Murovdağ döyüşləri — Vikipediya

Murovdağ döyüşləri
II Qarabağ müharibəsi
Tarix 27 sentyabr 2020 – 2 oktyabr 2020
Yeri Kəlbəcər rayonu, Goranboy rayonu, Göygöl rayonuDaşkəsən rayonu, Azərbaycan
Səbəbi İkinci Qarabağ müharibəsi
Nəticəsi Murov dağı silsinləsində olan Murov zirvəsi işğaldan azad edildi
Münaqişə tərəfləri

Azərbaycan Azərbaycan

Ermənistan Ermənistan
Qondarma Dağlıq Qarabağ Respublikası Dağlıq Qarabağ

Komandan(lar)

Azərbaycan İlham Əliyev
Azərbaycan Zakir Həsənov
Azərbaycan Hikmət Mirzəyev
Azərbaycan Hikmət Həsənov Azərbaycan Xəqani Cəbrayılov
Azərbaycan Nizam Osmanov
Azərbaycan Ənvər Əfəndiyev
Azərbaycan Azər Əliyev

Ermənistan Nikol Paşinyan
Ermənistan David Tonoyan
Ermənistan Onik Qasparyan
Qondarma Dağlıq Qarabağ Respublikası Arayik Harutyunyan
Qondarma Dağlıq Qarabağ Respublikası Cəlal Harutyunyan Qondarma Dağlıq Qarabağ Respublikası Karen Calavyan

Tərəflərin qüvvəsi

 • Azərbaycan Silahlı Qüvvələri  • Azərbaycan Quru Qoşunları  •

1-ci Ordu Korpusu
3-cü Ordu Korpusu

Xüsusi Təyinatlı Qüvvələr

Daxili Qoşunlar

Ermənistan Silahlı Qüvvələri  • Qondarma DQR Müdafiə Ordusu  •

İtkilər

234 nəfər hərbi qulluqçu

bilinmir

Murovdağ döyüşləri — 2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlara başlamasından sonra Murovdağ silsiləsində yerləşən Murov zirvəsinin işğaldan azad edilməsi üçün aparılan hərbi əməliyyatdır. Murovdağ döyüşləri II Qarabağ müharibəsi zamanı baş verən ən şiddətli və strateji baxımdan ən önəmli əsas döyüşlərindən biri olub. Murovdağ döyüşləri nəticəsində Azərbaycan Ordusunun 200-dən çox hərbi qulluqçusu şəhid olub.

Ümumi vəziyyət[redaktə | mənbəni redaktə et]

Azərbaycan bölmələrinin müharibədən əvvəl Murovdağ istiqamətindəki mövqeləri son dərəcə əlverişsiz idi. 1993–1994-cü illərdəki döyüşlərdən sonra Kəlbəcərin ətrafındakı bütün yüksək zirvələr ermənilərin əlinə keçmişdi. Silsilənin əsas hündür hissələrinə Ermənilər, kiçik hissələrinə isə Azərbaycan nəzarət edirdi. Erməni ordusu bir-iki istiqamətdə, hətta Göygöl rayonunun da ərazisinə doğru irəliləmişdi. Belə ki, xüsusi əhəmiyyətli Ömərdağ (3395,5 metr) və Koroğludağ (3462,7 metr) bu rayona daxil idi. Bundan başqa Murovdağ silsiləsinə daxil olan Ağdağ (3200,1 metr) və bu silsilənin ən hündür zirvəsi Gamışdağ (3724,6 metr) da Ermənistan bölmələrinin nəzarətində idi. Gamışdağdakı erməni postundan yay vaxtlarında Gəncəyə qədər olan ərazi açıq şəkildə görünürdü və bu post müharibə başlayana qədər dünyada ən hündür hərbi məntəqə hesab olunurdu. Ümumilikdə, Murovda cəbhə xətti qərbdən şərqə 50 km-dən çox məsafədə uzanırdı. Orta hündürlüyün 3000 m-dən çox olduğu ərazilərdə dağ zirvələri qayalıq olub heç bir bitki örtüyünə malik deyildi. Bu ərazidə sərt relyef şəraitinə görə davamlı istehkam xətti qurmaq ehtiyacı yoxdu və mövqelər bir-birindən aralı şəkildə zəncirlənmiş postlar vasitəsilə tənzimlənmişdi. Bu silsilənin üzərində ağır texnikanın hərəkət etməsi üçün yalnız bir keçid vardı ki, o da "Ömər aşırımı" (3261,4 metr) adlanırdı. Bu aşırım və yanındakı Ömər dağının ermənilərin nəzarətində olması Azərbaycan bölmələrinin operativ hücum əməliyyatını həyata keçirmək imkanlarını zəiflədirdi.

