düşünərək bu altı nəfəri müəyyənləşdirmişdi. Bu mövqeyindən ötrü cəmiyyət tərəfindən heç bir narazılıq görmədi. Cəmiyyətin narazı olmaması qorxduqlarına görə deyil, bu şəxslərə razı olduqlarına görə idi.[12]

Osmanın bu tərzdə xəlifə seçilməsi o günə qədər görünməyən bir hadisə idi. Bildiyiniz kimi, bəni Saidə eyvanı altında (mühacir və ənsar) Əbu Bəkri xəlifə seçdi, Öməri isə Əbu Bəkr məktub yazaraq xəlifə təyin etmişdir. Belə yazırlar ki, Osman Əbu Bəkrin yazdığı məktubu müsəlmanların toplandığı yerə aparıb dedi ki, bu məktubda adı yazılmış Ömərlə beyət edəcəksiniz və onlar da qəbul etdilər, lakin altı nəfərdən ibarət şura bir növ vəkalət xarakteri daşıyırdı. Bu şura hər hansı bir nəfəri seçməli, müsəlman icması da naçar onu qəbul etməliydi. Osmanın xəlifə seçilməsi də bir dəstə səhabələrin (mühacirlərin) arasında yalnız altı nəfərin rəyi ilə həyata keçdi. Görəsən niyə belə etdilər? Öz düşüncələrinə əsasən müsəlmanların xeyrini bunda görürdülər. Mərkəzi hökumətə xələl gəlməsin deyə xilafət məsələsi tezliklə həll edilməli idi, lakin əgər xəlifə şura vasitəsilə təyin olunmalı idisə, görəsən şura üzvlərinin sayını niyə artırmadılar? Görəsən nəyə görə ənsardan bu məclisdə bir nəfər də olsun belə iştirak etməyirdi? Məgər Əbu Bəkr deməmişdi ki, ənsar vəzirdi? Xatırlamaq lazımdır ki, tarix boyu belə oxşar suallar ortaya çıxmış və bu barədə çoxlu sayda kəlami mübahisələr doğurmuşdur və bəziləri də bunlara cavab vermişlər. Bir şeyi unutmaq olmaz ki, bəzi kiçik məsləhətli fikirlər bir tərəfdən müsəlmanların xeyrinə olsa belə, digər cəhətdən böyük problemlər üzə çıxarırdı. Qeyd etmək lazımdır ki, bu problemlər ölçülüb-biçilmədən, tələsik atılan addımların nəticəsi idi. Hər halda belə bir addımın sonluğu bu nəticəni verməli idi.[13]

Səhabələrin Ömər ibn Xəttaba təqdim etdiyi digər təklif isə oğlu Abdullahı öz yerinə xəlifə olaraq təyin etməsi idi, lakin heç vaxt belə bir şeyi düşünmədiyini bildirən xəlifə, bu təklifə qarşı çıxdı və əgər müsəlmanların xəlifəsi olmaq xeyirlidirsə öz ailəsindən bir nəfərin bu vəzifəni yerinə yetirdiyini, əgər xeyirli deyilsə bir ailədən bir nəfərin qurban olmasının o ailə üçün kifayət etdiyini açıqladı. Eləcə də, bu vəzifədən günahsız bir şəkildə xilas ola bilərsə, bundan ötrü Allaha şükür edəcəyini də bildirdi.[14]

Ömər ibn Xəttab dəfn edildikdən sonra Miqdad ibn Əsvəd Ömərin ona vermiş olduğu tapşırıq səbəbilə şura üzvlərini yenidən bir yerə topladı. Şuranın ilk toplantısı Aişə xanımın evində keçirilmişdir, lakin ikinci toplantının beytülmalda, Aişə xanımın və ya Misvər ibn Məhrəmənin evində təşkil edildiyinə dair fərqli məlumatlar qeyd edilmişdir. Osmanın xəlifə seçilməsi və bu müddət ərzində yaşananlarla əlaqədar olaraq ən ətraflı məlumatlar Misvər ibn Məhrəmə (ö. 64/683) və Əbu Mihnəfin (ö. 157/773–74) nəql etdiyi rəvayətdə açıqlanmışdır. Misvər ibn Məhrəmənin nəql etdiyi rəvayətə görə Ömərin dəfn işləri tamamlandıqdan sonra Əbdürrəhman ibn Ovf şura üzvlərilə görüşdü və hər biri bu əsnada özləri haqqında danışdılar. Daha sonra Əbdürrəhman ibn Ovf: "Kim digərini seçmək üçün özünü bu məsələdən xaric edər?" — deyə soruşdu. Heç kimdən cavab gəlmədiyini gördükdə isə "Özümü və əmioğlumu (Səd ibn Əbu Vəqqas) bu işdən xaric edirəm" dedi. Bundan sonra şuranın digər üzvləri heç bir etiraz etmədən onun təklifini qəbul etdilər və minbərin yanında onun seçdiyi namizədi qəbul edəcəklərinə dair söz verdilər. Əbdürrəhman ibn Ovf xəlifə seçimində hakimlik vəzifəsini öz üzərinə götürdükdən sonra şura üzvlərinin hər biri ilə ayrı-ayrılıqda məsləhətləşməyə başladı. Osman və Əli ilə təkbətək görüşdü. Onların bu mövzudakı fikirlərini dinlədi. Əvvəlcə Əli ibn Əbu Talibə: "Əgər səndən başqa birinə beyət etsəm kimi seçərsən?" sualını verdi. Əli "Osman" cavabını verdi. Eyni sualı Osmana da verdikdə, o da Əlinin adını çəkdi. Daha sonra isə həm Zübeyr, həm də Sədlə görüşdü. Bu görüşlərin nəticəsi olaraq Zübeyr ibn Əvvam Osmana dəstəyini ifadə etdi. Ömərin vəfatından sonrakı məclisdə öz seçimini Əbdürrəhman ibn Ovfun öhdəsinə buraxdığını bildirən Səd ibn Əbu Vəqqas da Osmandan yana olduğunu açıqladı. Əbdürrəhman şuranın Mədinədə olan üzvləri ilə danışdıqdan sonra digər məşhur səhabələrlə, həcc ziyarətindən qayıdan və o əsnada Mədinədə olan komandirlərlə və qəbilə rəisləri ilə üç gün ərzində məsləhətləşmələr apardı. Ömərin müəyyən etdiyi vaxtın başa çatdığı günün səhəri Əbdürrəhman ibn Ovf Misvər ibn Məhrəmənin evinə gəldi və onu yuxudan oyatdı. Əbdürrəhman Misvərə: "Səni yatmış halda görürəm, halbuki bu gecə mən heç yatmadım. Get Osmanı və Əlini bura çağır" dedi. Misvər ilk öncə kimi çağırmasını soruşduqda, "istədiyini çağıra bilərsən" cavabını aldı. Misvər də ilk olaraq Əlinin yanına getdi və Əbdürrəhmanın onu çağırdığını söylədi. Bu zaman Əli Misvərdən Əbdürrəhmanın başqa kimisə çağırıb-çağırmadığını soruşdu. Misvər Osmanı da çağırdığını bildirdi. Daha sonra Əli ilk olaraq kimi çağırdığını soruşdu. Misvər də bu mövzuda seçimi onun ixtiyarına buraxdığını bildirdi. Misvər sonra Osmanın yanına getdi və vəziyyəti izah etdi. Əli ibn Əbu Talibin soruşduğu sualları Osman da soruşdu. Hər üçü də məscidə gəldilər. Əbdürrəhman onlara: "Sizinlə və sizdən başqa insanlarla danışdım, amma bu mövzuda ikinizə bərabər olan kiməsə rast gəlmədim." dedi. Ardınca da Əliyə üzünü tutaraq xəlifə seçildiyi təqdirdə Allahın kitabı və peyğəmbərin sünnəsinə tabe olacağına və ondan əvvəlki iki xəlifənin siyasətini izləyib-izləməyəcəyini soruşdu. Əli isə elmimin və gücümün yetdiyi qədər bunlara riayət edəcəyəm cavabını verdi. Sonra bu sualı Osmana verən Əbdürrəhman, ondan soruşduqlarına riayət edəcəyi cavabını aldı. Bu söhbətdən sonra Əbdürrəhman ibn Ovf bir dəfə də məsciddə, hər kəsin qarşısında eyni sualları verərək, eyni cavabları aldı. Əbdürrəhman Osmanın əlini qaldıraraq "Ya Rəbbi şahid ol! Boynumdakı bu yükü Osmana həvalə edirəm! deyərək ona beyət etdi. Bu qərarın ardınca orada olan mədinəlilər də Osmana beyət etdilər. Əlinin tərəddüd etdiyini görən Əbdürrəhman "Sənə beyət edənlər, şübhəsiz ki, Allaha beyət etmiş olurlar. Allahın əli onların əllərinin üstündədir. Kim beyəti pozsa, ancaq öz əleyhinə pozmuş olar. Kim Allahla etdiyi əhdi yerinə yetirsə, Allah ona böyük mükafat verər!"[15] ayəsini oxudu. Bundan sonra Əli ibn Əbu Talib insanların arasından keçdi və "Hiylə ki, nə hiylə" deyərək Osmana beyət etdi.[16]

