Maxta abidələr kompleksi — Vikipediya

Maxta abidələr kompleksi
Ölkə  Azərbaycan
Şəhər Şərur
Yerləşir Maxta kəndi
Aidiyyatı Tunc dövrü-Antik dövr
Üslubu arxeoloji abidə
Sahəsi 6 ha
İstinad nöm.37 1963
KateqoriyaYaşayış yeri, Nekropol
ƏhəmiyyətiDünya əhəmiyyətli
Maxta abidələr kompleksi (Azərbaycan)
Maxta abidələr kompleksi

Maxta abidələr kompIeksi - I Maxta və II Maxta abidərindən ibarətdir. I Maxta — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndi ərazisində dəniz səviyyəsində 803 metr yüksəklikdə yerləşən arxeoloji abidə. Araz çayının 2 km-də yerləşən I Maxta qədim yaşayış yeri əkinçilik təsərrüfatı üçün əlverişlidir. Həm Araz çayının yaxınlıqdan keçməsi, həm də Arpaçayın qollarından birinin abidəninin bir tərəfindən keçərək Araz çayına tökülməsi qədim dövrlərdə insanların məskunlaşmaq məqsədilə çox əlverişli yer seçdiklərini sübut edir. II Maxta yaşayış yeri Maxta və Kürkənd kəndləri arasında, I Maxta abidəsindən 1,5 km məsafədə yerləşir. Yaşayış yerinin cənub-qərbindən dəmir yolu xətti, şimalından isə Dəhnə çayı keçir. Yaşayış yerindən yerüstü materiallar: əmək alətləri, ox ucları, keramika məmulatı və s. toplanmışdır. Dövr etibarilə I Maxta abidəsinin materialları ilə eyniyyət təşkil edir.

Tədqiqat tarixi[redaktə | mənbəni redaktə et]

Maxta abidələr kompleksinə aid edilən I Maxta abidəsində arxeoloji tədqiqatlar ardıcıl şəkildə aparılmışdır. Lakin II Maxta abidəsində tədqiqatlar aparılmamışdır. I Maxta abidədə ilk tədqiqatlar 1988-ci ildə Naxçıvan arxeoloji ekspedisiyası tərəfindən başlanılmış və 1989-cu ildə davam etdirilmişdir. Növbəti qazıntı işləri 2006-cı ildə Amerika-Azərbaycan birgə ekspedisiyası tərəfindən aparılmışdır. Lakin, bu tədqqiqatları suların üzə çıxması səbəbindən davam etdirmək mümkün olmamışdır. 2008-2015-ci illərdə isə AMEA-nın Arxeologiya və Etnoqrafoya institutu tərəfindən abidədə ardıcıl şəkildə tədqiqat işləri davam etdirilmişdir. I Maxta abidəsində arxeoloji tədiqatlar tanınmış arxeoloq Səfər Aşurov tərəfindən aparılmışdır.[1]

Tikinti xüsusiyyəti[redaktə | mənbəni redaktə et]

I Maxta abidəsi üçün adətən dairəvi və dörkünc tikililər xarakterikdir. Dairəvi və dördkünc tikililər yalnız funksiyasına görə bir-birindən fərqlənmişlər. Tikililərin hamısı möhrə və çiy kərpic ilə inşa olunmuşdur. Möhrədən olan divarlar bir kərpic enindədir. Baxmayaraq ki, abidə yaxınlığında kifayət qədər daş yataqları var, ancaq qeydə alınan tikili qalıqlarının heç birinin inşasında daşlardan istifadə edilməmişdir. Bunu qədim Maxta sakinlərinin təsərrüfatında oturaq əkinçiliyin üstünlük təşkil etməsi ilə əlaqələndirmək olar. Abidədə aparılan tədqiqatlar nəticəsində ibadətgahlar da aşkar olunmuşdur. Əldə edilən tikililərin daxilindən sürtgəc, dən daşı, heyvan sümüyünün qalıqları, nalşəkilli ocaq qurğuları, keramika məmulatları və s. aşkar olunmuşdur. I Maxta qədim yaşayış yerində dairəvi və dördkünc tikililərin birlikdə aşkar edilməsi ilk tunc dövrünün bütün mərhələlərində dairəvi tikililərlə yanaşı dörkünc tikililərin də inşa olunduğunu təsdiq edir.