Kəlbəcərdə həm Ermənistan, həm də "Müdafiə Ordusu"nun hərbi hissələri yerləşirdi. 2017-ci il məlumatlarına əsasən, Ermənistan ordusunun Susuzluq istiqamətində 538 saylı hərbi hissəsi, Ağdağ istiqamətində 2-ci ordu korpusunun 759375 saylı hərbi hissəsi və 38 nömrəli ayrıca motoatıcı alayı, Zod istiqamətində 2-ci ordu korpusunun 555 saylı hərbi hissəsi, Kəlbəcər şəhərində isə 38043 nömrəli dağ-atıcı diviziyası mövcuddu. Bu ordu qrupunun rezerv batalyonları isə Kəlbəcərlə qonşu olan Vardenis rayonunda yerləşirdi. Murovdağın Goranboy və Ağdərə sektorunda isə Ermənistan ordusuna məxsus 33651 və 33882 saylı motoatıcı alay yerləşirdi. Bu səbəbdən cəbhənin bu istiqamətindəki əməliyyatlarda uğur qazanma imkanı çox minimal olub risk tələb edirdi. Hücum əməliyyatı 3-cü Ordu Korpusu tərəfindən hazırlanmışdı və bu əməliyyata ümumi rəhbərliyi korpus komandiri, General-Mayor Xəqani Cəbrayılov həyata keçirirdi. Burdakı əməliyyatların əsas məqsədi xüsusi qruplar vasitəsi ilə ermənilərin nəzarətində olan zirvələri ələ keçirərək Kəlbəcərə maksimum yaxınlaşmaq və Vardenis-Ağdərə yoluna vizual nəzarət yaratmaqdan ibarətdi. Goranboy istiqamətindən təşkil olunacaq hücumda isə 1-ci ordu koprusu Murov(3340,3 metr) və Ağuçuq (2777,1 metr) zirvəsini götürdükdən sonra Suqovuşan istiqamətindən gələn bölmələrlə birləşərək Sərsəng su anbarına qədər enməli idi. Bu səbəbdən bu istiqamətdə əsas hücum da Murov zirvəsi istiqamətində başlandı.

Goranboy-Kəlbəcər istiqamətindəki döyüşlər[redaktə | mənbəni redaktə et]

Sentyabr ayının 27-si səhər saatlarından etibarən Goranboyun Gülüstan kəndi ətrafında və Ballıqaya ərazisində əməliyyatlar başlayır. 27 sentyabr günorta saatlarında Azərbaycan MN Murov dağı istiqamətlərində vacib yüksəkliklər uğrunda döyüşlər aparıldığı barədə məlumat yayır. Murov zirvəsi uğrunda əməliyyatda 3-cü korpusla birlikdə 1-ci korpusun "Həmlə Tabor"u iştirak edirdi. Polkovnik Nəsimi Şıxəliyevin rəhbərlik etdiyi qrup bu əməliyyatı uğurla icra edərək zirvənin alınması xəbərini məruzə etdi. Azərbaycan MN həmin gün axşam saatlarında Murovdağın alınması barədə rəsmi məlumat verir: "Cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub. Əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülüb."

