Gürcü Xədim Mehmed Paşa — Vikipediya

Gürcü Mehmed Paşa
الجورجية حديم محمد باشا
21 sentyabr 1622 – 5 fevral 1623
ƏvvəlkiBiləcikli Mustafa Paşa
SonrakıMere Hüseyn Paşa
Şəxsi məlumatlar
Doğum tarixi 1536
Vəfat tarixi
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti siyasətçi
Dini islam

Gürcü Mehmed Paşa (ö. 13 iyul 1626) — I Mustafanın ikinci səltənəti dönəmində ümumilikdə 4 ay 10 gün sədrəzəm olmuş Osmanlı dövlət adamıdır.

Həyatı[redaktə | mənbəni redaktə et]

Hərəmxanaya alınaraq tərbiyə olunduğu üçün tarixi mənbələrdə xədim ləqəbi ilə tanınır. Bəzi mənbələrə görə, Səmiz Əli Paşa tərəfindən, bəzi mənbələrə görə isə II Səlimin Ərzurum bəylərbəyi Hüsrəv Paşa tərəfindən saraya hədiyyə edilmişdir. Əndərunda təhsil aldıqdan sonra müxtəlif vəzifələrə gətirilmişdir. I Əhmədin taxta çıxışının ardından qapı ağası Mustafa ağanın yerinə has odabaşı oldu (5 yanvar 1604). Həmin il mərkəzdə vəzir olmaması səbəbilə divan məclisinin qurula bilməməsindən şikayətlənən sədarət naibi Sarıqçı Mustafa Paşanın səyləri ilə, baş qapıçıbaşı Davud ağa, miraxur Mustafa ağa və has odabaşı Mehmed ağa vəzirliyə gətirildi (21 sentyabr 1604). Bir ay sonra Misir bəylərbəyi Hacı İbrahim Paşanın üsyançılar tərəfindən öldürülməsi səbəbilə, Misirdəki vəziyyəti sabitləşdirmək üçün Misir bəylərbəyi seçildi (22 oktyabr 1604). Hava şəraitinin pis olmasına baxmayaraq fırtınalı bir havada yola çıxdı və Misirə yola düşdü. Üsyançılara qarşı aldığı tədbirlər o qədər sərt və zülmkarcasına idi ki, 7 ay sonra bu vəzifədən alındı və yerinə Yəmənli Həsən Paşa gətirildi (25 iyun 1605).

İstanbula döndükdən sonra Dunay sahilləri də daxil olmaqla Belqrad şəhərinin mühafizəsi ilə vəzifələndirilərək Bosniya bəylərbəyliyinə gətirildi (25 may 1606). Qərb sərdarı Quyucu Murad Paşanın sədrəzəm olub paytaxta dönməsi ilə buradakı vəzifələri və səlahiyyətləri genişləndi (fevral 1607). Sədrəzəm Quyucu Murad Paşanın ikinci Anadolu səfəri üçün Üsküdara irəliləməsinin ardından İstanbuldakı işləri davam etdirmək üçün sədarət naibliyinə gətirildi (4 iyun 1609). Ancaq o əsnada Belqrad qalasında apardığı işlər davam etdirdiyi üçün paytaxta gəlməkdə gecikdi. Ancaq Murad Paşanın gəlişindən xəbər tutan üsyançıların dağılması ilə 5 ay sonra sədrəzəm geri döndü və səfər gələn ilə saxlandı. 1609-cu ilin noyabrında toplanan divan məclisində Gürcü Mehmed Paşa altıncı vəzir olaraq iştirak etdi. Murad Paşanın çıxdığı sonuncu şərq səfəri əsnasında da sədarət naibi seçildi (iyul 1610).

Gürcü Mehmed Paşa üçüncü vəzir kimi sədarət naibliyini, Murad Paşanın Diyarbəkirdə vəfatı səbəbilə Nasuh Paşanın yeni sədrəzəm olaraq İstanbula gəlişinə qədər davam etdirdi (6 sentyabr 1612). Səfəvi elçisi Sarı xanın Nasuh Paşa ilə birlikdə İstanbula gəlməsi səbəbilə 27 sentyabr 1612 tarixində keçirilən mərasimdə 500 nəfərlik hərbi dəstəsilə iştirak etdi. Yeni sədrəzəm Nasuh Paşa, Mehmed Paşanın sədarətdə gözü olduğuna inanırdı və bu səbəblə onu paytaxtdan uzaqlaşdırmaq üçün Ərzurum bəylərbəyi təyin etmək istədi. Ancaq padşahın müdaxiləsi ilə bu təyinat ləğv edildi və Mehmed Paşa paytaxtda qalaraq vəzirliyini qorudu. I Əhmədin Ədirnəyə getmək üçün yola çıxdığı 22 noyabr 1613 tarixindən İstanbula döndüyü 14 fevral 1614 tarixinədək İstanbul mühafizəsi də ona tapşırıldı.

