Məmməd Ağpolad — Vikipediya

Məmməd Ağpolad
Məmməd Rza oğlu Rzayev
Şəxsi məlumatlar
Digər adı Mehmet Akpolat
Doğum tarixi
Doğum yeri Gəncə, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Ankara
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Cümhuriyyəti (1918-1920)
Türkiyə Türkiyə (1920-1950)
Qoşun növü Azərbaycan Cümhuriyyəti Quru Qoşunları
Türkiyə Quru Qoşunları
Xidmət illəri 1917-1951
Rütbəsi Albay
Döyüşlər Əsgəran döyüşü
Qarabağ və Zəngəzur döyüşləri (1918-1920)
Gəncə üsyanı (1920)
Qarabağ üsyanı (1920)
Türkiyə İstiqlaliyyət Müharibəsi (1920-1923)
Şeyx Səid üsyanı (1925)

Məmməd Ağpolad və ya Məmməd Rzayev — Azərbaycan Cümhuriyyətinin zabiti, Türkiyə Silahlı Qüvvələrinin polkovniki.

Qarabağ və Zəngəzur döyüşlərində, Əsgəran döyüşündə, Aprel işğalından sonra işğala qarşı baş tutmuş GəncəQarabağ üsyanlarında iştirak edib.

Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak edib. 31 il Türkiyə Silahlı Qüvvələrində xidmət edib.

Həyatı və təhsili[redaktə | mənbəni redaktə et]

Məmməd Rza oğlu Rzayev 1897-ci ildə Gəncə şəhərində İmamalı məhəlləsində anadan olub[1] 1914-cü ildə Gəncə şəhər məktəbini bitirdikdən sonra Tiflis şəhərində Mühəndislik məktəbinə daxil olub. 1917-ci ildə son sinifdə oxuyarkən Oktyabr inqilabı zamanı çıxan qarışıqlıqlardan sonra, könüllü olaraq hərbi xidmətə gedib. 8 ay xidmət etdikdən sonra 1918-ci ilin may ayında Gəncədə açılan hərbi məktəbə daxil olub[2].

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Azərbaycan Cümhuriyyətində[redaktə | mənbəni redaktə et]

1918-ci ilin noyabr ayında zabit namizədi olaraq Gəncə şəhərində yerləşən 1-ci Topçu Tuqayının, 1-ci diviziyasının, 1-ci batareyasına təyin edilib. Hərbi xidmətə başladıqdan sonra Qarabağa göndərilib. Qarabağda və Zəngəzurda dinc əhaliyə qarşı qırğınlar törədən erməni daşnak qüvvələrinə qarşı AbdallarXanlıq kəndi istiqamətində gedən döyüşlərdə iştirak edib. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə 1919-cu ilin mart ayının 22-də kiçik leytenant rütbəsi ilə təltif edilərək taqım komandiri vəzifəsinə təyin olunub. Həmin ilin avqust ayında Məmməd Rzayev, vaxtından əvvəl leytenant rütbəsinə yüksəldilərək batareya komandiri təyin olunur[1].

1920-ci ilin martın 21-də erməni-daşnak qüvvələri Əsgəranda yerləşən Cavanşir piyada alayının mövqelərinə qəfil hücum edərək, Əsgəran keçidini ələ keçirib üsyana başladılar[3]. 1920-ci il martın 26-da Azərbaycan ordusu Əsgəran istiqamətində Dronun qoşunlarına qarşı genişmiqyaslı hücuma başlayır. Milli ordunun zabiti kimi Məmməd Rzayev də, komandiri olduğu topçu batareyası ilə bu döyüşlərdə iştirak edir[4]. Əsgəranda başlayan şiddətli döyüşlər Azərbaycan ordusunun qələbəsi ilə yekunlaşır. Aprel ayının ortalarına qədər davam edən döyüşlərdə düşmən qüvvələri bütünlüklə məhv edilir[5].

