Məhəmmədəli İbrahimli — Vikipediya

Məhəmmədəli İbrahimli
Şəxsi məlumatlar
Doğum tarixi 22 noyabr 1996(1996-11-22)
Doğum yeri
Vəfat tarixi 13 oktyabr 2020(2020-10-13) (23 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri iyul-oktyabr 2020
Rütbəsi Əsgər
Döyüşlər
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Suqovuşanın azad olunmasına görə" medalı — 2020

Məhəmmədəli Mütəllim oğlu İbrahimli (22 noyabr 1996, Beyləqan13 oktyabr 2020, Göyarx, Tərtər rayonu) — Azərbaycan hərbçisi, Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyatçı əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Bakalavr və magistr təhsili almış Məhəmmədəli İbrahimli 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Quru Qoşunlarının tərkibində Suqovuşanın azad edilməsindəAğdərə istiqamətində baş tutan döyüşlərdə iştirak etmişdir. Döyüş zamanı ağır yaralanan Məhəmmədəli İbrahimli müalicə üçün Bərdəyə aparılsa da, müalicəsini yarımçıq qoyaraq könüllü şəkildə ön cəbhəyə qayıtmışdır. O, 13 oktyabrda Ağdərə istiqamətində Ermənistan Silahlı Qüvvələrinin postuna kəşfiyyat bölüyünün hücumu zamanı qumbara ilə 20-dən çox erməni hərbçisini məhv etmiş, özü də baş tutan döyüşlərdə həlak olmuşdur. Məhəmmədəli İbrahimlinin nəşi müharibənin bitməsindən iki ay sonra tapılmışdır.

Əslən Füzulinin Cuvarlı kəndindən olan Məhəmmədəli İbrahimli "İmarət" azarkeş qrupunun ən fəal üzvlərindən idi. O, 2021-ci ilin yanvarında "Sabah" ilə keçirilən matçda "Qarabağ"ın qələbə topunu vuran Mahir Emreli qoldan sonra üzərində Məhəmmədəli İbrahimlinin şəkli olan ağ formanı nümayiş etdirmişdir. Həmin ilin may ayında Məhəmmədəli İbrahimli "Qarabağ" komandasının üzvü kimi ölümündən sonra Azərbaycan Premyer Liqasının gümüş medalına layiq görülmüşdür. Həmçinin, iyul ayında Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasında Məhəmmədəli İbrahimlinin xatirəsinə həsr olunmuş sərgi açılmışdır. Bundan başqa, fərqli ölkələrdə məskunlaşan azərbaycanlı tələbələrin magistr səviyyəsi üzrə təhsilini dəstəkləmək üçün "Məhəmmədəli İbrahimli Təqaüd Proqramı" təsis edilmişdir. "Qarabağ" FK növbəti mövsümü qızıl medalla başa vurmuş, 22 may 2022-ci ildə medalların və kubokun təqdimetməsi mərasimində şəhid Məhəmmədəli İbrahimli üçün nəzərdə tutulmuş medal onun atasına təqdim olunmuşdur.

Həyatı və təhsili[redaktə | mənbəni redaktə et]

Məhəmmədəli Mütəllim oğlu İbrahimli 1996-cı ildə Azərbaycanın Beyləqan şəhərində anadan olmuşdur. O, əslən Füzulinin Cuvarlı kəndindəndir.[1][2][3] Atası Mütəllim Xəlilov Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuşdur.[4] Məhəmmədəli İbrahimli 2003–2014-cü illərdə Sabunçu rayonunda yerləşən 215 nömrəli orta məktəbdə təhsil almışdır. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olmuş, 2018-ci ildə buradan məzun olduqdan sonra Azərbaycan Texniki Universitetində magistr təhsili almışdır.[1][2][3] Məhəmmədəli İbrahimli tələbə olduğu vaxtlarda dostları ilə çayxana işlətmiş, buradan əldə olunan gəlirlər ilə "Nur" uşaq evinə yardım etmişdir.[4]

