Gavurqala (Ağdam) — Vikipediya

Gavurqala
Gavurqala qala divarlarının bərpa təsviri
Xəritə
40°11′ şm. e. 46°53′ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Ağdam
Yerləşir Boyəhmədli kəndi
Tikilmə tarixi Erkən orta əsrlər
Üslubu Alban memarlığı
İstinad nöm.625
KateqoriyaYaşayış yeri
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Gavurqala (Azərbaycan)
Gavurqala

GavurqalaAzərbaycan respubliksı ərazisində erkən orta əsrlər dövrünə aid şəhər xarabalığı.

Gavurqala şəhər yeri Ağdam rayonunun Boyəhmədli kəndi ərazisində yerləşir. Mərkəz hissəsi düz səthlidir. Ətraf ərazidən 6–8 m yüksəklidədir.

Burada ilk arxeoloji tədqiqatlar 1958-ci ildə aparılmışdır. Qazıntılar nəticəsində ərazidə III-V əsrlərdən başlayaraq X-XI yüzilliyə qədər yaşayışı özündə əks etdirən 4 metr qalınlığında mədəni təbəqə üzə çıxarılmışdır. Yaşayış yerində əsas inşaat materialı kimi daşdan, bişmiş və çiy kərpicdən, kirəmitdən istifadə edilmişdir. Binalar yüksək sənətkarlıqla tikilmişdir.

Ağ daşdan inşa edilmiş Gavurqala kilsəsi şəhərdə memarlığın inkişafını xarakterizə etmək üçün ən gözəl nümunədir. Məbədin Şərq hissəsində xüsusi otaqdan ibarət olan mehrab ellipsvaridir. Tədqiqatçılar məbədin dörd qapısı olduğunu aşkar etmişlər. Döşəmə hamar yonulmuş daşlarla örtülmüşdür. Məbəd ərazisindən həmçinin daş sənduqə tipli qəbirlər də aşkar olunmuşdur. Sənduqənin qapağı üzərindəki yazıdan aydın olur ki, burada alban hökmdarı Qriqor Hammamın qardaşı dəfn edilmişdir.

Govurqaladan həmçinin bir neçə yaşayış binasının qalıqları da üzə çıxarılmışdır. Dördkünc formalı bu binaların bünövrəsi çay daşından, üst hissəsi isə ağ daşdan hörülmüşdür.

Əgər Govurqalada aşkar olunmuş bu qalıqlar erkən orta əsrlər dövrü üçün səciyyəvidirsə, ondan bir qədər Cənubda “Xırmanlar yeri” deyilən sahədə tədqiq edilmiş əzəmətli məbəd kompleksi son antik dövrə aiddir. Bu məbəd iri çiy kərpiclərdən hörülmüş bir neçə otaqdan və ümumi sahəsi təxminən 210 kv m. olan salondan ibarətdir. Kompleksin divarlarının qalınlığı 2,1 metrdir. Onun eyvanında daşdan yonulmuş gözəl sütunaltlıqları vardır.

Govurqaladan toxuculuq, dulusçuluq, zərgərlik və şüşə istehsalına dair xeyli faktik material əldə edilmişdir. Lakin Govurqalanı digər həmdövr abidələrindən fərqləndirən burada xırda-nəfis sənətkarlığın və toxuculuğun geniş yayılmasıdır. Axtarışlar zamanı zərgərliyə və toxuculuğa dair əmək alətləri kolleksiyası əldə edilmişdir.

Govurqala sakinləri Yaxın Şərqin bir sıra ölkələri ilə mədəniiqtisadi əlaqələrdə olmuşdurlar. Qazıntılar zamanı Suriyadan gətirilmiş şüşə qablar, Bizans imperatorlaru adından zərb edilmiş pullar, İran mənşəli bəzək əşyaları və sair aşkar olunmuşdur.

Erkən orta əsrlərdə Govurqalaya Dərəarası deyilən yerdəki bulaqdan tünglərlə içmək üçün su kəməri, Qabartı çayından isə təsərrüfat əhəmiyyətli su arxı çəkilmişdir.

Tədqiqatçılar Govurqalanın əsl adı barəsində müxtəlif fikirlər söyləmişlər. Bu abidənin yeri, hökmdar nəslinə məxsus qəbiristanlığın burada yerləşməsi və dolayı da olsa bəzi mənbə məlumatları buranı alban hökmdarlarının yay iqamətgahı kimi şöhrət qazanmış Aluen şəhərinin qalıqları olmasını iddia etməyə əsas vermişdir.

Aluen şəhəri orta əsrlərdə Bərdədən Dəbilə (Dvinə) gedən ticarət yolunun üstündə yerləşmişdir. Həmin yolun izlərinə indi də təsadüf edilir. Bu yol üstündə ilk şəhər tipli yaşayış yeri də məhz Govurqaladır.

Alban hökmdarının qardaşının qəbrinin burada olması da təsadüfi deyildir. Çünki Aluen şəhəri qafqaz albanlarının dini və ictimai tədbirlərinin keçirildiyi əsas yer idi. Rəşid Göyüşov qeyd edir ki, sadalanan bütün keyfiyyətlər Govurqalanı Qafqaz Albaniyasının dini istiqamətdə inkişaf etmiş ən möhtəşəm yaşayış məskənləri sırasında daxil etməyə imkan verir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Rəşid Göyüşov – Azərbaycan arxeologiyası, Bakı, 1986, səh 119.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]