Karxulu — Vikipediya

Karxulu
39°20′40″ şm. e. 47°11′42″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 200 m
Saat qurşağı
Karxulu xəritədə
Karxulu
Karxulu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

KarxuluCəbrayıl rayonunda kənd. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 4 oktyabr 2020-ci ildə Qarabağ döyüşlərində kənd erməni işğalından azad edilmişdir.[1]

Tarixi[redaktə | mənbəni redaktə et]

Karxulu toponiminin mənşəyi haqqında müxtəlif mülahizələr mövcuddur. Karxulu sözünün mənşəyi qədim türk mənbələrinə görə, karqu, karxu sözündən götürülüb: gözətçi məntəqəsi, qala, mühafizə olunan yer deməkdir və kəndin bu adla adlandırılması ilkin ehtimallara görə, ərazisindəki hündür təpə ilə bağlıdır. Təpənin üst hissəsindən baxdıqda nəinki kəndin ərazisi, hətta digər qonşu kəndlər də açıq-aydın görünür və qədimlərdə yaxınlaşan təhlükələrdən vaxtında xəbər tutmaq və qorunmaq üçün, strateji cəhətdən əlverişli yer olaraq təpədən gözətçi məntəqəsi kimi istifadə edilmişdir. Maraqlıdır ki, Karxulu toponiminə digər ölkələrdə də rast gəlinir: Gürcüstan ərazisində "Karxul" adlı dağ və çay, Krım Muxtar Respublikası ərazisində isə "Karqulu" adlı kənd vardır. Kar sözü eyni zamanda ərəb mənşəlidir, ərəb dilində bir çox mənaları vardır: eyni peşə, sənət ilə məşğul olanlar, iti addımlarla yerimək və s. Qədim Dəməşqdə eyni peşə ilə məşğul olan sənətkarlar zümrəsini "Əhl il-Kar" adlandırırdılar və onu da qeyd edim ki, Səudiyyə Ərəbistanı ərazisində "əl-Kar" adlı dağ və turizm mərkəzi olan kənd vardır. Xulu sözü də ərəb mənşəli sözdür. Ərəb dilində çoxmənalı olaraq işlədilir. Mənası azad, sərbəst yer, azad etmək, çıxartmaq deməkdir. Başqa bir ehtimala görə, Karxulu adının mənası: ərəb dilində "Kar" eyni sənət, peşə ilə məşğul olan insanlar, sənətkarlar toplumu, "Xulu" adı isə ərəbcə "Xali" (dayı, böyük qardaş) sözündən götürülüb. Lakin zaman keçdikcə "Xali" sözü dəyişikliyə məruz qalmış, xalqın dilində "Xulu"ya çevrilərək, Karxulu (sənətkarların başçısı, rəhbəri) kimi formalaşmışdır və onu da qeyd edim ki, qədim Dəməşqdə "Şeyx əl-Kar" (eyni peşə ilə məşğul olan insanlara məsul şəxs, başçı) adlı insanlar dövlətin ticarət sahəsində təmsil olunublar.

Bu kəndin yaranması haqqında belə bir rəvayət də söylənilir: Keçmiş zamanlarda Cəbrayıl atanın Henisa adlı qızı var imiş. Hamilə olan Henisanın əri bədbəxt hadisə nəticəsində qayadan yıxılaraq dünyasını dəyişir. Dünyaya gələn nəvələrinə Cəbrayıl ata köməyə, kara gələn, işə yarayan, təsir edən anlamını verən "Kar" və hökmü keçən mənasını verən "Xulu" adlarını qoyur. Kar və Xulu böyüyüb çox məşhur oxatan, ovçu olurlar. Onlar o qədər mahir oxatan olublar ki, göydə uçan quşu belə gözündən vurublar. Qardaşlar əsasən maral ovu ilə məşğul olublar. Bir gün iki qardaş səhər tezdən ova gedərkən, kimin daha çox maral ovlamasına görə mərcə girirlər. Qardaşlardan böyüyü olan Kar ovladığı maralın dərisini geyinir və pusquda durur.