Abidədən qeydə alınmış dairəvi tikililərin mərkəzində Kür-Araz mədəniyyəti üçün xarakterik olan ocaq qurğuları - manqallar təmizlənmişdir. Ocaqlar stasionar və daşınabilən olmaqla iki tipə ayrılır. Stasionar ocaqlar Kür-Araz mədəniyyəti daşıyıcılarının evlərinin mühüm bir hissəsini təşkil etmişdir. Dairəvi manqal formalı qurğular evin döşəməsində qazılmış çalada qurulurdu.[1]

Saxsı məmulatı[redaktə | mənbəni redaktə et]

Kür- Araz mədəniyyətinin spesifik xüsusiyyətlərini özündə birləşdirən I Maxta abidəsində dövr üçün səciyyəvi hesab edilən qara cilalı saxsı məmulatı, eyni zamanda boz, qırmızımtıl, boz və müxtəlif çalarlı cilalı qablar əldə olunmuşdur. I Maxta qədim yaşayış yerindən əldə olunan saxsı materialları içərisində küplər sayca üstünlük təşkil edir. Əksəriyyəti qalın divarlı olan bu saxsıların hazırlanması zamanı gilinin tərkibinə narın qum və xırda daş hissəcikləri qatılmışdır. Zəif bişirildiyindən en kəsiklərində qara zolaq aydın şəkildə görünür. Bu böyük küplərin hamısı sadə bad üsulu ilə hazırlanmışdır.Saxsı məmulatı içərisində kifayət qədər küpələr də əldə olunmuşdur. Onların da hazırlanmasında sadə bad üsulundun istifadı olunmuşdur. Bir qisminin üzərinə qara, qonur, boz rəngli anqob çəkilərək cilalanmışdır. Bundan əlavə abidədən çox sayda kasa, çölmək, qazan, tava əldə olunmuşdur. Tədqiqatlar zamanı həm də kiçik ölçülü miniatür qablar da aşkarlanmışdır. Abidədə bizə məlum keramika məmulatı içərisindı naxışlı keramika xüsusi yer tutur. Saxsı məmulatında ən çox rast gəlinən naxış motivi spirallardır. Abidən qeydə alınmış digər saxsı nümunələrinə misal olaraq yağdanları, asmalar, gil fiqurları və s. göstərmək olar. I Maxta abidəsinin saxsı qablarında Kür-Araz mədəniyyəti üçün xarakterik olan yarımşar formalı qulpların müxtəlif növlərinə rast gəlinmişdir. Həmçinin abidədən rudimentar qulpalara malik saxsı qab nümunələri də qeydə alınmışdır.[1]

Sümük məmulatı[redaktə | mənbəni redaktə et]

I Maxta abidəsindən həm də çoxsaylı sümük alətlər tapılmışdır ki, onların əksəriyyəti qoyun, keçi, iribuynuzlu mal-qara və s. heyvanların sümüklərindən hazırlanmışdır. Alətlərin hazırlanmasında sürtərək forma vermə, iki hissəyə ayırma, kəsmə, deşik açma yolu ilə forma vermə kimi müxtəlif texnikalardan istifadə edilmişdir. Əldə edilən sümük alətlər əsasən məişətdə istifadə üçün nəzərdə tutulmuşdur. Onlara misal olaraq bizlər, iynələr, iy başlıqları, cilalayıcılar və toxaları göstərmək olar. I Maxtadan üzə çıxarılmış sümük alətlər içərisində say etibarilə bizlər üstünlük təşkil edir. Bizlər güman edilir ki, deşiklərin açılması, həmçinin çərtmə naxışların vurulması  və sənətkarlıqda dəri işlənməsi üçün istifadə edilmişdir. Qədim yaşayış yerindən cilalayıcılar, iy başlıqları, 2 ədəd toxa, ox ucluğu və alət hazırlaması üçün xammal da aşkarlanmışdır.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Arxeologiya

Kür-Araz mədəniyyəti

Tunc dövrü

Mənbə[redaktə | mənbəni redaktə et]

Aşurov Səfər, Hüseynova Sevinc, Əliyeva Fidan. I Maxta ilk tunc dövrü abidəsi - I kitab. Bakı, "Apostrof A", 2020, 147 səh.

İstinad[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Aşurov, Hüseynova, Əliyeva, Səfər, Sevinc, Fidan. I Maxta ilk tunc dövrü abidəsi (az. və en.). Bakı: Apostrof A. 2020.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Aşurov Səfər, Hüseynova Sevinc, Əliyeva Fidan. I Maxta ilk tunc dövrü abidəsi - I kitab. Bakı, "Apostrof A", 2020, 147 səh

https://azertag.az/xeber/maxta_qedim_yasayis_yerinde_arxeoloji_tedqiqatlar_davam_etdirilecek-869391

https://azertag.az/xeber/arxeoloji_ekspedisiya_ugurlu_neticeler_elde_etmisdir-186076