Həmidiyə alayları — Vikipediya

Həmidiyə Alayları
Həmidiyə Süvari Alayları
Növü süvarilər
Yaranma tarixi 1890-1908
Ölkə Osmanlı İmperiyası
Tabedir Osmanlı ordusu
Vəzifəsi sərhəd xidməti
Sayı 16 500-dən artıq (1882)[1]
Komandanlıq
Məşhur komandirləri Zəki Paşa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Həmidiyə alaylarının qurucusu Mehmet Zəki Paşa

Həmidiyə Alayları və ya Həmidiyə yüngül silahlı Süvari Alayları (hərfi mənası "Həmidə aid", [2] tam rəsmi adı türkcə: Hamidiye Hafif Süvari Alayları) — yaxşı silahlanmış, nizamlı, əsasən sünni kürd[3] eyni zamanda türk, Şərqi Anadoluda yaşayan qarapapaq türkləri (tərəkəmə), çərkəz,[4][5][6] türkmənlər, [7] yörük[8][9]ərəblərdən ibarət Osmanlı İmperatorluğunun cənub şərq vilayətlərində fəaliyyət göstərən süvari hərbi birləşmələri.[10] Alaylar 1890-cı ildə yaradılmış və Sultan II Əbdülhəmidin şərəfinə adlandırılmışdır. Həmidiyə alayları çərkəz Mehmet Zeki Paşa tərəfindən Rusiya-Osmanlı və Osmanlı-İran sərhədində keşik çəkmək üçün Rus kazak birləşmələrini nümunə götürərək yaradılmışdı.[11] Osmanlılar ərəb və türkmən tayfalarını da süvarilərə qatmağı düşünsələr də, qoşulan tayfaların əksəriyyətini kürdlər təşkil edirdi.[3] 1894–96-cı illərdə erməni qiyamlarının yatırılmasında mühüm rol oynamışdır. Xüsusən də Sasundakı erməni qiyamının yatırılması zamanı (1894), erməi milətçi "Hnçak" partiyasının pozucu əməllərinin qarşısının alınmasında fəaliyyət göstərmişdir, lakin son araşdırmalar Həmidiyənin qiyamların yatırılmasında əvvəllər düşünüləndən daha az əhəmiyyətli bir rol oynadığı bəlli olur.[12][13]

Sultan II Əbdülhəmidin hakimiyyətindən sonra süvarilər dağılmadı, ancaq yeni bir ad aldılar — Qəbilə Yüngül Süvari Alayları.[14] Osmanlı imperiyasının çökməsindən sonra Şeyx Səid Pirani (1925) və digərlərinin antitürk qiyamlarında iştirak etmişdilər.

Tarixi[redaktə | mənbəni redaktə et]

Ermənilər 13 iyun 1884-cü il tarixində Berlin konfransına "Ermənistan haqqında Layihə"ni təqdim etdikdən və bu layihə müsbət qarşılandıqdan sonra Osmanlı dövlətinin sərhədləri daxilində terror və qırğın aktları sürətləndi. Ermənilərin yaratdığı HinçakDaşnaktsutyun partiyaları terror yolunu seçmiş və nizami silahlı birliklərə malik təşkilatlara çevrilmışdi. Rusiyada Osmanlı İmperiyasının "Şərq Əyalətləri" üçün ambisiyalarını açıq şəkildə ifadə edir və istila üçün hazırlıqlara başlamışdı. II Əbdülhəmid şərq məsələsi adı altında, Avropa dövlətlərinin tələb etdiyi islahatların — əvvəl xristian xalqları üçün muxtariyyət, sonra müstəqilliyin Osmanlının zəifləməsi və parçalanması mənasına gəldiyini düşünürdü. Bölgədəki əhalinin təhlükəsizliyini və asayişi təmin etmək üçün, erməni quldur dəstələrinin və terrorçularının qarşısının alınmasına və gələcək rus istilasını durdurmaq məqsədilə sərhədi qorumaq üçün yeni silahlı birliklər yaratmağa qərar verdi. Bu səbəbdən 1890-cı ildən sonra Şərqi Anadoluda sərhədin təhlükəsizliyini təmin etmək məqsədilə Həmidiyyə alaylarının qurulmasını əmr etdi.

