Gilgilçay səddi — Vikipediya

Gilgilçay səddi
Gilgilçay səddinin planı
Xəritə
41°09′07″ şm. e. 49°05′17″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Siyəzən
Yerləşir Gilgilçayın sahili
Aidiyyatı Qafqaz Albaniyası
Sasanilər imperiyası
Tikilmə tarixi V əsr
Üslubu Qafqaz Albaniyasının memarlığı
Sasani memarlığı
Vəziyyəti xarabalıqları qalıb
UNESCO Ehtiyat Siyahısı
Rəsmi adı: The Caspian Shore Defensive Constructions
TipiMədəni
Təyin edilib2001
İstinad nöm.1573
DövlətAzərbaycan
RegionAvropa
İstinad nöm.1697
Gilgilçay səddi (Azərbaycan)
Gilgilçay səddi

Gilgilçay səddi — Erkən orta əsrlərdə Azərbaycanda inşa edilmiş ən böyük müdafiə səddi.

İlkin orta əsrlərdə Azərbaycanı şimaldan bir neçə möhtəşəm sədd qoruyurdu. Onlardan Dərbənd qalası ölkənin şimal sərhəddində idisə, Gilgilçay səddi Şirvanın içərilərində çəkilmişdi. Ərəbdilli qaynaqlarda "Sur ət-Tin" ("Gil divar") adlandırılan bu səddin əsasının Sasani hökmdarı I Qubad (488-531) zamanında qoyulduğu bildirilir. Gilgilçayın Xəzər dənizinə töküldüyü yerdən başlayan səddin divarları Babadağın zirvəsinə doğru 60 kilometrəcən uzanır.

Gilgilçay səddinə daxil olan Çıraqqala Azərbaycanın dağ qalaları içərisində ən oynaq silueti olan abidədir. V əsrin yadigarı sayılan Çıraqqala fəal mövqeyi, möhkəm quruluşu ilə Gilgilçay səddinin baş dayaq məntəqəsi idi; dinclik çağında geniş ərazini nəzarət altında saxlayırdısa, təhlükə baş verəndə azman çırağa çevrilir, təhlükə sorağını dörd yana yayırdı.

Tarixi[redaktə | mənbəni redaktə et]

Gilgilçay ətrafında V əsrin sonu VI əsrin əvvəllərində tikilmiş bir-birindən 220 m aralı iki divardan ibarət gil sədlər mövcuddur.[1] I Qubad (488-531) Xəzər dənizi ilə Qafqaz dağlarının arasındakı keçiddə, Beşbarmaq dağının başında tikdirmişdi. Həmin istehkamlar Barmaq divan adlanırdı. Ərəb tarixçisi əl-Məsudi bunu xatırlayaraq yazırdı:

"əl-Bab haqqında, Kəsra Ənuşirəvanın atası Qubad ibn Firuzun Məsqət deyilən yerdə daşdan tikilmiş şəhərə bənzər qəribə tikililər inşa etməsi haqqında – Şirvanda tikdirdiyi Surətın (palçıqdan hörülmüş hasar) adı ilə məşhur olan divarlar, bərməki kimi tanınan və Bərdə vilayətinə bitişən daş divar haqqında çoxlu xəbərlər var..." [2]

Müəllif Məsqətdən danışarkən, ehtimal ki, indiki Quba rayonunu, Firuzun adını qoruyub saxlamış müasir Quba şəhərini nəzərdə tuturdu.

Çiy kərpicdən hörülmüş divar Sasanilər dövründə xəzərsahili keçidin qabağını kəsən "uzun sədlər"dən ən cənubda olanı idi. Sonralar, I Qubad zamanında Şirvan ölkəsində müdafiə sədlərinin birinci hissəsindən 23 km şimalda Əbzud Qubad adlanan ikinci hissəsi çəkildi. Bu sədd Gilgilçay boyunca uzanıb gedirdi. Şaporan (Şəbəran) şəhəri onun yaxınlığında yerləşirdi. Bu, X əsr müəllifinin Sur ət-tın adı ilə xatırladığı Gilgilçay, yaxud Şəbəran səddi idi.[3][4] Sasanilərin möhtəşəm müdafıə səddi olan Gilgilçay səddinin uzunluğu təqribən 30 km-ə (onun 20 km-i çiy kərpicdən, qalan hissəsi daşdan çəkilmişdi), divarların qalınlığı və hündürlüyü təqribən 8 m-ə çatırdı. Səddin qurtaracağında dağ zirvəsindəki nəhəng qaya üzərində müdafiə məqsədilə Çıraqqala qalası tikilmişdi. Baş bürcü hörmə üsuluna görə Bakıdakı qız qalasını xatırladan nəhəng istehkam olan Çıraqqala təqribən V əsrdə tikilmişdir. Beşbarmaqdan şimala doğru sahil boyu, ehtimal ki, Sasani dövrünə aid qədim şəhər yerlərinin xarabalıqlarına və qalıqlarına rast gəlinir.[5] Onlardan biri, ehtimal ki, IX əsr müəlliflərinin adını çəkdiyi Beşbarmaq yaxınlığındakı Bacarvan şəhəri idi.[6][7] Üçüncü maneə səddi Samurçaydan və Massaget hökmdarlığının paytaxtı Cora – Çora – Çoladan şimalda çəkilmişdi. Burada Rubas çayının düzənliyə çıxdığı yerdə dağlar yenidən dəniz sahilinə yaxınlaşır. "Uzun sədlər"in xarabalıqları Torpaqqala şəhər yeri yaxınlığında bu günədək qalmaqdadır.[8][9]

Gilgilçay səddinin qalıqları yeddinci səlib yürüşündə IX Lüdoviki müşayiət edən Rubruklu Uilyam tərəfindən müşahidə edilmişdir.[10]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Е.А.Пахомов. Крупнейшие памятники сасанидского строительства в Закавказье. стр.39
  2. Ал-Масуди. Мурудж ад-Дзахаб (гл.XVII). Перевод: В.Ф.Минорский. История Ширвана и Дербенда. М.: 1963, стр.213
  3. Е.А.Пахомов. Крупнейшие памятники сасанидского строительства в Закавказье. стр.40-43
  4. С.Т.Еремян. Политическая история Албании III-VII вв. Очерки истории СССР III-IX вв. M.: 1958, стр.316.
  5. Е.А.Пахомов. Крупнейшие памятники сасанидского строительства в Закавказье. стр.42-43
  6. İbn Xordadbeh, s.122, 124
  7. N.M.Vəlixanlı, s.16, 24
  8. Е.А.Пахомов. Крупнейшие памятники сасанидского строительства в Закавказье. стр.43
  9. Еремян. Политическая история Албании. стр.316
  10. Murtazali Gadjiev. "APZUT KAWĀT WALL". Iranica. May 30, 2017. 2020-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-10.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]