Bu məlumatı həmin gün "Müdafiə Ordusu" rəsmisi Suren Sarumyan təkzib etsə də, 1 gün sonra səhər saatlarında "DQR" rəhbərliyi Vardenis-Ağdərə yolunun "təhlükəsizlik məqsədi ilə" bağlanması haqqında açıqlama verir. Həmin gün axşam saatlarında "Azərkosmos" Vardenis-Ağdərə yolunda "Azersky" peyki vasitəsilə davamlı monitorinqlər aparıldığını açıqlayır. Murov zirvəsinin alınması oktyabrın 4-də "Caliber" portalı tərəfindən çəkilən kadrlarda öz təsdiqini tapdı. Bu videokadrda Murov zirvəsinin yaxınlığında, 3315 metrlik zirvədə Azərbaycan bayrağının dalğalandığını görmək mümkün olur. Lakin rəsmi məlumatdan fərqli olaraq, bu ərazidə heç bir erməni postu yox idi. 30 ilə yaxın müharibə dövründə bu ərazidə heç bir erməni istehkamı da tikilməmişdi. Çətin çıxılan qayalı zirvədə erməni mövqeləri dağın cənub istiqamətində yerləşirdi. Bunu həmin döyüşdə iştirak edən 32 nəfər xüsusi təyinatlıdan biri Təbriz Zöhrablı da təsdiqləyir: "Sentyabrın 27-də bizim xüsusi təyinatlı bölük komandirimiz Fərid Əliyev başda olmaqla Murov yüksəkliyini tutduq. 3300 metr yüksəkliyə qalxmaq çətin idi. Bütün sursatı, silahları çiyinlərimizdə daşıyırdıq və adambaşına 50–60 kiloqram yük düşürdü. Dağın zirvəsinə qalxmaq 6–7 saat vaxt apardı. Ermənilərin müdafiəsi dağlarda hərəsində 10–15 nəfər olmaqla ayrı-ayrı postlardan ibarət idi. Əsas qüvvəni onlar arxada saxlayırdılar, ön xətt isə postlar zəncirindən ibarət idi, onların arasında böyük məsafə var idi. Əvvəlcə biz bir neçə kilometr düşmən arxasına keçdik və onlar bizi görmədilər. Sonra biz zirvəyə onların müşahidə etmədiyi istiqamətdən qalxdıq. Murovun özündə ermənilər yox idi, amma zirvədən aşağıda onların iki postu yerləşirdi və biz məhz həmin postların arasından keçib getdik. Biz döyüşsüz, səssiz daxil olduq. Ermənilər onların başı üzərində Azərbaycan bayrağının qaldırıldığını görəndə, fikrimcə, şoka düşdülər."

Bu istiqamətdən Azərbaycan bölmələri həqiqətən də Vardenis-Ağdərə yoluna nəzarət edə bilirdi. Lakin yoldan 15 km uzaqlıqda yerləşən bu dağda sadəcə açıq havada müşahidə mümkün idi. Bu istiqamətdə erməni postlarının yanından zirvəyə qalxan və faktiki olaraq onlarla heç bir döyüşə girməyən xüsusi təyinatlı qrup özünü çətin vəziyyətə salmışdı. Zirvəyə gedilən yolların bağlanması ilə onların mühasirəyə alınması və məhv edilməsi təhlükəsi vardı. Sentyabrın 27-dən oktyabrın 2-nə qədər Murov zirvəsində sıxışıb qalan qrupa qarşı artilleriya və aviasiya ilə zərbələr endirildi. Təbriz Zöhrablı həmin günləri belə xatırlayır: "Biz özümüzünkülərdən aralı düşmüşdük. Amma artilleriyamızın zərbələrini korrektə edə və onu yaxşı müşahidə etdiyimiz aşağıdakı erməni postlarına yönəldə bilirdik. Düşmənin də vəziyyəti bizim kimi çətin idi. Amma bir neçə gün sonra onlar postlardan çəkildilər, görünür, çox itkiləri olmuşdu. Bizim qarşımıza qoyulan döyüş tapşırığı yerinə yetirilmişdi. Qoşunlarımız artıq bizimlə birləşə bilərdilər. Ona görə də, Murovu başqa hərbi hissədən piyada bölmələrinə təhvil verdik və ordan çıxdıq." Bu istiqamətdə gedən döyüşdə Azərbaycan Ordusu 1 hərbi qulluqçusunu itirdi. Murov zirvəsinin təhlükəsizliyini təmin etmək üçün zirvənin ətrafındakı zirvələri də ələ keçirmək lazım idi.

