Mahir Həmzəyev — Vikipediya

Mahir Həmzəyev
Mahir Canmirzə oğlu Həmzəyev
bayraq
Litva Azərbaycanlıları Cəmiyyətinin sədri
bayraq2
Şəxsi məlumatlar
Doğum tarixi (66 yaş)
Doğum yeri Quba
Azərbaycan Azərbaycan SSR
Təhsili Bakı Dövlət Universiteti (1983)
Vilnüs Dövlət Universiteti (1989)

Təltifləri "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 2011
"Tərəqqi" medalı — 2006

Mahir Canmirzə oğlu Həmzəyev (8 mart 1958, Quba rayonu) — ədəbiyyatşünas, publisist və tərcüməçi, Litva Azərbaycanlıları Cəmiyyətinin sədri (1988), Litva Respublikası Hökuməti yanında Litva Milli İcmalar Şurasının üzvü (1991–2019)[1], Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti (2007–2009), Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü (2001–2021).[2]

Həyatı və fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Mahir Həmzəyev 1958-ci ilin martın 8-də Quba rayonunda anadan olub. 1974-cü ildə Digah kənd orta məktəbini bitirib. 1983-cü ildə isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin qiyabi şöbəsini bitirib. "Azərbaycan-Litva ədəbi əlaqələri" mövzusunda diplom işini əla qiymətlə müdafiə edib. 1979-cu ildən Vilnüs şəhərində yaşayır və çalışır. 1984–1989-cu illərdə Litva Yazıçılar İttifaqı və ADU-nun zəmanəti ilə V. Kapsukas adına Vilnüs Dövlət Universitetinin Litva filologiyası şöbəsində litvaşunaslıq ixtisası üzrə aspiranturada təhsil alıb.

1985-ci ildə Vilnüs Kitabsevərlər Cəmiyyətinin məsul katibi seçilib və 1994-cü ildən həmin cəmiyyətin rəhbəridir. 1988-ci ildə Vilnüsdə Litva Azərbaycanlıları Cəmiyyətini yaradıb və həmin ildən indiyədək bu təşkilatın sədridir. 1988–1991-ci illərdə Litva Millətlərarası Əlaqələndirmə Assosiasiyasının həmtəsisçisi və İdarə heyətinin üzvü olub. 1991–1992-ci illərdə Azərbaycan Mədəniyyət Fondunun (hazırda Azərbaycan Yaradıcılıq Fondu) İdarə Heyətinin üzvü olub. 1990–1992-ci illərdə Litva Sayudis Seyminin üzvü olaraq fəaliyyət göstərib. 1992–1995-ci illərdə Azərbaycan Respublikasının Litvada səlahiyyətli nümayəndəsi olub.[3] 2001, 2006, 2011 və 2016-cı illərdə Dünya Azərbaycanlılarının Bakıda keçirilmiş I, II, IIIIV qurultaylarında Diasporun Litvadan təmsilçisi olaraq iştirak edib və 4 dəfə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasına üzv seçilib. 2006-cı ilin yanvarında Riqada qurulmuş Baltik Azərbaycanlıları Konqresinin həmtəsisçisi və həmsədridir. 2006–2007-ci illərdə Vilnüsdə Litva-Azərbaycan Assosiasiyasını, Vilnüs dairəsi azərbaycanlıları təşkilatını və Vilnüs azərbaycanlıları icmasını yaradıb. 2007-ci ilin martın 10-da Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti secilib. 1991-ci ilin yanvar ayında Litva Respublikası Hökuməti Millətlər Departamentinin yanında Litva Milli İcmalar Şurasını yaradan təsisçilərdən biridir. 1991–2012 və 2015–2019-cu illərdə Litva Respublikası Hökuməti yanında Litva Milli İcmalar Şurasına uzv seçilib. 2009-cu ildə Litva Respublikası Hökuməti yanında Milli Azlıqlar və Emiqrasiya Departamentinin xətti ilə keçirilmiş seçkilərdə üc il muddətinə Litva Milli İcmalar Şurasının sədri secilib. 17 noyabr 2009-cu ildə Litva Respublikası Baş naziri Andryus Kubilyusun 511 saylı Sərəncamı ilə Litva Respublikası Baş nazirinin yanında Litva Milli Azlıqlarının Məsələləri üzrə Koordinasiya Komissiyasına üzv seçilib. 2007-ci ilin fevral ayında Vilnüs rayonu Bələdiyyə seçkilərində iştirak edib. 2008-ci və 2016-cı illərin oktyabr aylarında Litva Respublikası Liberalları Sayudis Partiyasının xətti ilə iki dəfə Litva Respublikası Parlament seçkilərində iştirak edib.[4] 2010–2012-ci ilərdə Litva Respublikası Seyminin İqtisadiyyat Komitəsi Sədrinin, 2013–2014-cü illərdə isə Litva Respublikası Seyminin Təhsil, Elm və Mədəniyyət Komitəsinin müşaviri olub. 2016-cı ilin may ayından Litva Respublikası Seyminin Liberal Sayudis Fraksiyasının millətlərarası münasibətlər və dini məsələlər üzrə məsləhətçisidir.