Əvvəldə məlum idi ki, xilafət Əliyə, ya da Osmana yetişəcək, ancaq Əməvi tayfası Əlinin xəlifə olmasına razı deyildi. Şura üzvlərindən biri olan Əbdürrəhman, Osmanla qohum olduğuna görə ona tərəfdar çıxdı. Danışıqlar və get-gəllər başlandı. Sonda Əbdürrəhman Əliyə belə dedi: "Əgər sənə beyət etsəm Allahın kitabına, Peyğəmbər sünnəsinə və Əbu Bəkrlə Ömərin davranışlarına əsasən rəftar edəcəyini qəbul edirsənmi?" Aydındır ki, Əli axırıncı şərti qəbul etməmişdir. Çünki on iki il ərzində Peyğəmbər sünnəsində elə dəyişikliklər baş vermişdi ki, onlarla barışmaq olmazdı. Beləliklə də Əli ibn Əbu Talib Əbdürrəhmana belə cavab verdi: "Mən Allahın kitabına, Peyğəmbərin sünnəsinə və öz ictihadıma əsasən rəftar edəcəyəm." Əbdürrəhman bu şərti Osmana təklif etdikdə isə o, qəbul etdi və şura üzvləri onu xəlifə seçdilər.[17]

Əbu Bəkr xütbə oxumaq üçün minbərə çıxdığında Hz. Peyğəmbərimizin dayandığı pillədən bir pillə aşağıda dururdu. Ömər də xəlifə olduğu vaxt Əbu Bəkrin durduğu pillədən bir pillə aşağıda dayanırdı. Osman xəlifə olunca "Bu iş uzanacaq" deyib Peyğəmbərin çıxdığı pilləyə qalxdı. Üstəlik də cümə günü xütbə əvvəlində oxunan ilk azana bir azan da əlavə etdi.[18]

Xəlifəlik dövründə baş verən önəmli hadisələr[redaktə | mənbəni redaktə et]

Fəthlər nəticəsində varlanmaqla bərabər cəmiyyətdə rifahın artdığı Osmanın xəlifəlik dövrü, uğurlu keçən sükunət dövrü (644–649) və xəlifənin öldürülməsilə nəticələnən islam tarixinin ilk böyük fitnəsinin yaşandığı qarışıqlıq dövrü (650–656) olaraq iki hissəyə ayrılır. İlk altı il ərzində idarəetmədən bəzi şikayətlər edilməsi halları görünsə də, bunlar problemə çevrilməmişdir. Osmanın bu illərdə xalq tərəfindən sərtliyi ilə bilinən Ömərdən daha çox sevildiyi qeyd edilmişdir, lakin ikinci dövrün başlanğıcından etibarən dövlətdən ciddi şikayətlər başlandı və əvvəlki mənfi hallar da bunlara əlavə olundu. Təsirləri günümüzə qədər gəlib çatan qanlı fitnə hərəkatı bu şikayətlərlə başlayaraq Osmanın öldürülməsi və ardınca da Cəməl və Siffeyn döyüşlərilə davam etdi. Mənbələr Osmanı hədəf alan və daxili müharibələr dövrünü başladan üsyanı çox ətraflı şəkildə, amma bir-birilə ziddiyyət təşkil edən və hətta içindən çıxılmayacaq bir çox rəvayətlə nəql edilmişdir. Müsəlmanların firqələrə bölünməsinin təməlini təşkil edən bu ilk fitnə eyni zamanda İslam tarixinin ən ixtilaflı məsələsi olma özəlliyini daşımaqdadır.[8]

Osmanın xəlifə olduğu dövrdə İslam ordusunun İranın içərilərinə doğru sürətlə irəlilədiyi bilinməkdədir. Bu dövrdə İsfəhan, Həmədan, Kirman, Ərməniyyə, Gürcüstan, DağıstanAzərbaycan, Arran bölgəsilə Tiflis alınaraq İranın fəthi tamamlandı. Osman Ərdəbil mərkəz olmaqla Azərbaycanın müxtəlif şəhərlərinə hərbi birləşmələr yerləşdirdi. Digər tərəfdən isə İrana qarşı edilən səfərlər Bəhreyndən dəniz yolu ilə davam etdirildi. Bu yolla da İstəxrin ardından bölgənin digər şəhərləri müsəlmanların idarəsi altına keçdi və Bəlficistanın sahil bölgəsinə qədər genişləndi. 651-ci ildə bütün İran İslam hakimiyyəti altına daxil oldu. Hicrətin 31-ci ilindən sonra isə (652) bugünkü Əfqanıstan sərhədləri içərisində olan Bəlx, Herat, Nişapur, Tus kimi önəmli şəhərlərdən ibarət Xorasanın fəthi üçün ilk addımlar atıldı və bu şəhərlər də qısa bir müddət ərzində ələ keçirildi.[19]

Osman hicrətin 23-cü ilinin sonları və 24-cü ilinin əvvəllərində (644) xəlifə olması ilə üç önəmli məsələni üzərinə götürmüş oldu:

1) Dövlət quruluşunun tənzimlənməsi və onun inkişafı;

2) Fəthlər və Bizansın İskəndəriyyəyə hücumu;

3) İranda Rey, Həmədan və İstəxr xalqlarının, Azərbaycan və Ərməniyyə üsyanları;