Lakin bundan zamanında istifadə etmək mümkün olmadı. 28 sentyabrda Azərbaycan bölmələri Murov zirvəsini şimal-şərq istiqamətindən qoruyan postları ələ keçirmək üçün əməliyyata başladı. Goranboyun Ballıqaya kəndi istiqamətindən başlanan hücum zamanı iki post ələ keçirilsə də, ermənilər bir gün sonra əks-hücuma keçərək yenidən bu postları qaytara bilir. İlk hücum zamanı post erməni dəstəsi tərəfindən ələ keçirilir və burada Ermənistan bayrağı asılır. İkinci postun alınması zamanı isə 10-a yaxın Azərbaycan hərbçisi həlak olur.

Zirvəni ələ keçirən erməni qüvvələri həlak olmuş Azərbaycan əgərlərinin cəsədlərinə qarşı hörmətsiz hərəkətlə yadda qalırlar. Əsgərlərin cəsədləri yük maşınına yükləndikdən sonra ekskavatorun köməyi ilə kütləvi məzarlıqda basdırılır. Bu döyüş "2608 yüksəkliyi"ndə baş vermişdi. Həmin gün axşam saatlarında Ermənistanın eks müşaviri Qarnik İsaqulyan Murov dağı yaxınlığında 2 itirilmiş mövqenin erməni bölmələri tərəfindən geri alındığını bildirir. Beləliklə, Murov zirvəsi alınsa da, bu zirvənin yaxınlığındakı döyüşlər uğursuzluqla nəticələnir. Cəbhənin bu hissəsini qoruyan "Yeğnikner" bölməsininin komandiri Karen Calavyan bu nailiyyətinə görə oktyabrın 2-də "DQR Qəhrəmanı" adını alır. Müharibənin sonrakı günlərində bir neçə dəfə bu istiqamətdəki erməni postlarının ələ keçirilməsi üçün əməliyyat həyata keçirilsə də onlardan heç biri uğurlu alınmır. Oktyabrın 13-də Azərbaycan bölmələrinin Murovdağın cənub-qərbində yerləşən "3358,3" yüksəkliyi istiqamətində hücumu da uğursuzluqla nəticələnir. Həmin gün "DQR" MN-in yayımladığı kadrlarda bu istiqamətdə ən azı 1 Azərbaycan əsgərinin həlak olduğu dəqiqləşir. Oktyabrın ortalarında Murov zirvəsindən cənub-şərq istiqamətində hücumda da heç bir nəticə əldə etmək olmur. Azərbaycan bölmələri xüsusilə Ağuçuq adlanan "2777,1" yüksəkliyində böyük itkilər verir. Beləliklə, bu istiqamətdə cəbhə oktyabrın ortalarında stabilləşir və müharibənin sonunadək dəyişməz qalır.

