Odlu Yurd (jurnal) — Vikipediya

Odlu Yurd
Təsisçi Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə
Təsis tarixi 1928
Dil türk


Odlu Yurd (türk. Odlu Yurt) — Türkiyə Respublikasında qurulmuş olan jurnal.[1] Azərbaycan siyasi mühacirətinin İstanbulda nəşr etdiyi aylıq ictimai-siyasi topludur.

“Odlu yurd” Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan mühacir mətbuatı tərəfindən nəşr olunan üçüncü jurnaldır. İlk nömrəsi 1929-cu ilin martında, son - 31-ci nömrəsi isə 1931-ci ilin avqustunda çıxmışdır.

Haqqında[redaktə | mənbəni redaktə et]

1920-ci il rus işğalından sonra Azərbaycanda işğala qarşı mübarizə xaricdə davam etdirildi. [2] Azərbaycan siyasi mühacirətinin məqsədi ilk növbədə istiqlal savaşını dəstəkləmək, onu siyasi, diplomatik və taktiki cəhətdən idarə etmək, Azərbaycanın müstəqillik ideyasını möhkəmləndirmək idi. Bu səbəbdən Rəsulzadəyə görə Azərbaycan siyasi mühacirətinin tarixi məqsədi diplomatik və intellektual fikri təbliğat kimi iki əsas istiqamətdə inkişaf etmişdir. Mühacirətdə olan Azərbaycan ziyalıları istiqlal mübarizəsini intellektual istiqamətdə davam etdirirdilər. Bu məqsədlə M. Ə. Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan mühacir hərəkatının nəşr orqanı kimi 26 sentyabr 1923-cü ildə İstanbulda “Yeni Qafqasiya” jurnalının ilk nömrəsi nəşr olundu. Daha sonra isə onu eyni proqram və nəşr siyasəti ilə “Azəri Türk”, “Odlu Yurd” jurnalları və “Bildiriş” qəzeti izlədi.[3]

"Odlu Yurd" özündən əvvəlki jurnallardan fərqli olaraq bütövlükdə latın əlifbası ilə çap olunan ilk jurnal idi. İlk nömrəsi 1929-cu ilin martın 1-də nəşr edilən jurnalın son nömrəsi 1931-ci il 5-6 avqust tarixinə aiddir. "Odlu Yurd" öz səhifələrində başda Azərbaycan olmaqla, rusiya işğalında olan başqa xalqların problemləri ilə yanaşı Qafqaziya, İslam dünyası və beynəlxalq məslələrlə bağlı mövzulara da üstünlük verirdi. İlk nömrəsi 40 səihfədən ibarət olsa da digər nömrələr 24-64 səhifə aralığında dəyişirdi.[3]

Jurnalın üz qabığında Azərbaycan xəritəsi üzərində 8 guşəli işıq saçan ulduz rəsmi var. Jurnalın baş redaktoru Məhəmməd Əmin Rəsulzadə, imtiyaz sahibi A. Kazımzadə, məsul müdiri isə Kamal bəy olmuşdur.[4]

“Odlu Yurt” zəngin yazar heyəti və geniş müxbir şəbəkəsi ilə Türkiyə, Azərbaycanda və İranda nüfuz sahibi olmuş jurnaldır. Jurnalda Azərbaycanın istiqlal mübarizəsi tarixi, Müsavat Partiyası, Azərbaycandakı vəziyyət, Azərbaycan mühacirləri və onların fəaliyyəti, Azərbaycanda kollektivləşmə hərəkatı, Azərbaycan nefti, Azərbaycan və Rusiya mətbuatından sitatlar, İran xəbərləri, Türkmənistan, Əfqanıstan və Qafqaz, kitab və qəzet təqdimatları, Azərbaycanda təhsil həyatı kimi mövzulara yer verilmişdir.[4][5]

Jurnalın məqsəd və prinsipləri[redaktə | mənbəni redaktə et]