Cümhuriyyətin işğalından sonra bolşeviklərə qarşı 1920-ci ilin may ayında baş qaldırmış Gəncə üsyanında iştirak edib. Bir neçə gün Gəncənin müdafiəsində iştirak etdikdən sonra Qarabağa gedib və burada 1920-ci ilin iyun ayında Nuru paşanın rəhbərliyi ilə baş tutmuş Qarabağ üsyanında iştirak edib. Üsyan məğlub olduqdan sonra komandiri olduğu topçu batareyası ilə birgə Cümhuriyyət ordusunun süvari və piyada alaylarının sağ qalan əsgərləri ilə bərabər döyüşlərdə iştirak edərək QaryaginCəbrayıl istiqamətində geri çəkilib, Araz çayından keçərək İrana daxil olublar[6].

Məmməd Ağpolad bu hadisələri belə təsvir edir:

" İşğalçı bolşevik ordusu ilə aparılan savaşlardan sonra Azərbaycan birliyinin bir qismi ilə bərabər Xudafərin körpüsündən 4 səhra toplu batareyamızla İrana keçdik. Uzun bir dolaşmadan və macəradan sonra Araz çayını təkrar keçərək Naxçıvanın Ordubad qəzasına gəldik. Yol olmadığı üçün 4 səhra topunu İranda tərk etmək məcburiyyətində qaldıq. Lakin topların durbinlərini, nişangahlarını, çaxmaqlarını və bir qisim qoşqu ləvazimatlarını özümüzlə birgə gətirdik. Naxçıvanda bir depoda durbinsiz, nişangahsız, çaxmaqsız iki ədəd top tapdıq. Onları işlək hala gətirərək XI tümənin Naxçıvanda yerləşən Veysəl bəyin komandanlığındaki, taboru ilə birgə Dəvəli və Şahtaxtıda erməni ordusu ilə savaşdıq[7]. "

Şahtaxtıda XI tümənin I taborunun iki bölüyü və Məmməd bəyin komandiri olduğu topçu batareyası 2000 nəfərlik erməni silahlı qüvvələrinin şiddətli hücumuna məruz qalır. Daha sonra Məmməd bəy öz batareyası ilə Maku üzərindən Türkiyəyə keçərək 12 iyulda Şərqi Bəyazidə çatır. Özləri ilə gətirdikləri 2 səhra topunu Şərqi Bəyaziddə XI topçu alayına təhvil verərək 23 nəfər silahdaşı ilə birgə Ərzuruma doğru hərəkət edirlər. Bir həftə sonra Ərzuruma daxil olub, özləri ilə gətirikləri 18 ingilis ayğırı ilə Soyuq Cermik bölgəsində yerləşən Azərbaycan hərbi birliyinə qatılırlar[6].

Türkiyədə[redaktə | mənbəni redaktə et]

Sovet işğalına qarşı baş qaldırmış üsyanlar məğlub olduqdan sonra Azərbaycan Cümhuriyyətinin Ordusunun qalan hərbçilərinin bir qismi Zəngəzuru keçərək Naxçıvana, bir qismi isə Xudafərin istiqamətindən İrana keçərək Türkiyəyə getdilər[8]. Türkiyə sərhədlərinə yaxınlaşanda Azərbaycan hərbçilərinə rəhbərlik edən Nuh bəy Sofiyev komandanlığı Səməd bəy Rəfibəyliyə təhvil verir. Səməd bəyin rəhbərliyi ilə onlar əvvəlcə Şərqi Bəyazidə, daha sonra isə iyun-iyul aylarında Həsənqala və Ərzuruma çatdılar[9]. Topçu batareya və piyadalardan ibarət dəstələr də digər tümənlərin tərkibinə qatıldı[10]. Bir müddət Ərzurumda qaldıqdan sonra Türkiyə Böyük Millət Məclisinin qərarı ilə bir süvari, bir piyada alayı və topçu batareyasından ibarət 1200 nəfərlik Azərbaycan birliyi Kazım Qarabəkir paşanın komandanlıq etdiyi Şərq ordusunun (XV kolordu) sıralarına qəbul olunur[6]. Məmməd Ağpolad 1200 nəfərlik Azərbaycan birliyinin tərkibində 56 nəfər zabitdən biri olub[11]

Baba bəy Behbud, Səməd bəy Rəfibəyli və Məmməd Ağpolad Türkiyə Ordusunda xidmət ikən

Məmməd bəy də Türkiyə İstiqlaliyyət Savaşına Cahangir bəy Bərkərin batareyasının tərkibində taqım komandiri olaraq qatılır. 1920-ci ilin payızından, 1921-ci ilin əvvəllərinə qədər Şərqi Anadoluda baş vermiş Doğu Hərəkatında Sarıqamışın, Qarsın, Gümrünün geri alınması əməliyyatlarında iştirak edib[12]. Qarsın Bənli Əhməd kəndi yaxınlığında Berna meydan müharibəsində göstərdiyi igidliklərə görə Mustafa Kamal Atatürkün imzası olan təqdirnamə ilə təltif olunub. Türkiyə İstiqlaliyyət Savaşının bitməsindən sonra orduda qalaraq hərbi xidmətini davam etdirib[13].