Göygöl-Kəlbəcər istiqamətindəki döyüşlər[redaktə | mənbəni redaktə et]

Azərbaycan bölmələri sentyabrın 27-də eyni zamanda Murovdağ silsiləsinin Kəlbəcər istiqamətində olan erməni postlarını ələ keçirmək üçün əməliyyata başladı. İtkilərə baxmayaraq, Göygöldən Kəlbəcərə girən bölmələr Koroğludağın cənubuna, Lev kəndinin şimal-qərbində yerləşən "3344 yüksəkliyi"nə qədər irəliləyə bildi, lakin oktyabrın 2-də baş verən döyüşlərdə ermənilər itirdikləri postu geri ala bilir. Hərbi əməliyyatlar başlayana qədər bu post Azərbaycan mövqelərindən 2,5 kilometr aralıda yerləşirdi. Həmin post uğrunda döyüşləri Ermənistan MN 3 oktyabrda yayımladığı kadrlarda nümayiş etdirir. İkinci istiqamətdən hücum edən Azərbaycan bölmələrinin əməliyyatı isə uğurlu alınır. Kəlbəcər ərazisinin dərininə doğru hərəkət edən bölmələr Cəmilli kəndinin qarşısındakı dağlarda dayanır. Hücum edən qüvvələrə bu kənddə yerləşən erməni bölmələri 122 mm-lik M-30 haubitsasından atəş açmağa başlayır. Bu istiqamətdə gedən döyüşlər erməni əsgərlərinin atəş zamanı mülki geyimli uşaqdan istifadə etməsi ilə də yadda qalmışdı. Burdakı döyüşlərdə də sonrakı günlərdə hər hansı dəyişiklik baş vermir və tərəflər müharibənin sonuna kimi mövqe döyüşləri aparırlar.

Kəlbəcər istiqamətində digər döyüşlər isə Susuzluq kəndinin şimalındakı yüksəkliklərdə baş tutur. Bura Kəlbəcər rayonunun təmas xəttinə ən yaxın olan ərazilərdən biri idi və kəndin şimalındakı Susuzluq dağı (2845,4 metr) bu ərazini strateji baxımdan əhəmiyyətli edirdi. Belə ki, bu yüksəkliyin tutulması qərb istiqamətdə Bozlu və Təkəqaya, cənubda isə Kəlbəcərin digər 5 kəndinə vizual nəzarəti təmin edirdi. Bu səbəbdən kənd və ətrafı güclü formada qorunurdu. Koroğludağın ətrafında mövqelənən Azərbaycan bölmələri ilk olaraq "Canavar" postlarını almalı, daha sonra "3223,0" yüksəkliyini götürməli idi. Sentyabrın 27-də artilleriya hazırlığı ilə başlayan ilk hücumda , Mayor Rahib Babayevin rəhbərlik etdiyi qrup "Canavar sol" yüksəkliyini, xüsusi təyinatlılar isə "Canavar sağ" yüksəkliyini ələ keçirir. Bu istiqamətdən hücumlara baxmayaraq, xüsusi təyinatlılar güclü qorunan "3223,0" yüksəkliyini tuta bilmir. Erməni bölmələri möhkəmləndikdən 2 gün sonra artilleriyanın da köməyi ilə "Canavar" postlarını geri almaq üçün əks-hücuma keçir. Burdakı döyüşlərdə Azərbaycan Ordusu ağır itkilər verir. Beləliklə, həmin gün erməni bölmələri inadlı mübarizədən sonra hər iki postu geri ala bilir. Bu döyüşdə iştirak edən hərbi hissə komandiri, polkovnik Vigen Mkrtçyan döyüşləri belə xatırlayır: " Oktyabrın 2-də düşmən bir sıra mühüm mövqelərə hücuma keçdi. Həmin gün saat 15:15-də Azərbaycan Silahlı Qüvvələrinə canlı qüvvə və texnika ilə böyük itkilər verərək düşmənin bütün istiqamətlərdə hücumunun qarşısını ala bildik. Döyüş əməliyyatları 10 saatdan artıq davam etdi. Həmin gün itirilmiş döyüş mövqelərini geri qaytara bildik ki, bu da cəbhə xəttində vəziyyəti sabitləşdirməyə imkan verdi."

