Kilsədağ kilsəsi — Vikipediya

Kilsədağ kilsəsi
Xəritə
40°51′29″ şm. e. 47°44′27″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Qəbələ rayonu
Yerləşir Böyük Əmili
Aidiyyatı Alban Həvari Kilsəsi
Tikilmə tarixi IV-V əsrlər
İstinad nöm.1318
KateqoriyaArxeoloji abidə
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Kilsədağ kilsəsi (Azərbaycan)
Kilsədağ kilsəsi
Kilsənin planı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kilsədağ kilsəsiQəbələ rayonunun Böyük Əmili kəndi ərazisində yerləşən qədim alban[1] kilsəsinin qalıqlarıdır. Bəzi tədqiqatçıların fikrincə, kilsə qədim Mitra məbədinin özülləri üstündə inşa edilmişdir.[2]

Məbəd 1971 – ci ildə Qəbələ rayonunun Böyük Əmili kəndində aşkar edilmişdir. Kilsədağ məbədi onu Qafqaz Albaniyasının və ümumilikdə Cənubi Qafqazın digər dairəvi məbədlərindən fərqləndirən bir sıra xüsusiyyətlərə malikdir. Kilsənin əsas həcminə şimal-şərq və cənub-şərq tərəfdən iki dairəvi tikili birləşir.

Tarixi[redaktə | mənbəni redaktə et]

Kilisədağda Mitra (Mitra, cəngavər köçərilərin və dinc əkinçilərin tanrısı idi) məbədi, mərkəzi günbəzli, ikiyaruslu kompozisiyaya malik olan abidədir. Məbədin divarının xarici səthi qeyri-bərabər tərəfli 12 guşəli formada, daxili səthi isə 10,4 metrlik silindr şəklində həll edilmişdir. İkinci daxili dairə 8 sütun üçün stilobat (sütunlar üçün özül) rolunu oynayırdı. Həmin sütunlar günbəzli ikinci yarusun barabanını (günbəzli dairə səmanın – Mitranın rəmzi idi) saxlayırdı.[2]

Baş alaqapı girişi məbədin qərb fasadı tərəfindəki əsas kompozisiya görüşündə, iki yan giriş isə şimal və cənub səmtində idi.[2]

Şərq fasadı səmtində simmetrik surətdə yerləşmiş, plan baxımından dairəvi olan iki otaq – Mitra tanrısının göstərilmiş iki mənasını nəzərə çatdıran səcdəgahlar vardı. Məbəd antik memarlığın müəyyən təsiri altında inşa edilmişdi.[2] Məbəd kilsəyə çevrildikdən sonra onun əsas memarlıq xüsusiyyətləri saxlanılmış, özündə bütpərəst dünya görüşünü əks etdirən divar naxışlarına toxunulmamış, yalnız məbədə xristian dini ehkamına uyğun olaraq apsis əlavə edilmişdir.[2]

Tədqiqi[redaktə | mənbəni redaktə et]

Məbəd 1971 – ci ildə Qəbələ rayonunun Böyük Əmili kəndində aşkar edilmişdir.[3] Abidənin salamat qalmış divarlarının hündürlüyü iki metrə yaxındır. Məbəd quruluşuna görə dairəvi formalı olub, xarici görünüşü etibariylə ikiyaruslu, mərkəzi günbəzli kopozisiyaya malikdir. Bu cür məbədlər dünyanın yalnız altı yerində aşkarlanmış və tədqiq edilmişdir. Bunlar Suriya ərazisindəki Bosra məbədi [4] (511-512), Türkiyənin Ani şəhərindəki Qaqikaşen [5] (1001-1020), Azərbaycanın Qax rayonu ərazisində Ləkit [6] (VI əsr), Ermənistandakı İşxani və Zvartnos [7] , Türkiyə ərazisindəki gürcü Bana [8] məbədləridir.

