Hacı Çələbi xan — Vikipediya

Hacı Çələbi xan
Hacı Çələbi xanın 1749-cu ildə Nuxada tikdirdiyi məscidin kitabəsi: قد بنى هذا المسجد الشريف الحاج چلپهء: :سلطان ابن قربان حاكم شكى امير الشروان :فى شهر الله المبارك رمضان فى تاريخ سنة 1162 (Tərcüməsi: "Bu şərəfli məscidi Hacı Çələbi sultan ibn Qurban, Şəki hakimi, Şirvan əmiri, 1162-ci il Allahın mübarək ramazan ayı tarixində tikdirdi" Hicri 1162-ci ilin ramazan ayının 1-i miladi 1749-cu ilin 15 avqustuna təsadüf edir.)

Hacı Çələbi xanın 1749-cu ildə Nuxada tikdirdiyi məscidin kitabəsi: قد بنى هذا المسجد الشريف الحاج چلپهء:

سلطان ابن قربان حاكم شكى امير الشروان
فى شهر الله المبارك رمضان فى تاريخ سنة 1162
(Tərcüməsi: "Bu şərəfli məscidi Hacı Çələbi sultan ibn Qurban, Şəki hakimi, Şirvan əmiri, 1162-ci il Allahın mübarək ramazan ayı tarixində tikdirdi" Hicri 1162-ci ilin ramazan ayının 1-i miladi 1749-cu ilin 15 avqustuna təsadüf edir.)
bayraq
I Şəki xanı
bayraq2
1747 – 1755
SonrakıAğakişi bəy
Şəxsi məlumatlar
Doğum tarixi 1703
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri Nuxa ( Şəki )şəhəri
Dəfn yeri Məlum deyil
Atası Qurban
Uşaqları Həsən ağa, Ağakişi bəy, Hacı Əbdülqadir xan, Cəfər ağa
Dini İslam

Hacı Çələbi xan (1703, Şəki1755, Şəki) — siyasi xadim və sərkərdə, müstəqil Şəki xanlığının yaradıcısı.

Hacı Çələbinin xalqın vəkili təyin olunması[redaktə | mənbəni redaktə et]

Nəcəfqulu və onun qardaşı oğlu Cəfərin Şəki hakimi təyin edilməsi ilə bağlı 1737 və 1739-cu illərdə Nadir şah Əfşar tərəfindən verilmiş fərmanlar. 1739-cu il fərmanında Nadir şah Cəfərə Hacı Çələbi xanla konfliktinin həll edilməsini əmr etmişdir. Əlyazmalar AMEA Tarix İnstitutunun kitabxanasında saxlanılır.

Hacı Çələbi xan 1551-ci ildə şəkililərin Səfəvi şahı I Təhmasibə qarşı üsyanına başçılıq etmiş Dərviş Məhəmməd xanın uzaq xələfi idi. Nadir şahın tabeçiliyindən birinci çıxan Hacı Çələbi xan olub, hələ onun sağlığında ikən Şəkinin müstəqilliyini elan etmişdi. Hər şey Nadir şahın ŞirvanaDağıstana qarşı yeritdiyi sərt vergi siyasətindən başlamışdı. Narazılıqlar dalğası uzaq Şəkiyə qədər gəlib çatmışdı.

Nadir şah Əfşar tərəfindən bu vilayəti idarə etmək üçün təyin olunmuş Məlik Nəcəf ağır vergiləri və hədsiz zülmü ilə əhalini özünə qarşı qaldırmışdı. Şəki camaatı onun zülmündən bu vaxt Dərbənddə olan Nadir şaha şikayət edir. Nadir şah Azərbaycanda və Dağıstanda öz siyasətindən narazılıqların get-gedə artdığını görüb, məsələni malalamaq istəyir. O, Şəki əyanlarına tapşırır ki, Məlik Nəcəfin fəaliyyətinə nəzarət edə biləcək bir səlahiyyətli şəxs seçib, şahın hüzuruna göndərsinlər. 1741-ci ilin sonunda şəkililər öz nümayəndələri kimi varlı və nüfuzlu bir şəxs olan Hacı Çələbini seçirlər. Şah onu Şəki mahalı üzrə vəkil təyin edir və ona Məlik Nəcəfin yığdığı vergilərə nəzarət səlahiyyəti verir. Bundan sonra Hacı Çələbi faktiki olaraq, hakimiyyəti öz əlinə alır. O, Məlik Nəcəfin vəzifəsinə daxil olan bir çox işlərə açıq müdaxilə etməkdən də çəkinmir.

