Karl Menger — Vikipediya

Karl Menger
alm. Carl Menger
Doğum tarixi 23 fevral 1840(1840-02-23)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 26 fevral 1921(1921-02-26)[1][3] (81 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Vyana mərkəzi qəbiristanlığı[d]
Elm sahəsi iqtisadiyyat
İş yeri
Təhsili
Tanınmış yetirmələri Oygen fon Bem-Baverk, Fridrix fon Vizer
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karl Menger (alm. Carl Menger‎; 23 fevral 1840[1][2][…], Novı-Sonç, Kiçik Polşa voyevodluğu[d][4]26 fevral 1921[1][3], Vyana[4]) — 27 fevral 1921, Vyana, Avstriya) — Avstriya iqtisadçısı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Untersuchungen über das Methode der socialwissenschaften und der politischen Ökonomie insbesondere, 1933

Avstriya məktəbinin ilkin yaradıcılarından biri K. Menger olmuşdur. O, "Xalq təsərrüfatı haqqında elmi prinsiplər", ictimai elmlərin, xüsusən "Siyasi iqtisadın metodları haqqında tədqiqat" (1883) və s. əsərlərin müəllifidir. Bununla belə onun son faydalıqla bağlı nəzəri baxışları əsasən "Siyasi iqtisadın əsasları" (1871) əsərində irəli sürülmüşdür. Bu əsərdə K. Menger Avstriya məktəbi nümayəndələri içərisində ilk dəfə sərvətin faydalığının onun az tapılmasından (nadirliyindən) asılılığını göstərməyə çalışmış, faydalığın azalması prinsipini əsaslandırmışdır. Bu prinsipə üyğun olaraq məhsulun dəyəri təklifin həcmindən asılıdır və onun sərəncamda (ehtiyatda) olan son vahidinin, yəni az vacib olanının faydası ilə müəyyən olunur.

Son faydalılıq prinsipinə tərif verərək K. Menger göstərirdi ki, onun nəzəriyyəsi sərvətlər və insanlar arasında olan münasibətlərə həsr edilmişdir. Bu münasibətlərdə isə ən mühüm məsələ hər hansı bir məhsulun tələbatlar sırasında tutduğu yerdir. K. Menger tədqiqatının metodoloji bazasının fərqli xüsusiyyətlərindən birini mikroiqtisadi təhlil və fərdiyyətçilik təşkil edir. İqtisadi proseslərə belə bir mövqedən yanaşmaq ona cəmiyyətin iqtisadi münasibətlərini təcrid olunmuş (əlahiddə) şəkildə təsərrüfatçılıq edən subyekt baxımından təhlil etməyə imkan vermişdir.

K. Mengerin tədqiqatının əsas cəhətlərindən birini də iqtisadi nemətlərin ayrı-ayrı səviyyələrə bölgüsü təşkil edir. Onun fikrincə insanın ən zəruri, məsələn, ərzağa olan tələbatlarının bilavasitə ödənilməsi ilkin səviyyəli nemət üzərində sərəncam verməyi müəyyən edir. İkinci, üçüncü və daha uzaq səviyyəli nemətlərə malik olmaq üçün isə onları dolayı yollarla tələbatların ödənilməsinə cəlb etmək lazımdır. Menger yazırdı ki, əgər biz yüksək səviyyəli nemətlərə malik deyiliksə, həmin nemətlərin heç birini öz tələbatımız üçün istifadə edə bilmərik. Məsələn, çörək istehsalı üçün (yüksək səviyyəli nemət üçün) ikinci səviyyəli nemətlərə (yanacağa və suya) malik olmasaq, hətta digər zəruri nemətlərin mövcudluğu şəraitində də çörək istehsal edilə bilməz. Onun fikrincə, ilk əvvəl yüksək səviyyəli nemətlər istehlaka daxil olur. Yalnız müəyyən vaxt keçdikdən sonra bu nemətlər dəyişikliyə uğrayaraq daha aşağı səviyyəli sərvətlərə çevrilirlər. Menger qeyd edirdi ki, yüksək səviyyəli nemətlər əsasən istehsal üçün vasitələr şəklində çıxış edirlər.