Quruluş səbəbi[redaktə | mənbəni redaktə et]

Rəsmi mənbələrdən başqa Həmidiyə alaylarının qurulmasının müxtəlif səbəbləri göstərilir. M. S. Lazarev alayların qurulmasının səbəbini "Kürdüstan və Kürd məsələsi" kitabının 151-ci səhifəsində belə izah edir: "Həmidiyə alayları ilə, kürdlərdən ibarət Rusiyaya qarşı güclü bir hərbi dayaq, həm də İrana qarşı hücum vasitəsi halına gətirməklə yanaşı, vacib məqsədlərindən biri də, kürdləri Osmanlı inzibati orqanlarının ciddi nəzarəti altında yaşamaq vərdişinə alışdırmaq idi. Bununla belə xristian azlıqların və ermənilərin yüksələn ərazi iddialarının qarşısının alınması niyyəti də güdülürdü".[15]

Nihat Gültəpə isə alayların qurulma məqsədini bu cür izah edir: "Həmidiyə alaylarının qurulmasında əsas məqsəd bu idi ki, Şərqi Anadolu üçün hüquq mühafizə orqanı olaraq hərbi intizama daxil olan qəbilələrdən faydalanmaq, müntəzəm süvari birləşmələri quraraq mümkün Rusiya istilasına qarşı hazır güc yaratmaq. xarici təxribatlara qapılmış və üsyana açıq olan elementləri, qəbilələri nəzərətdə saxlamaq və onları idarə etmək; onları nizam-intizam verərək maarifləndirmək, qəbilə daxili və xarici döyüşlərə son qoymaq və bu istiqamətdəki bütün potensialı dövlətin xeyrinə istifadə etmək. Beləliklə yollar, körpülər, məktəb binaları və s. tikmək və təmir edərək Şərqi Anadolunun yenidən qurulması üçün çalışmaq".[16][17]

Tarixçi Siddik Haydarani Həmidiyə alaylarının yaradılması ilə bağlı fikrində Mehmet Zəki Paşanın bu məsələni II Əbdülhəmidin ağlına yürütməsini mülahizəsini irəli sürür. Onun qeyd etdiyinə görə, Sultan II Əbdülhəmid müşaviri, Şeyx Şamilin nəvələrindən olan Mehmet Zəki Paşanın fikir və tövsiyələrinə çox dəyər veriridi. Belə ki, Sultan Zeki Paşa Van, Ərzurum və Bitlisdən təftişdən geri döndükdən sonra Anadoluda vəziyyəti necə olduğunu soruşmuşdu. Zeki Paşa isə belə cavab vermişdi: "Anadolu bütün məsələlərdə tamamilə tərk edilmişdir. Sərhədin digər tərəfində də ruslar bir çox cəhətdən bizdən irəlidədirlər. Yeri gəlmişkən, ruslardan nümunə götürməyə dəyər bir kazak sistemi var. Bundan əlavə, ruslar öz sərhədləri içərisindəki qəbilələrdən çox istifadə edirlər. Hər kəsi silah altına salmırlar, amma ildə bir dəfə ay yarım ərzində müəyyən yerlərdə toplanır, təlim alırlar və məşq edirlər, sonra evlərinə buraxırlar və sərbəst ev təsərrüfatları ilə məşğul olmalarına icazə verirlər".[18]

Belə hesab edilirki, məhz Osmanlı Sultanı II Əbdülhəmidi kürd qəbilələri arasından yüngül kürd süvariləri yaratmağa sövq edən Zeki Paşanın bu sözləri olmuşdur. Digər tərəfdən, Osmanlı sultanı alayları təşkil etməkdə əsas məqsədi barədə xatirələrində belə yazırdı: "Rusiya ilə müharibə yaxınlaşır … Müharibədə yaxşı təlim keçmiş kürd alayları bizə çox böyük bir xidmət göstərə bilər. Digər tərəfdən, "tabeçiliyə" öyrəşdirilmək də onlar üçün faydalı olacaqdır".[19] Beləliklə, Həmidiyəni yaradan II Əbdülhəmid sırf hərbi məqsədlər güdürdü: Rusiya ilə toqquşma vəziyyətində xəzinəyə ucuz başa gələcək kürd süvarilərini güclü bir hərbi səddə çevirmək. "Kürd ağaları, zabit vəzifələrinə yüksələcəklərindən xoşbəxt olmalıdır". Rusiya ilə müharibə başlayarsa, intizamlı alaylarda birləşmiş kürdlərimiz bizə böyük xidmətlər göstərə bilərlər… Əminəm ki, onlar çox qiymətli bir ordu olacaq."- deyə II Əbdülhəmid xatirələrində yazır.[20]

