Oğbin — Vikipediya

Oğbin – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunun, hazırkı Vayotsdzor mərzinin ərazisində mövcud olmuş kənd. Almalı kəndinin yaxınlığında yerləşirdi.

Etimologiyası[redaktə | mənbəni redaktə et]

Toponim qədim türk dilində "tayfa ittifaqı", "boy təşkilatı" mənasında işlənən "oğ" (ok) sözündən və qıpçaq türk tayfasının tərkibində adıçəkilən "min" (bin) etnonimindən əmələ gəlmişdir.[1]

Əhalisi[redaktə | mənbəni redaktə et]

Kənddə 1831-ci ildə 37 nəfər azərbaycanlı, 1873-cü ildə 104 nəfər azərbaycanlı, 57 erməni, 1886-cı ildə 169 nəfər azərbaycanlı, 62 erməni, 1897-ci ildə 245 nəfər azərbaycanlı, 104 erməni, 1914-cü ildə 531 nəfər azərbaycanlı və erməni yaşamışdır.[2] Ermənilər buraya 1870-ci illərdə köçürülmüşdür. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq kənddən qovulmuşdur.[1]

İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar 1924–1925-ci illərdə doğma yurdlarına qayıda bilmişdilər. Burada ermənilərlə yanaşı, 1926-cı ildə 37 nəfər, 1931-ci ildə 53 nəfər azərbaycanlı yaşamışdır.[2] SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edildikdən sonra kənd ləğv edilmişdir. Hazırda kəndin xarabalıqları qalır.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 İbrahim Bayramov, Nazim Mustafa. Həqiqətin onomastikası. Bakı: Şərq-Qərb. 2020.
  2. 1 2 Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) (erməni). Յերեվան: Մելքոնյան ֆոնդի հրատ. 1932.