1929-cu il mart ayının 1-də çap olunan ilk sayındakı «Çöhrəmiz» adlı məqalədə jurnalın məqsədi aşağıdakı kimi açıqlanır:[3]

" «Odlu yurd»! bu iki söz türkcə kəlmənin «Azərbaycan»ın müqabil olduğunu söylərsək, məsələn, yarı-yarıya anlaşılmış olur. Yarı-yarıya deyirik, çünki hal-hazırda bir deyil, iki Azərbaycan vardır. Rus istilasına pərdəlik rolunu oynayan «qızıl Azərbaycan» ilə, qəlbində hürriyyət və istiqlalın sönməz odunu daşıyan milli Azərbaycan! «Odlu yurd» milli Azərbaycan fikrinin mürəvvici olaraq intişar edir… Qəzetimizin başında Azərbaycanın əski, yeni maddi çox bulunan işıq və odlarını göstərən lövhədə bu hər tərəfə nur saçan, bir ulduz şəklində göstərilmişdir. Səkkizguşəli ulduz Milli Azərbaycan ulduzudur. Bu ulduz hilalı ilə birlikdə mavi, qırmızı və yaşıl rənglərin üzərinə gəlincə Milli Azərbaycan bayrağını təşkil edər. Milli Azərbaycan bayrağı- budur bizim çöhrəmiz!..

… İstiqlal-iştə Azərbaycan milliyyətçilərini məşğul edən ən aktual bir məsələ…

Milli dövlət – iştə müstəqil olan hər millət idarəsinin alması zəruri olan bir şəkil, öz-özünə bir qayə olmaqla bərabər bu şəkil bizim nəzərimizdə xalqın həqiqi ehtiyacla gördüyü zamandır ki, vaxtıdır. Demokratik hökumət, dövlət təşəkkülündə qayəni təşkil edən fərdi hürriyyəti böyük ölçüdə təmin etməklə bərabər, bu hürriyyıtin cəmiyyətdəki istehsal qüvvələrini müşkülləşdirəcək dərəcədə həddini keçməsinə dözə bilməz.

"

Yuxarıdakı cümlələrdən də anlaşıldığı kimi, jurnal Azərbaycanın Rusiya tərəfindən işğalını “qırmızı işğal” adlandırır və bu işğala qarşı cəmiyyətdə maarifləndirmə işini gücləndirmək məqsədi ilə qəzet və jurnallar nəşr edilməsini vacib bilir. Məqsəd müstəqillik əldə etmək, işıqlı Azərbaycan yaratmaqdır. Rusları alt-üst edəcək bir müstəqilliyin mümkün olduğu barədə yazılır:[6]

" Belə ki, sabahkı Rusiya dünənin Rusiyası olmayacaq, hətta bugünkü Rusiya da dünənki Rusiya deyil. 140 milyon... Bəli, bu doğrudur; lakin bu qorxunc rəqəm bölünməz deyil. Bu ittifaqı təşkil edən rəqəmdə; 30 milyon Ukrayna, 13 milyon Türküstan, 12 milyon Qafqaz var. Təmiz rus ünsürü 80 milyona belə çatmır. Rusiyadakı milli təşəkküllər və hərəkatlar tədqiq edildikdə, dünya müharibəsi nəticəsində Avropada doğulan xalqlarla artıq müşahidə olunan milli cərəyanlar nəzərə alınarsa, Rusiyanın dünya tarixində Avstriya və Osmanlı İmperiyasının taleyinə qarışmayacağını söyləməyə heç bir əsas yoxdur. "

Məcmuanın "xidmət etdiyi fikirlər" olaraq adlandırdığı prinsipləri jurnalın ilk nömrəsinin ilk məqaləsinin sonunda aşağıdakı kimi açıqlanmışdır:[7]