Qurulması[redaktə | mənbəni redaktə et]

Dördüncü ordu komandanı Müşir Zeki Paşanın bu təklifini sultan dəstəkləsə də, Osmanlı paşaların böyük bir qismi ona qarşı çıxdı. Buna baxmayaraq, II Əbdülhəmid Zeki Paşaya bu işlə məşğul olmaq üçün səlahiyyətlər verdi. Ərzincanı özünə mərkəz seçən Müşir Zeki Paşa, 1891-ci ilin yazında aktiv fəaliyyətə başladı.[21] İlk iş olaraq Mirliva Mahmud Paşanı Van, Malazgird, Xınısa göndərərək yerli tayfa və qəbilələrdən Həmidiyə Alaylarına əsgər və zabit seçiminə başlamağı əmr etdi. Bu fəaliyyət beş il sürdü. 1896-cı ildə Ərzincan, Dersim, Ərzurum, Diyarbəkir, Van, Malazgird, Urfa ve Şərqi Anadoluda bu çox yerdə Həmidiyə Süvari Alayları təşkil edildi. Bu müddət ərzində təkcə Ərzurum vilayəti daxilində 8 alay quruldu.

II Əbdülhəmidin əmri ilə alaylar İbrahim və Kerim Paşalar tərəfindən quruldu və onların tabeliyindəki bölmələr formalaşdırılmağa başlandı. Beləliklə, İbrahim və Kərim Paşalar Osmanlı tarixində nizamsız ordu qaydalarını ilk dəfə tətbiq etdilər.[22] Daha sonra rəsmi status vermək üçün ilk tənzimləmə (qanun) 1891-ci ildə qəbul edildi. Bu qanun 1896-cı və 1910-cu illərdə yeni qaydalarla yenidən təsdiq olundu. Alay sayı əvvəlcə 50, bir müddət keçdikdən sonra alay sayı 1908-ci ildə 65-ə yüksəldi. Alaylar əsasən Rusiya ilə sərhəd bölgələrdə — Ərzurum, Van, Bitlis, DiyarbəkirƏrzurum vilayətlərində yerləşdirilmişdi.

Sivas vilayətində bir alay quruldu. Qurulan alaylardan yalnız 4-ü 5-ci ordunun, digərləri 4-cü ordunun tərkibinə daxil edilmişdi. Ancaq bu cür alaylardan Anadolu xaricində Tripolidə də qurulduğu məlumdur. Ad baxımından bir az fərqli olmasına baxmayaraq ilk dəfə 1880-ci ildə Yəməndə də Həmidiyə alaylarından təşkil edilmişdir. II Əbdülhəmid taxtdan salındıqdan sonra alayların mahiyyəti və adı dəyişdirildi. Həmidiyə adı Birlik və Tərəqqi Partiyası tərəfindən 1910-cu ildə dəyişdirildi. Həmən il Qəbilə Yüngül Süvari Alaylarının təşkili qanunu ilə son alaylar haqda qanun (tənzimləmə) ləğv edildi. Bu alayların adı Qəbilə Süvari alayları olaraq adlandırıldı.

Tərkibi və təchizatı[redaktə | mənbəni redaktə et]

Həmidiyə Alayının bir süvari bölüyü

Həmidiyə alayları haqqında Qanunun 19-cu maddəsində qoşunların quruluşu və şəxsi heyəti haqqında aşağıdakı məlumatlar verilmişdir:

İlk dəfə 1891-ci ildə verilən əlli üç maddəlik tənzimləmədə, Həmidiyə Süvari alaylarının necə qurulacağı və tərkibinin necə olacağı izah edilirdi. Tənzimata görə: Bu alayların adları Həmidiyə Süvari Alayları adlandırıldı. Bu alaylar dörddən az və altıdan çox olmayacaqdı. Hər eskadron; Dörd komandadan hər komanda 32-dən az və ya qırx səkkizdən çox olmamalıdır. Hər alay minimum 512 və maksimum 1152 nəfərdən ibarət olacaqdır. Hər dörd alay bir liva sayılacaqdır. Böyük qəbilələrə bir və ya daha çox alay qurmaq, kiçik qəbilələrə isə bir neçə bölük yaratmaq hüququ veriləcəkdir. Bununla belə, alayların qurulması və təlim məqsədi ilə qəbilələrin birləşməsinin qarşısı alınacaq, yalnız müharibə dövründə mərkəzi hökumət və ya ordu komandanlarının əmri ilə birləşdiriləcəkdilər. Hər alaydan iki çavuş Orduyu Hümayun qərargahına göndəriləcək və məktəb alayında təlim keçəcəkdir. Bundan əlavə, hər alaydan bir uşaq seçilərək İstanbula göndəriləcək və süvarilər məktəbində təhsil aldıqdan sonra məmləkətinə və alayına leytenant rütbəsi ilə qayıtmalı idi.

Asakir-i Həmidiyə Süvari Alayları kürd və ərəb qəbilə üzvlərindən olduqları üçün, bu süvari alayların üzvlərinin hər birinin mənsub olduqları qəbilənin formada və geyimində olmaları məqsədəuyğun sayılacaqdı. Buna görə hələkil üç nümunə qəbul etmək lazımdır. Başqalarından və yerli əhalidən seçilmək üçün alayın adı və nömrəsi onun yaxasında qeyd olunacaqdır.[23]

Həmidiyə alaylarında xidmət edən kürd zabitlər

Alay zabitləri İstanbulda hərbi təhsil almış qəbilə uşaqlarından ibarət olmalı idi. Hərbi məktəblər İstanbulda qəbilə məktəbi adı altında yaradılmışdı. Bu zabitlər yaxşı xidmət halında daha yüksək rütbələr ala biləcəkdilər.[24]

Rusiya İmperiyasına qarşı Şəfii Kürdlərindən qurulan Həmidiyə alayları qarşılarına qoyulan vəzifələrinə uyğun davranmırlar. Hamidiyə alayları daha çox quldurluqla məşğul olurdular. Erməni və şiə kəndlərinə basqınlar təşkil edir və talan edirlər. 23 iyul 1908-ci ildə İkinci Konstitusiya Monarxiyasının elan edilməsindən dərhal sonra həmən ilin sentyabrında kürd Həmidiyə alaylarının silahlarını almaq istəyən ittihadçılar buna nail ola bilmədilər.

Şafii Kürdlərin ağa və qəbilə başçılarının uşaqlarının təhsil aldığı İstanbulda yerləşən "Qəbilə məktəbi"ndə və Həmidiyə alaylarında kürd millətçiliyi yaranmağa başladı. Bu vəziyyət Şərqi Anadoluda Şiə-Şafii münaqişəsinin yaranmasına səbəb ola bilərdi. Hətta bu məktəbin direktoru Kamil bəy Kolağası; "Bunlar qəbilə deyil, böcəkdir!" demişdir…

Həmidiyənin 40-cı alayı Sivasda idi və Mehralı bəy Darvazlı tərəfindən Qarsdan Sivasa yerləşmiş Qarapapaq (tərəkəmə) türkləri tərəfindən qurulmuşdu. 40-cı alay 1892-ci ildə təşkil olunmuşdu. Digər alaylar bir-birlərinə yaxın olsalar da, 40-cı alay müstəqil idi, onlarla əlaqəyə malik deyildi. Buna görə digər alaylar liva şəklində təşkil edildiyi halda, 40-cı alay, digərlərindən uzaq olduğu üçün heç bir livaya bağlı deyildi və birbaşa Sivas valisinə tabe olmuşdu. Bu alayın ən vacib xüsusiyyətlərindən biri, üzvlərinin çoxunun Mehralı bəylə 1877–1878-ci illərdə Rusiya-Osmanlı müharibəsində Qafqaz cəbhəsindəki döyüşlərdə xidmət etmiş döyüşçülərdən ibarət olması idi. Digər tərəfdən, 40-cı alay komandiri Mehralı bəylə birlikdə 1905-ci ildə Yəmənə getdi. Alayın çoxu, xüsusən də Mehralı bəy Yəməndən geri dönmədi.

