Nazim Hikmət — Vikipediya

Nazim Hikmət
türk. Nâzım Hikmet Ran
Doğum tarixi 15 yanvar 1902(1902-01-15)[1][2]
Vəfat tarixi 3 iyun 1963(1963-06-03)[1][3][…] (61 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
Fəaliyyəti dramaturq, şair, yazıçı, ssenarist, nasir
Əsərlərinin dili türk dili
İmza
nazimhikmet.org.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nazim Hikmət və ya Nazim Hikmət Ran (türk. Nâzım Hikmet Ran; 15 yanvar 1902[1][2]3 iyun 1963[1][3][…], Mars[4]) — türk şair, yazıçı, rəssam, ssenarist və dramaturq, ictimai xadim, Beynəlxalq Sülh Mükafatı laureatı (1950) və türk inqilabi poeziyasının banisi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Nazim Hikmət 1902-ci il yanvar ayının 15-də zadəgan ailəsində anadan olmuşdur. 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik məktəbinə daxil olmuş, Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə şeir yazdığı üçün 1919-cu ildə oradan xaric edilmişdir. "Sərvliklərdə" adlı ilk şeiri 1918-ci ildə "Yeni məcmuə" jurnalında dərc olunmuşdur. 1920-ci ildə o, işğal olmuş İstanbuldan milli azadlıq uğrunda vuruşan Anadoluya getmişdir. 1921-ci ildə Sovet Rusiyasına gəlmiş, 1922–1924-cü illərdə Moskvada Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində oxumuşdur.

1924-cü ildə Türkiyəyə qayıtmış, inqilabi "Oraq-çəkic" qəzetində, "Aydınlıq" jurnalında Lenin ideyalarını tərənnüm edən əsərlərlə çıxış etmişdir. Həmin orqanlar bağlandıqdan sonra təqib olunan və 1925-ci ildə qiyabi surətdə 15 il həbsə məhkum edilən Nazim Hikmət 1927-ci ildə yenidən gizli olaraq SSRİ-yə gəlmişdir. 1928-ci ildə Bakıda şairin "Günəşi içənlərin türküsü" adlı ilk şerlər kitabı çapdan çıxmışdır. 1938-ci ildə yenidən Türkiyəyə qayıtdıqdan sonra həbs olunan Nazim Hikmət 8 ay həbsxanada yatmış və işdə heç bir dəlil-sübut olmadığına görə azad edilmişdir.

1929-cu ildə "835 sətir", 1930-cu ildə "Baron-3", 1930-cu ildə "1+1=1", 1931-ci ildə "Səsini itirmiş şəhər" kitablarındakı şerlərdə xalqın ağır həyatı, inqilabi mübarizəyə çağırış öz əksini tapmışdır. 1924-cü ildə yazdığı "Cokonda və Şi-Ya – u" poeması, 1932-ci ildə yazdığı "Benerci özünü niyə öldürdü" mənzum romanı imperializmin müstəmləkə siyasətinə qarşı yönəlmişdir. Onun "Kəllə", 1932-ci ildə "Bir ölü evi, yaxud mərhumun naləsi", "Bayramın ilk günü", 1935-ci ildə "Şöhrət və ya unudulan adam" pyeslərində kapitalizm quruluşu kəskin şəkildə ifşa edilmişdir. 1932-ci ildə türk kommunistlərini yekdil mübarizəyə səsləyən "Gecə gələn teleqram" şer toplusuna görə 5 il həbs cəzasına məhkum olunmuşdur. Bir ildən sonra amnistiya əsasında azad edilmişdir. Sonralar şair demək olar ki, hər yeni kitabın nəşrindən sonra həbsə məhkum olunmuşdur.