Nasuh Paşanın edamı və Öküz Mehmed Paşanın sədrəzəm olmasının ardından Gürcü Mehmed Paşa ikinci vəzirliyə gətirildi (17 oktyabr 1614). Yeni sədrəzəmin şərq səfəri üçün 22 aprel 1615 tarixində Üsküdara getməsilə yenidən sədarət naibi seçildi. Ancaq çox keçmədən padşahın qəzəbinə məruz qaldı və divandan qovuldu (iyul 1616). Sədarət naibliyiikinci vəzirlik rəqibi Əhməd Paşaya verildi. Bu vəziyyət Sultanəhməd məscidində qılınan ilk cümə namazına qədər davam etdi (9 iyun 1617). Həmin gün Gürcü Mehmed Paşa üçüncü vəzirliyə gətirildi və açılış mərasiminə dəvət olundu. Sultan Mustafanın ilk səltənətində də vəzirliyini qoruyan Gürcü Mehmed Paşa, II Osmanın səltənətində ikinci vəzir olaraq Hotin səfərinə qatıldı və bu səfərdə dövlət xəzinəsinin qorunması ona tapşırıldı. Ancaq sədrəzəm Ohrili Hüseyn Paşa ikinci vəzirliyə gətirilib yerinə Dilavər Paşa sədrəzəm seçildiyi üçün (17 sentyabr 1621) Mehmed Paşa üçüncü vəzirliyə endirildi. II Osmanın taxtdan endirilərək öldürülməsi ilə nəticələnən hadisələrdə çox da iştirak etmədi. Sultan Mustafanın ikinci səltənətində Mere Hüseyn Paşa sədrəzəm oldu və Mehmed Paşa yenidən ikinci vəzirliyə gətirildi (13 iyun 1622). Mere Hüseyn Paşanın bir ay davam edən sədarətinin ardından ayaqlanan yeniçərisipahilərə sədrəzəm namizədi olaraq göstərilən 3 paşadan biri də Mehmed Paşa oldu. Ancaq sədarətə Biləcikli Mustafa Paşa təyin olundu. Mustafa Paşanın 3 aya yaxın sədarətindən sonra isə, Şeyxülislam Zəkəriyazadə Yəhya Əfəndi ilə Validə Həlimə Sultanın apardığı müzakirələrin sonunda Mehmed Paşa sədarətə gətirildi (21 sentyabr 1622).

Siyasi baxımdan qarışıq dönəmdə sədarətə gətirlən Gürcü Mehmed Paşa əvvəlcə paytaxtdakı təhlükəsizliyi təmin edərək ordunu tənzimlədi. Antepdəki yeniçəri ayaqlanması, Bağdadda Bəkir subaşı hadisəsi, Ərzurumda Abxaz Mehmed Paşa üsyanı dərhal həll olunmalı idi. Xüsusilə də II Osmanın qətlində rolu olanlar ələ keçirildi və Davud Paşa edam olundu. Ancaq bir müddət sonra Mere Hüseyn Paşanın təhriki ilə ayaqlanan yeniçərisipahilər Mehmed Paşanın Abxaz Paşa üsyanını yatıra bilməməsi səbəbilə şəhərdə ixtişaşlar törətdi. Vəziyyətin pisləşməsi nəticəsində canının qorxusuna düşən Gürcü Mehmed Paşa 5 fevral 1623 tarixində toplanan divan məclisində sədarət möhürünü qapıçılar kəndxudası ilə padşaha göndərərək vəzifədən istefa etdi.

Ordunun tələbi ilə ikinci dəfə sədrəzəm olan Mere Hüseyn Paşa tərəfindən Bursaya sürgün edilən (mart 1623) Mehmed Paşa Kamankeş Əli Paşanın sədarəti dövründə paytaxta çağırılaraq vəzir seçildi. Ancaq bir müddət sonra Əli Paşa əvvəllər sədrəzəm olan Gürcü Mehmed Paşa və Xəlil Paşanın paytaxtda olmasından narahat oldu. Bu səbəblə Ərzurumda üsyan edən Abxaz Mehmed Paşa ilə onların əlaqəli olduğunu iddia edərək hər ikisini köşkündə həbs etdirdi. Ancaq bunun düz olmadığı başa düşüldü və hər ikisi azad edildi.