Hərbi geyimi[redaktə | mənbəni redaktə et]

Həmidiyə alaylarının Çərkəz zabitləri.

Vahid rütbə sıralaması sistemi və hərbi nişanlanma 1861-ci il rütbə və hərbi nişan qanununa əsaslanırdı.[25] Həmidiyə alayları üçün rütbə və hərbi uğurlarını göstərmək üçün ziyafət (parad) hərbi formalarırını geyindikləri bir neçə mərasim təşkil edilmişdi. Alaylar təşkil olunduqları ilk dövrlərdə kürdlərin geyindikləri rəngli formalar yerini yeni formalar tutmağa başladı.[26] Bunda əsas məqsəd Osmanlı imperiyasının sərhədlərini qoruyan Həmidiyələr üçün yeni imic yaratmaq idi.[27] Bəzən bu geyim boz kürklərdən və ya bel kəmərlərindən, ensiz qırmızı zolaqlı boz şalvardan və başlarında imperator gerbi olan qalpaqdan ibarət idi.[28] Həmidiyə alayının yerləşdiyi bölgəyə görə forma bir qədər dəyişirdi.

Alaylarda kürdlərin üstünlük təşkil etməsinə baxmayaraq, ilk dövrlərdə zabitlər çərkəz paltarı geyinir və uzun şaşka taxırdılar. Buda onunla izah olunurdu ki, milliyətcə çərkəz olan Zəki Paşanın alayları təşkil etdiyi zaman Qafqaz müharibəsi təcrübəsindən istifadə etməyə çalışması idi.

Ləğvi[redaktə | mənbəni redaktə et]

Sultan II Əbdülhəmidin devrilməsindən sonra hakimiyyətə gələn İttihad və Tərəqqinin Birlik və İnkişaf hökuməti Həmidiyə alaylarını ləğv etdi. Qəbilə yüngül süvari alayları yenidən təşkil edildi və onların sayı da 24-ə endirildi. Şərqdəki erməni qiyamlarının yatırılmasında mühüm rol oynayan bu alaylar Balkan müharibələri dövründə yüksək döyüş qabiliyyəti göstərə bilmədilər.

1913-cü ildə alaylar yenidən təşkil edildi. Onlar Ehtiyat Süvari Alayı adı ilə mərkəzi qərargahı Ərzurumda yerləşən Doqquzuncu Korpusun tərkibinə daxil olundular. Birinci Dünya müharibəsində şərq cəbhəsində Rusiya İmperiyasının ordusuna qarşı qəhrəmanlıqla mübarizə aparan bu alaylar, rus qoşunlarını geri çəkilməyə məcbur etmişdilər. Alaylardan üsyan etmiş və nizami ordunun fəaliyyətinə zərər vuran ermənilərin döyüş bölgəsindən sürgün edilməsində də istifadə edilmişdir.[29]

Xidmət yerləri[redaktə | mənbəni redaktə et]

Həmidiyə Alaylarının xidmət yerləri aşağıdakı şəhər və kəndlərdə olmuşdur.[30]