Səhərin ayaz havasının təsirindən yorğun olan Karı yuxu tutur. Bu zaman yaxınlıqdan keçən Xulu maralı görür və fürsəti əldən verməyərək onu oxla vurur. Yaxınlaşdıqda görür ki, oxla vurub öldürdüyü maral deyil, öz doğma qardaşıdır.

Qardaşının qan içində öldüyünü görən Xulu dözə bilmir, oxlardan birini götürüb zərblə ürəyinə vuraraq özünə qəsd edir. Cəbrayıl atanın digər övladları onları öldükləri yerdə dəfn edirlər və ailə üzvlərindən bir neçəsi öz yaxınları ilə həmin yerdə yurd salır və qardaşların adını yaşatmaq üçün obaya Karxulu adını verirlər.

Cəbrayıl rayonu Xan çinarları ilə məşhurdur. Müqəddəs sayılan bu çinarlara el arasında "Yeddi qardaş xan çinar" deyilir. Əsrlər boyu tarixə şahidlik etmiş, dünyanın ən yaşlı ağacları olan "Yeddi qardaş xan çinar"ların dibindən axan kəhrizin suyu dupduru və buz kimi soyuq idi. O yerləri gəzənlər, tanıyanlar saf bulaqların suyu ilə sərin və təmiz havanın necə məhrəm olduğunun canlı şahididirlər. Rayon ərazisindəki "Yeddi qardaş xan çinar"lar doğma yurdum Cəbrayılın rəmzi, simvolu olaraq Azərbaycan ədəbiyyatında, şer-sənət dünyasında hər zaman tərənnüm olunub, şəninə şerlər qoşulub, əsərlər yazılıb. Ölkənin ekologiya, təbiətlə bağlı bütün kitablarında, jurnallarında, alimlərin elmi əsərlərində, araşdırmalarında Cəbrayılın Xan çinarları ana təbiətin möcüzəsi, tarixi abidə kimi qiymətləndirilir.

Karxulu kəndindəki "Yeddi qardaş xan çinar "dan biri kənddən bir qədər aralı, gözəl mənzərəli bir yerdə, digəri isə kəndin yaxınlığında idi. Bu çinarlardan biri "Kar" çinar, digəri isə "Xulu" çinar adlanırdı.

Füsunkar təbiətə malik Cəbrayıl rayonu salxım söyüdləri ilə də məşhurdur. Kəndimizin üst tərəfində yerləşən evlər üçün bu salxım söyüdlər çəpəri əvəz edir və kəndin mənzərəsinə xüsusi gözəllik qatırdı. İsti yay aylarında budaqlarının ucunu arx suları yuyan söyüd ağacları xəfif meh gətirirdi. Bu söyüdlərə el arasında "ağlar" söyüdlər də deyilir. Belə rəvayət edirlər ki, keçmişdə söyüd ağacı ən hündür ağac olduğu üçün, digər ağaclar onun paxıllığını çəkirlər. Onlar sözü bir yerə qoyaraq söyüd ağacını yerindən dartıb qoparıb uzağa tullayırlar. Söyüd ağacı başı aşağı çayın qırağına düşür. Ağaclardan ayrı düşdüyünə görə, daim ağlayır, sular isə göz yaşlarını silərək ona sığal çəkir. Torpağa başı aşağı düşdüyü üçün qol-budaqları həmişə aşağı sallanır. Lakin zaman keçdikcə çayın bol suyundan içən söyüd ağacı dirçəlir, boy ataraq əvvəlkindən də gözəl, yaraşıqlı olur, qollu-budaqlı ağaca çevrilir.

Söyüd ağaclarının antimikrob xassələrə malik kökləri, yamyaşıl budaqları kəndimizdəki arxın suyunu saflaşdırırdı. Hətta bəzi yerlərdə bulanıq suyu saflaşdırmaq, təmizləmək məqsədi ilə su olan qablara salxım söyudun budaqlarından kəsib atırdılar.