Hücum qrupunun digər hissəsi isə kənd istiqamətinə şimal-şərqdən (Koroğludağ) yaxınlaşan zaman Susuzluq dağının cənubundan D-30 haubitsaları ilə artilleriya atəşinə məruz qalır. Susuzluqdakı erməni mövqelərinə dəstək üçün burdakı bölmələr tank qrupları ilə birlikdə əks-hücuma keçir. Bu döyüşün kadrları Azərbaycan MN tərəfindən 2 oktyabrda yayımlanır. Susuzluq dağının şimalındakı postda yol istiqamətində duran tank "TB-2" dronu tərəfindən vurulur. Həmin istiqamətdə oktyabrın 2-də yayımlanan kadrlarda isə Koroğludağdan Susuzluq istiqamətinə hücumu həyata keçirən Azərbaycan texnikasının qərb tərəfdə yerləşən erməni postları tərəfindən tank əleyhinə idarə olunan raket ilə vurularaq yanması müşahidə edilir. Bu istiqamətdə son video görüntü isə oktyabrın 16-da nümayiş olunur. Belə ki, həmin gün Azərbaycan bölmələrini atəş açan "BM-30 Smerç" reaktiv yaylım sistemi Kəlbəcərin Yanşaq kəndində aşkarlanır və "Harop" kamikadze dronu ilə məhv edilir. Beləliklə, bu istiqamətdə Azərbaycan bölmələrinin hücumu uğursuz olur və tərəflər olduqları yerdə mövqe döyüşlərinə davam edirlər.

Daşkəsən-Kəlbəcər istiqamətindəki döyüşlər[redaktə | mənbəni redaktə et]

Kəlbəcər istiqamətində ən şiddətli döyüşlər Ağdağ zirvəsində (3200,1 metr) baş verir. Bu zirvə də Erməni ordusunun nəzarətində olsa da, Azərbaycan postları əraziyə çox yaxın idi və bu istiqamətdə əlverişli mövqelərə malikdi. Bu səbəbdən Murov istiqamətindəki döyüşlərdə əsas zərbə bu istiqamətə yönəldildi. İlk günlərdə neytral ərazidən keçən Azərbaycan bölmələri Erməni postlarına yaxınlaşa bilsə də, buranı ələ keçirə bilmir. Buradakı müdafiə xəttini dağıtmaq üçün oktyabrın 1-i və 2-si ərazi "TB-2" dronları ilə vuruldu. Daha əvvəldə isə sentyabrın 30-da Ağdağdakı erməni mövqelərinə kömək etmək üçün hərəkət edən əsgərlərlə dolu yük maşını "3130" ərazisində "Harop" kamikadze dronu ilə vurulur. Birinci posta edilən zərbə zamanı 1 tank, 1 yük maşını və postun dayaq məntəqəsi darmadağın edilir. Bu hücum zamanı eyni zamanda təminat yolunda dayanan Yuqoslaviya istehsalı olan "M55" zenit kompleksi məhv edilir. İkinci hücum zamanı isə Ağdağın şərqindəki zirvədə yerləşən posta zərbə endirilir. Bu hücum zamanı ən azı 3 erməni əsgəri öldürülür. Bu zərbələrlə birlikdə Azərbaycan bölmələri dağa hücuma keçir. Bu döyüşlər Murov istiqamətində ən uzun davam edən qarşıdurma olur. Çoxsaylı həmlələrə baxmayaraq erməni bölmələrinin müqavimətini qırmaq mümkün olmur. Noyabrın 3-də Azərbaycan bölmələri "Ağdağ" ərazisində bir daha hücum həyata keçirməyə çalışır. Lakin dumandan istifadə edən bölmələrin irəliləməsi düşmənin minaatanları tərəfindən aşkarlanır. Həmin gün Ağdağın digər istiqamətində baş verən döyüşlərdə ermənilərin tank əleyhinə idarə olunan raketlə Azərbaycan bölmələrinə məxsus texnikanı vurur. Beləliklə, bu istiqamətdə də hansısa uğur əldə edilmir və mövqe döyüşü ilə müharibə sonlanır.