Sıra Tayfa Yeri Süvari Piyada Ümumi say
1 Sipkan Tutaq 400 250 650
2 Sipkan Hosuna 400 175 575
3 Sipkan Camal Verdi 400 225 625
4 Zilan Torpaqqala 250 360 610
5 Zilan Qarakilsə 450 250 700
6 Qarapapaqlar ve Kürdlər Ələşgird ve Qarakilsə 400 150 650
7 Qarapapaqlar və Kürdlər Tulaq — Qarakilsə 300 200 500
8 Keşvan Hasankale 200 175 475
9 Şapikan ve Badayan Kızıldiz 250 325 575
10 Daşkəsən, Diyadin Kasatkanlı 198 350 548
11 Mikayıli Qarakilsə, Diyadin (Ağrı) 175 325 500
12 Hamdiki, Başımi, Hal Həsini Qarakilsə, Diyadin 225 350 525
13 Haydaran Bergiri Muradiyyə 200 318 518
14 Heydəran Bergiri Muradiyyə 175 350 525
15 Şevli Van, Timar 200 350 550
16 Kalıkan, Livi Erciş 255 270 525
17 Mukuri Saray, Van 215 315 530
18 Takarı Zermaniz, Saray 300 380 680
19 Millî, Şemsiki Saray 225 425 650
20 Şkeftka Eblak 327 213 540
21 Adaman, Zilan, Hecidıran Erciş 250 275 525
22 Haydaran Erciş 175 350 525
23 Haydaran Adilcevaz 200 350 550
24 Heydaran Erciş 175 350 525
25 Marhoran Adilcevaz 250 300 550
26 Hasenan Hınıs (Kumdeban) 335 205 540
27 Hasenan Malazgird 340 200 540
28 Hasenan Malazgirt (Diknuk, Dinbut) 304 230 534
29 Hasenan Moranköyü 310 230 540
30 Hasenan Bullanık 308 232 540
31 Cibran Gümgüm 308 232 540
32 Cibran Hınıs 310 235 545
33 Cibran Varto 315 330 545
34 Zirkan Hınıs 300 250 550
35 Zirkan Halilçavuş 375 500 875
36 Cibran Kiği 285 265 550
37 Celali Bəyezid (Örtülü qışlağı) 305 370 540
38 Celali Bəyezid (Şeyhlu qışlağı) 300 240 540
39 Takori Mahmudiye (Saray) 305 301 606
40 Kafkasya muhacirleri Sivas 275 500 775
41 Millî Mardin 275 265 540
42 Millî Sivərək 255 375 630
43 Millî Sivərək 303 247 550
44 Qarakeçili Sivərək 305 225 530
45 Kikan Res ül Eyn, Mardin 350 270 620
46 Tay (ərəb) Nusaybin 445 185 630
47 Qarakeçili Siverek 310 230 540
48 Miran Cəzirə 335 205 540
49 Miran Cəzirə 308 232 540
50 Ertoşi Başkale, Norduz 375 300 625
51 Kays Urfa 450 200 650
52 Kays Harran 400 150 550
53 Berazı Urfa 250 300 550
54 Berazı Urfa 300 300 600
55 Berazı Urfa 275 300 575
56 Gevdan Hakkari 200 300 500
57 Şadili Hasankale 300 250 550
58 Adaman Erciş 200 350 550
59 Pinyan Hakkari 150 400 550
60 Şidan Hakkari 350 300 650
61 Kasıkan Söylemez 250 300 550
62 Kiki Harran 250 350 600
63 Millî Viranşehir 550 250 800
64 Millî Viranşehir 600 225 825
65 Belideyi Erciş, Patnos, Malazgirt 250 200 450
* TOPLAM * 19306 18410 37581