Avstriya məktəbi üçün mühüm olan problemlərdən biri məhsulun qiymətinin əmələ gəlməsi ilə bağlıdır. Bu məktəb qiymətin əmələ gəlməsi prosesinin insanların iradə və şüurundan asılı olmayaraq obyektiv iqtisadi qanunların təsiri altında formalaşması haqqında marksizm nəzəriyyəsinə əks çıxır. Avstriya məktəbinə görə qiymət əmtəənin alıcı və satıcıları tərəfindən irəli sürülmüş subyektiv fikirlərinin toqquşması nəticəsində yaranır. Məhsulun qiyməti haqqında bəhs edərək K. Menger göstərirdi ki, o nemətlərə birdəfəlik xas olan cəhət deyildir. Qiymət bizim tələbatımızın ödənilməsi səviyyəsindən asılı olaraq belə bir cəhət kəsb edir. Öz mövqeyini sübuta yetirmək üçün K. Menger səhradakı vahəni misal göstərir. O yazır ki, buradakı suyun miqdarı insan tələbatını tam ödədiyi bir şəraitdə dəyər (qiymət) kəsb etmir. Əksinə, suyun miqdarı kəskin şəkildə azalarsa və onun hər hansı bir miqdarı vahənin konkret sakininin tələbatını ödəmək üçün zəruri olarsa, bu halda suyun hər hansı bir səviyyəsi də müəyyən qiymət kəsb edəcəkdir. Deməli, iqtisadi nemətin dəyəri insan tərəfindən tələbatların ödənilməsi prosesində aşkara çıxır. Bu halda insan həmin nemətlərin həcmindən asılılığını hiss edir. Beləliklə, yalnız qeyri-iqtisadi sərvətlər insanlar üçün heç bir qiymət kəsb etmir.

K. Menger məhsulun qiymətinin mübadilənin vacib momenti olması və mübadilədə məhsulların qiymətlərinin ekvivalentliyi haqqında klassik məktəbin fikrini də tənqid etmişdir. Bu barədə o belə yazırdı: "Qiyməti öyrənən tədqiqatçılar iki nemətin kəmiyyətcə bir-birinə bərabərliyinin səbəbini öyrənmək üçün xeyli zəhmət sərf edirlər. Bəziləri bunun səbəbini həmin sərvətlərə çəkilən əməyin, digərləri isə istehsal xərclərinin bərabərliyində görürlər. Hətta bu zaman belə bir mübahisə də yaranırdı ki, məhsullar ekvivalent olduqlarına görə bir-birinə bərabərdirlər, yoxsa birbirilə mübadilə edildikləri üçün ekvivalentdirlər? Əslində isə heç bir yerdə iki məhsulun dəyəri heç zaman bərabər olmur".

K. Menger mübadilə kateqoriyasının məzmununu qarşı tərəflərin hər biri üçün sərfəli olan, lakin heç də ekvivalent olmayan fərdi akt kimi səciyyələndirirdi. O göstərirdi ki, dəyər (qiymət) insanların sərəncamında olan, onların həyatını və rifahını təmin edən nemətlər haqqında subyektiv mülahizəsidir. Dəyər təkcə öz məzmununa görə deyil, həm də həcminə görə subyektivdir.

Qeyd etmək lazımdır ki, K. Menger tərəfindən mübadilənin və dəyərin (qiymətin) bu cür subyektiv izahı sonralar Avstriya məktəbinin digər nümayəndələrinin tədqiqatları üçün də çıxış nöqtəsini təşkil etmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Carl Menger // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Carl Menger // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Karl Menger // Annuaire prosopographique : la France savante.
  4. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #118580841 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]