  1. "Odlu Yurd" milliyətçi, türkçü, xalqçı, radikal, cumhuriyyətçi və istiqlalçı bir məcmuadır.
  2. "Odlu Yurd" müstəqil Azərbaycan Xalq Cumhuriyyətinin məfkurəsini müdafiə edir.
  3. "Odlu Yurd" türk qövmlərini bir-birinə tanıdır, xüsusilə Türk dünyasının yeganə müstəqil və şərq radikalizminin müməssili Türkiyə Cumhuriyyətindəki islahat hərakatı barədə oxuyucularına məlumat verir.
  4. "Odlu Yurd" Qafqazın istiqlal və xülasəsini göz önündə tutur və bu məqsədlə Qafqazlıları ümumi düşmənə qarşı mübarizəyə çağırır.
  5. "Odlu Yurd" şərqin, xüsusən məzlum və məhkum türk xalqlarının istiqlal savaşını doğrultmaq və milli mücadiləsini yüksəltmək işi təbliğ olunacaqdır

Yazıçı heyəti[redaktə | mənbəni redaktə et]

Məcmuanın baş redaktoru Məhəmməd Əmin Rəsulzadənin jurnalda "M.Ə.Rəsulzadə", "M.Əmin" və "Azəri" imzaları ilə yazılmış 20 məqaləsi var. Jurnalda Rəsulzadədən sonra əsas müəllif Mirzə Bala Məmmədzadə idi. Dünyanın hər yerindən müxbirlərin İstanbula göndərdiyi məktublar vasitəsilə bolşeviklərin dünya ictimaiyyətinə əks etdirdikləri yanlış məlumatlar, ən əsası isə əks etdirmədikləri həm Azərbaycan xalqına, Türk Dünyasına və dünayaya real şəkildə çatdırılırdı. Jurnalda aşağıdakı imzalar qarşımıza çıxır:[8]

A.A, Alptəkin, F.A, A.B, Əlaəddin Mətin, Gültəkin, A.Bat, Azəri, H.H, Əhməd Cəfəroğlu, Azər Bayqara, H.H, H.Hulki, A. Mir Qasım, Bir Türk, Həmdullah Sübhi, A.T, Cəfər Sadıq, Kamal, A. Uran, Dəmirçioğlu, Kırımlı C. Seyid Əhmet, Abdullah Cevdet, Əşrəf, M., M. Ağaoğlu, Mirzə Bala, Noy Jordaniya, M. Çələbioğlu, Mustafa, O.T., M.Ş. Əfəndizadə, Mustafa Çokayoğlu, Y. Ali, Məhəmməd Əmin Rəsulzadə, N., 117 Yey Elif, Mehmet Sadıq, Naki, Yusufbəyli Nəsib - Mir, Necati

Jurnalda bəhs olunan mövzular[redaktə | mənbəni redaktə et]

Professor Nəsiman Yaqublu “Odlu Yurd” jurnalındakı yazıları belə qruplaşdırır:[9] 1) Siyasi yazılar; 2) Elm və ədəbiyyatla bağlı yazılar; 3) Mətbuat və kitabiyyətlə bağlı yazılar; 4) Xəbərlər qismi; 5) İstila qurbanları. Tarixçi Vəfalı Ənsərov isə jurnaldakı məqalələri

  • Siyasiyət qismi,
  • Azərbaycan həyat və mətbuatından,
  • Mətbuat və kitabiyyət,
  • Elm və ədəbiyyat
  • Azərbaycan vəziyyət
  • Xəbərlər
  • Beynəlmiləl həyatdan
  • Azərbaycan məktubları başlıqlarına bölür.[10]

Jurnalın siyasi mövzuda nəşr edilən məqalələrinin əsas müəllifləri M. Ə. Rəsulzadə və M. B. Məmmədzadədir. M. Ə. Rəsulzadənin “Öyrədən bir müsibət” (207 b), “Tarixçiyə qarşı siyasi” (206), “Temmuz (iyul) hadisəsi münasibətilə” (207 b), “Nə gübrədir, nə də peyin” (207 g), “Qafqaz Birliyi şüarı altında” (207 a) yazılarının  böyük əhəmiyyəti vardır.[9]

