Mikayıl Rəfili — Vikipediya

Mikayıl Rəfili
Doğum tarixi
Doğum yeri Borsunlu, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
(hazırkı Goranboy, Azərbaycan)
Vəfat tarixi (53 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı  Rusiya İmperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Təhsili
Fəaliyyəti yazıçı, şair, ədəbiyyat tənqidçisi, tərcüməçi
Mükafatları "Şərəf nişanı" ordeni — 1946

Mikayıl Həsən oğlu Rəfili (12 (25) aprel 1905, Borsunlu, Yelizavetpol qəzası25 aprel 1958, Bakı) — şair, ədəbiyyatşünas, tənqidçi, 1935-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1944), professor (1945).

Həyatı[redaktə | mənbəni redaktə et]

Mikayıl Rəfili 1905-ci il aprelin 25-də Yelizavetpol qəzasının (indiki Goranboy rayonu) Borsunlu kəndində varlı kəndli ailəsində doğulmuşdur. Yelizavetpol klassik gimnaziyasında təhsil almışdır. Bu dövrdə bədii yaradıcılığa başlamışdır. Onun "Mikayıl Rəfizadə" imzası ilə ilk qələm təcrübələri "Mücadileyi-həyat" hekayəsi, "Elmə doğru" şeiri və "Qərb mədəniyyəti" məqaləsi "Əfkari-Mütəəllimin" jurnalında (1919, 2,3 nömrələrində) dərc olunmuşdur.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Borsunlu kəndində müəllim və məktəb müdiri olmuş, kəndin mədəni həyatında fəal çalışmış, komsomol sıralarına qəbul olunmuşdur. 1921-ci ildə orta təhsil almaq məqsədilə Gəncəyə gəlmiş, eyni zamanda ictimai işlərdə fəallıq göstərmiş, III Azərbaycan qurultayına nümayəndə seçilmişdir. "Rosta" qəzetində iştirak etmişdir.

Bakıda Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, həm də Azərbaycan Dövlət Universitetinin Şərq dilləri fakültəsində məşğələlərin dinləyicisi, 1924-cü ildə olur. "Maarif və mədəniyyət" jurnalı redaksiyasında işləyir. 1926–1927-ci illərdə bütün qüvvəsini ədəbi fəaliyyətə həsr edir.

1927-ci ildə Moskva Dövlət Universitetində təhsil alır. Bu dövrdə Kremldə qanunların Azərbaycan mətnlərinin redaktoru işləyir. Bakıda Azərbaycan Dövlət Nəşriyyatında bədii şöbənin müdiri işlədiyi zaman Azərbaycan Proletar Yazıçıları Birliyində fəal çalışır. 1929-cu ildə Moskvaya I Ümumittifaq Proletar Yazıçılarının Qurultayına nümayəndə seçilir. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda rus ədəbiyyatı kafedrasında müəllim, sonra dosent (1930–1935) işləmiş, eyni zamanda "Bakinski raboçi" qəzeti redaksiyasında mədəniyyət şöbəsinin müdir müavini olmuşdur. Bu dövrdə SSRİ yazıçılarının təşkilat komitəsinin üzvü seçilmişdir. Həm də "Hücum" və "Qabaqcıl" ("Udarnik") jurnalları redaksiya heyətinin üzvü olmuşdur. Qorki, Mayakovski, Serafimoviç haqqında monoqrafiya, "Sevastopol" və "Leninqrad" poemalarını qələmə almışdır.

1934–1935-ci illərdə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında elmi işçi işləmişdir. Sovet Yazıçılarının I Ümumittifaq Qurultayına nümayəndə seçilmişdir. 1935–1936-cı illərdə SSRİ EA-nın (Leninqrad) aspiranturasında təhsil almış, orada "Azərbaycan ədəbiyyatının rus mədəniyyəti ilə əlaqələri haqqında" mövzusunda dissertasiya müdafiə etmişdir. Sonra "Puşkinin həyat və yaradıcılığı", "Puşkin və Azərbaycan", "M.F.Axundov" əsərlərini yazmışdır (1935–1937). Nizami yubiley komitəsi tərkibində məsul katib olmuşdur. 1938-ci ildən Azərbaycan Pedaqoji İnstitutunda və Azərbaycan Dövlət Universitetində professor olmuş, Azərbaycan ədəbiyyatı tarixi kursunu aparmışdır. İkinci Dünya müharibəsi illərində radioda, Qızıl Ordu hissələrində, hərbi xəstəxanalarda çıxışlar etmiş, "Səbuhi" ssenarisini[1], "Şirvanşah İbrahim" pyesini yazmışdır. SSRİ Yazıçıları İdarəsinin üzvü olmuşdur. 1944-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir.