Nəcəf Hacı Çələbidən şikayət etmək məqsədilə Nadir şahın düşərgəsinə gəlir: "Çələbi qoymur ki, mən şahın tapşırıqlarını yerinə yetirim. Özü də mənə qulaq asmır, camaatın da başını pozur." Belə zəngin bir mahalı əldən buraxmaq istəməyən Nadir şah Hacı Çələbini öz düşərgəsinə çağırır və onu asdırmaq istəyir. Lakin Hacı cəsarətli hərəkət edib, boynu kəndirdə ola-ola Nadir şahı bu ittihamın doğru olmadığına inandıra bilir. O deyir: "Məlik, şahdan hansı tapşırığı alırsa-alsın buna bir neçə başqa tapşırıqlar da əlavə edir." Nadir şah inanıb, Hacı Çələbini bağışlayır, ona daha böyük səlahiyyətlər verir. Öz əmirlərinə isə acıqlanaraq söyləyir: "Hamınız bunu bilə-bilə səsinizi çıxara bilmədiyiniz bir zamanda bu səkili Çələbi boynu kəndirdə də məndən qorxmayıb, öz rəyini bildirdi. İndi görəcəksiniz, o, yenə nəsə bir iş törədəcək. Mən öz zənnimdə heç vaxt yanılmıram."

Şəki xanlığının yaradılması[redaktə | mənbəni redaktə et]

1746-cı ildə Nadir şah tərəfindən verilmiş bu fərmanda Şəki əhalisinin hakimiyyətin Cəfərdən Hacı Çələbiyə verilməsi istəyi rədd edilmişdir. Əlyazma AMEA Tarix İnstitutunun kitabxanasında saxlanılır.

1743-cu ildə Nadir şah Şirvandan çıxandan sonra burada yenidən onun əleyhinə çıxışlar başlanır. Hacı Çələbi bundan istifadə edərək, başındakı sadiq adamlarla birlikdə Nadir şahın canişini məlik Nəcəfin iqamətgahına hücum çəkərək, onu öldürür. Bundan sonra o, Şəkini müstəqil bir xanlıq elan edir. Fuad Əliyev bu barədə belə yazır:

"Bununla da Azərbaycan ərazisində kiçik dövlət qurumlarının-müstəqil xanlıqların yaranması prosesi başlanır. Belə bir fakt da diqqətə layiqdir ki, əgər müstəqil xanlıqların əksər qismi Nadir şah dövlətinin süqutundan sonra yaranmışdırsa, Şəki xanlığı özünün istiqlaliyyəti məsələsini hələ onun hakimiyyəti illərində qaldırmışdır."

1744-cü ilin qışında Nadir şah öz qoşununu qiyamçı Hacı Çələbinin üzərinə göndərir. Hacı Çələbi isə bunu qabaqcadan anladığı üçün şəkililəri təhlükədən qurtarmaqdan ötürü, Nadir şahın hücumundan sonra Qız qalası adlandırılan möhkəmləndirilmiş və təchiz olunmuş məşhur qalada gizlənməyə çağırır.