İranın adları çəkilən bölgə xalqları ilə Azərbaycan və Ərməniyyə əhalisi vergiləri ödəməkdən boyun qaçıraraq üsyan təşkil etdilər. Osman həm baş verən üsyanları yatırtmaq, həm də İskəndəriyyəyə hücum edən Bizans ordusuna qarşı çıxmaq məcburiyyətində qaldı. Hər iki tərəfdə baş tutan hərbi mübarizədə də qalib gəldi. Osman dövründəki fəthlər xüsusilə iki yöndə, ŞərqdəQərbdə həyata keçirildi. Şərqdə və Qərbdə əldə edə biləcəyi və ya əldə etməsi labüd olan yerə qədər irəliləməyi bacardı. Daha da irəli gedə bilməzdi. Çünki daha çox irəli getsə belə bu müəyyən zamana qədər davam edəcəkdi və ya geri çəkilmək məcburiyyətində qalacaqdı. Fütuhat nəticəsində dövlətin sərhədləri genişləndi və ən üstün həddə çatdı. Asiyada Türkistan, Rusiya, ÇinAnadoluya, Afrikada Şimal-Qərbi Afrika (Məğrib), Avropada isə İspaniyadan PortuqaliyaFransa sərhədlərinə qədər genişləndi.[20]

Qurani-Kərimin çoxaldılması[redaktə | mənbəni redaktə et]

Ömər və Osmanın xəlifəlik dövrlərində artan fəthlərlə İslam coğrafiyasının genişlənməsi ilə xüsulilə ərəblərin xaricindəki müsəlmanlar, öz yurdlarındakı görkəmli səhabələrin səhifələri (əlyazmaları) və qirayəti ilə Quranı öyrənib oxuyurdular. Bu vəziyyət davam edərkən " yeddi hərif " icazəsinə və Ərəb dilinə bağlı olaraq meydana gələn tələffüz fərqliliklərini dəyərləndirməyənlər bunu əsas səbəb kimi gördülər və buna görə də ciddi mübahisələr başladı. Hətta " mənim qirayətim sənin qirayətindən yaxşıdır" deyənlər də olurdu. İxtilafları və mübahisələri görən Osman, məsələni başda Übey ibn Kəb olmaqla məsləhətçilərinə danışdı. Sonra Xəfsənin (Hz. Muhəmməd peyğəmbərin xanımı olmuşdur) əlindəki Əbu Bəkrin əlyazmalarını ondan istəyərək çoxaltmağa və mərkəzlərə göndərməyi qərar aldı. Çoxaltma işində Zeyd ibn Sabitin topladığı heyətə tapşırıq verdi. Köməkçilərlə birlikdə sayı on ikiyə çatan heyətə Abdullah ibn Zubeyr, Səid ibn As və Əbdürrəhman ibn Haris ibn Hişam da tapşırıqlandırıldı. Xəlifə yazıda mübahisəli məsələ olanda Qurani-Kərimin nazil olduğu Qureyş qirayətini əsas götürmələrini tapşırdı. Heyətin çalışması 25–30/646–651 illər arasında tamamlandı və orijinal nüsxə alındı. Bu səy ilə çoxaldılan yeddi Quran nüsxəsi Məkkə, Kufə, Bəsrə, Şam, YəmənBəhreynə göndərildi, biri də Mədinədə saxlanıldı. Qurani-Kərimin çoxaldılmasında əsas iki məqsəd vardı. Birincisi surələrin sıralanması, ikincisi isə fərqli oxumaların qarşısını almaq.

Şurta-Polis təşkilatı[redaktə | mənbəni redaktə et]

Osmanın və Əlinin dövlət başçısı olduqları dövrdə dövlət idarəsində önəmli işlər həyata keçirilməsə də, polis təşkilatı və həbsxana quruldu. Fey və maaşların ədalətli şəkildə bölüşdürülməsinə, vergilərin toplanmasına dair önəmli tədbirlər həyata keçirildi. Vilayətlər və əyalətlərin yenidən qurulmasına önəm verildi.[21]

İslam ölkələrində şəhərlərdə, bölgələrdə təhlükəsizliyi və əsayişi qorumaq üçün qurulan təşkilata Şurta deyilir. Qədim İslam tarixi mənbələrində ilk dəfə şurta təşlikatının başçısı olan " sahibuş-şurta " təyin edənin Osman olduğu, Qureyşli Abdullah ibn Qunfuz Ət-Teym şurtanın başına təyin edildiyi qeyd olunur. Xəlifə Osman dövründə mərkəz Mədinədə, başqa böyük şəhərlərdə də "sahibuş-şurta" ünvanlı adamlar vəzifələndirilmişdir. Misir sahibuş-şurtası Abdullah ibn Səd, Kufə sahibuş-şurtası Abdurrəhman ibn Huneys Əl-Əsədi. Bəsrə sahibuş-şurtası isə Zeyd ibn Cəbələ idi. Şurta əsayişi qorumaq, günahkarların axtarılıb-tapılması, cəzalandırma işlərinin yerinə yetirilməsi ilə məşğul olurdu.

Məkkənin Qızıldəniz limanının yerinin dəyişdirilməsi[redaktə | mənbəni redaktə et]

Şuayb limanı qədimdən bəri cahiliyyə dövründə Məkkənin sahil çıxışı (limanı) idi. Məkkəlilər 26/646-cı ildə xəlifə Osmanın yanına gəlib Məkkənin Qızıldəniz sahili limanının Şuaybdan Ciddəyə köçürülməsini istədilər. Xəlifə vəziyyəti yerində araşdırmaq üçün yanına beş-altı adam götürərək Ciddəyə getdi. Buranı çox bəyəndi. Dənizə girdi və yuyundu. Sonra da Ciddədən ayrılıb Mədinəyə getdi. Bundan sonra Şuayb yerinə Ciddə liman olaraq istifadə edildi.[18]

Baş verən narazılıqlar[redaktə | mənbəni redaktə et]

Osman xəlifəliyə keçdikdən sonra öz qəbiləsindən olan insanları dövlətdə yüksək vəzifələrə gətirdi. Onun bu addımı İslam topluluqları arasında narazılığa səbəb oldu.

Kufə[redaktə | mənbəni redaktə et]

Xəlifə Osmanın dövründə ən çox vəli dəyişiyliyi Kufədə olmuşdu. Onun dövründə sıra ilə Müğirə ibn Şubə, Sad ibn Əbu Vaqqas, Valid ibn Üqbə və Səid ibn As bu şəhərdə vəli olmuşlar.

Səid ibn As sələfi Valid kimi Kufə xalqına xoş münasibətlə yanaşırdı. Şəhərin qabaqcıl adamları ilə tez-tez söhbət edər, vacib məsələlərdə istişarə (müzakirə) edirdi. Vəlinin xalqla bu formada əlaqəli olması onun özünə qarşı oldu. Bir gün vəli, şəhərin əşrəfi ilə söhbət edərkən orada olanlardan biri Kufədə geniş ərazisi olan Təlhə ibn Ubeydullahın comərdliyindən və xalqa etdiyi yaxşılıqlardan bəhs etdi. Səid də əgər o qədər torpağı olsa özünün də belə comərd davrana biləcəyini və hər kəsi rahat etdirə biləcəyini söyləyincə, yığınacaqda olan Abdürrəhman ibn Xürbeyş bu torpaqların valinin olmasını dilədiyini ifadə etdi. Kufənin qabaqda gələnləri də necə olur öz mülklərinin vəliyə aid olmasını istəyir deyərək Abdürrəhmanın üzərinə getdilər. Vəli nə qədər çalışsa da öz sarayında meydana gələn bu hadisəni qabaqlaya bilmədi. Döyülən şəxsin qohumları vəlinin adamları bizi döydü deyə sözlər söyləməyə başladılar. Abdürrəhmanın Əsəd qəbiləsindən olması səbəbi ilə, bu hadisə adı keçən qəbilə mənsublarının hamısının xəlifəyə qarşı olmasına əsas verdi.