Yaradıcılığı və tədqiqat mövzuları[redaktə | mənbəni redaktə et]

Yaradıcılığında işlədiyi əsas mövzular: — Baltik-Azərbaycan, həmçinin Litva-Azərbaycan ədəbi, mədəni və tarixi əlaqələri, ədəbi paralellər və bədii tərcümə məsələləri, kulturoloji və komparativistik araşdırmalar; "Kitabi-Dədə Qorqud" dastanı Baltik xalqlarının dillərində; Baltik xalqları mühacirləri və diaspora təşkilatlarının XIX–XX əsrlərdə Qafqazda elmi, mədəni və ictimai-siyasi fəaliyyəti; Böyük Litva Knyazlığının karaim, tatar, polyak və yəhudi varislərinin Azərbaycan və Türkiyə ilə elmi, ədəbi, mədəni və ictimai-siyasi əlaqələri; 1918–1922-ci illərdə Litva — Cənubi Qafqaz dövlətlərarası münasibətləri və Litvanın Bakıdakı Konsulluğunun fəaliyyəti; Litva ədəbiyyatının klassiki, müstəqil Litva dövlətinin Bakıda ilk konsulu Vintsas Krevenin 1909–1920-ci illərdə Azərbaycandakı pedaqoji, elmi, mədəni, ictimai-siyasi və diplomatik fəaliyyəti; Azərbaycan Xalq Cümhuriyyəti siyasi mühacirlərinin XX əsrin 20–30-cu illərində Litva-Polşa karay və tatar türkləri ilə ictimai-siyasi əlaqələri; 1944–1953-cü illərdə Litva müstəqilliyi uğrunda SSRİ dövlətinə qarşı müqavimət hərəkatı və partizan müharibəsində iştirak etmiş azərbaycanlı "meşə qardaşları"nın həyat və döyüş yolları.

1980–2024-cü illərdə bu mövzulara həsr edilmiş 400-dən artıq tədqiqat işi, ədəbi-tarixi və elmi-publisistik məqalələri Litvada və Azərbaycanda dərc olunub.

2002, 2008, 2011 və 2012-ci illərdə Ümumdünya Litva Ensiklopediyasının Vilnüsdə çıxmış II, XIV, XX və XXI cildlərində Azərbaycan ədəbiyyatı, mədəniyyəti, maarifi, mətbuatı, teatrı, kinosu və xoreoqrafiyası haqqında, eləcə də Azərbaycan yazıçı və şairləri — Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Osman Sarıvəlli, Mikayıl Rzaquluzadə, Süleyman Rəhimov, Rəsul Rza, Nigar Rəfibəyli, Xəlil Rza Ulutürk, Sabir Rüstəmxanlı və Anarın yaradıcılığı barədə 22 adda ensiklopedik məqalə hazırlayıb çap etdirib.

1990-cı il 20 Yanvar hadisələrindən dərhal sonra Vilnüs mətbəələrinin birində gizli şəraitdə Azər Qasımzadə ilə birgə rus dilində 10 min nüsxədən ibarət "Агрессия" ("Təcavüz") adlı sənədli kitabça çap etdirərək Litvada, Latviyada, Estoniyada, Belorusda, Ukraynada, Rusiyada, Polşada və Azərbaycanda yayımlayıb. Bununla bağlı Bakı şəhərinin hərbi komendantı general-leytenant B. K. Smıslovun göstərişi ilə 1990–1991-ci illərdə axtarışda olub (bax: Bakı, "Kommunist" qəzeti, 14 mart 1990-cı il, № 54 (21122). 

Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsi, Quba soyqırımı və Xocalı qətlamı mövzusunda 1990–2019-cu illərdə Litva, Azərbaycan və Rusiya mediasında işıq üzü görmüş 100-ə yaxın tarixi, analitik, polemik və siyasi-publisistik publikasiyaların müəllifidir.