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. The Burning Tigris: The Armenian Genocide and America's Response. New York: HarperCollins. 2003. səh. 51. ISBN 0-06-055870-9.
  2. Peter Balakian. Burning Tigris, p. 44.
  3. 3,0 3,1 Eppel, Michael. A People Without a State: The Kurds from the Rise of Islam to the Dawn of Nationalism, page 81 (ingilis). University of Texas Press. 13 September 2016. ISBN 9781477311073.
  4. Eppel, Michael. A People Without a State: The Kurds from the Rise of Islam to the Dawn of Nationalism (ingilis). University of Texas Press. 2016-09-13. ISBN 9781477311073. 2022-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-05.
  5. Palmer, Alan, Verfall und Untergang des Osmanischen Reiches, Heyne, München 1994 (engl. Original: London 1992), pp. 249, 258, 389. ISBN 3-453-11768-9.
  6. Van Bruinessen, Martin. Agha, Shaikh and State — The Social and Political Structures of Kurdistan Arxivləşdirilib 2015-05-09 at the Wayback Machine. London: Zed Books, 1992, p. 185. Van Bruinessen mentions the "occasional" recruiting of a Turkish tribe (the Qarapapakh)
  7. Shaw, Stanford J. and Ezel Kural Shaw, History of the Ottoman Empire and Modern Turkey. Cambridge: Cambridge University Press, 1977, vol. 2, p. 246.
  8. Öhrig, Bruno, Meinungen und Materialien zur Geschichte der Karakeçili Anatoliens, in: Matthias S. Laubscher (Ed.), Münchener Ethnologische Abhandlungen, 20, Akademischer Verlag, München 1998 (Edition Anacon), zugleich Inaugural-Dissertation zur Erlangung des Doktorgrades der Philosophie an der Ludwig-Maximilians-Universität zu München, München 1996, p. 36, ISBN 3-932965-10-8. U. a. mit Verweis auf Ş. Beysanoğlu, Ziya Gökalp´in İlk Yazı Hayatı — 1894–1909 [Ziya Gökalp's First Writing Life, 1894–1909], Istanbul 1956, pp. 164–168.
  9. Vgl. deutschsprachige Wikipedia, Artikel "Yörük", Abschnitt "Herkunft und Einwanderung nach Kleinasien Arxivləşdirilib 2023-07-21 at the Wayback Machine", Versions-ID 31139363
  10. Jongerden, Joost. Jorngerden, Joost; Verheij, Jelle (redaktorlar ). Social Relations in Ottoman Diyarbekir, 1870-1915. Brill. 2012. 61. ISBN 9789004225183.
  11. HAMİDİYE ALAYLARI TEŞKİLİNDE YER ALAN AŞİRETLERİN DETAYLI BİR LİSTESİ. Y. PRK. BŞK.31/107.1310(1892).
  12. "Verheij, Jelle (1998). Les Frères de terre et d'eau: sur le role des Kurdes dans les massacres arméniens de 1894-1896, in: Bruinessen, M. van & Blau, Joyce, eds., Islam des Kurdes special issue of Cahiers de l'Autre Islam". 2021-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-06.
  13. Jongerden, Joost; Verheij, Jelle, eds. (2012–08-03). "Social Relations in Ottoman Diyarbekir, 1870–1915": p. 94
  14. *Klein, Janet. The Margins of Empire: Kurdish Militias in the Ottoman Tribal Zone. Stanford: Stanford University Press, 2011.
  15. M. S. Lazarev, Kürdistan ve Kürt Sorunu. sy. 151
  16. Nihat Gültepe, Hayat Tarih Mecmuası, Temmuz 1976 sy. 48
  17. Türkiye'de İstihbaratçılık ve Mit, Erdal Şimşek, sy 56
  18. Hasan Sıddık Hayderanî. "Hamidiye Alaylarından Köy Koruculuğuna". Medya Güneşi Yay, İstambul. 1992. S.54.
  19. Sultan Abdülhamid Han. "Siyasi Hatıratım". S.52. Dergâh Yayınları. 1984.
  20. "Pensees et souvenirs de Гех-sultan Abdul-Hamid", стр. 17.
  21. Georgeon, François. Penser, agir et vivre dans l'Empire ottoman et en Turquie: Études réunies pour François Georgeon. Peeters. 2013. 25. ISBN 978-9042925984.
  22. Türkiye'de İstihbaratçılık ve Mit, Erdal Şimşek, sy 57
  23. Türkiye'de İstihbaratçılık ve Mit, Erdal Şimşek, sy 59
  24. Dr. Bayram Kodaman, The Hamidiye Light Cavalry Regiments (Abdullmacid II and Eastern Anatolian Tribes)
  25. "Archived copy". 2014-01-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-01-07.
  26. Klein, The Margins of the Empire, 37.
  27. Klein, The Margins of the Empire, 37.
  28. Klein, The Margins of the Empire, 38.
  29. Klein, Janet. The Margins of Empire: Kurdish Militias in the Ottoman Tribal Zone. Stanford: Stanford University Press, 2011.
  30. Avyarov. Osmanlı-Rus ve İran Savaşlar'ında Kürtler 1801–1900 [The Kurds in the Ottoman-Russian and -Iranian Wars, 1801–1900]. Ankara: SİPAN, 1995.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Klein, Janet. The Margins of Empire: Kurdish Militias in the Ottoman Tribal Zone. Stanford: Stanford University Press, 2011.
  • Klein Janet, Joost Jongerden, Jelle Verheij, Social Relations in Ottoman Diyarbekir, 1870–1975. Koninklijke Brill NV, Leidin, Netherlands, 2012
  • Edward J. Erickson, "Defeat in Detail: The Ottoman Army in the Balkans, 1912–1913". 2003