1935-ci ildə yazdığı "Taranta Babuya məktublar" poemasında, 1936-cı ildə qələmə aldığı "Alman faşizmi və irqçiləri" publisistik əsərlərində faşizm və onun Türkiyədəki tərəfdarları ifşa olunur. 1936-cı ildə şairin Türkiyədə sağlığında son kitabı – "Şeyx Bədrəddinin dastanı" çapdan çıxmışdır. 1938-ci ildə sübut olunmamış ittiham əsasında 28 il 4 ay həbs cəzasına məhkum edilən Nazim Hikmət məşhur "İnsan mənzərələri" epopeyasını, "Həbsxanadan məktublar" silsiləsini, "Məhəbbət əfsanəsi", "Yusif və Züleyxa" pyeslərini və s. əsərlərini həbsxanada yazmışdır. 1950-ci ildə mütərəqqi dünya ictimaiyyətinin tələbi ilə Türkiyə hökuməti N.Hikməti azad etməyə məcbur olmuşdur.

1951-ci ildən ömrünün sonunadək ikinci vətəni sayılan SSRİ-də yaşayan və bu dövrdə 1952-ci ildə "Türkiyədə", 1955-ci ildə "Qərib adam", 1956-cı ildə "İvan İvanoviç vardımı, yoxdumu", 1960-cı ildə "Domokl qılıncı" və s. pyeslərini, şer və poema, poeziyaya və dramaturgiyaya dair məqalələrini yazmışdır. SSRİ-də Nazim Hikmətin ssenariləri və əsərlərinin süjetləri əsasında kinofilmlər ("Bir məhəlləli iki oğlan", "Sevdalı bulud", "Yaşamaq gözəldir, qardaşım"[5], "Məhəbbətim, kədərim mənim") çəkilmişdir.

Novator şair olan Nazim Hikmət türk ədəbiyyatını yeni forma və mütərəqqi məzmunla zənginləşdirmişdir. Onun poeziyasına kəskin publisistika ilə yanaşı dərin lirizm xasdır. Türk poeziyasına sərbəst şer vəznini Nazim Hikmət gətirmişdir. Yaradıcılığı müasir türk ədəbiyyatına güclü təsir göstərmişdir. Əsərləri dünya xalqlarının çoxunun dilinə tərcümə olunmuş, pyesləri bir sıra ölkələrdə tamaşaya qoyulmuşdur.

1951-ci ildə Ümumdünya Sülh Şurası Bürosunun və 1959-cu ildən sonra isə onun Rəyasət Heyətinin üzvü olmuşdur.

Nazim Hikmət Azərbaycan xalqının və ədəbiyyatının yaxın dostu idi. O, dəfələrlə Bakıya gəlmiş, Azərbaycan şair və yazıçılarının bir çoxu ilə şəxsən dost olmuş, onlarla yaradıcılıq əlaqəsi saxlamışdır. Azərbaycana həsr olunmuş şeirləri, Azərbaycan mədəniyyətinə dair məqalə və xatirələri vardır. Əsərləri Azərbaycanda dönə-dönə nəşr olunmuş, pyesləri tamaşaya qoyulmuşdur. Bəstəkar A.Məlikov şairin "Məhəbbət əfsanəsi" pyesi əsasında eyniadlı balet yazmış, Azərbaycanın digər bəstəkarları şerlərinə romanslar bəstələmişlər. R.Babayev "Kəllə" pyesinə illüstrasiyalar çəkmiş, M.Rzayeva şairin büstünü yaratmışdır. Azərbaycan ədəbiyyatşünasları şairin həyat və yaradıcılığına dair bir sıra sanballı əsərlər yazmışdır.

Nazim Hikmət 1963-cü ildə Moskvada vəfat etmişdir.

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • Memleketimden İnsan Manzaraları
  • Kafatası
  • Unutulan Adam
  • Taranta Babu'ya Mektuplar
  • Ferhad ile Şirin
  • Kurtuluş Savaşı Destanı
  • Kız Çocuğu
  • Tahir ile Zühre
  • Şeyh Bedrettin Destanı
  • Sevdalı Bulut, (Teatr oyunu)
  • Seçilmiş əsərləri, 2 cilddə.-B.: Azərnəşr, 1961.-1963; C I.-512 s; C.II.-394 s.
  • Yaşamaq gözəl şeydir, qardaşım – B.: Yazıçı. 1983. – 180.

