II Pyotr — Vikipediya

II Pyotr
Пётр II Алексеевич Романов
18 may 1727 – 30 yanvar 1730
ƏvvəlkiI Yekaterina
SonrakıAnna İvanovna
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Sankt-Peterburq, Rusiya imperiyası
Vəfat tarixi (14 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Təbii çiçək
Dəfn yeri
  • Arxangel kafedralı[d]
Fəaliyyəti siyasətçi
Atası Aleksey Pyotroviç
Anası Şarlotta Kristina
Ailəsi Romanovlar sülaləsi
Dini Şərqi pravoslav kilsəsi, şərqi ortodoks xristianlıq

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

II Pyotr və ya Pyotr Alekseyeviç (Rusca: Пётр Алексеевич) (d. 23 oktyabr 1715, Sankt-Peterburq – ö. 30 yanvar 1730, Moskva) — Rusiya imperatoru. Çareviç Aleksey Pyotroviçin (Böyük Pyotrun və onun ilk xanımı Yevdokiya Lopuxinanın oğlu) və Şarlotta Kristinanın övladıdır.

Həyatı[redaktə | mənbəni redaktə et]

İlk illəri[redaktə | mənbəni redaktə et]

Pyotr Alekseyeviç 23 oktyabr 1715-ci ildə Sankt-Peterburqda dünyaya gəldi. Atası Böyük Pyotrun oğlu Aleksey Pyotroviç, anası isə alman əsilzadələrindən Şarlotta Kristina idi. Hələ 10 günlük ikən anası vəfat etdi. Atası isə babası tərəfindən dövlətə və çara xəyanətlə təqsirləndirildi və tutulduğu həbsxanada 1718-ci ildə vəfat etdi. Beləliklə, 3 yaşlı Pyotr və 4 yaşlı bacısı Nataliya yetim qaldı. Babaları Böyük Pyotr isə xəyanətlə günahlandırdığı yeganə oğlunun övladlarına da rəhm etmədi. Nəvələri ilə maraqlanmayan çar hər iki uşağı güclü nəzarət altında qapalı olaraq saxladı. İlk mürəbbiyələri isə saraydakı dərzi və şərab tacirinin xanımları idi. Yetkinlik yaşlarına çatdıqdan sonra isə macar əsilzadələrindən Yaniş Zaykinin himayəsində alındı.

1725-ci ildə babası Böyük Pyotr vəfat etdi və ikinci xanımı Yekaterina Alekseyevna taxta çıxdı. I Yekaterinanın səltənətə yüksəlməsində baş rolu oynayan Aleksandr Menşikov, dövlət məmurlarından alman əsilli Andrey Ostermanı gəncin ilk müəllimi olaraq təyin etdi. Gənc vəliəhd onun rəhbərliyi altında tarix, coğrafiya, riyaziyyat və əcnəbi dillər üzrə təhsil alsa da, təhsildən daha çox böyük ov mərasimləri və saray ziyafətləri ilə məşğul olurdu.

I Yekaterinanın səltənəti boyunca Pyotr dövlət məsələlərindən uzaq qaldı. Ancaq çariçanın 1727-ci ildə vəfatından sonra, iqtidardakı dövlət məmurları Böyük Pyotrun oğul şəcərəsindən olan yeganə nəvəsinin taxta çıxarılmasına qərar verdi. Moskva əhalisi və zadəganların dəstəyini alan Pyotr, xalasının əri olan Müqəddəs Roma imperatoru VI Karlın və Andrey Menşikovun səyləriylə 12 yaşında taxta çıxarıldı. Hətta taxta çıxarıldıqdan sonra Andrey Menşikovun qızı Mariyayla nişanlandı.

Səltənət illəri[redaktə | mənbəni redaktə et]

I Yekaterinanın vəfatı və Pyotrun taxta çıxmasından sonra, Menşikov gənc imperatoru Vasilevskiy adasındakı şəxsi mülkünə dəvət etdi. Uzun müddət burada qalan imperator üzərində güclü nüfuz qazanan Menşikov qəddar bir diktatora çevrildi. Alman səfirinin qeydlərində bu vəziyyət "Böyük Pyotrdan belə bu qədər qorxulmurdu" olaraq əks olunur. Hətta imperatora əmrlər verdiyi, bacısı Nataliyaya verdiyi bir hədiyyəni geri aldığı, gənc imperatorun da cavab olaraq "Kimin imperator olduğunu görəcəksən, sən yoxsa mən" dediyi bilinir. Çox keçmədən Menşikov ağır xəstələndi və siyasi rəqibləri bu vəziyyətdən yararlandı. Müəllimi Andrey Ostermanın və Dolqorukov ailəsinin səyləriylə, Menşikov vəzifədən alındı və Sibirə sürgün edildi. Əlavə olaraq Menşikovun qızıyla olan nişan da ləğv edildi.