Sələfi Valid kimi Səid də xalqla dialoq qurmaq məqsədilə tərtib etdiyi bir yığınacaq nəticəsində müşkül vəziyyətə düşdü. Kufədəki müxaliflərin də səyi ilə şəhər hər zaman hadisələrin baş verə biləcəyi vəziyyətə gəldi.

Mədinə[redaktə | mənbəni redaktə et]

Dövlətin mərkəzi olan Mədinədə də idarəçilik barədə narazılıqlar ortaya çıxdı. Əvvəla bölgələrdə meydana gələn qarışıqlıqların fakturası Mədinəyə, yəni xəlifə Osmana dayanırdı. Valid ibn Üqbənin, Abdullah ibn Sədin etdikləri xəlifəyə aid edilir, onları təyin etmiş olmasına görə Osman günahlandırılırdı.

Mədinədə xəlifənin ən çox tənqid olunduğu məsələ, Əməvi ailəsinin istəklərini yerinə yetirməsi və dövlət siyasətini onların istəyinə görə təyin etməsidir. Bəni Üməyyə qabaqcılları xəlifəyə pis təkliflərdə tapılırdılar, onun şəxsiyyətindən çox öz mənfəətlərini güdürdülər. Təcrübəsiz, ehtiyatsız və həris bir kişi olan Mərvanın da Hz. Osmanın katibi olaraq təyin edilməsi və onun da xəlifəni müşkül vəziyyətə salacaq rəftarlar göstərməsi, Mədinə xalqını çox narahat etmişdir.[22]

Axırda da üsyançılar Misir, Kufə və Bəsrədən Mədinəyə gəlib xəlifəni hakimiyyətdən kənarlaşdırmağa cəhd etdilər. Misirdən gələnlər Hz. Əlinin, Bəsrədən gələnlər Təlhənin, Kufədən gələnlər isə Zübeyrin yanına gedib, xəlifə olmalarını təklif etdilər, amma bu şəxslərin üçü də təklifi qəbul etməyib, getmələrini istədilər, lakin bunlar fikirlərindən dönmədilər. Bu da anarxiyaya gətirib çıxardı. Xəlifə Osmana hakimiyyətdən çəkilməyi təklif etdilər. O da razılaşmadı. Üsyançılar Osmanın evini mühasiyəyə aldılar, içəri su belə vermədilər. Hz. Əli oğullarından Hz. Həsən və Hz. Hüseyni Osmanı qorumaq üçün göndərdi, ancaq bu da kömək etmədi. Onlar evi tutub mühafizləri də yaraladılar və xanımı Nailə xəlifəni qorumaq üçün əlini qabağa verdi, barmaqları kəsildi. Bununla da müsəlmanların xəlifəsi şəhid edildi. Yaşı doxsana yaxın xəlifə cümə günü haqqın rəhmətinə qovuşdu.

Beləliklə, müsəlman aləmində daxili müharibənin əsası qoyuldu. Bundan sonra qətl edilən xəlifəyə "Açılan qapı" deyildi.[23]

Xarici siyasəti[redaktə | mənbəni redaktə et]

Osman ibn Əffanın zamanında Xilafət, 655-ci il

Şimali Afrikanın fəthi (648)[redaktə | mənbəni redaktə et]

648-ci ildə Misir valiliyindən Əmr ibn Ası kənarlaşdıran xəlifə Osman onun yerinə süd qardaşı Abdullah ibn Səd ibn Sərəhi təyin etdi. Daha öncə 646-cı ildə Şimali Afrikaya vali təyin edilən Abdullah bəzi yerləri alaraq illik vergi bağlamışdır. Misirə vali təyin olunduqdan sonra xəlifədən icazə alaraq Şimali Afrikaya keçmiş və köməkçi qoşun istəmişdir. Buna əsasən xəlifə Osman əshabın seçilənlərindən Abdullah ibn Abbas, Abdullah ibn Zübeyr, Abdullah ibn Ömər və Abdullah ibn Əmrin olduğu ordunu Abdullah ibn Sədə köməyə göndərdi. Bərqaya gələn ordu burada Uqbə ibn Nafe ilə birləşdi. Oradan Trablusqərbə (Tripoli) gələn İslam ordusu burada Bizans valisi Qreqorsun hazırladığı ordu ilə Subeytilada qarşılaşdı. Abdullah ibn Səd əvvəlcə Qreqorsu İslama dəvət etmiş, qəbul etməsə cizyə verməyi, bunu da qəbul etməsə müharibə edəcəyini bildirmişdir. Qreqors bu təklifləri rədd etdikdə iki tərəf arasında müharibə başlamış və Bizanslı sərkərdənin ölümü ilə İslam ordusu qalib gəlmişdir. Bu qələbədən sonra Subeytila da müsəlmanlar tərəfındən fəth edilmişdir.[24]

Anadolu ərazisinə səfər[redaktə | mənbəni redaktə et]

Xəlifə Osman başında Muaviyyə, İbn Səmit və Xalid ibn Zeyd kimi səhabələrin də yer aldığı bir ordu ilə Bizansa qarşı səfərə çıxdı. Əntakiyə və Təsusdan keçəndə qalaların başsız olduğunu görüb SuriyaƏlcəzair əskərlərindən bir qrupunu ora yerləşdirdi və özü geri döndü. Bu səfərdə indiki Şərəfliqoçhisar şəhərinə çatdılar və ora işğal olundu.

İyad ibn Qam, daha öncə Həbib ibn Məsləməni Malatyaya göndərdi və o da bu şəhəri fəth etdi, lakin şəhər bir müddətdən sonra itirildi. Muaviyyə Həbib ibn Məsləməni şəhərə yenidən göndərdi. Şəhər təkrar tutuldu. Sonra Muaviyə özü Malatyaya gedərək, şəhərin uyğun görülən yerlərinə Suriya, Əlcəzair və digər bölgələrdən gələn Əsəd, Qeys kimi qəbilələrdən toplanan əsgərləri yerləşdirdi.[18]

İran torpaqlarındakı fəthlərin tamamlanması[redaktə | mənbəni redaktə et]