Nadir şah dayanmadan, 15 minlik seçmə qoşunu ilə qalanın üzərinə yeriyir. Ancaq heç üç gün keçməmiş o, hətta mühasirə də qurmadan geri çəkilməli olur və Hacı Çələbiyə belə bir ismarıc yollayır: " Ey Hacı Çələbi bu nə qaladır ki, həmin qalanı heç mən də ələ keçirə bilməyirəm". Buna cavab olaraq Hacı Çələbi Şəki ləhcəsi ilə: "Gələsən-Görəsən" ismarıcını yollayır və bundan sonra həmin qala Gələsən-Görəsən qalası olur . Nadir Şahın geri çəkildiyini görən şəkililər tez qaladan qəfil çıxışları ilə Nadir şahın qoşununa ciddi zərbələr vururlar. Bu hucumların birində Nadir şahın özü də az qala öləcəkdi. Şəkililər böyük qənimət əldə edirlər. Nadir şah qoşununu Bərdəyə çəkir. Orada möhkəmləndikdən sonra 30 minlik qaşunla 1744-cü ilin sonunda Dərbəndə yola düşür. Fevral ayında o, yenidən Hacı Çələbinin üzərinə gəlir. Gələrsən-Görərsən qalasının mühasirəsi yenidən heç bir nəticə vermir. Bundan qəzəblənən Nadir şah qədim Şəkini və onun ətrafındakı kəndləri yandırıb külə döndərir. Qəhrəman şəkililər az qala üç il özlərini Gələsən-Gorəsən qalasında ağır məhrumiyyətlərə düçar edib, Nadir şahın hər cəhətcə üstün ordusuna müqavimət göstərirlər. Nəhayət, 1746-cı ilin martında Hacı Çələbi Nadirlə müqavilə bağlayır. Nadir şah Nəcəfin bir qohumunu Şəkiyə məlik təyin edir, lakin eyni zamanda Hacı Çələbiyə də məlik səlahiyyəti verir və ona xeyli xərac gondərir. Bu, artıq Hacı Çələbinin qələbəsi demək idi. Çünki üstündən bir il keçəndən sonra Tiflis, Gəncə, Naxçıvanİrəvan Nadir şahdan üz döndərəndə Hacı Çələbi artıq Nadir şahın əleyhinə yeni çıxışlara başlamaq üçün hazır idi.

Hacı Çələbinin şöhrəti, habelə onun qoşunlarının səfərbərliyi və silahlanma səviyyəsi o qədər artır ki, Qafqazın ən müxtəlif vilayətlərindən ona kömək üçün müraciətlər olunur. Belə ki, məxəzlərdən birində qızılbaşlar qarşısında əndişə duyan gəncəlilərin Hacı Çələbiyə müraciət etməsindən sonra 1748-ci ilin yay aylarında onun Əli xanla oraya getməsi və orada qalması göstərilir.

"Pənahəli bəy xan rütbəsinə layiq görüldükdən və 1748-ci ildə Bayat qalasında tikinti işlərinə başladıqdan sonra onunla düşmənçilik edən qonşuları kömək üçün Hacı Çələbiyə müraciət etdilər. O dövrün tanınmış tarixçisi Mirzə Adıgözəl bəyin yazdığına görə, onlar suverenlik qazanmış və eyni zamanda Şirvanın hakimi olan Şəkili Hacı Çələbiyə müraciət edirlər." Ancaq Pənah Əli xan əvvəlcədən xəbərdar edilmişdi və qalanın etibarlı müdafiəsini təşkil edə bilmişdi. Buna görə də Hacı Çələbinin dəstələri geri çəkilməli oldular. O, geri döndükdən sonra demişdi:

"İndiyə qədər Pənah xan naxışlanmamış gümüş idi. Biz isə gedib bu gümüşü zərb etdik və geri döndük."

Bundan sonra Hacı Çələbi çox vaxt da qonşularının hesabına öz xanlığının hərbi və iqtisadi qüdrətini artırmaq qayğısına qalır.

Qızılqaya xəyanəti[redaktə | mənbəni redaktə et]

Şuşanı mühasirədə saxlasa da uğur qazana bilməyən Məhəmməd Həsən xan Qacar Qarabağdan geri çəkiləndən sonra Pənah xan Qarabağlı, Kərim xan Qaradağlı, Heydərqulu xan Naxçıvanlı və Şahverdi xan Gəncəli bir araya gələrək, Hacı Çələbinin hərəkətlərini muzakirə edirlər. Muşavirədə deyilir ki, Hacı Çələbi onları saymır və onlarla "sülh və dostluq yoluna gəlmir". Onlar Hacı Çələbi ilə mübarizəyə başlamaq qərarına gəlir və bu qərarlarını gürcü çarına da çatdırırlar. Çar onları danışığa dəvət edir.