Kənddə su arxının qırağında yerləşən, sıralanmış söyüdlərlə hasarlanmış evlərin həyətlərində insanların arxı keçə bilməsi üçün xüsusi körpülər tikilmişdi. Belə körpülərdən biri əmimgilin həyətində idi və qonşular kəndin üst tərəfinə keçmək üçün, bu körpüdən istifadə edirdilər.

Kəndin böyük bir hissəsi arxın suyundan əkin və dirriklərinin, həyətyanı sahələrinin və bostanlarının suvarılmasında istifadə edirdilər.

Kar çinarın altındakı kəhrizə "Rus bulağı" deyilirdi. Kəhrizin Rus bulağı adlandırılması buranın vaxtilə rus hərbçilərinin nəzarəti altında olması ilə bağlıdır. Kar çinarın yaxınlığında yerləşən, strateji baxımdan çox əlverişli məkan olan hündür təpədə əvvəllər sovet qoşunlarının zastavası yerləşib və Araz çayı boyunca sərhəd tam nəzarətdə saxlanılıb. Tarixi mənbələrə görə, hələ qədim zamanlardan təpədən gözətçi məntəqəsi kimi istifadə olunub və qeyd etdiyim kimi, Karxulu kəndinin adı məhz bundan qaynaqlanır. Sonradan zastava təpədən köçürülüb və yerində vərəm dispanseri açılıb. Buranın mülayim və saf dağ iqlimi, təmiz havası, müxtəlif, faydalı minerallarla zəngin bulaq suyu dispanserdə müalicə olunan xəstələrin şəfa tapmasına möcüzəvi təsir göstərirdi.

Hər dəfə Karxuluya gedəndə, Kar çinarın yanındakı "köhnə yurd"la "təzə yurd" arasında yerləşən hündür təpədən ətrafı seyr etməyi xoşlayırdım və gözlərim önündə çox gözəl mənzərə açılırdı.

Yamyaşıl dağlar, bağlar, kəndlər, hündür ağaclar arasında görünən evlər, üzümlüklər, taxil zəmiləri, Araz çayı, dəmiryolu relsləri ilə hərəkət edən qatarlar... Bu təpədən baxdıqda nəinki Karxulu kəndi, həmçinin Böyük Mərcanlı, Yuxarı Mərcanlı, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Aşağı Maralyan, Şükürbəyli kəndləri, dağlara doğru uzanan yollar, yamyaşıl Araz vadisi, sakitcə, lal-dinməz axan Araz çayı və İran ərazisi açıq-aydın, ovuc içi kimi görsənirdi.

Kar çinarın ətrafında çoxlu sayda qollu-budaqlı, hündür cəviz (qoz), armud ağacları var idi və keçmiş zastavanın əsgərləri çinarın altında istirahət üçün uzunsov mizlər və kətillər düzəltmişdilər. Rus bulağı və Kar çinarın ətrafı ilin bütün fəsillərində təbiətin füsunkar gözəlliyindən zövq alan insanların dincəldiyi yer, istirahət məkanı idi.

