Mustafa Mərdanov — Vikipediya

Mustafa Mərdanov
Doğum tarixi 27 fevral (11 mart) 1894
Doğum yeri
Vəfat tarixi 28 dekabr 1968(1968-12-28) (74 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1909-cu ildən
Təhsili
  • Rusiya Teatr Sənəti Universiteti[d]
Teatr
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni — 1959 "Qırmızı əmək bayrağı" ordeni — 1949 "Qafqazın müdafiəsinə görə" medalı — 1945 "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı — 1946
"Azərbaycan SSR xalq artisti" fəxri adı — 1943 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1935
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mustafa Həşim (Haşım) oğlu Mərdanov (27 fevral (11 mart) 1894, Mərənd28 dekabr 1968, Bakı) — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1943).

Həyatı[redaktə | mənbəni redaktə et]

Mustafa Mərdanov 27 fevral 1894-cü ildə Mərənddə anadan olub. Rejissor Səməd Mərdanovun qardaşıdır. O hələ uşaqkən ailələri Tiflisə köçmüş və 1924-cü ilə qədər burada yaşamışdılar. Atası Həşim kişi oğlunu ali təhsilli ziyalı kimi görmək istəyirdi. Bu arzu ilə də onu Tiflis gimnaziyasına təhsil almağa göndərir, amma Mustafa teatra daha böyük maraq göstərirdi. 1917-ci ildə gimnaziyanı bitirən Mustafa Mərdanov Rostova gedərək oradakı Tibb Universitetinə daxil olur, eyni zamanda da dram studiyasında çalışır, lakin Rostov mühitinə alışa bilməyərək 1918-ci ildə yenidən Tiflisə qayıdır.[1]

Ali təhsil almaq arzusu ilə Moskvaya gedən gənc aktyor orada Dövlət Teatr Sənəti İnstitutuna daxil olur, məşhur sənətkarlardan bu peşənin incəliklərini öyrənir. 1924-cü ildə Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirərək Bakıya gəlir, ömrünün sonunadək Azərbaycan Dövlət Dram Teatrında çalışır.[1]

Mustafa Mərdanov 28 dekabr 1968-ci ildə Bakıda vəfat etmişdir.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Tiflisin mədəni mühiti onun həyata baxışını hələ uşaqkən formalaşdırmışdı. Buradakı kişi gimnaziyasına daxil olan gənc Mustafa teatra böyük maraq göstərirdi. Şəhərin müsəlman dram dərnəklərində 1910-cu ildən çıxış edən Mustafa Mərdanov 1921–1922-ci illərdə Tiflis Azərbaycan Dövlət Teatrının direktoru vəzifəsində çalışır. 1924-cü ildə Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirərək Bakıya gəlir və burada Azərbaycan Dövlət Dram Teatrında öz fəaliyyətini davam etdirir. Yüksək aktyorluq texnikası, obrazı özününküləşdirmək bacarığı, yumşaq yumor onun sənəti üçün çox xarakterik olan cizgilər idi. Mustafa Mərdanovun hələ ilkin olaraq yaratdığı rollarda klassik ənənələr çox güclü idi. Onun ətrafında böyük sənətkarlar çalışırdı. Azərbaycanın formalaşmış aktyor məktəbi Mustafa Mərdanov üçün də əsl təcrübə məktəbinə çevrildi. Abbas Mirzə Şərifzadə, Sidqi Ruhulla, Ağasadıq Gəraybəyli, Ələsgər Ələkbərov və onlarla sənətkardan öyrəndikləri bu aktyorun sənət yoluna işıq saldı, onu yeni yaradıcılıq axtarışlarına ruhlandırdı. "Hacı Qara"da Kərəməli, "Yağışdan çıxdıq yağmura düşdük"də Qəmbər, "Nadir Şah"da Ədhəm kimi rolları Tiflis teatrında yaradan aktyor, Bakı teatrında daha ciddi rollar oynamalı oldu.[1]

O vaxtlar Mustafa Mərdanovun Xlestakovunu ("Müfəttiş") qəzetlər kifayət qədər tərifləyirdilər. İmamverdi ("Sevil"), Luka ("Həyatın dibində"), Şmaqa ("Günahsız müqəssirlər"), Poloni ("Hamlet") və onlarla səhnə qəhrəmanları onun ifasında uğurlu alınırdı.[1]

Mustafa Mərdanov teatrda işlədiyi vaxtlar tez-tez filmlərdə də çəkilməyə dəvət alırdı.[2]

Muzdur Qulu (Bismillah (film, 1925)|"Bismillah") onun kinoda ilk rolu idi. Bu film Abbas Mirzə Şərifzadənin ilk rejissor işi idi. Səssiz kino nümunələrindən olan bu film 1925-ci ildə Bakı ekranlarına çıxarılmış və orada Mustafa Mərdanov da maraqlı rol ifa etmişdi. Bir il sonra isə ekranlarda Aleksandr Litvinovun "Müxtəlif sahillərdə" ("Əlbəyaxa") filmi göstərildi. Aktyor bu filmdə Abbas rolunda çəkilib. Filmdə onun qəhrəmanı yerli mütəxəssisdir. Amerikadan dəvət olunmuş mütəxəssislərlə Abbasın tərəfdarları arasında baş verən münaqişə filmin əsasını təşkil edir. Mustafa Mərdanovun kinoda ilk böyük rolu isə "Hacı Qara" filmindəki Kərəməli oldu.[1]

Sonralar onu daha tez-tez filmlərə dəvət edirdilər. 1929-cu ildə çəkilən "Sevil" filmində aktyor Atakişinin rolunu ifa etdi.[1]