“Siyasi” mövzuya aid olan məqalələrin ən əhəmiyyətlilərinin başlıqları belə idi: a) M. B. Məmmədzadə: “Çin-Rus ixtilafı” (207); b) A. Battal: “Beynəlmiləl həyatdan” (207 q);  Mirzə Bala: “Sovetlərin aqibəti” (205); c) C. S. Əhməd: “Qızıl istila” (207 b); ç) A. Cövdət: “Azərbaycanın müqəddəs yarası”(207 b).[11]

"Azərbaycanın həyat və mətbuatından" bölməsi isə əksərən Mirzə Bala və Y.Əlinin yazdığı məqalələrdən ibarətidi. Burada Azərbaycanın siyasi, iqtisadi və sosial həyatından, o cümlədən ölkədə baş verən yeniliklərdən xəbərlərə yer verilirdi.[11]

“Mətbuat və kitabiyyət” bölməsini A. T. imzalı bir yazar hazırlayırdı.[10] “Mətbuat və kitabiyyət” bölməsindəki yazılardan ən əhəmiyyətliləri bunlardır: a) “Qiymətli bir  əsər” (207 g); b) Müəllifsiz: “H. Sübhi bəyin bir xitabəsi” (205); c) Müəllifsiz: “Gürcü sosialistlərinin pozisionu” (207 g); d) Müəllifsiz: “Türküstanda Milli Mücadilə” (207 c).[11]

“Xəbərlər" bölməsini isə Cəfər Sadıq hazırlamışdır.[10] Burada Azərbaycan, Türkiyə, İran, Türküstan, Şimali Qafqaz, Rusiya və Ukrayna haqqında xəbərlər öz əksini tapmışdı.[11]

"Elm və ədəbiyyat" bölməsində əksərən Məhəmməd Ağaoğlu ilə Əhməd Cəfəroğlunun məqalələrinə rast gəlinir.[10] “Elm və ədəbiyyat” başlığı altında nəşr olunan yazılar bunlardır: a) M. B. Məmmədzadə: “Azərbaycan tarixinə aid notlar” (205); b) M. Ş. Əfəndizadə: “Sabirə aid xatirə” (207 g); c) Ə. Cəfəroğlu: “Tarixdə Azərbaycan-Rus münasibəti” (207 g).[11]

Jurnalın “İstila qurbanları” başlığı altında isə aşağıdakı yazılara rast gəlinir: a) M. Emin: “Yusifbəyli Nəsib bəy” (207 b); b) Azəri: “Mehmet Bağır bəy” (207 b).[11]

“Beynəlmiləl həyat” rubrikasında o dövrdə inkişaf edən beynəlxalq hadisələr və cərəyanlar haqqında daim məlumat verən jurnal, ümumiyyətlə, Avropa-Sovet münasibətləri, Əfqanıstan, Balkanlar, Millətlər Liqası problemləri,İran-Əfqanıstan-Rusiya münasibətləri , Sovet-Çin münaqişəsi, Misir-Fələstin hadisələri, Türkiyə-Yunanıstan problemi, Fransa, Almaniya, İtaliya, İspaniya və s. kimi Avropa ölkələrində, Mərkəzi Asiyada baş verən proseslər, Hindistan və Polşa problemləri və digər beynəlxalq əhəmiyyətli hadisələr haqqında ətraflı məlumatlar verirdi.[10][11]

Qeyd edək ki, “Odlu Yurd”un Azərbaycanın istiqlalı uğrunda aparılan mübarizədə özünə məxsus yeri və rolu olmuşdur:

" Əgər Azərbaycan istiqlal fikri xalqdan doğmuş, xalqın harsı həyat və xüsusiyyətinin təbii və zəruri bir tələbi isə, əgər xalq bunun xaricində heç bir həyat, heç bir səadət təsəvvür etmirsə, əgər Azərbaycan xalqı yeganə həyat vəsəadəti istiqlal və onun üç rəngli bayrağının altında düşünürsə – o zaman  xalqın ölüm-dirim məsələsi qədər mühüm olan bu istiqlal fikri üzərində israr etməsi, inad göstərməsi, ölməsi fəqət əzmindən dönməməsi lazım gəlir.[12] "