Məhəmmədəli İbrahimli "İmarət" azarkeş qrupunun ən fəal üzvlərindən idi,[5][6] demək olar ki, klubun bütun oyunlarında olurdu.[7] O, həmçinin, Təbrizin "Traktor" komandasının azarkeşi olmuşdur.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Məhəmmədəli İbrahimli 2020-ci ildə hərbi xidmətə çağırılmışdır. O, Azərbaycan Ordusunun kəşfiyyatçı əsgəri kimi 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir.[7]

Məhəmmədəli İbrahimli oktyabrın 3-dən 4-nə keçən gecə, Suqovuşanın azad edilməsi uğrunda baş tutan döyüşlərdə hər iki qolundan və kürəyindən qəlpə yarası almışdır, lakin buna baxmayaraq, üç yaralı və bir şəhid silah yoldaşını təhlükəsiz əraziyə çıxartmışdır. Ağır yaralanan Məhəmmədəli İbrahimli ardınca Bərdəyə aparılmışdır, burada 15 günlük Bərdə Rayon Diaqnostika Xəstəxanasına yerləşdirilmiş, lakin o, üç gün sonra müalicəsini yarımçıq qoyaraq könüllü şəkildə ön cəbhəyə qayıtmışdır.[8][9]

Məhəmmədəli İbrahimli 13 oktyabrda Ağdərə istiqamətində Ermənistan Silahlı Qüvvələrinin postuna kəşfiyyat bölüyünün hücumunda iştirak etmişdir. O, döyüş yoldaşlarının şəhid olduğunu gördükdən sonra erməni mövqelərinə hücum etmiş, qumbara ilə 20-dən çox erməni hərbçisini məhv etmişdir. Məhəmmədəli İbrahimli burada baş tutan döyüşlərdə həlak olmuşdur.[8] Onun nəşi müharibədən sonra, dekabr ayında tapılmışdır. Məhəmmədəli İbrahimli 15 dekabr 2020-ci ildə Sabunçu Şəhidlər Xiyabanında dəfn edilmişdir.[10][11]

İrsi[redaktə | mənbəni redaktə et]

2021-ci ildə Məhəmmədəli İbrahimlinin bir qrup dostu tərəfindən xatirəsini yaşatmaq məqsədilə dünyanın fərqli ölkələrində məskunlaşan azərbaycanlı tələbələrin magistr səviyyəsi üzrə təhsilini dəstəkləmək üçün "Məhəmmədəli İbrahimli Təqaüd Proqramı" təsis edilmişdir.[12][13]

2021-ci ilin may ayında "Qarabağ" futbol klubu "Neftçi" ilə həlledici qarşılaşmadan öncə Peşəkar Futbol Liqasına medal alacaq komanda üzvlərinin siyahısına Məhəmədəli İbrahimlinin də adını salmışdır.[14][15] Oyundan sonra Məhəmədəli İbrahimli "Qarabağ" komandasının üzvü kimi ölümündən sonra Azərbaycan Premyer Liqasının gümüş medalına layiq görülmüşdür.[16] 21 yanvar 2021-ci ildə "Qarabağ" və "Sabah" futbol klubları arasında baş verən oyunun 72-ci dəqiqəsində "Qarabağ"ın qələbə topunu vuran Mahir Emreli qoldan sonra üzərində Məhəmmədəli İbrahimlinin şəkli olan ağ formanı nümayiş etdirmişdir.[17][18]

23 iyul 2021-ci ildə Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasında Məhəmmədəli İbrahimlinin xatirəsinə həsr olunmuş sərgi açılmışdır.[19]