Osmanın dövründə Təbəristan və ətrafı, Səid ibn As tərəfindən fəth edildi. Bu fəthlər zamanı Hz. Əlinin iki oğlu HəsənHüseyn, Abdullah ibn Abbas, Amr ibn As, Zübeyr ibn Avvamın da orduda olduğu bildirilir. Gürgan məliki də Səid ibn Asdan sülh istəməyə məcbur olmuş, illik 200.000 dirhəm vergi ödəməyi öhdəsinə götürmüşdür[25]. Arxasınca Rey, Həmədan, Kirman bölgəsi, Nişapur, Tus, Mərv, Herat, Sicistan, Kabil, Bəlh və İstəxr fəth edildi. Bu şəhərlərin tutulması ilə birlikdə Bəsrə körfəzinin şərq hissələri İslam hakimiyyəti altına düşmüş oldu. Osmanın Bəsrə vəlisi qoyduğu Abdullah ibn Əmr yerinə Ziyad ibn Əbihi buraxaraq şərqə doğru irəlilədi. Onun sərkərdələri Əhnəf ibn Qeys 31/652-ci ildə, Kirman və Təbəseyn yolu ilə girdiyi Xorasandan Toharistana qədər uzanan torpaqları ələ keçirdi. Nişapuru tutdu və burada Xorasanın ilk məscidini tikdirdi. İrana qarşı edilən yürüşlər Bəhreyndən dəniz yolu ilə də edilirdi. Mərv şəhərinə qaçmağa məcbur olan Sasani şahı III Yezdəgirdin 31/651-ci ildə öldürülməsiylə Sasani imperiyası dağıldı və ərazisi İslam hakimiyyətinə keçdi.[18]

Kiprin fəthi (653)[redaktə | mənbəni redaktə et]

Suriya valisi Müaviyə ibn Əbu Süfyan xəlifə Ömərin dövründə dəniz donanması yaratmaq istəsə də Ömər buna razı olmamışdır. Xəlifə Osmanın dövründə isə onun razılığı ilə Müaviyə ibn Əbu Süfyan Suriya sərhədlərində dəniz donanması yaratdı. 648-ci ildə Osmanın dövründə Müaviyə Kipri fəth etmək üçün icazə istəmiş və Osman buna razılıq vermişdir. Müaviyə ilə Misir valisi Abdullah ibn Səd gəmiləri hazırlayıb Kipr üzərinə hərəkət etdilər. 649-cu ildə edilən bu səfərdə Kipr fəth edilməsə də illik vergi verməyə razı olmuşdur. 653-cü ildə edilən səfərdə isə müsəlmanlar Kiprlə yanaşı Radosu da ələ keçirmişlər.[24]

Orta Asiya ərazilərinə axınlar[redaktə | mənbəni redaktə et]

Bəsrə vəlisi olan Əbu Musa Əl-Əşari Osmanın xilafəti dövründə vəzifədən uzaqlaşdırıldı. Bu insan xəlifə Ömər tərəfindən vəli təyin olunmuşdu, amma şikayətlərin ardı-arası kəsilmədikcə, xəlifə bu dövlət adamını işdən kənarlaşdırdı, yerinə Əmir oğlu Abdullahı qoydu.

Abdullah vəli olandan sonra Orta Asiyada Ömər zamanında fəth edilməyən bəzi yerlərə səfərlər etdi və Təbəristan, Gürgan və Xorasan ərazilərini tutdu. Bir yandan Abdullah ibn Amirin Kabil adlı sərkərdəsi Sicistan, Nişapur, Əsfərain kimi torpaqları almışdır.

Yelkənlər döyüşü (655)[redaktə | mənbəni redaktə et]

Müsəlmanlar Bizansı Şimali Afrika, Kipr və Anadoluda sıxışdırdığından Bizans imperatoru müsəlmanların dəniz donanmasını yox etmək üçün böyük bir donanma hazırlayıb Ağ dənizə Suriya və Misir sahillərinə göndərdi. Bu donanmanın gəmilərinin sayı beş yüzdən çox olduğu və dəniz üzərində yelkən meşəsi meydana gətirdiyi üçün bu döyüşə "əs-Səvari" yəni Yelkənlər döyüşü deyilmişdir. Bizans donanmasının başında imperator Konstantin, İslam donanmasının başında isə Abdullah ibn Səd dururdu. Baş verən döyüşdə Bizans donanması məğlub olmuş və imperator yaralanmışdır.[26]

II Bələncər döyüşü (653)[redaktə | mənbəni redaktə et]

Azərbaycana ilk basqından sonra (639-cu il xəlifə Ömərin dövründə) 646-cı ildə Arrana hücum edən islam ordusuna sərkərdə Salman ibn Rəbiə başçılıq edirdi. Onun ordusu Naxçıvandan çıxaraq ŞəkiGorus istiqamətində hərəkət etdi. Arran ərazisinə daxil olub Beyləqanı fəth edən islam ordusuna yerli əhali cizyə və xərac verməyə razı oldu. Beyləqanın fəthindən sonra Bərdəyə gələn müsəlmanlar Tərtər çayı sahilində düşərgə saldılar. Bərdə əhalisi bir neçə gün müqavimət göstərsə də sonda xərac və cizyə vermək şərtilə müqavilə bağladı. Şəmkirin fəthindən sonra şərq istiqamətində hərəkət edən müsəlmanlar bir-birinin ardınca Qəbələni, Şəkini, Şirvanı, Şabranı da fəth edərək əhalini xərac və cizyə verməyə razı etdilər. Sonra Dərbəndə yetişən müsəlmanlar Xəzərlərlə üz-üzə gəldi. 653-cü ildə İslam ordusu ilə Xəzərlər arasında baş verən II Bələncər döyüşündə də müsəlmanlar məğlub oldu və sərkərdə Salman ibn Rəbiə öldürüldü.[26]

Fəthlərin nəticəsi[redaktə | mənbəni redaktə et]

Fəthlər nəticəsində ələ keçirilən torpaqlarda həyata keçirilən tədbirlər də araşdırılarsa, fəthlərin məqsəd və hədəfinin bilinməsi baxımından aydın olacaqdır. Fəth edilən torpaqların xalqlarına üç cəhətli döyüş hüququ tətbiq edildi. Fəth edilən torpaqların sahiblərinə "müsəlman olma, cizyə ödəmə və döyüş" şəklində üç təkliflə müraciət edildi. Əslində döyüş ənənəsi olaraq düşmənin bütün mallarının yağmalanması, qəsb edilməsi, insanların əsir götürülməsi və ya öldürülməsi dövrü kimi xarakterizə olunan həmin dövrdə bu üç təklifdən daha məqbul bir təklif ola bilməzdi. Bu şərtlərin ikincisi olan cizyə, bəlkə də iqtisadi bir hədəf olaraq göstərilə bilər, amma İslamın yayılmasındakı ən önəmli təsirlərdən biri məhz hərbi və ya can vergisi kimi bilinən cizyə idi. Əslində cizyə dəvətin başlanğıcı hesab edilirdi. Dəvət zamanı əsl məqsəd maddi qazanc deyildi. Cizyə bəlkə də bir vasitə idi. Cizyə sayəsində təhlükəsiz şəraitdə bir yerdə yaşamaq başlayır və İslam digər din mənsublarına tanıtdırılırdı. Müharibə əsnasında isə bu qeyri-mümkün idi. Cizyəni yaşlılar, uşaqlar, qadınlar, xəstələr və rahiblər ödəmirdi. Yalnız döyüşə bilən və əli silah tutan kişilər ödəməyə məcbur idi. Orduya əsgər verənlər – Azərbaycan ərazisindəki ermənilər kimi – bu vergidən azad edilirdilər. Məcburi əsgərliklə müqayisə olunduğu zaman bu vergi çox az hesab olunurdu. Cizyə bu mənada maddi bir yük deyildi. Onsuzda cizyənin miqdarı müsəlmanlar bölgəyə gəlməmişdən əvvəl zimmilərin Bizansa ödədikləri vergidən az idi. Nisbət olaraq müsəlmanların zəkatı qədər olması, məsələnin əsasının iqtisadi olmadığını açıq şəkildə göstərməkdədir[27].