Müharibədən sonra 1925-ci ildə Şeyx Səid üsyanının, 1926-cı ildə I Ağrı, 1927-ci ildə II Ağrı üsyanlarının yatırılmasında iştirak edib[14].

1928-ci ilin avqust ayında baş üsteğmen rütbəsi ilə təltif olunub. Təhsilini artırmaq üçün İstanbulda Hərbi məktəbə daxil olub. 1929-cu ildə topçu məktəbindən məzun olduqdan sonra İzmirdə olan Foça Artilleriya qrupunda batareya komandiri vəzifəsinə təyin olunub. 1930-cu ildə yüzbaşı rütbəsinə yüksəldilir. 1939-cu ildə Muğlada yerləşən Topçu alayında 6-cı batareyanın komandiri vəzifəsinə təyin edilir. 1940-cı ildə minbaşı rütbəsi ilə təltif olunduqan sonra Çatalcada 64–cü tümənin topçu alayının II taborunun, 1943-cü ildə 40–cı tümənin topçu alayının, 1945-ci ilin dekabr ayında Qarsda 49-cu Topçu alayın II taborunun komandiri vəzifələrində xidmət edir. 1946-cı ilin avqustunda yarbay rütbəsinə yüksəldilərək Əzurumda III ordunun silah anbarının, 1948-ci ilin iyul ayında Diyarbəkirdə 7-ci Kolordunun motorlu topçu alayının komandir müavini vəzifəsinə təyin olunur. 1949-cu ildə albay rütbəsinə yüksəldilərək[15] Diyabəkirdə Təftiş Komissiyasının rəhbəri təyin olunur. 1950-ci ilin may ayında vəzifə başında ikən infarkt keçirir. Bir müddət müalicə alıqdan sonra yenidən xidmətə qayıdır. 1950–ci ildə Əskişəhərdə Təftiş Komissiyasının rəhbəri vəzifəsinə təyin edilir. Lakin səhhəti imkan vermədiyi üçün 1951-ci ilin iyul ayında təqaüdə çıxıb[14][16].

1934-cü il iyunun 21-də Türkiyədə qəbul edilmiş Soyad qanunundan[17] sonra özünə "Ağpolad" soyadını götürüb.

Təqaüdə çıx dıqdan sonra Azərbaycan Kültür Dərnəyinin fəaliyyətində iştirak edib. 25 may 1958-ci ildə Yunis Xəzərlinin sədrliyi ilə İstanbulda dərnəyin illik qurultayı keçirilib[18]. Seçkilər nəticəsində Baba Behbud, Məhəmməd Ağpolad, Həmid Gəncə dərnəyin müşahidə şurasına seçiliblər[19].

1975-ci il yanvarın 7-də dünyasını dəyişib. 1975-ci il yanvarın 8-də Ankarada yerləşən Cəbəci Şəhidlər Xiyabanında dəfn edilib[20].

Ailəsi[redaktə | mənbəni redaktə et]

Rzayevlər nəslinə mənsub olan Məmməd bəyin atası Rza bəy, anası Şəkər xanımdır. Yunis, Binnət, Nemət adında qardaşları, Gövhər adında bacısı olub. Qardaşları Yunis, Binnət, Nemət 1937-ci ildə repressiyaya məruz qalaraq öldürülüblər[21].

Məmməd Ağpolad Qarsda xidmətdə olduğu dövrdə burada Leyla xanımla tanış olaraq ailə qurub. Bu evlilikdən Cəmilə və Orxan adlı övladları dünyaya gəlib[22].

Oğlu Orxan hərbçi olub və Koreya müharibəsində iştirak edib. 1951-ci ildə baş vermiş Kunu-ri döyüşünün iştirakçılarından biri olub. Döyüşlərin birində yaralandıqdan sonra Türkiyəyə geri qayıdıb. Sağaldıqdan sonra xidmətini davam etdirib və albay rütbəsinə qədər yüksəlib[22].

