Moren — Vikipediya

Moren (fr. moraine) – buzlağın gətirdiyi və çökdürdüyü süxur qırıntısı. Morenlər aysberq vasitəsilə yayılan, əsasən qırıntı materialından ibarət dəniz və okean tipli terrigen çökmələrdir. Biogen material qarışığı adətən diatomeya zirehləri, süngər iynələri, foraminifer qabıqları və b. ibarət olur. Qranulometrik tərkibi lillərdən qaymalara qədər müxtəlifdir. Müxtəlif petroqrafik tərkibli zəif çeşidlənmiş kobud qırıntı materialları ilə səciyyələnir. Sahildən bir neçə yüz (hətta min) kilometrlərlə aralı, müxtəlif dərinliklərdə əmələ gəlir. Müasir aysberq moreni çökmələri Antarktidada, eləcə də Şimal yarımkürəsində geniş yayılmışdır.

Morenlər iki qrupa bölünür[1]:

  1. Hərəkətdə olan morenlər
  2. Çökmüş morenlər

Hərəkətdə olan morenlər[redaktə | mənbəni redaktə et]

Dağ buzlaqlarında hərəkətdə olan morenlər üst, daxili və dib morenlərnə bölünür.

Üst morenlər[redaktə | mənbəni redaktə et]

Üst morenlər dərənin yamaclarında buzlağın üstünə tökülən süxur qırıntılarıdır. Adətən üst morenlər buzlaq dilinin yanlarında toplanır və yan morenlər adlanır. Buzlaqlar bir-birinə qarışdıqda onların yan morenləri birləşib aşağıda, buzlaq dilinin ortasında orta morenlər əmələ gətirir.

Daxili morenlər[redaktə | mənbəni redaktə et]

Buzlağın üstünə tökülmüş qırıntıların bir hissəsi yarıqlardan buzlağın içərisinə batır və daxili morenlər əmələ gətirir.

Dib morenlər[redaktə | mənbəni redaktə et]

Buzlağın altında, buzlağın hərəkəti zamanı yataqda qoparılmış qırıntılardan dib morenlər əmələ gəlir.

Çökmüş morenlər[redaktə | mənbəni redaktə et]

Çökülmüş morenlər buzlaqlar çəkildikdən sonra onun yerinə qalan müxtəlif qırıntı materiallarından əmələ gəlmiş moren örtüyündən və moren tirələrindən ibarətdir. Bunların arasında, buzlaqların qarşısında çöküb qalmış süxur qırıntılarından ibarət tərələr xüsusi yer tutur və onlar uc morenlər adlanır. Moren materiallarının qeyribərabər çökməsi, habelə buzlaqların yeri eşib dağıtmasından alçaqhündür, təpəlik-düzənlik relyef əmələ gəlir ki, belə relyefə moren relyefi və ya moren landşaftı deyilir.

Basdırılmış qədim morenlər[redaktə | mənbəni redaktə et]

Basdırılmış qədim morenlər müxtəlif süxurlarla (çöküntülərlə) örtülmüş morenlərdir. O cümlədən tillitlər basdırılmış qədim morenə aid edilir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Məmmədov Q.Ş., Xəlilov M.Y. Ensiklopedik ekoloji lüğət. Bakı: 2008
  2. Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: Elm, 2012, s.26

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]