Şeir kitabları[redaktə | mənbəni redaktə et]

  • 835 Satır, (1929)
  • Jokond ile Si-Ya-u, (1929)
  • Varan 3, (1930)
  • 1 + 1 = 1, (1930)
  • Sesini Kaybeden Şehir, (1931)
  • Benerci Kendini Niçin Öldürdü, (1931)
  • Gece Gelen Telgraf, (1932)
  • Taranta Babu'ya Mektuplar, (1935)
  • Portreler, (1935)
  • Simavna Kadısı Oğlu Şeyh Bedreddin Destanı (1936)
  • Saat 21–22 Şiirleri, (1965)
  • Kurtuluş Savaşı Destanı, (1965)
  • Şu 1941 yılında (Memleketimden İnsan Manzaralarının 3. kitabı), (1965)
  • Dört Hapishaneden, (1966)
  • Rubailer, (1966)
  • Memleketimden İnsan Manzaraları (İlk bölüm), (1966)
  • Memleketimden İnsan Manzaraları, (1966–1967)
  • Kuvayi Milliye, (1968)

Dram əsərləri[redaktə | mənbəni redaktə et]

  • Kafatası, (1932)
  • Bir Ölü Evi (veya Merhumun Hanesi), (1932)
  • Unutulan Adam, (1935)
  • Ferhat ile Şirin, (1965)
  • Sabahat, (1965)
  • İnek, (1965)
  • Ocak Başında Yolcu (iki oyun birarada), (1966)
  • Yusuf ile Menofis, (1967)

Romanları[redaktə | mənbəni redaktə et]

  • Kan Konuşmaz, (1965)
  • Yeşil Elmalar (yedi yazardan derleme), (1965)
  • Yaşamak Güzel Birşey Be Kardeşim, (1967)

Lətifələri[redaktə | mənbəni redaktə et]

  • İt Ürür, Kervan Yürür (Orhan Selim adıyla gazetelerde yazdığı yazılar), (1965)

Nağıl kitabı[redaktə | mənbəni redaktə et]

  • Sevdalı Bulut (1968)

Haqqında olan ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Bakıya gedirəm: Nazim Hikmət və Azərbaycan.- B.: Yazıçı, 1984.- 167 s.
Fiş R. Nazim Hikmət.- B.: Gənclik, 1981.- 224 s.
İsmayılov A. Nazim Hikmətin həyat və yaradıcılıq salnaməsi.- B.: Yazıçıı, 1990.- 342 s.
Kərimov C. Hikmət xəzinəsi.- B.: Elm, 2000.- 93 s.
Nazim Hikmət.- B.: İşıq, 1978.- 88 s.
Səfərli Ə. Hikmət xəzinəsi.- B.: Maarif, 1992.- 550 s.
Abdullaoğlu A. Nazim Hikmətin pyesləri Azərbaycan tənqidində //Qobustan.-1979.-№ 3.-S.23–27.
Abdulla A. Nazim Hikmət dramaturgiyası Azərbaycan ədəbiyyatşünaslığında //Qobustan.- 1979.- № 4.- S.19–25.
Nazim Hikmət musiqidə //Qobustan.- 1977.- №.2.-.S.22–23.
Nazim Hikmət haqqında yeni kitab //Azərbaycan. −2000.- 27 okt.-S.4.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Bir məhəllədən iki nəfər (film, 1957)
  2. Məhəbbətim mənim, kədərim mənim (film, 1978)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 1,3 Nazim Hikmet // filmportal.de. 2005.
  2. 2,0 2,1 The Fine Art Archive. 2003.
  3. 3,0 3,1 Nazım Hikmet // Brockhauz Ensiklopediyası (alm.). / Hrsg.: Bibliographisches Institut & F. A. Brockhaus, Wissen Media Verlag
  4. 4,0 4,1 Deutsche Nationalbibliothek Record #118550888 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  5. "Aydın Dadaşov. "Bizim kino". Ramiz Əsgərovun "Yaşamaq gözəldir, qardaşım" filmi haqqında". 2018-02-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-22.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]