Memarlıq xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Kilsənin yan kəsimi

Kilsədağ məbədi onu Qafqaz Albaniyasının və ümumilikdə Cənubi Qafqazın digər dairəvi məbədlərindən fərqləndirən bir sıra xüsusiyyətlərə malikdir.[9] Məbədin 1971-ci ildə arxeoloji tədqiqatlar zamanı aşkarlanmış qalıqlarına əsasən müəyyən edilmişdir ki, o, xaricdən çoxbucaqlı, daxildən isə dairəvi quruluşa malik olmuşdur. Daxildən bina 10.4 metr diametrə malikdir. Divarın daxili hissəsindən bir metr aralıda 8.4 metr diametrə malik, 40 sm hündürlükdə daş hörgüyə malik ikinci dairə yerləşir. İkinci daş dairə kilsənin dövrümüzə çatmamış baraban və günbəz hissəsini saxlayan səkkiz sütun üçün təməl rolunu oynamışdır.[10]

Kilsənin əsas həcminə şimal-şərq və cənub-şərq tərəfdən iki dairəvi tikili birləşir. Məbədin divarları 95 sm qalınlığa malikdir. Divarlar 60ö80 sm ölçüyə malik boz/ağ çalarlara malik puçdaşdan əhəng məhlulu qarışığı vasitəsiylə hörülmüşdür. Kilsənin sütunlarında və digər detallarında Qafqaz Albaniyasının digər məbədləri üçün də xarakterik olan (Qum bazilikası, Ləkit kilsəsi və s.) bişmiş kərpic (24x24,5x5.5; 26x26x5; 27x25x6) hörgüsündən istifadə edilmişdir.[11]

Kilsənin daxildən dairəvi olan divarları, xaricdən qeyri-bərabər on iki bucaqlı formasında həll edilmişdir. Kilsəyə şərq tərəfdən birləşən iki kiçik tikilinin fasadı isə dörd diyircək formalı əlavə ilə bəzədilmişdir. Məbədin üç girişi Qum və Ləkit kilsələrində olduğu kimi şimal, cənub və qərb tərəfdə yerləşdirilmişdir. Portal şəklində həll edilmiş girişlərin, tikinti qalıqlarına əsasən tağvari örtüklə tamamlanması müəyyən edilmişdir. Bütün qurğu iki yaruslu stilobat formasında ucaldılmışdır.[11]

Daxili dairəvi deambulatori ilə əhatə edilmiş daxili keçid strukturlu mərkəzi kompozisiya prinsipi Bizans və antik dövr memarlığında çoxdan bəlli idi. Hələ Qədim Yunanıstanda xaricdən kollonada ilə əhatə edilmiş dairəvi çellaya malik məbədlər inşa edilirdi. Bu cür məbədlər Qədim Roma imperiyası ərazisində, daha sonra isə Bizans imperiyasında inşa edilirdi. Bu məbədlərin bir çoxu gümbəz örtüyü ilə tamamlanırdı.[11]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycab Tarixi (yeddi cilddə), Bakı, 2007, II cild
  2. 2,0 2,1 2,2 2,3 2,4 Карахмедова, А.А. "О некоторых памятниках митраизма на территории Кавказской Албании". ИАН АзССР, серия истории, философии и права (№ 1). 1975.
  3. Р. М. Ваидов, К. М. Мамедзаде, Н. М. Гулиев – Новый памятник архитектуры Кавказской Албании. Археологические открытия, Москва, 1972, səh 487
  4. Всеобщая история архитектуры, т. 3, Москва, 1966, səh 73
  5. В. М. Арутюнян – Город Ани, Ереван, 1964, səh 59
  6. П. Д. Барановский – Памятники в селениях Кум и Лекит, ААЭН, М – Б, 1947, səh 33
  7. Р. J. Агабабян – Композиция куполъных сооружений Грузии и Армении, Ереван, 1950, səh 32
  8. Г. Н. Чубинашвили, Н. П. Северов – Пути Грузинской архитектуры, Tiflis, 1936, səh 69
  9. Р.М.Ваидов, К.М.Мамедзаде, П.И.Гулиев – Новый памятник архитектуры Кавказской Албании, 1972, Москва, Наука, səh.487-488
  10. Р.М.Ваидов, К.М.Мамедзаде, П.И.Гулиев – Новый памятник архитектуры Кавказской Албании, 1972, Москва, Наука, səh.487
  11. 11,0 11,1 11,2 Мамедова, 2004. səh. 64

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Р.М.Ваидов, К.М.Мамедзаде, П.И.Гулиев, Новый памятник архитектуры Кавказской Албании, Москва: Наука, 1972
  • Мамедова, Гюльчохра, Зодчество Кавказской Албании, Баку: Чашыоглу, 2004
  • Мамедова, Гюльчохра, Христианское култовое зодчество Кавказской Албании эпохи раннего средневековья, Баку: Элм, 1985