“Odlu Yurd”da “Qanlı icraatlar”, “Salyan süngüsü”, “Kollektivləşmənin səmərəsi”, “Həbslərin səbəbi”,  “Solovkidə”, “Kommunistləri öldürürlər” başlığı altında verilən yazılarda Azərbaycanın ümumi vəziyyəti, sovetlərin işğalı ilə bağlı müstəqil və azad yaşamaq haqqından məhrumluğu göstərilir. “Gəncədə iğtişaşlar”da yazılır: “Verilən məlumata görə Gəncədə mühüm iğtişaşlar olmuşdur. İğtişaş zamanı mahudbasma və yağ emalatxanaları yandırılmışdır”. “Şəki və Zaqatalada üsyan” başlıqlı məlumatda isə yazılıb: “Şəki və Zaqatalada əhali üsyan edərək kommunistlərlə məsul sovet məmurlarını öldürmüşlər”.[11]

"Yeni Qafqaziya" və "Azəri Türk" jurnalları kimi "Odlu Yurd" jurnalında da hər il Azərbaycan müstəqilliyinin ildönümünün qeyd edilməsi ənənəsi davam etdirilmişdir.[13]

28 may 1929-cu il tarixli 4-cü nömrəsinin üz qabığı Azərbaycan Xalq Cumhuriyyətinin 11-ci ildönümü ilə əlaqədar olaraq rəngli fotoşəkillə çap olunan jurnalın demək olar ki, hər nömrəsində Azərbaycanda rus istismarına və rejiminə qarşı kəndli üsyanları və partizan hərəkatlarından geniş bəhs edilirdi.

Jurnalın 27 aprel 1930-cu il tarixli 14-cü sayında Mirzə Balanın “İşğal təqvimi” adı ilə Azərbaycanın işğal edildiyi gündən 1930-cu ilin aprelinə qədər Rusiya istismarının günbəgün təqvimini dərc etmişdir. "İstiqlal təqvimi” başlığı altında 1917-ci ilin martından 1920-ci ilin aprelinə qədər davam edən Azərbaycan istiqlalı da təqvim şəklində çap edilmişdi. "Qızıl istila" günü baş verən hadisələrə jurnalda aşağıdakı cümlələrlə münasibət bildirilmişdir:

" 27 aprel millətimizin tarixindən silinməyəcək qara gündür. Hürriyyəti müstəqil həyatımıza son verilən, milli varlıq, milli azadlıq rəmzi olan üçrəngli bayrağımızın lovğa vəhşilər tərəfindən endirildiyi gündür. Bu gün bayraqları endirilən, torpaqları susdurulan, ordusu, ziyalıları məhv edilən Azərbaycanda qızıl düşmən qələbə şənliyi keçirir. [14] "

Bunlardan başqa jurnalın son nömrəsində dərc olunan “Azərbaycanda kim hökmranlıq edir?” sərlövhəli məqalə 1920-ci ildən sonrakı ruslaşdırma siyasəti və istismarı ilə bağlı statistik məlumatların olması baxımından əhəmiyyətlidir. Məqalənin əhəmiyyəti və dəyəri Mirzə Bala tərəfindən belə açıqlanır; “Bu məlumat 12 illik hökmranlıqdan sonra (...) Azərbaycanda kimin hakim olduğunu və türklərin hansı vəziyyətdə olduğunu, həqiqətin kim olduğunu göstərəcəyi üçün bizim diqqətimizi və iddialarımızı təsdiq edən tarixi sənəddir.”[15]

Müstəmləkəçi Rusiya istismarına dair digər bir sənəd isə “İşğalın əsas məqsədi” başlıqlı məqalədir. Rusiya işğalının əsas məqsədinin Azərbaycan neftini ələ keçirmək olduğu vurğulanan məqalədə təbii qaz, yun, pambıq, ipək, balıq, duz, mis, barıt, bal kimi müxtəlif sərvətlərin talan edilməsi barədə məlumatlara yer verilib. Jurnalda Azərbaycan neftinin Rusiya tərəfindən istismarı barədə yazılırdı:

" Budur, cəmi yeddi il ərzində (1920-1927) Bakı neftindən 150 milyon manat gəlir əldə olunub. O gəlirin 25 milyon manatına neft ehtiyacları üçün xaricdən materiallar alınıb. Qalan 125 milyon manat Rusiyanın hesabına keçib. Bəs Azəri xalqı bu qızıl neftinin müqabilində nə qazanıb?" [9][16] "

Jurnalın 2-ci nömrəsində Azərbaycanın müstəqillik əldə etməsindən iki ay əvvəl, 1918-ci il martın 31-də rus və erməni şovinistlərinin Bakıda törətdikləri qırğından bəhs edən məqalədə yazılırdı:[17]

"11 il əvvəl rus çarizmini miras qoyan Lenin və onun kommunist partiyası, xüsusən başda Stepan Şaumyan, Arakian, Lalaef, Arakelyan və s. olmaqla Azərbaycan istiqlal hərəkatını öldürmək üçün Bakıda törətdikləri vəhşiliklərin on birinci ildönümüdür! (...) 15 sentyabr zəfəri və mayın 28-də müstəqilliyin elan edilməsinin böyüklüyünü anlamaq və yaşamaq üçün 1918-ci ildə 31 Mart faciəsini unutmaq olmaz."[18]

Türkiyədə baş verənləri yaxından izləyən jurnal avqustun 6-da çıxan “Böyük fəlakət qarşısında” başlıqlı məqalədə Trabzon ətrafında baş verən və böyük dağıntılara səbəb olan zəlzələ ilə bağlı kədərini ifadə edən sözlərə yer vermişdir. Bundan başqa, jurnalın 20-ci nömrəsində dərc olunan məqalədə Türkiyənin 26-30 avqust 1922-ci ildə qazandığı zəfər təbrik edilir. Məqalənin davamında Azərbaycanın bir gün müstəqillik əldə etmək arzusu belə ifadə olunub:

" Odlu Yurd Türkiyə vətəndaşlarını avqust zəfəri münasibətilə təbrik edərək ümid edir ki, bu həyat verən günəş işğalın qaranlığında qalmış Azərbaycanın üfüqlərində belə parlayacaq. [19][16] "

“Odlu Yurd”un səhifələrində ən çox yer verilən mövzulardan biri də Qafqaz İttifaqı (Konfederasiya) ideyasıdır. 8-ci nömrəsində dərc olunan və bu birliyin zəruriliyini qeyd edən məqalədə bu ittifaqın əhəmiyyətindən belə bəhs olunur: “Azərbaycan da daxil olarsa, Qafqaz xalqlarının azadlıq mübarizələrini ruhlandıran siyasi ideyalarda yer alan ən mühüm şüarlardan biri də Qafqaz Birliyidir. ”[20][16]

1929-cu il sentyabrın 8-də keçmiş Azərbaycan Xalq Cumhuriyyətinin nümayəndə heyəti Millətlər Cəmiyyətinə ərizə ilə müraciət etdi. “Millətlər Cəmiyyəti Məclisinin Sədrinə” başlıqlı ərizə məktubunda Azərbaycan nümayəndə heyətinin rəhbərinin müavini Mir Yaqub və baş katib Abbas Atam Əlibəylinin imzaları var. Jurnalın 8-ci nömrəsində tam mətnlə dərc olunmuş bu məqalədə deyilir:

" Ümid edirik ki, Millətlər Cəmiyyətinin nəzəri diqqəti dünyanın bu guşəsinə yönəldiləcək, Azərbaycan millətinin müdafiəsi və onun haqlı arqumentlərinə Ali Məclis öz mənəvi dəstəyini verəcək.” [21][16] "

