Kürd Ovşarı (simfonik muğam) — Vikipediya

Kürd Ovşarı
Bəstəkar Fikrət Əmirov
Forma simfonik muğam
Premyera
Dinlə
Açılış hissəsi
Moskva Radio Simfonik Orkestri
(dirijor: Rauf Abdullayev, 1996)

Kürd OvşarıFikrət Əmirov tərəfindən 1948-ci ildə bəstələnmiş simfonik muğamdır.

Tarixi[redaktə | mənbəni redaktə et]

Yazılma tarixi[redaktə | mənbəni redaktə et]

Fikrət Əmirov "Şur" və "Kürd-Ovşarı" simfonik muğamlarını 1948-ci ildə yazıb. Hər iki əsər bitkin, müstəqil formaya malik olsa da, mövzu baxımından bir-birini tamamlayaraq bir növ dulogiya əmələ gətirir. Bəstəkar, "Kürd-Ovşarı" simfonik muğamında "Şur" simfonik muğamının melodik elementlərindən istifadə edir.[1] Muğamı simfonik orkestr vasitəsiylə səsləndirmək ideyasını F. Əmirova Bülbül vermişdi.[2] Lakin, bəstəkarın özünün də tarzən olması və muğamlara bələdliyi də bu işdə xüsusi rol oynamışdır. "Şur" və "Kürd-Ovşarı" simfonik muğamlarını yazması haqqında xatirələrində F. Əmirov qeyd edir:

" “Simfonik muğamlar üzərində işləməyə məni Bülbül dəvət etdi. Biz gecə-gündüz çalışırdıq. Müharibədən sonrakı ağır illərdə mənim üzərimə anam və bacılarımın qayğıları da düşürdü. Evdəkilərin nigarançılığını duyan Bülbül bütün bu müddət ərzində özlərinin ev xadimələri Mariya ilə ailəm üçün zənbil-zənbil yeməklər göndərirdi ki, mən sakit işləyə bilim.” [3] "

Bəstəkarın növbəti xatirəsində isə onun simfonik muğamlar üzərində işləyərkən ustad sənətkarlardan necə bəhrələnməsi əks olunur: "1948-ci ildə "Şur" və "Kürd-Ovşarı" simfonik muğamları üzərində çalışdığım zaman böyük sənətkar Bülbülün sayəsində mən Qurban PirimovSeyid Şuşinski ilə tez-tez görüşərək işləyirdim."[4]

S. Təhmiraqızı "Fikrət Əmirov" adlı tədqiqat əsərində qeyd edir ki, "Musiqi sənətində tamamilə yeni bir janr olan simfonik muğam janrını yaratmaqla, F. Əmirov çətin və cəsarətli yaradıcılıq məsələsinin öhdəsindən bacarıqla gəlmişdir. Çox məzmunlu və orijinal formalı bu əsərlərdə dərin musiqi təfəkkürü, koloritli tapıntılar, xalq musiqisinə yaradıcı münasibət öz təcəssümünü tapır."[4] Musiqişünas F. Əliyeva isə yazır: "F. Əmirov Azərbaycan xalq musiqisinin zəngin melodiya, məqam, ritm qanunlarının dərin qatlarına vararaq, prinsip etibarilə Avropa bəstəkarlıq təfəkkürünün məhsulu olan və musiqili-bədii kateqoriya kimi məhz bu mədəniyyət daxilində formalaşmış simfonizm üslub-janr sistemində yeni şaxə yaratmışdır."[5]

Fikrət Əmirovun
simfonik muğamları

Şur (1948)
Kürd Ovşarı (1948)
Gülüstan-Bayatı-Şiraz (1971)

Əsərlərinin siyahısı

İfa tarixi[redaktə | mənbəni redaktə et]

"Kürd-Ovşarı" simfonik muğamı ilk dəfə 1948-ci ildə Niyazinin idarəsi ilə Azərbaycan Dövlət Filarmoniyasında ifa edilib.[6] "Şur" və "Kürd-Ovşarı" simfonik muğamlarına görə bəstəkar 1949-cu ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə Dövlət mükafatına layiq görülüb. Daha sonra əsər tanınmış drijorlar Rojdestvenski, Stokoveski kimi sənətkarların idarəsi ilə ifa edilmişdir. Azərbaycan drijorlarından Rauf Abdullayev, Fəxrəddin KərimovYalçın Adıgözəlovun da interpretasiyasında "Şur" muğamı səsləndirilmişdir.

Forma[redaktə | mənbəni redaktə et]

"Kürd-Ovşarı" simfonik muğamı Kürd-Ovşarı zərbi-muğamının xüsusiyyətlərinə əsaslanır. Əsər dörd bölmədən ibarətdir. Çox cəld templə ifa olunan əsər, bəstəkarın "Şur" simfonik-muğamı ilə müqayisədə miniatür həcmlidir. Burada əsasən zərbi-muğam xüsusiyyətləri saxlanılır (Ovşarı, Kürdi, Mani bölmələri), yalnız Şahnaz bölməsi improvizasiya şəklindədir. "Şur" simfonik muğamından fərqli olaraq, Fikrət Əmirov "Kürd-Ovşarı" simfonik muğamında təsnif və rənglərə üstünlük verməmişdir. İstisna olaraq, yalnız Şahnaz bölməsindən əvvəl təsnif verilir.