Karxulu kəndi əvvəlcə köhnə yurdda yerləşib. Köhnə yurdun ərazisi tədqiq olunmamış çoxlu sayda maddi-mədəniyyət abidələri ilə zəngin idi. Tarixi ən qədim yüzilliklərə gedib çıxan tunc dövrünə aid Karxulu kurqanları və köhnə yurddakı qədim qəbrstanlıq bu yerin çox qədim yaşayış məskənlərindən biri olduğunu sübut edir. Deyilənə görə, Azərbaycan qadın aşıq məktəbinin banisi olan Aşıq Pəri Kar və Xulunun uyuduğu qədim Karxulu qəbrstanlığında dəfn olunub. Köhnə yurdun əhalisi qədimlərdə qamışdan və zığdan tikilmiş çovustan adlanan evlərdə yaşayırdılar. Lakin zaman keçdikcə əhalinin sayının artması ərazinin genişləndirilməsinə və kənd sakinlərinin yeni yurda köçürülməsinə səbəb olur. Karxulu kəndi köhnə yurddan təqribən iki-üç km aralı, gözəl mənzərəli, münbit torpağı olan əraziyə köçürülür, hər bir ailəyə böyük torpaq sahəsi ayrılır, ev tikmək üçün maddi yardım edilir. Əhali yeni yurda yerləşdikdən sonra, kəndin yaxınlığındakı rus hərbçilərinin nəzarətində olan zastava da başqa yerə köçürülür. Zəhmətkeş kənd camaatı əsasən taxılçılıq, baramaçılıq, üzümçülük, maldarlıq, bostançılıq, meyvəçilik və heyvandarlıqla məşğul olurdu. Deyirlər köhnə yurdun qədrini təzə yurdda bilərlər. Kənd camaatı yeni yurdda yaşasalar da, köhnə yurdu yaddan çıxarmır, rəhmətə gedən əzizlərini, doğmalarını qədim qəbrstanlığın yaxınlığındakı yeni məzarlıqda dəfn edirdilər. Qədirbilən karxulular rəhmətə gedən doğmalarının xatirələrini əziz tutur, məzarlarını tez-tez ziyarət edir, ruhlarına dualar oxuyurdular. Kənd əhli novruz bayramında da köhnə yurdu ziyarət etməyi unutmurdu. Onlar vaxtilə yaşadıqları həyətlərə səməni qoyur, torpağa lopa sancaraq yandırır, ocaq qalayırdılar. Kəndin ahıl nənələri, yaşlı qadınları avazla kövrək misralı bayatılar söyləyərək, yarısı uçulmuş evlərinin divarlarına həzin-həzin sığal çəkirdilər:

Köhnə yurdun ərazisində təsərrüfat işləri ilə məşğul olan kənd əhali dəfələrlə qazıntı işləri zamanı, müxtəlif dövrlərə aid sənətkarlıq nümunələri: məişət avadanlıqları, daş alətlər, qədimi saxsı və bürünc qablar, dulus küplər aşkar edirdilər. Kəndin çovustanları çoxlu sayda qədimi teştlər, sərniclər, kəfkirlər, su səhəngləri, məcməyilər, kuzələr, qədimi çıraq qablar, daşdan düzəldilən əl dəyirmanları, dolçalar, naxışlı sandıqlarla dolu olardı. Kənd əhli paxırı üzə çıxmış qədimi qabları işlətməsələr də, əzizləyib saxlayırdılar. Ancaq nədənsə, hər qarış torpağı qədim və orta əsrlər maddi-mədəniyyət nümunələri ilə zəngin olan köhnə Karxulu kəndi, eləcə də qədim qəbrstanlığı arxeoloqların, tarixçilərin diqqətindən kənarda qalmış, demək olar ki, tədqiq olunmamışdır.

Toponimikası[redaktə | mənbəni redaktə et]

Karxulu oyk, sadə. Cəbrayıl rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Düzənlikdədir. Yaşayış məntəqəsini XIX əsrdə Qarabağdan gəlmiş Allahverdi və Xudaverdi adlı qardaşlar Karxulu adlanan yerdə salmışlar. Yerli əhalinin məlumatına görə, oykonim Kar Qulu şəxs adı ilə bağlıdır. Lakin keçən əsrin əvvəllərində Tiflis quberniyasında Karxun adlı dağ və çayın, Krımda Karqulu toponiminin qeydə alınması bu fikri təkzib edir. Qədim türk dillərində karqu/karxu sözü "gözətçi məntəqəsi" mənasında işlənmişdir. Oykonimin "gözətçi məntəqəsi olan yer" mənasında olmasını ehtimal etmək olar.[2]

İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]

Əsas təsərrüfatı heyvandarlıq idi.

Əhalisi[redaktə | mənbəni redaktə et]

Tanınmışları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Cəbrayılın 9 kəndi işğaldan azad edilib". qafqazinfo.az (az.). 4 oktyabr 2020. 2020-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2020.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]