Mənsum İbrahimov — Vikipediya

Mənsum İbrahimov
Ümumi məlumatlar
Doğum tarixi 1 oktyabr 1960(1960-10-01) (63 yaş)
Doğum yeri
Vətəndaşlığı
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti opera müğənnisi, aktyor, xanəndə
Fəaliyyət illəri 1987-ci ildən
Musiqi alətləri qaval
Səs tembri tenor
Təhsili
Mükafatları
"Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2005 "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 1998 "Sənətkar" medalı
"Şərəf" ordeni — 2020 "Şöhrət" ordeni — 2010
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mənsum İsrafil oğlu İbrahimov (1 oktyabr 1960, İmamqulubəyli, Ağdam rayonu) — xanəndə, Azərbaycan Respublikasının xalq artisti (2005), Prezident mükafatçısı, Azərbaycan Milli Konservatoriyasının professoru. Konservatoriyanın Muğam kafedrasının müdiri (2023-cü ildən)

Həyatı[redaktə | mənbəni redaktə et]

Mənsum İbrahimov 1960-cı il oktyabrın 1-də Azərbaycan Respublikasının Ağdam rayonunun İmamqulubəyli kəndində anadan olub. 1982–1987-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun muğam şöbəsində, 1988–1993-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Mədəni Maarif" fakültəsində təhsil almışdır. 1985-ci ildə Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyinə həsr olunmuş müsabiqədə I dərəcəli diploma layiq görülmüşdür. Şövkət Ələkbərovanın məsləhəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət olunmuşdur. 1993-cü ildən "Leyli və Məcnun" operasında Məcnun rolunu oynayır. Milli opera tamaşalarında ikinci dərəcəli rollarla səhnəyə qədəm qoysa da, hazırda əksər tamaşalarda aparıcı partiyaları ifa edir. "Leyli və Məcnun" operasında Məcnun, "Aşıq Qərib"də Qərib, "Gəlin qayası"nda Camal, "Sevil"də Azançı rollarını ifa etmişdir. Opera səhnəsindəki fəaliyyəti ilə bərabər həm də xalq və bəstəkar mahnıları, muğamların ifaçısıdır. Dövlət səviyyəli tədbirlərdə, yubileylərdə tez-tez çıxış edir. Azərbaycan muğam sənətini dünyanın yaxın və uzaq ölkələrində — İran, Türkiyə, İraq, Fransa, Belçika, Lüksemburq, Kipr, ABŞKanadada təmsil edir. Bununla bərabər pedaqoji fəaliyyətlə məşğul olur. Azərbaycan Milli Konservatoriyası və konservatoriyanın nəzdində fəaliyyət göstərən musiqi kollecinin müəllimi kimi fəaliyyət göstərir.

1998-ci ildə "Azərbaycan Respublikasının əməkdar artisti", 2005-ci ildə isə "xalq artisti" fəxri adına layiq görülmüşdür. 2010-cu ildə Azərbaycan Prezidentinin Sərəncamına əsasən "Şöhrət" ordeni ilə təltif olunmuşdur. 30 dekabr 2020-ci ildə Azərbaycan milli musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Şərəf" ordeni ilə təltif olunub.[1] 10 mart 2021-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalı təltif olunub.[2]

9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə,[3] 6 may 2015-ci ildə[4] və 6 may 2016-cı ildə[5] Prezident Mükafatına layiq görülmüşdür. 1 may 2017-ci ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[6]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "M.İ.İbrahimovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-30.
  2. "Bakıda Milli Teatr Günü qeyd edilib". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-12.
  3. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-30.
  4. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-03.
  5. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-06.
  6. President.Az. "Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.05.2017. 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-03.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • Mənsum İbrahimov — Şur muğamı (Elçin Həşimov — Tar, Elnur Əhmədov — Kamança)[1]
  • Mənsum İbrahimov, Təyyar Bayramov, Aygün Bayramova, Nəzakət Teymurova — Qarabağ Qarabağ Şikəstəsi [2]
  • Mənsum İbrahimov, Təyyar Bayramov, Arzu Əliyeva — Qarabağ Şikəstəsi [3]
  • Mənsum İbrahimov — Dilkeş təsnifi (Rəşad İbrahimov — Tar, Təbriz Yusubov — Kamança) [4]
  • Mənsum İbrahimov — Mahur təsnifi (Elçin Həşimov — Tar, Elnur Əhmədov — Kamança)[5]