"Kürd-Ovşarı" simfonik muğamı nəfis, lirik və zərif giriş mövzusu (bas-klarnet) ilə açılır. Bu mövzu 1940-cı ildə Cabbar Qaryağdıoğlunun ifasında nota salınmışdır.[7] Mövzu üç hissəli formadadır, burada solo melodiya bütün orkestrin partiyası ilə növbələşir.

Ovşarı bölməsi rondovaridir. "Ovşarı" qədim aşıq mahnısının adıdır və aşıq musiqili-poetik yaradıcılığında bir ənənəvi hava kimi məşhurdur. Burada Ovşarı refren kimi təkrar olunur. Birinci epizod fleytada, ikinci epizod isə trubada ifa edilir. Onun davamı kimi "Şur" muğamından Simayi-Şəms bölməsinin mövzusu səslənir. Ovşarı və təsnif arasında yenə Simayi-Şəms verilir. Lirik təsnifin melodiyası Seyid Şuşinskinin ifasından nota salınmışdır.[7] Lirik təsnif orkestrdə çox orijinal tembrlərə həvalə olunur. Taxta nəfəsli alətlərlə valtornaların fonunda mövzunu fleyta-piccolo fleyta ilə birlikdə ifa edir. Təsnif üçhissəli formadadır. Onun orta hissəsinin mövzusu bəstəkarın özü tərəfindən düşünülmüşdür.[7]

Şahnaz bölməsi inkişaflı olub, sərbəst improvizasiya şəklində qurulur. Onun başlanğıcı akkordlarla ifadə olunsa da, sonra dialoq şəklində verilir. Nəfəsli və simli alətlər dialoqa qoşulurlar. Fortepianonun solosunda səslənən kiçik kadensiya "Şur" simfonik muğamından Şur-Şahnaz bölməsinin materialı üzərində bütün şöbənin kulminasiyasına gətirib çıxarır. Həmin hissəni orkestr ifa edir.

Qoboyun kadensiyasından sonra Kürdü bölməsi verilir. Burada Fikrət Əmirov tarzən Qurban Pirimovun ifasından nota saldığı[8] toy mahnısının melodiyasından istifadə etmişdir. Melodiya qoboy solosunda simli və nəfəsli alətlərin qənaətcil akkordları fonunda səslənir.

"Kürd-Ovşarı" simfonik muğamının son bölməsi Mani təntənəli xarakter daşıyır. Ovşarı kimi bu bölmə də rondovari şəkildədir. Rondonun epizodları Simayi-Şəms və bəstəkarın artıq "Şur" simfonik muğamında istifadə etdiyi epizodun üzərində qurulur. Burada həmin epizod yeni orkestrləşdirmədə təqdim edilir.

"Kürd-Ovşarı" simfonik muğamının kodası işıqlı, təntənəli xarakter daşıyır. Kod həm də özündə repriza funksiyası daşıyır. Burada Maye-Şur və Simayi-Şəmsin leytdönümü verilir.

Diskoqrafiya[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Dövlət Simfonik Orkestri, drijor: Niyazi, Мелодия, 1972
  • Moskva Radio Simfonik Orkestri, drijor: Rauf Abdullayev, Olympia, 1996
  • Moskva Simfonik Orkestri, drijor: Antonio de Almeida, ASV, 1998
  • Rusiya Filarmoniya Orkestri, drijor: Dmitri Yablonski, Naxos, 2010

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Təhmiraqızı, 2012. səh. 204
  2. Təhmiraqızı, 2012. səh. 203
  3. Təhmiraqızı, 2012. səh. 201
  4. 4,0 4,1 Təhmiraqızı, 2012. səh. 202
  5. Əliyeva, F. Muğam. Operadan simfoniya və caza qədər. Bakı. 2003. səh. 178.
  6. Təhmiraqızı, 2012. səh. 209
  7. 7,0 7,1 7,2 Təhmiraqızı, 2012. səh. 210
  8. Təhmiraqızı, 2012. səh. 211

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Əliyev, A.S., Fikrət Əmirovun "Şur" simfonik muğamının dirijorluq təcrübəsində təfsir xüsusiyyətlərinə dair metodik tövsiyələr, Bakı: Azərb. Resp. Təhsil Problemləri İn-tu., Bakı Musiqi Akademiyası, 2007
  • Təhmiraqızı, S., Fikrət Əmirov, Bakı: Aspoliqraf, 2012
  • Əmirov, Fikrət, Simfonik muğamlar, Azərbaycan Sovet Musiqi Ədəbiyyatı, Bakı, 1984
  • Əzimli, T., Novator bəstəkar, simfonik muğam janrının - Şərq simfonizminin yaradıcısı, Bakı: Musiqi/Poeziya, 2012
  • Виноградов, В., Мир музыки Фикрета, Баку: Ədəbiyyat və incəsənət, 1983
  • S. Qasımova, Z. Abdullayeva, Ф., Fikrət Əmirov, Bakı, 2004

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]