Ümumdünya Litva Ensiklopediyası Redaksiya Kollegiyasının üzvüdür (2002). Azərbaycan Yazıçılar Birliyinin (AYB) fəxri üzvüdür (2006). Litva Ədəbi Tərcüməçilər İttifaqının üzvüdür (2016). Litva Yazıçılar İttifaqının üzvüdür (2021). LR "Bədii sənət yaradıcısı və Yaradıcı təşkilatların statusu haqqında Qanun"a uyğun olaraq, 2016-cı ilin may ayında LR Mədəniyyət nazirinin Sərəncamı ilə Litvanın Bədii Sənət Yaradıcısı statusuna layiq görülüb.

Ədəbi və publisistik tərcümələri[redaktə | mənbəni redaktə et]

1982–2019-cu illərdə litvalı müəlliflərlə birgə Azərbaycan ədəbiyyatından xalq nağıllarını, Nizami, Cəlil Məmmədquluzadə, Abdulla Şaiq, Bəxtiyar Vahabzadə, Gülhüseyn Hüseynoğlu, Məmməd Namaz, Eldar Nəsibli, Elçin Hüseynbəyli, Rəşad Məcid, Vahid Qazi və Pərvinin yaradıcılığından bir sıra əsərləri Litva dilinə tərcümə edib.

"Erməni terror və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri (XIX–XXI əsrlər)" müxtəsər xronoloji ensiklopediyasından (Bakı, Elm, 2002-ci il) bir sıra parçaları litvalı naşir və publisist Gintaras Visotskasla birgə Litva dilinə tərcümə edərək 2010-cu ildə Kaunasda dərc etdirib.

Dövlət xadimi Heydər Əliyevin 1990-cı il 20 Yanvar təcavüzünün geosiyasi təhllilinə həsr olunmuş çıxışlarını, Azərbaycanlıların soyqırımı tarixi ilə bağlı imzaladığı rəsmi sənədləri, akademik Ramiz Mehdiyevin "Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri" və "XXI əsrdə Azərbaycan ideyası kreativ millət kontekstində" adlı tarixi, siyasi və sosial-fəlsəfi oçerklərini litvalı həmkarı Edita Ratkuvene ilə ortaq Litva dilinə çevirərək 2014–2015-ci illərdə Vilnüsdə nəşr etdirib.

1983–2018-ci illərdə Litva xalq nağıllarını, Litva yazıçıları Vintsas Kreve, Yonas Bilyunas, Alfonsas Maldonis, Sigitas Geda, Algirdas Potsyus, Alfonsas Bukontas, Arvidas Valyonis, A. Antanas Yoninas və Danielyus Muşinskasın əsərlərini Azərbaycan dilinə tərcümə edib.

1990–2024-cü illərdə litvalı jurnalistlər, siyasi şərhçilər Vidmantas Valyuşaytis, İmantas Melyanas, Rita Milyute, Kestutis Oginskas, Paulyus Vaytekunas, Rasa Karmazayte, Laurinas Kasçyunas, Tomas Çivas, Vitaliyus Karakorskis, Donatas Valançyauskas, Arvidas Banyulis, Tomas Srebalyus, Linas Çesnulyaviçyus, Riçardas Lapaytis və Ritas Stasyalisin Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsi həqiqətlərinə aid Litva mediasında dərc edilmiş politoloji məqalələri, oçerk, pamflet, analitik icmal və digər publisistik yazıları, o cümlədən Azərbaycan Respublikasının sabiq prezidentləri Əbülfəz ElçibəyHeydər Əliyevinn 1990–1993-cü illərdə Litva jurnalistlərinə verdiyi müsahibələri azərbaycancaya çevirib.

2003–2005-ci illərdə YUNESKO-nun Estoniya, Latviya, Litva, Azərbaycan Milli Komissiyalarının təşkilatçılığı və Baltik Azərbaycanlıları Cəmiyyətlərinin tərəfdaşlığı ilə Vilnüsdə, Riqada, Tallində və Bakıda həyata keçirilmiş iki beynəlxalq mədəniyyət layihəsində ("Cənubi Qafqaz: Sivilizasiyalararası dialoq", Nağıl körpüləri") təşkilatçı, tərəfdaş və ədəbi tərcüməçi kimi iştirak edib.

2006–2018-ci illərdə Litva Dövlət və Hökumət rəsmilərinin — Litva Pespublikasının Prezidenti Valdas Adamkusun Azərbaycana rəsmi səfərləri zamanı etdiyi çıxışları, müstəqil Litva Respublikasının ilk Dövlət başçısı Vitautas Landsbergisin Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsi mövzusunda yazdığı bir sıra siyasi-publisistik məqalələri, Litva Respublikasının Baş nazirləri Gediminas Kirkilas və Andryus Kubilyusun Dünya Azərbaycanlılarının 2007 və 2011-ci illərdə Bakıda keçirilmiş beynəlxalq tədbirlərə ünvanladıqları müraciətləri, Litvanın Türkiyədə və Azərbaycandakı sabiq səfiri, LR Prezidentinin müşaviri Halina Kobetskaytenin məruzə və məqalələrini Azərbaycan dilinə tərcümə edib.