Dövlət məmurları, senat və saray əyanları imperatora sədaqət andı içdi. Ardından alman riyaziyyatçısı Kristo Qoldbak gənc imperatora müəllim olaraq təyin edildi. Olduqca hazır-cavab olan Pyotr babası kimi dikbaş və dəcəl bir uşaq idi. Üstəlik babası kimi uşaq yaşlarında taxta çıxarılmışdı. Buna baxmayaraq Pyotr babasından fərqli olaraq dövlət məsələləriylə maraqlanmırdı. O illərdə dövlət idarəsini əlində tutan senatda, demək olar ki, heç vaxt iştirak etməmişdi. Çarlığın donanması tərk edilmiş, ordu isə işğal edilən torpaqları tərk edirdi. Bu isə siyasi gərginliyə səbəb oldu.

Menşikovun devrilişi və bununla bağlı davam edən saray intriqalarının ardından, Aleksey Dolqorukov və oğlu İvan imperatorun ən yaxın adamına çevrildi. O dönəmin tarixçilərinə görə, çarın içki aludəçisi, müsrif və qadın düşkünü olmasına səbəb olan da məhz İvan Dolqorukov olmuşdur.

Pyotrun tacqoyma mərasimi 9 yanvar 1728-ci ildə Moskvada baş tutdu. Ancaq mərasimdən sonra da dövlət işlərindən uzaq durdu. Əcnəbi elçilərdən biri qeyd edir ki, "Bütün Rusiya fəlakətlə üzləşib. Heç kimə pul ödənmir. Hamı bacardığı qədər oğurluqla məşğuldur". Bundan başqa paytaxtın Sankt-Peterburqdan Moskvaya köçürülməsi də həm şəhər, həm də burada məskunlaşan zadəganlar üçün mənfi nəticələndi. Belə ki, babası Böyük Pyotr Sankt-Peterburqun böyük və təmtəraqlı bir şəhər olması üçün əlindən gələni etmişdi.

II Pyotr bəzi vaxtlar Sankt-Peterburqa gəlsə də, eyş-işrət dolu həyatından əl çəkmədi. Getdikcə Dolqorukov ailəsinin nüfuzu altına düşən gənc imperator, çox keçmədən 18 yaşlı Yekaterina Dolqorukovaya aşiq oldu. Əlbəttə ki, ailə imperator ailəsiylə qohum olmaq istəyirdi. Ancaq çarın bibisi Yelizaveta Petrovnanın gəlin namizədini sevməməsi nəticəsində cütlük bir-birindən uzaqlaşdı. Bütün bunlara baxmayaraq, toya mərasimi 30 yanvar 1730 tarixlərində baş tutacağı planlaşdırıldı.

Xəstəliyi və ölümü[redaktə | mənbəni redaktə et]

Ancaq 1729-cu ilin dekabrında Pyotr ağır xəstələndi. 1730-cu ilin yanvarında baş tutan Müqəddəs Epifani mərasimindən sonra vəziyyəti daha da ağırlaşdı. Belə ki, mərasimin ertəsi günü saray həkimləri çara çiçək diaqnozu qoydu. Dolqorukov ailəsi imperatora Yekaterinanın vəliəhd olması barədə vəsiyyətnaməni imzalamağı planlaşdırsa da, ölüm yatağında olan imperatorun otağına giriş qadağan edildi. Huşsuz vəziyyətdə olan çar yaxın zamanlarda vəfat eədn bacısı Nataliyanın adını sayıqlayaraq vəfat etdi.

İmperator II Pyotr toyunun planlaşdırıldığı gün – 30 yanvar 1730 tarixində səhərə yaxın vəfat etdi. Cənazəsi Moskvadakı Arxangelski Kafedralında dəfn edildi. Taxta Böyük Pyotrun qardaşı və ortaq kralı V İvanın qızı Anna İvanovna çıxdı. Bununla da Romanovlar sülaləsinin kişi şəcərəsi sonlandı.

Mənbə[redaktə | mənbəni redaktə et]