Kolanı tayfası — Vikipediya

Kolanı tayfası — Azərbaycanda yaşayan tayfa. Bəzilərinə görə türk tayfası,[1] bəzilərinə görə isə kürd və türklərdən ibarətdir.[2] Kolanıların yaşadığı Ağdam, Ağdərə, Kəlbəcər, Şirvan, Naxçıvan və İrəvan bölgələrinə aid 19-cu əsrə aid bütün siyahıyaalmalarda Kolanı kəndlərin əhalisi istisnasız olaraq milliyətcə tatar (azərbaycanlı), danışdığı dil tatar (Azərbaycan dili), din İslam-şiə olaraq qeydiyyata alınmışdır.[3]

Etimologiyası[redaktə | mənbəni redaktə et]

Tədqiqatçıların mülahizəsinə görə, Kol, Kül, Gül qədim türklərdə "böyük" mənasında işlənmiş (məsələn, Kül Təgin-Gül Tigin, Kol Erki), bu söz toplum anlamında isə "çoxluq, böyük, el" mənalarını ifadə edir. Güman edilir ki, "kul, kol" tayfa adı olaraq işlənmiş, "an" şəkilçisini isə "yaşayış yeri" mənasında izah etmək daha düzgündür. Köçdükləri yeni yerlərdə "Kol, Kul tayfasının yaşadığı yer" mənasında işlənən "Kolan, Kulan" toponiminə mənsubiyyət bildirən "lı" şəkilçisi də əlavə olunaraq bu yerə aid olan tayfanı xarakterizə etmişdir. Yəni, "Kolan, Kulan yaşayış yerindən olanlar". Mülahizələrə görə adın əsli Kolanlı olmuş, dildə "Kolannı" kimi də işlənmiş, sonradan yazıya köçürüldükdə bir "n" hərfi də düşərək Kolanı yazılmışdır. Azərbaycan ərazisində bu tayfanın adı ilə bağlı bir çox toponimlər mövcud olmuşdur.

Tarixi[redaktə | mənbəni redaktə et]

Orta əsrlərə aid mənbələrdə Anadoluda, Kilis ərazisində oğuzların bəydili qoluna bağlı hesab edilən Kolanlu tayfasının yaşadığının əks olunması, Kolanı tayfasının oğuzların bir qolu olan qarapapaqlara aid edilməsi, Qazax-Borçalı bölgəsində yaşamış Qarapapaq tayfası barədə araşdırmada bu tayfanın qolları içərisində Kolanıların da adı qeyd olunması, Kolanlıların oğuz tayfalarının üstünlük təşkil etdiyi Qaraqoyunlu tayfa ittifaqının tərkibində olması, Türkiyənin Yozqat vilayətində yerləşən Kolanlı kəndi sakinlərinin türkmən-oğuz mənşəli hesab olunması, Anadolu ərazisində yaşamış oğuz tayfa ittifaqına daxil olmuş tayfalardan birinin Kolanşam türkmənləri adlandırılması, bu tayfanın adı ilə bağlı olduğunu güman edilən Golan yer adının Türkmənistanın şimalında, Daş Oğuz (Dış Oğuz) vilayətində yerləşməsi, XVI əsrdə Anadoluda, Sivasda oğuzlarla bağlı olduğu irəli sürülən Kayı-Kolan kənd adının olması əsasında bu fikrə gəlmək olur, lakin bəzi tədqiqatçılar bu tayfanı bulqar, peçeneq, kəngərli və digər türk tayfalarına da aid edirlər. Kolanlılarla bağlı aşağıdakı faktlar — Qarabağ Kolanılarında olmuş Qaraqoyunlu Mirzəxanlı obası, İğdır vilayətinin tarixi sakinləri olan Kolanlıların Qaraqoyunlu hesab olunması və eyniadlı ərazidə yaşaması, Vedi bölgəsində Kolanılarının yaşadığı Xınıt Qaraqoyunlu kənd adı, Şahbuz rayonunun Kolanı kəndi yaxınlığında tapılmış Qaraqoyunlu-Ağqoyunlu mədəniyyətinə aid edilən daş qoç fiqurları və s. onların XIV–XV əsrlərdə əsasən oğuz boylarından ibarət olmuş Qaraqoyunlu tayfa ittifaqına daxil olduqlarını göstərir. Kolanı tayfası içərisində Qoyunlu, Qara, Qaralar, Qaravənd qollarının olduğu da bu sahədə diqqəti çəkən faktlardır. Əlavə olaraq qeyd etmək lazımdır ki, Fərman Kərimzadə "Xudafərin körpüsü" romanında Vedi mahalında olan bir sıra kəndlərlə yanaşı, Kolanı kəndinin də Qaraqoyunlular tərəfindən salındığını bildirir.

