Kanop — Vikipediya

Kanop küpləri

Kanop (yun. Κάνωβος, lat. Canopus) — gəcdən hazırlanmış, qapağı insan ya da heyvan başı formasında olan ritual qab, Qədim Misirdə mumiyalanmaq üçün cəsəddən xaric edilmiş daxili orqanları saxlamaq üçün istifadə olunan küp. Daxili orqanlar çıxarılıb, yuyulub təmizləndikdən sonra Kanob balzamı (buna görə də küp kanop adlandırılmışdır) doldurulmuş qablara yığılaraq saxlanılırdı. Ən qədim kanop Hetenpheresin məzarından tapılmışdır. Hər bir mumiya üçün dörd kanop hazırlanırdı. Əsasən kanop qapaqları Horun dörd oğlunun şərəfinə onların baş fiqurları formasında hazırlanırdı: pavian başlı Hapi, insan başlı Amset, şahin başlı Kebexsenuf, çaqqal başlı Duamutef. Hər bir kanop müvafiq bir orqan üçün nəzərdə tutulmuşdur, beləki, Amset kanopunda qaraciyər, Duamutef kanopunda mədə, Kebexsenuf kanopunda bağırsaqlar və Hapi kanopunda isə ağciyərlər saxlanılırdı.