Osman ibn Əfvan haqqında irəli sürülən tənqidlərin başında, onun dövlətin ən önəmli idarəetmə və hərbi işlər üzrə vəzifələrə öz yaxın qohumlarını təyin etməsi gəlir. Həqiqətən də xəlifəlik vəzifəsini icra etməyə başladığı ilk vaxtlardan etibarən ailəsinin də təlqinlərilə müxtəlif səbəblərdən Misir, Kufə, Bəsrə kimi önəmli strateji əyalət valilərini vəzifədən azad edərək, onların yerinə Bəni-Üməyyədən olan şəxsləri təyin etmişdir.[28]

Dörd xəlifə dövrünün fəthləri İslam tarixinin ən əhatəli fəth hərəkatlarının başlanğıcını təmsil edir. Bu fəthlərdə müsəlmanlar üçün "müqəddəs döyüş" olaraq əlaqələndiriləcək dini bir döyüş anlayışı yoxdur. Yəni müsəlmanların fəthlərində teolojik mənada "dini döyüş" məfhumu müzakirə mövzusu deyildir. Müsəlmanlar iştirak etdikləri hər bir döyüşü "Allah yolunda döyüş" olaraq adlandırmışlar. Müsəlmanlar özlərinə hücum edənlərə qarşı müdafiə olunarkən və ya özlərinə görə təhlükəli gördükləri bir hədəfi yox etməyə qərar verdikləri zaman bunu "Allah yolunda cihad" deyə qəbul etmişlər.[29]

Osman şərtləri qəbul edərək müsəlmanların xəlifəsi oldu. Ancaq xilafət ilk günlərdən Peyğəmbər səhabələrinin bir dəstəsinin narazılığı ilə üzləşdi. Ömərin oğlu Ubeydullah, Əbu Lölönün Öməri qətlə yetirdiyi xəncəri əlində tovlayaraq müsəlman olmuş iranlı əsir Hörmüzan və Cufeynə Nəsrani ilə bir yerdə olması xəbərini eşitmişdi. Ubeydullah öz başına Hörmüzanın yanına gedərək onu öldürür. Sonra isə Cufeynəni qətlə yetirir. Nəhayət Əbu Lölönün evinə gedərək onun qızını öldürür. Təbiidir ki, Peyğəmbərin sadiq səhabələri belə yaramazlığa göz yuma bilməzdilər. Osmanın xilafətinin ilk günlərində xəlifədən Ubeydullahı qanunsuz olaraq adam öldürməsinə görə cəzalandırmasını istədilər. Qocalığı ilə mülayimləşən yumşaq təbiətli Osman, hakimiyyətin ilk başlanğıcında onun boynunda böyük haqqı olan bir şəxsin oğlunu öldürmək istəmirdi. Həmçinin öz qohum-qəbiləsinin tərəfini saxlayaraq belə dedi: "Heç rəvadırmı ki, dünən atasını bu gün də onun (Ömərin) oğlunu öldürsünlər. Mən Ubeydullahın yerinə beytül-maldan qan bahasını ödəyirəm." Osman zahirdə bu ictihadı ilə bir müsəlmanı ölümdən xilas etdi, lakin bir dəstə səhabə Osmanın İslam qanunlarını pozaraq Allahın təyin etdiyi müəyyən cəza tədbirlərini yerinə yetirmədiyini gördülər. O məclisdə iştirak edənlər İslam hökmlərinin icrası zamanı ayrı-seçkilik etmək, qəti ilahi hökm müqabilində şəxsi təfsir və ictihada istinad etməklə razılaşa bilməzdilər. Ubeydullahın cəzasız qalmasının İslam fiqhi baxımından münaqişə doğurması çox əhəmiyyət kəsb etməsə də, ictimai quruluşu həddindən artıq sarsıtdı. Əgər iş bununla qurtarsaydı Osmanla müxalif olan dəstənin gələcəkdə onunla müvafiq olan dəstənin sırasına qoşulmaları mümkün olardı, lakin təəssüflər olsun ki, xəlifənin müşavirləri (Əməvilər və Qüreyş), yəni Ömərin sərt nəzarəti altında olanlar get-gedə ölkənin idarə olunmasına və siyasi işlərinə qarışmağa başladılar. Onların bu dəxaləti ənsarın siyasi səhnədən uzaqlaşması ilə nəticələndi. Osmanın Ömər tərəfindən təyin edilmiş vali və hakimləri vəzifələrindən çıxarmayacağını qəbul etməsinə baxmayaraq, çox keçmədən onların hamısını işdən kənar edərək yerlərinə öz qohum-əqrəbasını təyin etdi. Görəsən bu iş onun öz istəyi, yoxsa onun Əməvi qəbiləsindən olan müşaviri Mərvanın təklifi ilə baş vermişdir? Allah bilir! Ancaq bir şey aydındır ki, iş başına gələnlər arasında dini, siyasi və iqtisadi təqvaya malik olmayan şəxslər də var idi.[30]

Osman ibn Əffana suiqəsd[redaktə | mənbəni redaktə et]

Xalqın arasında Osmanın xilafətinə qarşı olanlar əlbəttə ki, kifayət qədər idi. Qarışıqlıq dövründə ortaya çıxan bəzi problemlərin kökünün sükunət dövrünə (ilk altı ilə) qədər gedib çıxdığı belə söylənmişdir. Dövlətin güclü olduğu ilk zamanlarda etiraz səsləri cılız görünürdü. Osmanın qarşısında həll edilməsi vacib olan problemlərin başında Ömərin şəhid edilməsi, başlı-başına problem idi/edilmişdi. Ömərin zaman-zaman məsləhətləşdiyi İran əsilli dövlət adamı Hörmüzan haqqında sui-qəsdi təşkil etdirdiyi şayələri yayılmışdı. Üstəlik Ömərin oğlu Ubeydullah atasının intiqamını almaqdan ötrü Hörmüzanı öldürmüşdü. Burada maraqlı olan nüans Osmanın ən böyük siyasi rəqibi Əli ibn Əbu Talibin Hörmüzanın qatili olan Ubeydullahın qisas hökmünün yerinə yetirilməsini tələb etməsi idi. Osman isə öz cibindən onun diyəsini ödəyərək hadisəni bağlamaq yolunu seçmişdi, amma Osmanın bu həll yoluna əl atması ictimaiyyəti kifayət qədər razı salmamışdır ki, qarşıdakı illərdə etirazlara səbəb olmuşdu. İlk illərdə Osmana qarşı ciddi müxalifət edilmədiyini qeyd etmişdik, amma xüsusilə sərhəd bölgələrində xarici qaynaqlı olduğu məlum olan bir sıra çıxışlar olmuşdu. Bu üsyan və çıxışlar yeni fəth edilən yerlərdə artmışdı. Məsələn, İskəndəriyyə xalqı Bizansın təşviq və təhrikiylə ayağa qalxmışdı. Misirin qüdrətli valisi Əmr ibn As, Misirin yerli xalqı olan qibtilərlə qurduğu güclü ittifaq sayəsində çıxışları asanlıqla yatıra bilmişdi. Bizans İmperiyası bu çıxışları açıq şəkildə dəstəkləmişdi. Yenə şərq sərhədləri boyunca oxşar hadisələr baş vermişdi. Sasani/İran şahı Yezdəgirdin təhrik və təşviqiylə Rey xalqı ayağa qalxmış və Səd ibn Əbu Vəqqas tərəfindən üsyan yatırılmışdı.[31]