1932-ci ildə kinorejissor Nikolay Şengelaya "Azərfilm"də çəkdiyi "26 komissar" filmində Mustafa Mərdanova menşevik rolunu vermişdi. Bu rol kiçik də olsa öz hərəkətləri, jestləri ilə yadda qalır.[1]

Ümumiyyətlə, 20-ci illərin sonu, 30-cu illərin əvvəllərində yaranmış əksər filmlərdə bu aktyora rollar verilirdi və o da səssiz kinonun imkanları daxilində öz personajlarına həyat verirdi. Digər menşevik rolunu isə o, "Bakılılar" filmində yaratmışdı.[1]

Amma qardaşı, məşhur kinorejissor Səməd Mərdanovun "Kəndlilər" filmi aktyorun yaradıcılığında yeni bir hadisə idi. Belə ki, o, filmdə iki rol yaradırdı. Bir-birinə zidd olan kəndli Təhməz və menşevik rolları aktyor sənəti baxımından olduqca təqdirəlayiqdir.[1]

Mustafa Mərdanov, demək olar ki, hər il filmə çəkilirdi. "Kəndlilər"dən sonra 1940-cı ildə "Yeni horizont" (trest müdiri), 1941-ci ildə "Səbuhi" (akademiya rəisi) filmlərində çəkilib. Bu rolları kiçik olsa belə tamaşaçı diqqətindən yayınmır.[1]

Müharibə Azərbaycan kinematoqrafının inkişafına öz təsirini göstərsə də, bu illərdə də filmlər yaranmışdır. Çox təəəsüf ki, Mustafa Mərdanov bu illərdə çəkilən filmlərə dəvət olunmamışdır. O, yenidən 1955-ci ildə "Görüş" filmində çəkildi. Burada adi kolxozçu rolunu ifa edən aktyor, bir il sonra "Qara daşlar"da Dəmirov kimi çox ciddi rolda görsəndi.[1]

Onun ən uğurlu rollarında biri "O olmasın, bu olsun" filmindəki "intellegent" Həsən bəy oldu. Bu obraz Mustafa Mərdanovun yeni aktyorluq keyfiyyətlərini üzə çıxardı. O, filmdəki çox güclü aktyor ansamblı içərisində öz məxsusi ifa tərzi ilə seçilə bilir. Xüsusilə, qonaqlıq səhnəsində Məşədi İbadla dialoqu tamaşaçıda xoş əhvali-ruhiyyə doğurur. "Əhməd haradadır?" filmində Məhəmməd kişi rolu aktyorun yaradıcılığında xüsusi əhəmiyyət daşıyır. Bu, aktyorun ömrünün yetkin çağında yaratdığı son rollardan biri idi. Bundan sonra o, 1968-ci ildə "Qanun naminə" filminə çəkilmişdir. Murtuzov rolu ilə aktyor ömrünün son akkordlarını vurdu. Müstəntiq Murtuzov əslində yaramaz, öz peşəsinə xəyanət edən, min bir fırıldaqdan çıxan insandır. O, hər vəch ilə Mehmandan qisas almağa çalışır. Çünki bu rüşvətxor müstəntiqin əməllərinə Mehmanın gəlişi ilə son qoyulmuşdu. Mustafa Mərdanov bu rolu çox təbii yaradır, o, mənfi tip olsa da, tamaşaçının yadında qalır.[1]

Mustafa Mərdanovun "50 il Azərbaycan səhnəsində xatirələrim" kitabı 1959-cu ildə çap edilmişdir. Ölümündən sonra – 1973-cü ildə "Mənim müasirlərim" xatirə kitabı nəşr edilib oxuculara çatdırılmışdır.[1]

Mustafa Mərdanov bir neçə il Teatr Xadimləri İttifaqına rəhbərlik etmişdir.[1]

Mükafatları[redaktə | mənbəni redaktə et]

Teatr səhnəsindəki rolları[redaktə | mənbəni redaktə et]

Tiflis teatrı

  • "Hacı Qara" — Kərəməli
  • "Yağışdan çıxdıq yağmura düşdük" — Qəmbər
  • "Nadir Şah" — Ədhəm

Azərbaycan Dövlət Dram Teatrı

  • Xlestakov ("Müfəttiş")
  • İmamverdi ("Sevil")
  • Luka ("Həyatın dibində")
  • Şmaqa ("Günahsız müqəssirlər")
  • Poloni ("Hamlet")
  • "Tələbələrin kələyi"
  • Montekki ("Romeo və Cülyetta")
  • Əbdül ("Solğun çiçəklər")
  • Sadıqov ("Atayevlər ailəsi")
  • Mürşüd ("Xoşbəxtlər")
  • Vəzir ("Vaqif")
  • Malvoliyo ("On ikinci gecə")
  • Martiros ("Namus")

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

Aktyor kimi

Rejissor assistenti kimi

Səsləndirdiyi filmlər

İştirak etdiyi film

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Ağakişi Kazımov. "Səhnəyə həyatilik gətirən sənətkar" (az.). "Azərbaycan" qəzeti. 22 aprel 2014. 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-10.
  2. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.
  3. "AZƏRBAYCAN TEATRI 140". anl.az. 2022-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-03.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 23.
  • Zümrüd. Mustafa Mərdanov – 120: Milli kinomuzun sənət fədaisi: [görkəmli teatr və kino aktyorunun yubileyi haqqında] //Səs.- 2014.- 15 yanvar.- S. 13.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]