Xidmətlərinə görə "Şərəf nişanı" ordeni və medallarla təltif olunmuşdur.

1958-ci il aprelin 25-də vəfat etmişdir.

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • 1. Pəncərə (şeirlər). Bakı: Azərnəşr, 1929, 72 səh.
  • 2. Lirik şeirlər. Bakı: Azərnəşr, 1930, 50 səh.
  • 3. M.Qorki. Bakı: Azərnəşr, 1932, 71 səh.
  • 4. V.Mayakovski. Bakı: Azərnəşr, 1932, 48 səh.
  • 5. Durna (şeirlər). Bakı: Azərnəşr, 1934, 168 səh.
  • 6. Yeni tarix (şeirlər). Bakı: Azərnəşr, 1935, 113 səh.
  • 7. Serafimoviç. Bakı: Azərnəşr, 1938, 14 səh.
  • 8. T.Şevçenko. Bakı: Azərnəşr, 1939, 50 səh.
  • 9. M.F.Axundov. Bakı: Azərnəşr, 1939, 36 səh.
  • 10.A.S.Puşkin. Bakı: Azərb.SSR EA nəşriyyatı, 1941, 24 səh.
  • 11.A.P.Çexov. Bakı: Azərnəşr, 1944, 46 səh.
  • 12.M.F.Axundov (həyat və yaradıcılığı). Bakı: Azərnəşr, 1957, 393 səh.
  • 13.N.Nərimanov. Bakı: Azərnəşr, 1956, 56 səh.
  • 14.Ədəbiyyat nəzəriyyəsinə giriş. Bakı: Azərnəşr, 1958, 282 səh.
  • 15.Mirzə Fətəli Axundov (həyatı, mühiti və yaradıcılığı). Bakı: Elm, 1990, 256 səh.

Tərcümələri[redaktə | mənbəni redaktə et]

(ruscadan)

  • 1. V.Hüqo. Gülən adam. Bakı: Azərnəşr, 1927, 419 səh.
  • 2. V.Hüqo. Paris Notr-dam kilsəsi. Bakı: Azərnəşr, 1936, 580 səh.
  • 3. V.Hüqo. Səfillər (I hissə). Bakı: Azərnəşr, 1933, 301 səh.
  • 4. V.Hüqo. Səfillər (II hissə). Bakı: Azərnəşr, 1933, 172 səh.
  • 5. V.Hüqo. Səfillər (III hissə). Bakı: Azərnəşr, 1934, 229 səh.
  • 6. V.Hüqo. Səfillər (VI hissə). Bakı: Azərnəşr, 1935, 278 səh.
  • 7. V.Hüqo. Səfillər (V hissə). Bakı: Azərnəşr, 1935, 264 səh.
  • 8. A.S.Puşkin. Bağçasaray fontanı. Bakı: Azərnəşr, 1937, 32 səh.
  • 9. A.S.Puşkin. Ərzurum səyahəti. Bakı: Azərnəşr, 1937, 77 səh.
  • 10. A.S.Puşkin. Tunc atlı. Bakı: Azərnəşr, 1937, 22 səh.
  • 11. Onore de Balzak. Ögey ana. Bakı: Azərnəşr, 1943,
  • 12. L.N.Tolstoy. Dirilmə (I hissə). Bakı: Uşaqgəncnəşr, 1951, 292 səh.
  • 13. L.N.Tolstoy. Dirilmə (II hissə). Bakı: Uşaqgəncnəşr, 1951, 382 səh.
  • 14. Onore de Balzak. Novellalar. Bakı: Azərnəşr, 1949, 292 səh.
  • 15. Onore de Balzak. Qorio ata. Bakı: Uşaqgəncnəşr, 1952, 312 səh..
  • 16. Onore de Balzak. Qobsek. Bakı: Gənclik, 1969, 68 səh.
  • 17. Onore de Balzak. Qorio ata. Bakı: Yazıçı, 1978, 296 səh.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 65.