"Qarabağ FK" Azərbaycan çempionatında 2021/2022 mövsümünü qızıl medallarla bitirmişdir. Klub Peşəkar Futbol Liqasına göndərdiyi medal alacaq komanda üzvlərinin siyahısına Məhəmmədəli İbrahimlinin də adını salmışdır.[20] 22 may 2022-ci ildə medalların və kubokun təqdimetməsi mərasimində şəhid Məhəmmədəli İbrahimli üçün nəzərdə tutulmuş medal onun atası Mütəllim İbrahimliyə təqdim olunmuşdur. Bundan sonra isə o, klubun futbolçuları ilə birgə kuboku başı üzərinə qaldırmışdır.[21]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 Səfərov, Emin. "63 gün sonra şəhid xəbəri gələn Məhəmmədəli". Qafqazinfo.az (az.). 15 dekabr 2020. 15 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2020.
  2. 2,0 2,1 "AzTU-nun şəhid tələbə və məzunları". muallim.edu.az (az.). 17 dekabr 2020. 20 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  3. 3,0 3,1 "Məktəbimizin şəhid məzunu Məhəmmədəli İbrahimli!". bakimektebleri.edu.az (az.). 19 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 oktyabr 2021.
  4. 4,0 4,1 Bəkirova, Lalə; Murad, Amaliya. "Şəhidimiz Məhəmmədəli İbrahimli..." (az.). 27 iyul 2021. 2022-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyun 2022.
  5. ""İmarət"in üzvü Tərtərdə ağır yaralandı". sportinfo.az (az.). 11 oktyabr 2020. 15 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2020.
  6. "63 gün sonra şəhid xəbəri gəldi - "İmarət"li fəalın. Bu Vətən bizimdi!". sport24.az (az.). 15 dekabr 2020. 20 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  7. 7,0 7,1 "Məhəmmədəli İbrahimli". memorial.az (az.). 2022-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyun 2022.
  8. 8,0 8,1 "AzTU-nun magistr məzunu, İkinci Qarabağ müharibəsi şəhidi Məhəmmədəli İbrahimlinin doğum günüdür". azedu.az (az.). 22 dekabr 2021. 2022-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyun 2022.
  9. İlkin Sultanlı. ""İmarət"in üzvü Tərtərdə yaralanıb". football-plus.az. 15 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2020.
  10. "63 gün sonra şəhid xəbəri gələn Məhəmmədəli İbrahimli". İki sahil (az.). 15 dekabr 2020. 20 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  11. Məhəmməd, Nərimanoğlu. "Yaralı olsa da, savaş meydanına dönən igid". Azərbaycan (az.). Bakı. 19 dekabr 2021. 21 dekabr 2021 tarixində arxivləşdirilib.
  12. "Məhəmmədəli İbrahimli Təqaüd Proqramı". mischolarship.com (az.). 19 avqust 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 avqust 2021.
  13. "İkinci Qarabağ müharibəsi şəhidinin adına təqaüd proqramı yaradılıb". anews.az (az.). 10 iyul 2021. 19 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 oktyabr 2021.
  14. ""Qarabağ"dan şəhid azarkeşi ilə bağlı həssas addım". qol.az (az.). 19 may 2021. 19 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 oktyabr 2021.
  15. "Azərbaycan çempionatı tarixində ilk dəfə şəhidə ölkə çempionatının medalı veriləcək". Azəri Press Agentliyi (az.). 19 may 2021. 19 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 oktyabr 2021.
  16. Şabanoğlu, Anar. "Məhəmmədəlinin medalı." qol.az (az.). 26 may 2021. 19 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 oktyabr 2021.
  17. "Mahir Emreli üzərində şəhid Məhəmmədəli İbrahimlinin fotosu olan formanı nümayiş etdirdi". yeniavaz.com (az.). 21 yanvar 2021. 6 mart 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 oktyabr 2021.
  18. "Mahir Emreli şəhid azarkeşə etdiyi jestdən danışdı: "Bilsəydi, bəlkə də vurulan ilk qoldan sonra bunu özü edərdi"". sport24.az (az.). 26 yanvar 2021. 19 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2021.
  19. "Xətai rayonunda Vətən Müharibəsi şəhidi Məhəmmədəli İbrahimlinin xatirəsinə həsr olunmuş sərginin açılışı olub". Azərbaycan Dövlət İnformasiya Agentliyi (az.). 23 iyul 2021. 19 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 oktyabr 2021.
  20. ""Qarabağ"dan şəhid azarkeşi ilə bağlı həssas addım". qol.az (az.). 19 may 2021. 19 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2022.
  21. ""Qarabağ"dan şəhid atasına anlamlı jest". qafqazinfo.az (az.). 22 may 2022. 22 may 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2022.
  22. Əliyev, İlham. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi. 15.12.2020. 16 yanvar 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2020.
  23. Əliyev, İlham. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında". president.az (az.). Azərbaycan Respublikası Prezidentinin Administrasiyası. 24 iyun 2021. 24 iyun 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 oktyabr 2021.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]