Danışıqlara gəlmiş bu dörd xanı 1752-ci ildə Gəncə yaxınlığında gürcü çarı Teymuraz və onun oğlu İrakli Gəncəni və Qarabağı tutmaq niyyəti ilə əsir götürürlər. Şahverdi xan Qacarın xidmətçilərindən biri (başqa bir versiyaya görə, Pənah xanın oğlu İbrahim Xəlil xan) baş verən hadisəni Hacı Çələbiyə xəbər göndərməyə imkan tapır. Hacı möhtəşəm bir ordu ilə müttəfiq qoşunlarının qarşısına çıxaraq, Kürün o biri sahilində qərar tutur.

Hacı Çələbi əsir düşmüş xanları xilas etmək istəyir. Ancaq bilir ki, əsas sözü onun əmirləri söyləyəcək. Buna görə də müşavirəni açmamışdan Hacı Çələbi sonradan zərb-məsələ çevrilmiş bu sözləri söyləyir:

"Siz hansı qərarı alırsız-alın, Kürü keçmək söhbəti orda mütləq olmalıdır."

Məliklər müşavirəyə başlamaq istəməyib deyirlər: "Biz müşavirəyə ancaq ona görə gəlmişdik ki, iş Kürü keçmək dərəcəsinə çatmasın. Ancaq əgər istəyirsinizsə, qoy belə olsun. Qoşuna əmr edin ki, hücuma keçsin." Hacı Çələbi qoşunlara Kürü keçmək əmri verir. "Şeyx Nizami -əleyhissəlamın müqəddəs məqbərəsi yaxınlığında, o yerdə ki, aləmə insanların qəlbini və əqlini işıqlandıran ilahi nur yayılır, iki qoşun üz-üzə gəlir və döyüş başlanır." Gürcü qoşunları ağır bir məğlubiyyətə uğrayırlar. II İrakli qaçıb canını güclə qurtarır. Çələbi xan gürcüləri düz Tiflisəcən qovur və oğlu Ağakişi bəyi azad edilmiş bütün ərazilərin-Gəncə, QazaxBorçalının hakimi təyin edir. Bu, artıq Hacı Çələbinin gürcülərlə ikinci toqquşması idi. Əvvəlcə də II İrakliIII Teymurazın başçılıq etdiyi birləşmiş gürcü-kaxet qoşunları az vaxtda çoxlu güc toplamış Şəki xanına dərs vermək istəmişdilər. Əvvəl-əvvəl şəkililər gürcü qoşununun qabağından çəkilmişdi. Ancaq bu, hərbi fənddən başqa bir şey deyildi. Gürcülərin sayıqlığı itirməsindən istifadə eləyən Çələbi xan az sonra özü onlara hücum etmiş və düşmən canlı qüvvəsini və xeyli hərbi yükünü itirərək, qaçmağa üz qoymuşdu. 1755-ci ildə Hacı Çələbi böyük bir qoşunla Şirvan üzərinə yeriyir və Ağsunu mühasirəyə alır. Qubalı Hüseynəli xan şirvanlıların köməyinə gəlir. Çələbi xan məğlubiyyətə uğrayır və geri çəkilir.

Hacı Çələbi 1755-ci ildə vəfat edir. Şəki xanlığının ən möhtəşəm və inkişaf etmiş Azərbaycan xanlığına çevrilməsi onun müstəsna xidmətlərindəndir. Çələbi özünün paytaxtı olan Şəki şəhərinin abadlaşdırılması üçün çox işlər görmüşdür. Burada mədrəsələr, məscidlər, karvansaralar, hamamlar, məktəblər tikilir. O vaxtdan indiyəcən Şəki özünün təkrarolunmaz gözəlliyi ilə insanları heyran edir.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]