ADR xadimləri Məhəmməd Əmin Rəsulzadə və Xəlil bəy Xasməmmədovun 1932-ci ildə Vilnüsdə polyak dilində dərc edilmiş tarixi məqalələrini 2019-cu ildə Azərbaycan dilinə çevirib.

Təltifləri[redaktə | mənbəni redaktə et]

1992–2018-ci illərdə LR Seyminin Sədri, LR Baş naziri, LR Mədəniyyət naziri və həmcinin Litvanın digər Dövlət və Hökumət qurumlarının rəhbərliyi tərəfindən dəfələrlə fəxri fərmanlara və yazılı təşəkkürlərə layiq görülüb.

19 noyabr 2004-cü ildə Litva Respublikası Hökuməti yanında Milli Azlıqlar və Emiqrasiya Departamentinin "Xidmətlərə görə" fəxri gümüş medalı ilə mükafatlandırılıb.[5]

2006-cı ilin martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1355 saylı Sərəncamı ilə Dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə "Tərəqqi" medalına layiq görülüb.

2006-cı ilin iyunun 7-də Litva Respublikasının Prezidenti Valdas Adamkusun 648 saylı Fərmanı ilə "Litva qarşısında xidmətlərinə görə" Dövlət medalı ilə təltif olunub.[6]

2009-cu ilin dekabrın 18-də Litva Respublikasının Baş naziri Andryus Kubilyusun xüsusi Qərarı ilə təşəkkur elan edilərək Litva adının 1000 illiyinə həsr olunmuş "Fəxri ulduz" hökumət nişanı ilə təltif olunub.

2011-ci ilin iyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1612 saylı Sərəncamı ilə jurnalistika sahəsindəki nailiyyətlərinə və Diasporun inkişafındakı xidmətlərinə gorə Azərbaycan Respublikasının "Əməkdar jurnalisti" fəxri adı verilib.[7]

2021-ci ilin fevralın 15-də Litva Respublikasının Prezidenti Gitanas Nausedanın 1K-518 saylı Fərmanı ilə "Litva qarşısında xidmətlərə görə" ordeninin Cəngavər Xaçı ilə təltif edib.https://azertag.az/xeber/1718267

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Mahir Həmzəyev Litva Milli İcmaları Şurasına eəhbərlik edir". azertag.az. 2 noyabr 2009. 25 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 oktyabr 2019.
  2. "Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının Dünya Azərbaycanlılarının IV Qurultayında seçilmiş tərkibi". azertag.az. 8 iyun 2016. 25 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 oktyabr 2019.
  3. "Mahiras Gamzajevas" (ing. ). vle.lt. 25 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 oktyabr 2019.
  4. "Həmyerlimiz Litva parlamentinin üzvlüyünə namizəddir". azertag.az. 10 oktyabr 2008. 25 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 oktyabr 2019.
  5. "DĖL APDOVANOJIMO TAUTINIŲ MAŽUMŲ IR IŠEIVIJOS DEPARTAMENTO PRIE LIETUVOS RESPUBLIKOS VYRIAUSYBĖS GARBĖS ŽENKLAIS „UŽ NUOPELNUS" IR PADĖKOS RAŠTAIS" (ing. ). e-tar.lt. 25 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 oktyabr 2019.
  6. "DĖL LIETUVOS RESPUBLIKOS IR UŽSIENIO VALSTYBIŲ PILIEČIŲ APDOVANOJIMO LIETUVOS VALSTYBĖS ORDINAIS IR MEDALIAIS LIEPOS 6-OSIOS - VALSTYBĖS (LIETUVOS KARALIAUS MINDAUGO KARŪNAVIMO) DIENOS PROGA" (ing. ). e-tar.lt. 5 iyul 2006. 25 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 oktyabr 2019.
  7. "Azərbaycan diasporu nümayəndələrinin bir qrupuna fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 4 iyul 2011. 25 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 oktyabr 2019.

8. Mahir Həmzəyev LR Mədəniyyət nazirinin Qərarı ilə Litvanın Bədii Sənət Yaradıcısı statusuna layiq görülüb.http://ayb.az.html#

9. Litva Prezidenti həmyerlimizi "Litva Qarşısında Xidmətlərə Görə" ordeni ilə təltif edib. https://azertag.az/xeber/1718267 22 fevral 2021-ci il.