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 89. ISBN 978-9952-5513-4-1.
  2. Sebahattin Şimşir. Azerbaycan'ın İstiklal Mücadelesi. İstanbul: IQ Kültür Sanat Yayıncılık. 2013. səh. 169. 2023-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-15.
  3. Şəmistan Nəzirli. "İyirminci ildə Qarabağ döyüşləri" (az.). anl.az. 2017-08-08. 2022-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-15.
  4. "Erməni daşnaklarına "qan udduran" gəncəli əsgər: Məmməd Ağpolad" (az.). gencexeber.az. 2022-09-22. 2022-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-15.
  5. Azərbaycan Milli Ensiklopediyası / ƏSGƏRAN DÖYÜŞÜ (1920). VIII. Bakı: AMEA "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2018. Archived from the original on 2020-04-07. İstifadə tarixi: 2023-02-15.
  6. 1 2 3 Orxan Cəbrayıl. "Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad" (az.). interposta.info. 2017-12-10. 2023-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-15.
  7. Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 93. ISBN 978-9952-5513-4-1.
  8. Mehman Ağayev. Kurtuluş Savaşı Yıllarında Türkiye Azerbaycan İlişkileri (PDF). İstanbul: IQ Kültür Sanat Yayıncılık. 2008. səh. 196. ISBN 9789752552364. 2023-01-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-03-30.
  9. Abdulhamit Avşar. Türkiyənin İstiqlal müharibəsində Azərbaycan türkləri: Türkiyə arxiv sənədləri və mətbuatında: 1919-1922. Bakı: AzAtaM. 2007. səh. 45. 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-24.
  10. Mehman Ağayev. Kurtuluş Savaşı Yıllarında Türkiye Azerbaycan İlişkileri (PDF). İstanbul: IQ Kültür Sanat Yayıncılık. 2008. səh. 197. ISBN 9789752552364. 2023-01-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-03-30.
  11. Vasif Qafarov. "Azərbaycanlıların Türkiyəyə etdiyi yardımı Osmanlı arxivlərindən öyrənmək olar" (az.). Azərbaycan qəzeti. 2015-04-25. 2018-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-16.
  12. Mehman Ağayev. Kurtuluş Savaşı Yıllarında Türkiye Azerbaycan İlişkileri (PDF). İstanbul: IQ Kültür Sanat Yayıncılık. 2008. səh. 198. ISBN 9789752552364. 2023-01-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-03-30.{{Dead link|date=March 2023 |bot=InternetArchiveBot }
  13. Abdulhamit Avşar. Türkiyənin İstiqlal müharibəsində Azərbaycan türkləri: Türkiyə arxiv sənədləri və mətbuatında: 1919-1922. Bakı: AzAtaM. 2007. səh. 42. 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-29.
  14. 1 2 Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 95. ISBN 978-9952-5513-4-1.
  15. Elşən Mirişli. "Azərbaycan Xalq Cümhuriyyətində Ordu" (PDF). Türküstan qəzeti. Bakı. 26 iyun – 2 iyul 2018. 9. Archived from the original on 2022-05-27. İstifadə tarixi: 2023-02-15.
  16. Orxan Cəbrayıl. "Azərbaycanın 12 generalı, 46 polkovniki güllələndi..." (az.). axar.az. 2017-08-30. 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-16.
  17. "Soy adı kanunu" (PDF), T.C. Resmî Gazete, Ankara, 1, 1934-07-02, 2022-03-03 tarixində arxivləşdirilib (PDF)
  18. Sebahattin Şimşir. Azerbaycan'ın İstiklal Mücadelesi. İstanbul: IQ Kültür Sanat Yayıncılık. 2013. səh. 168. 2023-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-18.
  19. Dilqəm Əhməd. "10 il içində 52 dəfə üsyan etmiş, yüz minlərlə qurban vermişik" (az.). teleqraf.com. 2022-02-28. 2022-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-15.
  20. Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 100. ISBN 978-9952-5513-4-1.
  21. Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 97. ISBN 978-9952-5513-4-1.
  22. 1 2 Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 96. ISBN 978-9952-5513-4-1.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]