Sələfi Ömər ibn Xəttab (13–23/634–644) tərəfindən hər cəhətilə mükəmməl bir dövlət idarəsini öhdəsinə götürən Osman ibn Əfvan, iqtidarının ilk altı ilində bu mükəmməlliyi mühafizə edə bilmişdi, amma müxtəlif səbəblərdən ikinci altı il, Osman baxımından heç də uğurlu olmamışdır.[32]

İlk tarixçilər və tarixi qaynaqlar Osman dövrü hadisələrinə önəmli yer vermişlər. Əbu Mihnəf Lut ibn Yəhya, Məhəmməd ibn Ömər (Vaqidi) və Seyf ibn Ömərin rəvayətlərilə, Əbu Cəfər Məhəmməd ibn Cərir ibn Rüstəm (310 /922) (ət-Təbəri), "Tarixur-Rəsul vəl-Mulk" (1964, I–VI), Əbu Abdullah Məhəmməd ibn Səd (230/844), "əl-Təbəqatul-Kubra" (Beyrut 1957, III), Əhməd ibn Yəhya, Cabir (279/892), "Ənsabul-Əşraf" (Yerüsəlim 1936, V) kimi ilk tarixi qaynaq sahibləri Osmanın xilafəti zamanında (23–35 /644–656) meydana gələn hadisələrdən təfsilatı ilə bəhs etmişlər, lakin bu mənbələrdə qeyd edilən xəbərlər və ravilər hadisələri, hətta tək bir hadisəni belə çox fərqli şəkildə nəql etmişlər. Bir başqa deyimlə bu dövrün hadisələrilə əlaqədar xəbərlər, xəbər verənlərin siyasi ideallarına, dünyəvi təmayüllərinə görə müxtəlif cür təzahür etmişdir.[33]

Bildiyiniz kimi, Osmanın ağır günlərində Əli onu himayə etmiş və onların iddiasının əksinə olaraq heç də onun əleyhinə döyüşə qalxmamış, qiyamçılara heç bir köməklik göstərməmişdir. Bu töhmət Əməvilərin qəlbində bəni Haşimə qarşı dərin kök salmış tarixi nifrətdən başqa bir şey deyildir. Çünki Peyğəmbər (s) Üməyyə övladlarından deyil, yalnız bu qəbilədən çıxmışdır. Onlar Osmanın ölümündən sonra xəlifənin bəni Haşim tayfasından seçilməsinə davam gətirə bilməzdilər. Burada sadəcə olaraq bir söz deyə bilərik ki, bə’zi qəbilə və tayfa başçıları digər qəbilələrlə olan düşmənçiliklərini də unutmamışdılar. Yalnız müvəqqəti olaraq başları ayrı işə qarışdığından ona çox əhəmiyyət vermir, fürsət tapan kimi yenidən keçmiş adət-ən’ənələrinə qayıdırdılar.[34]

Kufəlilərin narazı olma səbəbləri arasında ilk sıranı xəlifənin birbaşa olaraq özünün həyata keçirdiyi bəzi işləri tutmaqdadır. İslam dövlətinin digər bölgələrində olduğu kimi Kufədə də bəzi qruplar xəlifəni öz qohumlarını önəmli vəzifələrə təyin etdiyinə görə tənqid edirdilər. Osman təsadüflərlə izah edilməyəcək bir şəkildə, xəlifəliyinin ilk illərindən etibarən Üməyyə oğulları qəbiləsinə mənsub olan kəsləri vali olaraq təyin etdi və on iki illik xəlifəliyi müddətində sələfi Ömərin vəsiyyətinə tabe olaraq iş başına gətirdiyi Səd ibn Əbu Vəqqas və Əbu Musa əl-Əşəri xaric, əyalətlərdən heç birinin valilik məqamını Bəni-Üməyyədən başqa şəxslərə vermədi. Adı keçən bu iki şəxsin təyininin Ömərin vəsiyyətinə görə gerçəkləşdirildiyini nəzərə aldığımızda, Osmanın bunlardan başqa hər hansısa bir kəsi vəzifə başına gətirməsindən danışmaq olmaz.[35]

Osmanı tənqid edən və ona müxalif olanların arasında ən üst sırada Əli ibn Əbu Talib dayanırdı. Osmanın Əli kimi dost müxalifinin olması onun üçün bir şans idi. Əli onun üçün səmimi bir dost və nəsihət verən sayılırdı. Əlinin müxalifəti dağıdıcı yox, hər zaman qurucu xarekter daşıyırdı. Əslinə qalanda isə Osmanın əsl şanssızlığı Mərvan, Müaviyə, Vəlid və İbn Əbi Sərh kimi dostlara sahib olması idi.[36]

Hicrətin 35-ci ilinin Rəcəb ayında (656) Misirdən bir heyət validən şikayət etmək üçün Mədinəyə gəldi. Osman şəxsən özü və ya Əlinin də daxil olduğu geniş bir heyətlə dinlədi. Özünə yönəldilən itdihamlara cavab verib, bəzi göstəriş verdiyi işlərin də səhv olduğunu qəbul etdi. Qənimətlərin bölüşdürülməsi ilə bağlı şikayətlərini haqlı sayaraq geri qayıtmalarını təmin etdi. Şəvval ayında Misir, Kufə və Bəsrədən sayı 600–1000 arasında göstərilən üç qrup bölgəyə gəldi. Məkkə əvəzinə Mədinəyə yön alan bu üç qrup ayrı-ayrı məntəqələrdə yerləşdilər. Göndərdikləri iki təmsilçiylə Mədinədə özlərinə qarşı mübarizə apara biləcək hərbi qarnizonun olub-olmaması ilə maraqlanırdılar. Bu nümayəndələr Əli, Təlhə, Zübeyr və Peyğəmbərin xanımları ilə görüşərək valilərdən şikayət etdilər və onlardan xahiş etdilər ki, xəlifənin hüzuruna çıxmalarına yardım etsinlər. Təklifləri rədd edildiyinə görə geri qayıtdılar. Daha sonra misirlilər Əli ibn Əbu Talibə, bəsrəlilər Təlhəyə, kufəlilər isə Zübeyrə heyətlər göndərərək xəlifəlik təklifini irəli sürdülər. Hər üçü də bu təklifi şiddətlə rədd etdi. Bu zaman hadisələrdən narahat olan Əli ibn Əbu Talib oğlu Həsəni xəlifəni xəbərdar etmək üçün göndərdi.[37]

Üsyançılar həcc mövsümünün bitməsi səbəbilə Məkkədən çox sayda insanın Mədinəyə gələcəyini düşünərək və əyalətlərdən göndərilən hərbi birləşmələrin yaxınlaşdığını xəbər alaraq tələsdilər. Mühasirənin sonuncu günündə gənc səhabələrin müdafiə etdiyi evin qapısını yandırdılar. Axşam saatlarında bitişik evlərdən içəri daxil olan bir neçə misirli, Quran oxuduğu halda Osmanı öldürdülər (18 Zilhiccə 35).[37]