Jurnalın “Elm və Ədəbiyyat” rubrikasının 9, 10 və 11-ci nömrələrində ard-arda dərc olunan, Əhməd Cəfəroğlunun “Tarixdə Azərbaycan-Rusiya münasibətləri” başlıqlı məqaləsi Azərbaycan-Rusiya münasibətlərinin tarixi inkişafı baxımından diqqətəlayiq icmal məqalədir. Tarixi sənədlərə əsaslanaraq Azərbaycan-Rusiya siyasi əlaqələrinin ilk dəfə 880-ci ildə başladığını vurğulayan müəllif həmin dövrdən etibarən rusların istismar və işğalçılıq məqsədi ilə Azərbaycan torpaqlarına göz dikdiklərini, Azərbaycan torpaqlarına ekspedisiyalar təşkil etdiklərini bildirir. "Bu səbəbdən 909, 913, 943, 968 və müxtəlif illərdəki səfərlərin talandan başqa bir şey olmadığını sənədlərlə göz önünə sərilmişdir."[22]

Rəsulzadənin rəhbərliyi altında Azərbaycan mühacirətinin II Dünya müharibəsinə qədər Türkiyədə nəşr etdirdiyi son siyasi jurnal olan “Odlu Yurd” iqtisadi məqalələrin və xarici xəbərlərin bolluğu baxımından o dövrün digər mühacirət jurnalları arasında fərqli yer tutur.[23]

Jurnalın nəşri 1931-ci ilin iyul-avqust aylarında 30-31-ci nömrələrdən sonra dayandırılmışdır.[24]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. [1][ölü keçid]
  2. Şimşir, 2001. səh. 39
  3. 1 2 3 Enserov, 2018. səh. 115
  4. 1 2 Yaqublu, 2014. səh. 15
  5. Ünal, 2018. səh. 46
  6. Ünal, 2018. səh. 48
  7. Ünal, 2018. səh. 49
  8. Ünal, 2018. səh. 50-51
  9. 1 2 3 Yaqublu, 2014. səh. 16
  10. 1 2 3 4 5 Enserov, 2018. səh. 116
  11. 1 2 3 4 5 6 7 8 Yaqublu, 2014. səh. 17
  12. Ünal, 2018. səh. 61
  13. Ünal, 2018. səh. 50
  14. Ünal, 2018. səh. 52
  15. Ünal, 2018. səh. 72
  16. 1 2 3 4 Enserov, 2018. səh. 117
  17. Şimşir, 2001. səh. 132
  18. Ünal, 2018. səh. 63
  19. Odlu Yurd, 1930. səh. 3
  20. Odlu Yurd, 1929d. səh. 3
  21. Odlu Yurd, 1929a. səh. 3
  22. Şimşir, 2001. səh. 135
  23. Ünal, 2018. səh. 31
  24. Enserov, 2018. səh. 118

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Sebahattin Şimşir. Azerbaycanlıların Türkiye'de siyasi ve kültürel faaliyetleri, 1920-1991. Ankara: Azerbaycan Kültür Derneği. 2001. səh. 256.
  • Sebahattin Şimşir, Belkıs Ulusoy. Azerbaycan Siyasi Muhaceretinin İstanbul’daki Basın Faaliyetleri (1923- 1931). 16. İstanbul Üniversitesi İletişim Fakültesi Dergisi. 2013.
  • Songül ÜNAL. SOVYET RUSYA’NIN KUZEY AZERBAYCAN POLİTİKASI “ODLU YURT” MECMUASINA YANSIYANLAR (1929-1931). Nevşehir: T.C. NEVŞEHİR HACI BEKTAŞ VELİ ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ. 2018. səh. 132.
  • Nəsiman Yaqublu. Azərbaycan Mühacirət Mətbuatı (PDF). Bakı: «Elm və təhsil». 2014. səh. 152.
  • Vefalı ENSEROV. MEHMET EMİN RESULZADE ÖNDERLİĞİNDE TÜRKİYE’DE ÇIKARILAN AZERBAYCAN SİYASİ MUHACERET DERGİLERİ. 3. İNİF E-DERGİ. 2018. 100–126.