Kənd — Vikipediya
Kənd — bir çox ölkələrdə şəhər və qəsəbədən daha kiçik yaşayış məntəqəsidir.
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Kənd dar mənada tarixən formalaşmış daimi kiçik yaşayış məskənidir. Azərbaycan dilindəki "kənd" sözü Şərqi İran dillərindəki "kant" (xəndək və ya arxla əhatələnmiş məskən, yer) sözündəndir. "Kant" sözü qədimdən türkdilli xalqlara keçmiş və şəhər mənasında işlənmişdir.
Geniş mənada kənd dedikdə təkçə kiçik yaşayış məskəni deyil, həmçinin şəhərə qarşı qoyulan sosial-iqtisadi kateqoriya kimi onun ictimai-iqtisadi, mədəni məişət və təbii-coğrafi xüsusiyyətləri və həyat şəraiti başa düşülür. Cəmiyyətin tarixi inkişafı prosesində kənd həyatının bütün tərəfləri və sosial-iqtisadi kateqoriya kimi kəndin özü, onun əsas siniflərinin, ilk növbədə kəndlilərin və onların ayrı ayrı təbəqələrinin formalaşması, həmçinin şəhərlə qarşılıqlı münasibətlər guclü dəyişikliklərə uğramışdır. Kəndin sosial-iqtisadi xüsusiyyəti sakinlərin torpaqla bilavasitə əlaqəsi, ərazinin təbii sərvətlərindən istifadə ilə müəyyən olunur. Kəndin səpələnməsi, çox da böyük olmaması, əhalinin əsas məşğuliyyətinə görə təbii mühitə uyğunlaşması, işlərin mö mövsümiliyi və s. də bundan irəli gəlir. Şəhərə nisbətən peşələrin azlığı, əmək bölgüsünün, habelə kommunal və mədəni xidmətin daha aşağı səviyyəsi bununla əlaqədardır. Kənddə həyat tərzi, adət və ənənələr daha sabit olur.
İnsanların tarixdə ilk birgə yaşayış məskəni kimi kənd sinifli cəmiyyətdən əvvəl — oturaq həyata keçilməsi ilə yaranmışdır. İbtidai içma dövründə kənd qəbilə ağsaqqallarının idarə etdiyi qəbilə içmasından ibarət idi. Etnoqrafik və arxeoloji materiallar ilk vaxtlar kəndlərin su mənbələri yaxınlığında yerləşən evlərdən ibarət olduğunu göstərir. Əhali artdıqca kəndlər böyüyürdü. Sənətkarlıq və ticarətin inkişafı, onların əkinçilikdən ayrılması gedişində şəhərlər yaranırdı. Şəhərlər kəndin istismarı hesabına yaşayırdı. Kəndin istismarı qeyri-iqtisadi məcburiyyətə əsaslanırdı. Bu səbəbdən də şəhərlə kənd arasındakı əkslik meydana çıxırdı. Erkən sinifli formasiyalarda kənd sakinləri əhalinin əsas hissəsini təşkil etdiyindən cəmiyyət həyatının başlıca sosial-iqtisadi və mədəni xüsusiyyətləri əslində kəndin həyatı ilə müəyyən olunurdu.
Orta əsrlərdə kəndli təsərrüfatı əsasən natural xarakter daşıyırdı. Kapitalizmin inkişafı ilə getdikcə əmtəə — pul münasibətləri üstün yer tuturdu. Kənddə kapitalist münasibətləri dərinləşdikcə sinfi təbəqələşmə güclənir, — qolçomaqlar yaranırdı. Xırda istehsalçılar varlı kəndlilərlə, kənd sənətkarları şəhər sənayesi ilə rəqabət apara bilmirdi. Nəticədə müflisləşmiş kəndlilərinsayı artır, qəsbkarlıq genişlənirdi.
Azərbaycanın təbii-çoğrafi şəraitinin zənginliyi, ərazinin dağlıq, dağətəyi və düzənlik sahələrdən ibarət olması, eləcə də əhalinin təsərrüfatla məşğuliyyəti kəndlərin plan quruluşuna güclü təsir göstərmişdir. Bu təbii amillərə görə Azərbaycan kəndlərinin planlaşdırılmasında üç əsas qrup formalaşmışdır. Dağ kəndlərində ərazinin enişli-yoxuşlu olması evlərin birbaşa küçələr ətrafında yerləşməsinə imkan vermədiyinə görə binalar nisbətən hamar yerlərdə qrup şəklində tikilir. Bu qruplar arasında təbii yaşıllıq sahələri olmadıqda bağlar salınır. Belə kəndlərin bəzilərində məhəlli xarakterli küçələr də yaradılır. Quba (Xınalıq, Afurca kəndləri), Qax (Sarıbaş kəndi), Qusar (Hil kəndi) və Daşkəsən (Bayan kəndi) rayonlarında evlər bəzən də dağ döşündə, yaruslar şəklində tikilir. Kəndlərin əsas küçələri boyu tikilmiş evlər onların plan quruluşuna nizamlılıq verir, küçələrdən uzaq binalar isə ərazidə sərbəst şəkildə yerləşir. Belə kəndlərin ən maraqlı nümunələri Şəki (Orta Zəyzid və Baş Göynük kəndləri) və Zaqatala (Yuxarı Tala kəndi) rayonlarındadır. Düzənlik sahələrdəki kəndlərdə plan quruluşu daha nizamlı olur. Burada evlər, əsasən küçələr ətrafında yerləşir. Bu cür kənd tipləri Ağstafa, Bərdə, Sabirabad və s. rayonlar üçün xarakterikdir. Azərbaycan kəndləri təbii şəraitin müxtəlifliyinə baxmayaraq, həm evlərin plan quruluşu, həm də coğrafi səmtlərə görə yerləşdirilməsi cəhətdən eyniyyət təşkil edir. Azərbaycanın bütün zonalarında evlərin əksəriyyəti cənuba baxır, onların qabağında eyvan tikilir. Kəndlərin çoxunda evlər iki mərtəbəli olur. Adətən, birinci mərtəbə təsərrüfat xidməti üçün, ikinci mərtəbə isə yaşayış üçün ayrılır. Ərazisi enişli-yoxuşlu kəndlərdə binanın birinci mərtəbəsi arxa tərəfdən təbii yamaca söykənir, həyət tərəfdə isə bir cərgədə otaqlar yerləşdirilir.
Müasir evlərin planlaşdırılmasında xalq memarlığı elementlərindən, xüsusilə eyvandan geniş istifadə edilir. Kəndlərin mərkəzində klub, məktəb, kitabxana, ictimai xidmət binaları, kənd bələdiyyəsi, mağazalar və s. yerləşir.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ ASE, V cild.