Nizami-cədid — Vikipediya

Nizami-cədid — XVIII əsrin sonları-XIX əsrin əvvəllərində Osmanlı imperiyasında Avropa dövlətlərinin (ilk növbədə Rusiya imperiyasının) artan təsirlərinə qarşı Türkiyənin müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə ordu quruculuğu, yeni vergilərin müəyyənləşdirilməsi, dövlət idarəetmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, mərkəzi hakimiyyətlə regionlar arasında səlahiyyətlərin dəqiqləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər seriyası[1]. Bu sahədə ilk islahatlar sultan III Səlim tərəfindən həyata keçirilməyə başlamışdır. Ill Səlim Fransa təcrübəsini əsas tutaraq Nizami-cədid (yeni qayda) adlanan islahatları həyata keçirməyə başladı.

Etimologiyası[redaktə | mənbəni redaktə et]

Nizami-cədid termini ərəb (النظام الجدید) və türk (An-Niẓām Al-Jadīd) sözbirləşməsindən yaranıb "yeni qayda" deməkdir.

Osmanlı imperiyası islahat ərəfəsində[redaktə | mənbəni redaktə et]

XVIII əsrin sonlarında Osmanlı imperiyasında siyasi və iqtisadi böhran daha da dərinləşmişdi. Ölkəni böhrandan çıxarmaq üçün Sultan III Səlim (1789–1807) taxta çıxan kimi islahat layihəsi hazırlamağı tapşırmışdı. İslahat tərəfdarları XVIII əsrin sonlarında Osmanlı imperiyasının müharibələrdə məğlubiyyətinin əsas səbəbini ordunun qeyri-mütəşəkkilliyində görürdülər.

Sultan III Səlim — Nizami-cədid islahatlarının təşəbbüskarı

Ona görə də islahatlar zamanı əsas diqqət ordu quruculuğuna yönəldilmişdi. Ordunun yenidən qurulması üçün küllü miqdarda vəsait lazım idi. Yeniçərilər heç bir qanuna və intizama tabe olmurdular. Donanma da vəziyyət eyni idi. Əyalətlərdə hərc-mərclik hökm sürür, timar və ziyamət sisteminin yararsızlığı özünü bütün sahələrdə göstərirdi.

Sultan III Səlimin islahatları[redaktə | mənbəni redaktə et]

1791-ci ildə sultan III Səlim islahatların keçirilməsinə dair öz mülahizələri haqqında ali dünyəvi və dini əyanlara sərəncam verdi. Təqdim edilən layihələrin çoxunda əsas diqqət ordunun Avropa qaydasında qurulmasına yönəldilmişdi. Layihələr əsasında sultan III Səlim islahatların keçirilməsinə dair bir sıra fərmanlar verdi. Bu fərmanlar ümumilikdə "Nizami-cədid", yəni yeni quruluş və ya yeni qayda adı ilə məşhurdur. "Nizami-cədid" 72 maddədən ibarət olmuşdur.

III Səlim 1792–1793-cü illərdə əməli olaraq islahatlara başladı. Sultanın fərmanlarına əsasən hərbi vəzifəsini yerinə yetirməyən len sahiblərindən timar və ziyamətlər geri alınmalı, Avropa nümunəsində hərbi korpus yaradılmalı, islahatların həyata keçirilməsini vəsaitlə təmin etmək üçün xüsusi kassa təsis edilməli və bəzi vergilərin toplanması həmin kassanın ixtiyarına verilməli idi. İslahatlar isveç və fransız hərbçilərinin rəhbərliyi altında həyata keçirilirdi. Lakin yeni korpus çox ləng təşkil olunurdu. 1798-ci ildə bu korpusda cəmi 3–4 min əsgər var idi. Donanmanın yenidən təşkili istiqamətində də müəyyən tədbirlər həyata keçirilirdi. Yeni gəmilər hazırlandı.

Fransadan kitablar və vəsait gətirildi, məktəblərdə fransız dilinin tədrisi təşkil olundu. Avropada baş verən dəyişikliklərdən xəbərdar olmaq üçün London, ParisVyanada daimi səfirliklər açıldı.

III Səlimin göstərişi ilə I Mahmud dövründə açılmış hərbi mühəndislik məktəbinin fəaliyyəti xeyli genişləndirildi.

İslahatların uğursuzluğu[redaktə | mənbəni redaktə et]

Mühafizəkar qüvvələr islahatlara inadla müqavimət göstərirdilər. Onlar yeniçərilərə arxalanırdılar. Yeniçərilər saray qruplaşmalarının əlində alətə çevrilmişdilər. Yeni hərbi islahatlar onları təmin etmirdi. III Səlimin qətiyyətsizliyi islahatların həyata keçirilməsində əsas maneəyə çevrilmişdi.

Səlimin başladığı islahatların uğursuzluqla nəticələnməsinin əsas səbəbi onda idi ki, o, Avropanın burjua dövlətləri nümunəsində ordu yaratmağa çalışdığı halda, eyni zamanda Osmanlı imperiyasının feodal əsaslarına toxunmaq istəmirdi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Amira K. Bennison, "Muslim Universalism and Western Globalization," in Globalization in World History, ed. A. G. Hopkins, p. 89.