Mirzə Məhəmməd Axundzadə — Vikipediya

Mirzə Məhəmməd Axundzadə
Axundzadə Məhəmməd Mirzə Kazım oğlu
Şəxsi məlumatlar
Doğum tarixi 24 may 1875(1875-05-24)
Doğum yeri
Vəfat tarixi 1923
Vəfat yeri
Partiya
Fəaliyyəti publisist, müəllim, siyasətçi, dramaturq, yazıçı, tərcüməçi
Uşağı
  • Cəlal
  • Pakizə
  • Hafizə
  • Xədicə
  • Şəfiqə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mirzə Məhəmməd Mirzə Kərim oğlu Axundzadə (24 may 1875, Yelizavetpol, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası1923, Gəncə, Gəncə qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ) — maarif və teatr xadimi, şair, publisist, tərcüməçi, folklorşünas, filoloq alim, dramaturq.[1]

Həyatı və təhsili[redaktə | mənbəni redaktə et]

Mirzə Məhəmməd Axundzadə 1875-ci il mayın 24-də Gəncədə ruhani ailəsində doğulmuşdur.[2]. İbtidai təhsilini Gəncədə Şah məscidindəki mədrəsədə almış, ərəb və fars dillərini mükəmməl öyrənmişdir. Gəncə gimnaziyasını bitirmiş, orada müəllim işləmişdir.[1]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Bir müddət Gəncə sənət məktəbində və Məktəbi-ruhaniyyədə müəllimlik etmişdir. Gəncədə "Sənayeyi-nəfisə" ədəbi dərnəyinin "Nəşri-maarif" cəmiyyətinin yaradılmasında iştirak etmişdir. Bu dövrdə "Sərfi-türki" (1897), "Əqaidi-əl Müslimin" (1908) dərsliklərini yazıb Tiflisdə çap etdirmişdir. Bu dərsliklər məktəblərdə uzun müddət tədris olunmuşdur. Klassik Avropa ədəbiyyatına dərindən bələd olduğundan, ayrı-ayrı əsərləri doğma ana dilinə tərcümə etmişdir. İlk qələm təcrübələri "Şərqi-rus" qəzetində "Axundzadə", "Gəncəli", "Hadı" imzaları ilə çıxmışdır. Kiçik məqalələri, xəbər və felyetonları isə "Açıq söz", "İqbal", "Həqiqət", "Günəş", "Yeni Həqiqət", "Molla Nəsrəddin" səhifələrində gizli imzalarla ("Hatif", "Zalıbəy", "Gözü ilə görən", "Mollapərəst", "Gəncə şairi", "Hacı-kəndli" və s.) çap olunmuşdur.[2] Gəncədə maarif və mədəniyyətin inkişafı və xeyriyyə məqsədi ilə yaradılan cəmiyyətlərin təşkilatçılarından biri kimi tanınır. Azərbaycan müəllimlərinin I qurultayında iştirak etmişdir (1905). Gəncədə teatr truppasının yaradılması və fəaliyyətinə yaxından kömək etmişdir.[1]

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Mirzə Məhəmməd Axundzadə yaradıcılığa 19-cu əsrin 90-cı illərində başlamış, müxtəlif janrlarda əsərlər yaratmışdır. Maarifçilik ideyalarının yayılmasında teatrın rolunu yüksək qiymətləndirən M.M.Axundzadə dramaturgiyaya önəm vermiş, məişət mövzusunda "Məhəbbətsizlik, yaxud ata-ananın təqsiri", "Analıq", "Yaşına-yaşına, çıxdı ocaq başına", "Sonrakı peşmançılıq fayda verməz", tarixi mövzuda "Səd Vəqqas" pyeslərini, "Röyam, yaxud həqiqətə təsadüf" əsərini yazmışdır. Poeziya M.M.Axundzadənin yaradıcılığında xüsusi yer tutmuşdur. 1906-cı ildən başlayaraq "Yoncasatan", "Mollapərəst", "Hacıkəndli", "Hatif", "Qeybi", "Gəncə şairi", "Nadi" və digər imzalarla "Molla Nəsrəddin" jurnalında kəskin satiralar dərc etdirmişdir. Əsrin hadisələrinə həssas münasibət bəsləmiş, "Şərqi-rus", "Həyat", "İrşad", "İqbal", "Açıq söz" və s. dövri nəşrlərdə müxtəlif problemlərə dair publisist yazılar dərc etdirmişdir. Ədibin 20-ci əsrin əvvəllərində Gəncədə baş verən ictimai proseslərə dair polemik məqalələri, sürgündən göndərdiyi "Qürbət məktubları" xüsusi maraq doğurmuşdur. Ədəbiyyatşünas və sənət nəzəriyyəçisi kimi M.M.Axundzadənin xidmətləri xüsusilə böyükdür. O, Nizami ("Şeyx Nizami", 1909) və teatr sənəti ("Teatro nədir", 1909) haqqında ilk monoqrafiyaların müəllifidir. Folklor nümunələrini toplayıb, nəşr etdirmişdir ("Məclis yaraşığı", 1910). Türk dramaturgiyası nümunələrinin (Namiq Kamalın "Vətən, yaxud Silistrə", Bedrəddin Həsənin "Nədamət" pyesləri), Şekspirin "Venesiya taciri", N.V.Qoqolun "Evlənmə" pyeslərini ilk dəfə Azərbaycan dilinə tərcümə etmişdir.[1]

Siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

"Türk Ədəmi-Mərkəziyyət Müsavat" partiyasının I qurultayında, ortada Mirzə Məhəmməd Axundzadə

"Difai" partiyasının yaradılmasında Əhməd bəy Ağayevlə birgə fəal iştirak etmişdir (1906). 1908-ci ildə evində axtarış aparılmış "bir mauzer tüfəng və bir tapança", "Difai" təşkilatına məxsus möhür tapılmış, həbs edilərək beş il Zakaspi vilayətinə sürgün olunmuşdur.[2] Sürgündən qaçıb İranda Səttar xan hərəkatında iştirak etmişdir. Qürbətdə ikən Əli Nəzmiyə göndərdiyi "Nələr çəkdim bu qürbətdə, əzizim" mənzum məktubunda Mirzə Məhəmməd Axundzadə sürgün həyatının ağırlığından və əzablarından bəhs etmişdir. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi münasibətilə "əfvi-ümumi" ona vətənə dönməyə imkan vermişdir. Bundan sonra siyasi, pedaqoji və ədəbi fəaliyyətini davam etdirmiş, 1917-ci ilin iyununda "Müsavat"la "Türk Ədəmi-Mərkəziyyət Partiyası"nın birləşmə qurultayında yaradılmış ilk Mərkəzi Komitənin üzvü olmuşdur. 1918-ci il iyunun 16-da Tiflisdən Gəncəyə köçmüş Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin işinin təşkilində M.M.Axundzadə fəal rol oynamışdır. 1918-ci ilin sentyabrında hökumət üzvləri ilə birlikdə Bakıya köçmüş, burada birləşmiş "Türk Ədəmi-Mərkəziyyət Müsavat" partiyasının katibi işləmişdir. M.M.Axundzadə partiya işinin təşkilinə və partiyadaxili ziddiyyətlərin aradan qaldırılmasına böyük əmək sərf etmişdir. "İstiqlal" qəzetində dərc olunmuş "Firqə həyatı" başlıqlı bir xəbərdə deyilirdi:[1]

" Gəncədə təşkilat mərkəziyyətində işləyən camaat firqə xadimlərimizin əksərən Bakıya köçmələrindən naşı məəttəl bir halda idi. Fevral ayının 2-dən etibarən mərkəzi komitə tərəfindən məxsusi sürətdə göndərilən mərkəzi komitə katibi Mirzə Məhəmməd Axundzadə cənabları ilə Məhəmmədbağır Şeyxzamanov cənabları tərəfindən Gəncə komitəsi təkrar təşkil edilmişdir.
İstiqlal qəzeti, 1919, 26 şubat, №3
"

Ölümü[redaktə | mənbəni redaktə et]

Aprel işğalından (1920) sonra Mirzə Məhəmməd Axundzadə Gəncəyə dönmüş həmin ilin oktyabrında həbs olunmuşdur sonradan isə azad edilir. Gəncədə uşaq evində müdir və seminariyada müəllim işləyir. 1923-cü ildə qəflətən vəfat etmişdir. Gəncənin Səbiskar məzarlığında dəfn olunmuşdur.[2]

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • Sərfi-türki. Gəncə: 1897,
  • Əqaidi-əl-Müslimin, I cild, (Birinci və ikinci siniflər), Bakı: Kaspi, 1908,
  • Şeyx Nizami. Gəncə: 1909,
  • Teatro nədir? Gəncə: 1909,
  • Röyam, yaxud həqiqətə təsadüf. Gəncə: 1910,
  • Məclis yaraşığı. Gəncə: 1910,
  • Səd Vəqqas, yaxud Fəthi-Qüdsiyyə. Bakı: 1911,
  • Məhəbbətsizlik nəticəsi, yaxud ata və ananın təqsiri. Bakı: Azərnəşr, 1928,
  • Dram əsərləri. Bakı: Mütərcim, 2003.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 Mirzə Məhəmməd Axundzadə // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I. Bakı: "Lider". 2004. səh. 120-121. ISBN 9952-417-14-2.
  2. 1 2 3 4 H. Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. — səh. 234–237.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Şükürov S., Gəncə məktəblərinin tarixindən, B., 1990
  • Məmmədov X., Mirzə Məhəmməd Axundov, "Ana sözü" jurnalı, 1992, № 1, 2; № 5–6
  • Muradov C, Unudulmuş sənətkar, ADU-nun "Elmi əsərləri" (Dil və ədəbiyyat seriyası), 1969