Lütvəli bəy Zülqədərov — Vikipediya

Lütvəli bəy Zülqədərov
14 fevral 1920 – 19 mart 1920
ƏvvəlkiMəhəmməd bəy Süleymanbəyov
SonrakıMustafa bəy Qabulov
23 iyun 1919 – 14 fevral 1920
12 oktyabr 1918 – 23 iyun 1919
Şəxsi məlumatlar
Doğum tarixi 1881
Vəfat tarixi iyun 1920

Lütvəli bəy Mehralı bəy oğlu Zülqədərov (1881iyun 1920) — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Göyçay qəzasının rəisi, Gəncə üsyanının iştirakçısı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Lütvəli (tarixi ədəbiyyatda Niftəli bəy yazılır Əslində, Lütvəli bəydir) 1881-ci ildə Yelizavetpol quberniyasında iri mülkədar ailəsində anadan olmuşdur.

AXC dövründə fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Lütvəli bəy əvvəlcə Cəbrayıl (Karyagin. indiki Füzuli) qəzasının 2-ci sahə polisinin, Yelizavetpol (Gəncə) qəza polisinin 3-cü sahəsinin pristavı, habelə Ərəş qəzasında pristav vəzifəsində işləmişdi. Əhalinin böyük hörmətini qazanmışdı. Lütvəli bəy əvvəllər Peterburqda çar II Nikolayın sarayında qulluq etmiş, imperator və imperatriça Mariya Fyodorovna tərəfindən yüksək dövlət mükafatlarına layiq görülmüşdü. O, 1918-ci il oktyabrın 12-də daxili işlər naziri Behbud xan Cavanşirin 78 nömrəli əmri ilə Şamaxı qəzasının müvəqqəti rəisi vəzifəsinə təyin edilmiş və bu vəzifədə 1919-cu ilin iyununadək xidmət göstərmişdi. Sonuncu tarixdə, daxili işlər naziri N. Yusifbəylinin 23 iyun 1919-cu il tarixli 85 nömrəli əmri ilə Göyçay qəzasının rəisi (1-ci dərəcə üzrə 3.000 manat əmək haqqı ilə) təyin olunmuşdu Lütvəli (Niftəli) bəy Zülqədərovun qəza rəisi kimi sonuncu vəzifəsi Cavad qəzasında olmuşdu. Azərbaycan Cümhuriyyətinin daxili işlər naziri M. H. Hacınskinin 1920-ci il 14 fevral tarixli 488 nömrəli əmri ilə L. Zülqədərov Göyçay qəzasaının rəisi vəzifəsindən azad olunub, mərkəzi Tərtər olan Cavanşir qəzasının rəisi təyin edilmişdi. L. Zülqədərov Cavanşir qəza rəisi vəzifəsində cəmi bir ay xidmət göstərmişdi. 1920-ci il martın 19-da daxili işlər naziri M. Vəkilovun əmri ilə Lütvəli bəy bu vəzifədən azad olunmuş, onun yerinə Mustafa bəy Qabulov təyin edilmişdi.

Aprel işğalından sonra[redaktə | mənbəni redaktə et]

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Lütvəli bəy Gəncədə yaşayırdı. O, 1920-ci il Gəncə üsyanında (24 may-4 iyun) işğalçı XI orduya qarşı yerli əhalinin sırasında axıradək vuruşmuşdu. Üsyan yatırıldıqdan sonra Türkiyədən ona Gəncədən çıxıb oraya gəlmək təklif olunmuşdu, lakin Lütvəli bəy buna razı olmamışdı və rus – bolşeviklər onu tutub elə 1920-ci ilin iyun ayında güllələmişlər. Bundan sonra onun ailəsi və nəsli də repressiyaya məruz qalmışdı. Zülqədərovlar təqibdən yaxa qurtarmaq üçün Mehralıyev soyadını qəbul etmişdilər.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. İltifat Şahsevən (Əliyarlı), İltifat Musa oğlu. İstiqlal fədailəri — Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirləri və silahdaşları: 1918–1920 Bakı – Mütərcim – 2013