Osmanın öldürülməsilə nəticələnən müxalif hərəkətləri meydana gətirən bir sıra təsirlər olmuşdur. Bu təsirlər arasında xəlifə və valilərinin gördüyü işlər, bir başqa deyimlə idarəetmə ilə əlaqədar məsələlər önəmli yer tuturdu. Xəlifənin özünü haqlı bildiyi səbəblərlə öz qohumlarını önəmli vəzifələrə təyin etməsi, müxaliflərin narahatlıq səbəblərindən sadəcə birini təşkil edirdi. Müxalif qrup öz narahatlıqlarına dair bir sıra əsaslar göstərərək müxalifət yönümlü hərəkətlərini haqlı çıxarmağa çalışmışdır. Xəlifənin xoş niyyətlə vəzifə başına gətirdiyi valilərin bir sıra səhvləri və bölgələrdəki insanların sosial, iqtisadi və etnik quruluşunu nəzərə almadan atdıqları addımları gözlənilən müsbət nəticələri verməmişdir. Əksinə valilərin gördüyü işlərə görə gün keçdikcə insanların xəlifəyə qarşı olan qəzəbləri daha da artmışdır.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Deutsche Nationalbibliothek Record #119073765 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. 2,0 2,1 2,2 2,3 2,4 2,5 Али-заде А. Осман ибн Аффан (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007. ISBN 978-5-98443-025-8
  3. Крымский А. Е. Осман (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1897. Т. XXII. С. 285.
  4. 4,0 4,1 Али-заде А. Рукайя бинт Мухаммад (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007. ISBN 978-5-98443-025-8
  5. 5,0 5,1 Али-заде А. Умм Кульсум бинт Мухаммад (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007. ISBN 978-5-98443-025-8
  6. İsmayıl Yiğit. DİA. XXXIII. 448–443.
  7. Şahlar Şərifov, "İslam tarixi", Bakı, "Nurlar" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2013. s. 83.
  8. 8,0 8,1 İsmail Yiğit, Osman, İslam Ansiklopedisi, İstanbul, 2007, c.33, s. 438.
  9. Dç. Dr. Mehmet Azimli, Dört Halifeyi Farklı Okumak-3: Hz. Osman, Ankara Üniversitesi İlahiyat Fakültesi Dergisi, Ankara Okulu Yayınları, Ankara, 2013, s. 151.
  10. Yrd. Doç. Dr. Mehmet Dalkılıç, Osman bin Affanın halife seçilmesi ve seçim şurasının tarafsızlığı, Muş Alparslan Üniversitesi Sosyal Bilimler Dergisi, Muş, 2014, c.2, s. 11.
  11. İsmail Yiğit, Osman, İslam Ansiklopedisi, İstanbul, 2007, c.33, s. 439.
  12. Dç. Dr. Mehmet Azimli, Hulefa-i Raşidin dönemi halife seçimleri, Ankara, Dinbilimleri Akademik Araştırma Dergisi, 2007, s. 52–54.
  13. Dr. Cəfər Şəhidi, "İslam tarixi və təhlillər", Bakı, 2006, s. 105.
  14. Halil İbrahim Hançabay, Hz. Osmanın Halife Seçilmesi, Ekev Akademi dergisi, 2018, sayı 58, s. 378.
  15. əl-Fəth (Fəth) surəsi, 10-cu ayə.
  16. Halil İbrahim Hançabay, Hz. Osmanın Halife Seçilmesi, Ekev Akademi dergisi, 2018, sayı 58, s. 384–385.
  17. Dr. Cəfər Şəhidi, "İslam tarixi və təhlillər", Bakı, 2006, s. 104.
  18. 18,0 18,1 18,2 18,3 İbrahim Sarıçam. Hz. Osman. Ankara. 2015. 43–97.
  19. Mustafa Fayda, Hulefa-yi Raşidin, İslam Ansiklopedisi, İstanbul, 1998, c. 18, s. 328.
  20. Prof. Dr. Sabri Hizmetli, "Genel olarak Raşid halifeler dönemi olayları: sonuçları ve etkileri", Ankara Üniversitesi İlahiyat Fakültesi Dergisi, Ankara, 1999, s. 42–43.
  21. Prof. Dr. Sabri Hizmetli, "Genel olarak Raşid halifeler dönemi olayları: sonuçları ve etkileri", Ankara Üniversitesi İlahiyat Fakültesi Dergisi, Ankara, 1999, s. 37.
  22. Adem Apak. Hz. Osman döneminde devlet siyaseti. İstanbul. 2015. 87–152.
  23. Ahmet Uğur. İslam tarihi (Hz. Peygamber və Dört Halife Dönemi). Kayseri. 1995. 148–153.
  24. 24,0 24,1 Şahlar Şərifov, "İslam tarixi", Bakı, "Nurlar" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2013. s. 85.
  25. H. İbrahim Hasan. Siyasi-dini-kültürel-sosyal İslam tarihi. İstanbul. 1991. 323–340.
  26. 26,0 26,1 Şahlar Şərifov, "İslam tarixi", Bakı, "Nurlar" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2013. s. 86.
  27. Dç. Dr. Mehmet Azimli, Hulefa-i Raşidin döneminde gerçekleşen ilk fetihlerin sebepleri üzerine bazı değerlendirmeler, İstem yayınları, İstanbul, 2005, sayı 6, s. 188–189.
  28. Adem Apak, Hz. Osmanın halifeliği döneminde meydana gelen siyasi problemler ve sebepleri üzerine bazı değerlendirmeler, Usul İslam Araştırmaları Dergisi, İstanbul, 2005, s. 158.
  29. Yrd. Doç. Dr. Cafer Acar, Dörd halife dönemi fetihlerinin arka planına bazı mülahazalar, İnsan ve Toplum bilimleri araştırmaları dergisi, 2017, sayı 3, c. 6, s. 2054.
  30. Dr. Cəfər Şəhidi, "İslam tarixi və təhlillər", Bakı, 2006, s. 105–106.
  31. Yrd. Doç. Dr. Ali Hatalmış, İslam Tarihinde İlk Darbe Girişimi ve Hz. Osmanın Şehit Edilmesi, Van Yüzüncü Yıl Üniversitesi Sosyal Bilimler Enstitüsü dergisi, Van, 2017, sayı 37, s. 188.
  32. Ünal Kılıç, Kufelilerin hz. Osmana muhalefet etmelerinin sebepleri, Cumhuriyet Üniversitesi İlahiyat Fakültesi Dergisi, Sivas, 2002, s. 240.
  33. Dç. Dr. Sabri Hizmetli, Tarihi rivayetlere göre Hz. Osmanın öldürülmesi, Ankara Okulu Yayınları, Ankara, 2009, s. 149.
  34. Dr. Cəfər Şəhidi, "İslam tarixi və təhlillər", Bakı, 2006, s. 114.
  35. Ünal Kılıç, Kufelilerin hz. Osmana muhalefet etmelerinin sebepleri, Cumhuriyet Üniversitesi İlahiyat Fakültesi Dergisi, Sivas, 2002, s. 241.
  36. Yrd. Doç. Dr. Ali Hatalmış, İslam Tarihinde İlk Darbe Girişimi ve Hz. Osmanın Şehit Edilmesi, Van Yüzüncü Yıl Üniversitesi Sosyal Bilimler Enstitüsü dergisi, Van, 2017, sayı 37, s. 190.
  37. 37,0 37,1 İsmail Yiğit, Osman, İslam Ansiklopedisi, İstanbul, 2007, c.33, s. 441.