Kəlbəcərin Azərbaycana təhvil verilməsi[redaktə | mənbəni redaktə et]

Azərbaycan bölmələrinin Vətən müharibəsi zamanı Murovdağ istiqamətindəki əməliyyatları uğurlu olmasa da, cəbhənin cənub sektorunda erməni müdafiə xəttinin yarılması və noyabrın 8-ə qədər bu bölmələrin strateji əhəmiyyətli Şuşanı azad etməsi erməni hərbi və siyasi komandanlığını təslim olmağa məcbur etdi.

Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı birgə bəyanatda 6-cı maddə Kəlbəcərlə bağlı idi. Belə ki, Ermənistan bölmələri ilk olaraq bu rayonu boşaltmalı idi və onlara bunu həyata keçirmək üçün 5 gün vaxt verilmişdi. Ərazinin böyük və burada yaşayan erməni əhalisinin evakuasiyası çətin olduğu üçün noyabrın 15-i Ermənistan rəhbərliyi Rusiya vasitəsilə Azərbaycana müraciət edərək bu müddətin noyabrın 25-dək uzadılmasını istəyir. Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev həmin gün keçirdiyi brifinqdə Kəlbəcərin boşaldılması üçün Ermənistana daha 10 gün verildiyini təsdiqləyir.

Noyabrın 24-də Ermənistan ordusunun son bölmələri Kəlbəcəri tərk edir, ordu şəhərdən çıxarkən hərbi obyektləri və kazarmaları partladır. Şəhərin Azərbaycan Silahlı Qüvvələrinə verilməsi prosesinə Rusiya sülhməramlıları nəzarət edirdi. Belə ki, gecə saat 00:00-da General-Mayor İqor Konaşenkov rayonun Azərbaycana təhvil verilməsi prosesinin başlanması barədə məlumat verir. Azərbaycan bölmələri həmin gün gecə Toğana istiqamətindən və Daşkəsəndən[1] Kəlbəcərə daxil olmağa başlayır.

İtkilər[redaktə | mənbəni redaktə et]

Murovdağ döyüşlərində ümumi iştirak edən hərbçilərin sayı indiyə kimi müəmmalıdır. Lakin Prezident İlham Əliyevin 4225 hərbi qulluqçunu "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif etməsini nəzərə alaraq bu istiqamətdə 4 min nəfərin döyüşdüyünü təxmin etmək olar. Maraqlıdır ki, təltif olunanlar arasında bu istiqamətdə döyüşlərin komandanı olan, 3-cü Ordu Korpusunun komandiri, General-Mayor Xəqani Cəbrayılov yox idi. Korpus komandiri hələ müharibə davam edərkən vəzifədən kənarlaşdırılmışdı. Bu isə Hərbi Komandanlığın bu istiqamətdəki döyüşlərdən narazılığının göstəricisi ola bilər. Müharibə zamanı vəzifədən kənarlaşdırılan Xəqani Cəbrayılovun yerinə müvəqqəti olaraq General-Leytenant Nizam Osmanov təyin edilmişdir. Sabiq korpus komandiri Xəqani Cəbrayılov isə 2021-ci ilin fevralın 8-də ehtiyata buraxıldı. Murov istiqamətində ordunun hücum əməliyyatlarının pozulmasında bu amil də xüsusi rol oynadı. Azərbaycan bölmələri Murovdağ əməliyyatlarında 234 hərbi qulluqçusunu itirdi. Onların arasında Polkovnik-Leytenantlar Atəm Əliyev və Yaşar Sadıqov da vardı. Müharibədən sonra itkin düşdüyü elan edilən hərbçilərin əksəriyyəti Murovdağ döyüşlərində iştirak edənlər idi. Hazırda Azərbaycan Ordusunun 6 itkin hərbi qulluqçusundan biri olan leytenant İbrahim Vəlizadə Murovdağda itkin düşüb. O, eyni zamanda, itkin düşən yeganə zabit hesab olunur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İşğaldan azad olunan Kəlbəcər rayonundan ilk görüntülər" (az.). 25 noyabr 2020. 2021-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2022.