Qara Əli Paşanın edamından sonra 3 aprel 1624 tarixində sədrəzəm olan Çərkəz Mehmed Paşanın Abxaz Paşa üsyanını yatırmaq üçün paytaxtdan ayrılması ilə Gürcü Mehmed Paşa üçüncü dəfə sədarət naibi seçildi. Çərkəz Mehmed Paşanın Tokatda vəfatı ilə (28 yanvar 1625) sədrəzəmlik ona təklif edilsə də, bunu qəbul etmədi. Bir müddət sonra guya sədrəzəm Hafiz Əhməd Paşanın Bağdad mühasirəsinə yardım göndərmədiyi üçün yeniçərilərsipahilər Gürcü Mehmed Paşa əleyhinə ayaqlandılar. Əslində isə əsgərlər Topal Rəcəb Paşa tərəfindən təhrik edilmişdi. Nəticədə ələ keçirilən Gürcü Mehmed Paşa təxminən 90 yaşlarında edam edildi (13 iyul 1626). Cənazəsi Əyyub Sultan məscidi yaxınlığında, Səmiz Əli Paşanın yanına dəfn olunmuşdur.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Sâfî Mustafa, Zübdetü’t-tevârîh, Beyazıt Devlet Ktp., Veliyyüddin Efendi, nr. 2428, I, vr. 47b;
  • Hüseyin Tûgī, Târih (haz. Nezihi Aykut, doçentlik tezi, 1988), İÜ Ed. Fak., s. 48, 56, 69-71, 77-79, 81-82;
  • Atâî, Zeyl-i Şekāik, s. 679;
  • Hasanbeyzâde Ahmed, Târih (haz. Nezihi Aykut, doktora tezi, 1980), İÜ Ed. Fak., Genel Kitaplık, nr. TE 57, II, 315, 318, 321, 327, 346-347, 357, 359;
  • Mehmed b. Mehmed er-Rûmî (Edirneli)’nin Nuhbetü’t-tevârîh ve’l-ahbâr’ı ve Târîh-i Âl-i Osmân’ı (haz. Abdurrahman Sağırlı, doktora tezi, 2000), İÜ Sosyal Bilimler Enstitüsü, s. 616, 630, 682, (Târîh-i Âl-i Osmân), s. 52-53;
  • Topçular Kâtibi Abdülkadir (Kadrî) Efendi Târihi (haz. Ziya Yılmazer, doktora tezi, 1990), İÜ Ed. Fak. Genel Kitaplık, nr. TE 80, tür.yer.;
  • Peçuylu İbrâhim, Târih, II, 310, 334, 344, 355, 388-390, 400;
  • Kâtib Çelebi, Fezleke, I, 252, 323, 369;
  • Solakzâde, Târih, s. 688, 722, 724-730;
  • Karaçelebizade Abdülaziz Efendi, Ravzatü’l-ebrâr, İstanbul 1248, s. 500, 508-509, 518, 525-527, 529, 531-532, 550-551, 556-557, 563;
  • Müneccimbaşı, Sahâifü’l-ahbâr, III, 621, 622, 632, 651, 655-657, 660;
  • Naîmâ, Târih, II, 128, 157, 239, 252, 394-395;
  • Hadîkatü’l-vüzerâ, s. 71-72; Hammer (Atâ Bey), Târih, VIII, 234, 236-247, 249;
  • IX, 298; Tayyarzâde Atâ Bey, Târih [baskı yeri ve tarihi yok], II, 54-55;
  • Ayvansarâyî, Vefeyât-ı Selâtîn, s. 24;
  • a.mlf., Mecmûa-i Tevârîh (haz. Fahri Ç. Derin - Vahid Çabuk), İstanbul 1985, s. 133-134, 197;
  • İbrahim Hilmi Tanışık, İstanbul Çeşmeleri, İstanbul 1943, I, 494;
  • Uzunçarşılı, Osmanlı Tarihi, III/2, s. 377-378;
  • Danişmend, Kronoloji, V, 32; Fahri Ç. Derin, “Mehmed Paşa, Gürcü”, İA, VII, 585-587;
  • Abdülkadir Karahan, “Nef‘î”, a.e., IX, 177;
  • A. H. de Groot, “Meĥmed Paѕћa, Gürғјü (I)”, EI² (Fr.), VI, 986-987.