Kolanı tayfası haqda erməni mənbələrində məlumatlar:

"Kolanı türk tayfasıdır. Qəddar baxışları, qaniçən gözləri, çiyinlərində silah, bellərində xəncərlər var. Onlar qısa məsafə döyüşçüsü deyillər. Qurbanlarından aldıqlarından narazı qalaraq kilsə və monastırlara hücum edərək onları öldürürdülər. Müqəddəs Yelisey Alilərinin qətli buna misaldır. Bundan əlavə, alman ilxıçı Wildman da bu tayfanın qurbanı oldu."[4]

Kolanı tayfası içərisində qol və tirə adları[redaktə | mənbəni redaktə et]

Kolanı tayfası içərisində qol və tirə adları: Qaravənd (Qərvənd, Qarıbənd, Gərravənd, Gərəkvənd, Qaralar, Qara, Qaralı, Qaraoğlanlı), Şeyxavənd (Şıxavənd, İsxavənd, Şəxavənd, Şeyxli, Şıxlar), Köçərli, Goran (Coran, Goranlı, Göranlı), Dəmirli, Çıraqlı, Türəni (Turanı), Ağsaqlı (Axsaqlı), Həzili, Osallı, Lolaylı (Lolayı), Pirəvənd (Pirəvəd, Papirəvənd), Şadılı (Şidli, Sədli), Alataxtalı, Borravənd, Qaramanlı, Qoyunlu, Vəkəli, Dirəvərlər, Zamanlı, Sədirli, Mirzəxanlı, Bəylər və başqaları bu qol və tirələrdəndir. Şirvanda Goran (Osallı, Bəgalılı, Bəylər, Lolaylı, İsgəndərli, Əsədli, Şükürlü və b. tirə və obaları), Pirəvənd (Borravənd, Xırda Pirəvənd, Abbasalılı, Ağarzalı və başqa), Alataxta (Həzili, Babalı, Zeynallı, Zülfüqarlı, Sadıqlı), Qaraoğlanlı (Tahirli) təbəhləri var. Axsaqlılar içərisində Qurbanlı tirəsi vardır. Kolanı tayfasının əsasən Qarabağ və Şirvan-Muğan qollarına aid olan "vənd" sonluğu türk tayfalarına məxsus şəkilçi olub, Cavanşir tayfasının qolları içərisində, bulqar tayfalarında işlənmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2016-01-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-20.
  2. Şükürbəyli, Faiq. "Kolanı-qədim türk tayfası". Ədalət (az.) (46). səh. 14. 2022-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-08. İ. Şopen belə hesab edir ki, kolanı kürd və türklərdən ibarət tayfadır.
  3. Кавказский календарь на 1855 год 48s.
  4. "Negu Hayastani, 1885, N 65, p. 3 (in Arm).

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Abbasoğlu B. Kolanı-Şəhidlər yurdu. Bakı: Səda,1997, 175 s.
  • Azərbaycan Sovet Ensklopediyası, V c. Bakı, Azərbaycan SSR Dövlət Nəşriyyatı, 1981, 592 s.
  • Azərbaycan toponimləri. Ensiklopedik lüğət. Bakı: NPB, 1999, 588 s.
  • Bağırov A. N. Naxçıvan oykonimləri. Bakı: Nurlan, 2008, 336 s.
  • Bağırov A. N Naxçıvan toponimlərinin linqivistik xüsusiyyətləri. Bakı: Elm, 2002, 287 s.
  • Baxşəliyev V. Naxçıvanın qədim tayfalarının mənəvi mədəniyyəti. Bakı: Elm, 2004, 320 s.
  • Bəndəliyev N. S. Dağlıq Şirvanın toponimləri. Bakı: Elm, 2009, 352 s.
  • Ələkbərli Ə. Y. Qədim türk oğuz yurdu — "Ermənistan" Bakı: Sabah, 1994.
  • Ələkbərli Ə. Y. Qərbi Azərbaycan, I cild, Bakı, Ağrıdağ, 2000, 562 səhifə.
  • Fərzəlibəyli Ş. F. Naxçıvanın XVII–XIX əsrlər tarixinə dair qiymətli sənədlər / Naxçıvan, Bakı: Elm, 1999, s. 79–94