Fikrət Həşimov — Vikipediya

Fikrət Həşimov
Doğum tarixi
Doğum yeri Şahbuz, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 8 fevral 2022(2022-02-08)
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti rəssam
Mükafatları "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 2002

Fikrət Həşimov (1948, Şahbuz8 fevral 2022) — Azərbaycan Respublikasının əməkdar rəssamı, professor.

Həyatı[redaktə | mənbəni redaktə et]

1948-ci ildə Azərbaycanın Şahbuz rayonunda anadan olub[1]. 1968-ci ildə isə Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirib. 1976-cı ildən Sankt-Peterburq şəhərində İ. Repin adına rəssamlıq akademiyasında təhsilini davam etdirib.

1978-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü seçilib. Rəssam dəzgah boyakarlığı ilə məşğul olur. Əsərləri Rusiya, Polşa, Almaniya, Çexoslovakiya və İtaliyada nümayiş etdirilib. Müxtəlif əsərləri milli muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır. Muzeylərində rəssamın “XX-əsrin arabası” əsəri nümayiş etdirilir. Moskva Dövlət Tretyakov Qalereyasında Azərbaycan mövzusunda "Bül-bül kimi ötərdik" və "Araz çayının mahnısı" adlı əsərləri saxlanmaqdadır. Bundan başqa Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərindəki qalereyada, Fransanın Menjinski adına Qalereyada, Azərbaycan Dövlət İncəsənət Muzeyində, Azərbaycan Dövlət Müasir Sənət Muzeyində, Atatürk Universitetı, İncəsənət Muzeyində də Fikrət Həşimovun əsərləri sərgilənir.

Rəssam Fikrət Həşimov haqqında dünyanın bir çox mətbuat orqanlarında məlumatlar çap olunub. Azərabaycanın elm, təhsil, sənət adamları haqqında yazılan "Kim kimdir" adlı ensiklopediyasında ətraflı məlumatlar verilmişdir.

Fikrət Həşimov 1999-cu ilə qədər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rəngarlıq kafedrasında kafedra müdiri vəzifəsində calışmışdır. 1999-cu ildən 2019-cu ilə kimi Türkiyə dövlətinin dəvəti ilə Türkiyənin böyük universitetlərindən biri olan Atatürk Universitetinin Rəssamlıq fakültəsində çalışıb. Dosent kimi calışmağa başladığı universitetdə professor elmi dərəcəsinə kimi yüksəlib.

Son illərdə Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin direktoru idi.[2]

2010-cu ildə Ərzurum I Beynəlxalq Rəssamlıq Simpoziumunda sərgilənən əsərlərinə görə mükafata layiq görülmüşdür. Mükafatı Türkiyə Cümhuriyyəti Səhiyyə naziri təqdim etmişdir.

Onun dünyanın bir çox sərgi mərkəzlərində, rəsm qalereyalarında 30-dək sərgisi təşkil edilmişdir. Həmin qalereyalarda minlərlə insan rəssamın ruhunun dərinliklərindən doğularaq yaranan əsərlərlə tanış olmuşlar.

Rəssamlıq fəaliyyəti dövründə 1984-cü ildə Çexoslavakiya Gənclər biriliyinin medalı, 1986-cı ildə Qafqaz Rəssamları Birliyinin birincilik mükafatına - qızıl medalına, 1988-ci ildə Azərbaycan Rəssamlar İttifaqınin birincilik mükafatına və sair mükafatlara layiq görülmüşdür. Fikrət Həşimovun sənətinə dəyər verən ulu öndər Heydər Əliyev 30 may 2002-ci ildə rəssamı "Əməkdar rəssam" fəxri adı ilə təltif edərək onun öz sənətinə daha da bağlanmasına stimul yaratmışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Əsrlərin qovuşağında: Fikrət Həşimov". 2013-12-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-28.
  2. "Azərbaycanda direktor qəfil öldü - FOTO". 2022-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.